reklam
Regionxeberlericom.az » Dünya » İŞİD keçmiş əfqan xüsusi təyinatlılarını “ovlayır”

reklam

İŞİD keçmiş əfqan xüsusi təyinatlılarını “ovlayır”
















“Onlardan biri olmaq - yaşadığın hər şeyin üstündən xətt çəkmək deməkdir”

“Taliban” və “İslam dövləti” qruplaşması dörd aydan artıqdır ki, keçmiş “ov”una çıxıb. Bu “ov” müxtəlif məqsədlər üçün həyata keçirilir. Əgər “Taliban” keçmiş Əfqanıstan xüsusi təyinatlılarının mümkün qədər çox zabitini fiziki cəhətdən məhv etməyə çalışırsa, “İslam dövləti” qruplaşmasına işləyənlər isə əksinə, öz sıralarına qeyri-qanuni “kommandos” döyüşçülərini cəlb etməyə çalışırlar.

Sözügedən nəşrin əfqan xüsusi təyinatlılarının zabitlərindən olan mənbələri 2022-ci ilin yazında Əfqanıstanın şimal və şərq bölgələrində “İslam dövləti”nin döyüş fəaliyyətinin artacağını proqnozlaşdırır.

“Taliban” tərəfindən repressiyalarla təhdid edilən bəzi əfqan gənclər, eləcə də Əfqanıstan ordusunun keçmiş əsgər və zabitləri yaxın aylarda “İslam dövləti”nin sıralarına qoşula bilərlər”, - deyə Əfqanıstan “kommandos” bölməsinin keçmiş komandiri kapitan Manqal (ad və rütbə öz xahişi ilə dəyişdirilib) “Nezavisimaya qazeta”nın müxbiri ilə telefon danışığında bildirib. Üç aydan çoxdur ki, o, Əfqanıstanda qeyri-leqal vəziyyətdə yaşayır: “Taliban” yaraqlıları kapitan Manqalı, eləcə də əvvəllər bir neçə il taliblərə və “İslam dövləti” terrorçularına qarşı əməliyyatlar aparmış və döyüş əməliyyatlarında şəxsən iştirak etmiş digər xüsusi əməliyyatlar korpusunun zabitlərini axtarır.

“Taliblər tərəfindən keçmiş Əfqanıstan təhlükəsizlik qüvvələrinə amnistiya verilməsi ilə bağlı bütün söhbətlər yalandır. Bəli, ola bilər ki, “Taliban” döyüşçüləri yol nəzarətçilərini və müfəttişləri təqib etməsinlər, terrorçulara qarşı mübarizə aparmayanların həyatına birbaşa təhlükə yoxdur. Lakin illərdir taliblərə və “İslam dövləti” yaraqlılarına qarşı mübarizə aparan xüsusi təyinatlı zabitlər “Taliban”dan heç bir mərhəmət gözləməməlidirlər”, - deyə kapitan Manqal bildirib. Onun sözlərinə görə, o, bir çox həmkarları kimi 3 aydan artıqdır ki, qohumlarını görmür və bir neçə gündən bir yaşayış yerini dəyişmək məcburiyyətində qalır: “Çox çətindir, xüsusən də biləndə ki. taliblər evdə qalan ailə üzvlərini mütəmadi olaraq qorxudur və onları repressiyalarla hədələyərək sənin yerini açıqlamağı tələb edirlər”.

Əfqanıstan xüsusi təyinatlılarında 2021-ci il avqustun ortalarına qədər 30 mindən çox döyüşçü və komandir xidmət edirdi. Onların demək olar ki, hamısı taliblər hakimiyyətə gəldikdən sonra ya vətənlərini tərk edib, ya da qeyri-leqal vəziyyətə keçiblər. Əfqanıstandakı "gizli fəaliyyət göstərən xüsusi təyinatlılar" bu gün ən azı bir neçə min nəfərdən ibarətdir və bu, hələ tam təşkil edilmiş bir struktur olmasa da, xüsusi təyinatlıların bir çox zabit və əsgəri bir-biri ilə əlaqə saxlayır. Bu, onlara nəinki bir-birini psixoloji dəstəkləməyə, həm də əhval-ruhiyyənin dəyişməsini, eləcə də müxtəlif silahlı qruplar tərəfindən “kommandos”ları cəlb etmək cəhdlərini qeydə almağa imkan verir.

“Son vaxtlar bəzi zabitlərimizə İŞİD nümayəndələri müraciət edib, onlara və digər keçmiş hərbçilərə “İslam dövləti”nə qoşulmağı təklif edirlər. Mən də belə təkliflər almışam və hətta taliblərin təqiblərindən bezən bəzi xüsusi təyinatlılar korpusundan olan dostlarım İŞİD-ə keçməyi təklif edirlər. Onların özləri hələ dəqiq qərar verməyiblər və çox güman ki, mənimlə məsləhətləşərək mövqeyimi bilmək üçün məni yoxlayırlar. Mən qəti imtina ilə cavab verdim, çünki bunun nə olduğunu bilirəm: Mən Kunduz, Nangarhar, Helmand əyalətlərində bir neçə il İŞİD və “Taliban”a qarşı döyüşmüşəm... Onlardan biri olmaq - yaşadığın hər şeyin üstündən xətt çəkmək deməkdir", - deyə kapitan Manqal bildirib.

Buna baxmayaraq, kapitan Manqal keçmiş Əfqanıstan Milli Ordusunun Xüsusi Əməliyyatlar Korpusundan olan bəzi həmkarlarının “İslam dövləti” qruplaşmasının sıralarına qoşulacağını istisna etmir və bunu taliblərin repressiyalarından xilas olmaq üçün son fürsət kimi görür: “Bu gün keçmiş kommandoslar hamı tərəfindən tərk edilib, heç kim bizə kömək etməyə çalışmır. Taliblər səs-küy salmadan bizi metodiki şəkildə “ov”layır, silahdaşlarımızı öldürürlər. Bəli, bir çox həmkarlarım yazda taliblərə qarşı böyük əməliyyatlar planlaşdıran Əhməd Məsud və onun Milli Müqavimət Cəbhəsinə rəğbət bəsləyirlər. Şübhəsiz ki, yüzlərlə keçmiş kommandos Məsudun qoşunlarına qoşulacaq. Amma istisna etmirəm ki, bundan əvvəl kimsə “İslam dövləti” qruplaşmasına qoşulmağa qərar verəcək. Sadəcə ona görə ki, başqa seçim olmayacaq”.

Kapitan Manqal bəzi əfqan gənclərinin, o cümlədən keçmiş hərbçilərin “İslam dövləti”nin xeyrinə seçim etməsinin səbəbləri sırasında taliblərin repressiya siyasəti ilə yanaşı, iqtisadi səbəbləri də qeyd edib: “Bu gün Əfqanıstanda əsl iqtisadi, sosial, humanitar fəlakət hökm sürür. İnsanların yeməyə, ailələrini dolandırmağa heç nələri yoxdur. Bunun fonunda “İslam dövləti” qruplaşmasına cəlb olunan potensial döyüşçülərə aylıq 250-300 dollar maaş təklif edirlər. Və bu başlanğıc üçündür. İndi bu, yüz minlərlə əfqan üçün kifayət qədər yaxşı, arzulanan puldur. Gizlənmək məcburiyyətində qalan xüsusi təyinatlılar da övladları və ailələri üçün hansısa yolla pul qazanmalıdırlar. Əgər bunu başqa yerdə edə bilməsələr, o zaman onları “İslam dövləti” qruplaşmasına qoşulmaq qərarından döndərmək çox çətin olacaq. Əvvəllər orduda xidmət etmiş gənclərin bəziləri artıq “İslam dövləti” qruplaşmasına keçməyə başlayıblar və bunu ilk növbədə iqtisadi çətinliklərə görə edirlər”.

Taliblərin Əfqanıstanda “İŞİD təhlükəsi”nə qarşı guya fəal mübarizə aparması ilə bağlı bəyanatlarını şərh edən kapitan Manqal qeyd edib ki, “Taliban” bu mübarizəni ya piar xatirinə, ya da dünya ictimaiyyəti qarşısında özünü reklam etmək üçün yalnız sözdə aparır: “Taliblər bu gün, ilk növbədə, son 20 ildə birbaşa “Taliban” və “İslam dövləti” ilə döyüşən xüsusi təyinatlılar və digər hökumət qüvvələri ilə haqq-hesab çürüdür. Məhz buna görə də “İslam dövləti”nin sıraları son dörd ayda Əfqanıstanda uğurla genişlənir - hazırda ölkənin demək olar ki, bütün əyalətlərində onun dəstələri var”.

“İstilərin başlaması ilə “İslam dövləti” qrupları Əfqanıstanın müxtəlif bölgələrində fəallaşacaq. İlk növbədə bu, Kunar, Nangarhar, Cauzcan, Tahar əyalətlərində baş verəcək... Bu gün “İslam dövləti”nin Əfqanıstanda kifayət qədər çox tərəfdarı var və mən əminəm ki, onlar yazda böyük aksiyalara hazırlaşırlar”, - deyə kapitan Manqal əminliklə bildirib.

Əfqan xüsusi təyinatlı zabitinin sözlərinə görə, İŞİD-in aktivləşməsi Tacikistan və Özbəkistan üçün çox yaxşı xəbər olmayacaq, lakin demək olar ki, Pakistanı qane edəcək: “Pakistana zəif Əfqanıstan, zəif əfqan ordusu, zəif Əfqanıstan iqtisadiyyatı lazımdır. Bunun səbəbi Pakistan və Əfqanıstan arasında uzunmüddətli ərazi mübahisələrində gizlənir, eləcə də Pakistan və Hindistan arasında gedən regional rəqabətdədir. Pakistanın Əfqanıstanda həm taliblər, həm də “İslam dövləti” qruplaşması ilə əlaqələri var, o, Əfqanıstana qarşı işləyən bütün bu terrorçuları dəstəkləyir. İslamabad təxminən 40 ildir ki, bu strategiyaya sadiqdir və onu dəyişmək niyyətində deyil. Pakistanlılar bir əli ilə taliblərə, digər əli ilə isə onlara qarşı döyüşən İŞİD-ə kömək edir ki, Əfqanıstanda davamlı müharibə olsun, bu ölkə heç vaxt ayağa qalxa bilməsin”.

Kapitan Manqal bəzi rus diplomat və siyasətçilərinin “Taliban” rejiminin Əfqanıstana effektiv nəzarət edə biləcəyinə və “İslam dövləti”nin genişlənməsinə müqavimət göstərə biləcəyinə ümidlərini “sadəlövh” adlandırıb: “Taliblər bu gün ölkəyə nəzarət edə bilmir və gələcəkdə onların təsiri daha da azalacaq. Rusiya Əfqanıstanın şimalına necə nəzarət edə biləcəyini düşünməlidir. Belə nəzarətin olmaması tezliklə təkcə Orta Asiya respublikaları üçün deyil, həm də Moskva üçün kəskin problemə çevrilə bilər”.




Paylaş:


Müəllif : Tarix:
4-01-2022, 11:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər