reklam
Regionxeberlericom.az » Dünya » ABŞ “907-ci düzəliş”i daha 1 il dayandırdı - Vaşinqtonun “Domokl qılıncı”, yoxsa...

reklam

ABŞ “907-ci düzəliş”i daha 1 il dayandırdı - Vaşinqtonun “Domokl qılıncı”, yoxsa...


ABŞ prezidenti Cozef Baydenin administrasiyası “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə ABŞ-ın Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən düzəlişin təsirinin dayandırılması müddətini uzadıb.

Bu barədə Ermənistan KİV-ləri ABŞ-dakı mənbələrə istinadla məlumat yayıb. “907-ci düzəliş” Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilib. Amma 11 sentyabr 2001-ci il tarixli terror aktından sonra Konqres prezidentə düzəlişi ləğv etmək hüququ verən qanun qəbul edib. Bu, ABŞ-ın Əfqanıstandakı qoşunlarının təchiz edilməsini təmin etmək üçün zəruri idi. Hava yolunun marşrutu Azərbaycan üzərindən keçirdi. Düzəlişin təsiri 2002-ci ildən dayandırılıb. Bu müddət ərzində Azərbaycan ABŞ hökumətindən 800 mln. dollarlıq yardım alıb.

Düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarıldı. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü. Düzəliş erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edilib. 2002-ci ildə bəzi düzəlişlər edilərək ABŞ prezidentinə sənədi bir il müddətinə dondurmaq səlahiyyətləri verilib. ABŞ-ın indiki prezidenti Cozef Baydenin düzəlişin qəbulunda fəal rol oynadığını və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etdiyini də qeyd etmək lazımdır.

“907-ci düzəliş”in qəbul edilmə şərtlərinə baxdıqda onun davam etdirilməsi üçün həmin şərtlərin ortadan qalxdığını demək mümkündür. Birincisi, Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsi haqda müzakirələr davam edir. Yəni regionda müharibə riski azalıb. İkincisi, Ermənistanın regional layihələrdə iştirakı üçün konkret təkliflər verilib. Yəni 907-ci düzəlişdə deyildiyi kimi, Ermənistanın blokadadan çıxması üçün təkliflər var. Üçüncüsü, Azərbaycan Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası üçün layihələr həyata keçirir. Amma “907-ci düzəliş”in birdəfəlik deyil, bir illiyinə ləğv edilməsi onu göstərir ki, ABŞ hökuməti bundan hər zaman Azərbaycana qarşı istifadə edə bilər. Dia.az xəbər verir ki, professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, tətbiq olunan məhdudiyyətlər özünü doğrultmadı, effekti olmadı və ədalətli qərar deyildi: “Bu o dövr idi ki, Ermənistan ərazilərimizi işğal edirdi, ağır döyüşlər gedirdi, belə vəziyyətdə təcavüzə məruz qalan ölkəyə bədnam qadağa qoyulması çoxunda təəccüb doğurdu. Daha sonra Amerika 1 il icrasını dayandırdı, sonrakı prezidentlər də icrasını bir illik dayandırıblar. Amma Azərbaycan Amerikadan bu qərarın ciddi surətdə ləğvini istəyir. Misal üçün, ABŞ-dakı səfirimiz Xəzər İbrahim ABŞ lideri ilə görüşdü və bu istiqamətdə müzakirələrin olması mümkündür. Ardınca səfirimizlə BTM-dəki nümayəndəmiz Yaşar Əliyev Nyu-York meri ilə bir araya gəldilər, bu müzakirədə də həmin ədalətsiz qərar gündəmə gətirilməmiş olmaz. Bir sözlə, Azərbaycan bədnam qərarın birdəfəlik ləğvi üçün diplomatik addımlar atmaqdadır. Digər tərəfdən, Azərbaycanın enerji təhlükəsizliyində artan rolunu nəzərə alan Amerika münasibətləri inkişaf etdirmək üçün addımlar atır və Baydenin azərbaycanlı həmkarına məktublarında da həmin elementləri görmək mümkündür. Ona görə biz müsbət yekun qərara nail ola bilərik”.

Onun sözlərinə görə, “Azadlığa Dəstək Aktı” adlanan məlum qanun keçmiş SSRİ-nin 12 ölkəsinə müstəqil dövlət quruculuğu, demokratiya və bazar iqtisadiyyatına keçidlə bağlı maliyyə yardımı göstərilməsini nəzərdə tuturdu: “Amerika dünyanın bir sıra ölkələrinə analoji yardımlar edirdi və bununla bağlı hər il Konqres tərəfindən xüsusi büdcə qanunu qəbul olunurdu. 907-ci düzəlişə gəldikdə isə, bu 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən ”Azadlığa Dəstək Aktı"na qəbul edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını yasaqlayan haqsız, ədalətsiz düzəliş idi. Düzəliş guya Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı “blokada”sını dayandırmaq məqsədilə Senator Con Kerrinin və konqresmen Ueyn Ouens tərəfindən irəli sürülmüş və Konqres tərəfindən qəbul edilmişdi. Erməni hərbi birləşmələri hücum edərək bütün dünyada tanınan tarixi torpaqlarımızı zəbt etmişdilər, Azərbaycan Ordusu pərakəndə halda olsa da, nisbətən uğurlu müqavimət göstərməyi bacarırdı. 92-ci ildə bir qədər qarışıq situasiya yaranmışdı. O zaman ABŞ yenicə müstəqillik qazanmış müsəlman ölkəsi olan Azərbaycana təzyiq göstərməyə çalışdı. Onda informasiya mühiti də fərqli idi. Ermənilər haray-həşir salıb bir çox xarici ölkələri inandırmağa çalışırdılar ki, guya müsəlmanlar Qafqazda xristian ermənilərə qarşı “soyqırımı” tətbiq edirlər. İstənilən halda bu sənəd artıq ləğv edilməlidir. Çünki münaqişə həllini tapıb, bölgəyə sabitlik gəlib. Bu, çoxdan ləğv edilməli olan qərardır. Məncə, Azərbaycan bununla bağlı hazırlıqlar görürdü ki, məsələ qaldırılsın, okeanın o tayında hazırlanmış məlum ədalətsiz düzəliş aradan qalxsın. Qarşıdakı illərdə sülh danışıqları uğurla nəticələnsə, Amerika da düzəlişin ləğvinin qaçılmaz olduğunu başa düşəcək". Dia.az-ın məlumatına görə, Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, Cənubi Qafqazda ABŞ-ın maraqları var və təsirlərini göstərmək üçün müxtəlif rıçaqlardan istifadə edir: “Bu təsir vasitələrindən biri də ”907-ci düzəliş" məsələsidir. Halbuki onun bir illik uzadılmasına ehtiyac yoxdur, birdəfəlik ləğvinin tam zamanıdır. Çünki iki ölkə sülh müqaviləsi, kommunikasiyaların bərpası ilə bağlı istəklərini dilə gətirib. Belə olan halda cəmi 1 illiyinə uzatmaq o deməkdir ki, gələcəkdə təsir rıçaqı kimi yenə istifadə oluna bilər".

Partiya sədri vurğuladı ki, həmin dövrdə ordumuz torpaqların bir qismini işğaldan azad etmişdi və ABŞ bunu erməniləri sıxışdırmaq kimi qiymətləndirmişdi deyə bu maddə bizə tətbiq olundu: “Bu 10 il davam etdi. Amma Konqresin qərarıdır və prezidentə səlahiyyət verir ki, lazım bildiyi halda qərarı dəyişsin. Sadəcə, biz Konqresdə bu məsələnin qaldırılmasını tələb etməliyik. Azərbaycan konqresmenlərlə iş qurmalı, lobbi fəaliyyətini gücləndirməli, qadağanın birdəfəlik ləğvinin tələbi ilə bağlı Konqresdə müzakirələr başlamasına müvəffəq olmalıdır. Hər halda, cəhd göstərmək olar. Eyni zamanda Amerikadakı səfirliyimiz də bu istiqamətdə iş apara bilər”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin fikrincə, bu bədnam maddənin həmmüəllifi elə Bayden özüdür: “Onun ermənipərəst siyasətçi olduğu çoxdan bəllidir. Ona görə Ağ Ev rəhbərindən birdəfəlik qərar verməsini gözləməyə dəyməz. Sözsüz ki, son vaxtlar Ukrayna müharibəsindən irəli gələrək, Vaşinqtondan Bakıya xoş mesajlar verilir, Bayden məktublar yazır, amma ABŞ-ın dövlət strategiyası uzunvədəli olur, gələcəyə hesablanmış addımlar indidən çizilir. O baxımdan ”907-ci düzəliş" yaxın dövrdə birdəfəlik ləğv olunmayacaq. Amma Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiyalar, Ermənistanla Türkiyə arasında sərhədlər açılsa, həmin qərar da birdəfəlik ləğv oluna bilər".




Paylaş:


Müəllif : Tarix:
29-06-2022, 09:21
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər