reklam
Regionxeberlericom.az » Dünya » Samarada "Artsax" "abidəsi": - Komitə susur, yerli diaspora nə edəcəyini bilmir...

reklam

Samarada "Artsax" "abidəsi": - Komitə susur, yerli diaspora nə edəcəyini bilmir...


Rusiya Federasiyasının Samara şəhərində erməni diasporunun təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsində həyatlarını itirmiş döyüşçülərin “xatirəsi”nə qoyulmuş abidə hələ də qoyulduğu yerdədir.

Bir neçə il əvvəl sosial şəbəkələrdə yayılmış “abidə”nin fotosu yenidən diqqət mərkəzindədir. Hansı səbəbdən üzərində “Arsax savaşında həlak olanların xatirəsinə” yazılmış bu daşın etirazlara rəğmən oradan götürülməməsi ciddi narahatlıq doğurur. Bu ekstremist nümunənin qoyulmasına kim icazə verib, və yaxud necə olub ki, neçə vaxtdır sökülməyib? Ümumiyyətlə, “Arsax” ifadəsi nə zamandan bəri guya əbədiləşdirilmək üçün daşa vurulur?

”Samara Azərbaycanlıları Məclisi”nin rəhbəri Elmar Rəsulov açıqlamasında deyib ki, həmin abidə şəhərin mərkəzində “Ovraqa podpolşikov” rayonunda, “Surb Xaç” erməni apostol kilsəsi ərazisindədir:

“Kilsə ərazisində qoyulmuş təxribatçı “abidə”yə görə rəsmi şəkildə hüquq mühafizə orqanlarına, baş prokurorluğa və əyalət qubernatoruna müraciət etmişdik. Hətta Rusiya prezidenti Vladimir Putinə məktub da yazmışdıq, həmin məktuba cavab da gəldi. Dedilər ki, ərazidə abidə orada şəxsi istifadə üçün qoyulub. Kilsə ərazisində qoyulduğu üçün müdaxilə olunmadı. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə də məsələ ilə bağlı vəziyyəti bildirsək də, heç bir reaksiya gəlmədi.

Bilirsiniz, Rusiyada ermənilərin lobbisi güclüdür, diasporlarının fəaliyyəti dayanmır. Daim nələrsə edirlər. İstər təxribat xarakterli olsun, istər ekstremist. Mən burada yaşayan azərbaycanlılardan o qədər də dəstək görmədim. Hətta bir neçəsi mane olmağa çalışırdı, qorxurdular ki, ermənilər bazarlarını bağlatdırar. Nə isə, məsələ həll olunmadı”.

Samara vilayəti Azərbaycanlıları Liqası idarə heyətinin sədri Şirvan Kərimov isə saytımıza bildirdi ki, ona “abidə” demək doğru deyil, o, “xaçkar”dır:

“Birincisi, qanuna əsasən, “xaçkar” qoymaq üçün 2014-cü ilə qədər icazə tələb olunmurdu. Yalnız qəbiristanlıqlardan başqa, bütün yerlərdə abidə qoyulması üçün icazə tələb olunur. Həmin bu “xaçkar” kilsənin həyətindədir deyə, hökumətdən heç bir icazə tələb edilmir. Yəni, hüquqi baxımdan nəsə etmək olmaz. Təbii ki, biz qanuni yolla həlli üçün Samara vilayətinin qubernatoru administrasiyasının və şəhər dairəsinin administrasiya nümayəndələri ilə əlaqə saxladıq və bu məsələ barədə müraciət etdik. Arxivdə aparılan işlərdən sonra Samara şəhər rəhbərliyi bildirib ki, 2006-cı ildən indiyədək şəhər rəhbərliyi Qarabağ müharibəsində həlak olan əsgərlərin xatirəsinə abidə ucaltmağa icazə verməyib. Bundan sonra Samara Vilayəti Qubernatoru Administrasiyasının Milli və Dini Siyasət Departamentinin yüksək rütbəli məmuru məlumat almaq üçün Erməni Apostol Kilsəsinin rəhbərliyi ilə əlaqə saxlayıb. Kilsə cavabında dedi ki, bu “xaçkar” 10 il əvvəl Qarabağdan olan bir nəfər tərəfindən quraşdırılıb və abidənin ucaldıldığı ərazi ermənilərin mülkiyyətidir”.

Şirvan Kərimov əlavə etdi ki, bu məsələnin hüquqi həlli yoxdur:

“İkincisi isə azərbaycanlının erməni kilsəsinin həyətində nə işi var? Bu “xaçkar” neçə ildir oradadır, təxminən 2 il əvvəl fotosu çəkilib və yayılıb. Mənim məlumatım var kimlər bunun yayılmasında maraqlıdır. Hünəriniz çatır, bir erməni mağazasının qarşısında 10 ədəd “Qarabağ” mağazası açın, ya da onların bu addımına cavabı başqa cür verin.

Şəxsən mən Samaradakı erməni kilsəsinin harada yerləşdiyini belə bilmirəm. Erməni kilsəsinə gedib bu “xaçkarın” şəklini çəkən şəxsə təklifim odur ki, yenə ora getsin, bu kilsənin əməkdaşları ilə danışsın və bütün suallarına cavab alsın.

Ayrıca olaraq Samarada ölkəmizə, dəyərlərimizə qarşı açıq və ya birbaşa təxribat xarakterli addım atılanda hüquq çərçivəsində cavab tədbirləri görmüşük. Ancaq “xaçkar” məsələsi barədə, bu xüsusda nə etməli?..”

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən münasibət öyrənmək istəsək də, təəssüflər olsun ki, sorğumuza cavab ala bilmədik. Ümid edirik ölkəmizin adına xaricdə yaşayan həmyerlilərimiz daha yaxşı addımlar atacaq və biz onları da işıqlandırmağa hazırıq.





Paylaş:


Müəllif : Tarix:
8-07-2022, 15:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər