reklam
Regionxeberlericom.az » Dünya » Kremldə “çevriliş zəngi” – İmperiyanın müqəddəratı həll olunur

reklam

Kremldə “çevriliş zəngi” – İmperiyanın müqəddəratı həll olunur


Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədən bir ilə qədər zaman keçir. Hazırda tərəflərin hər ikisinin böyük hücuma keçəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Məlumdur ki, Qərb tərəfdaşları Ukraynanı ağır hücum silahları ilə təmin etmək haqqında qərar veriblər. Rusiya tərəfinin isə hazırda işğalda saxladığı və qondarma referendumlarla ərazisinə birləşdirdiyi əraziləri “qanuniləşdirmək” üçün genişmiqyaslı hücuma keçəcəyi bildirilir. Ehtimal edilir ki, Rusiya bu hücumla Ukraynanı danışıqlar masasına məcbur etmək istəyir.

Lakin belə bir məqamda Rusiyanın daxili siyasi elitası arasında qarşıdurmanın genişləndiyi, hətta Kremldə çevrilişin olacağı məlumatları da var. DİA.AZ-ın məlumatına görə, Kremldaxili savaşla bağlı prosesləri AYNA-ya şərh edən “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib ki, hazırda hərbçilər Putinin siyasəti ilə razılaşmırlar və onu taxtından salmaq üçün addımlar atırlar:

- Lap əvvəl - 24 fevral 2022-ci il tarixindən bir həftə qabaq Rusiyanın ehtiyyatda olan həbrçiləri, “Zabitlər məclisi” açıq bəyanat verdi və Prezident Vladimir Putini istefaya çağırdılar. Bununla onlar müharibəyə qarşı çıxmış oldular.

Xatırlatmaq lazımdır ki, müharibənin əvvəlində önə hərbçiləri atdılar və uğursuzluq baş verdi. Müharibənin əvvəlində əməliyyatları sabotaj elementləri müşahidə edilirdi. Xatırlayaq ki, müharibənin ilk günlərində Rusiya ordusu az qala Kiyevi işğal etmişdi. Amma anidən qərar verildi və geri çəkildilər. Daha sonra Xarkovdan geri çəkildilər. Bu nə idi, heç kim izah edə bilmir. Bunun ardınca Putin cəbhəyə özünə tabe olan hərbi quldur dəstələrini – Priqojinin “Vaqner” özəl hərbi şirkətini, Kadırovun qüvvələrini göndərdi. Bu quldur dəstələri isə faktiki olaraq müharibənin gedişatına təsir göstərməyə başladılar.

- Bir növ, Rusiya Müdafiə Nazirliyini kənara itələdilər...

- Bəli. Həmçinin Priqojin, Kadırov başladılar hərbçiləri təhdid etməyə. Hətta təhqirə belə keçdilər, Şoyqu, Gerasimov barədə ağır ifadələr də işlətdilər. Faktiki olaraq, Putinə sadiq generallar oyundan kənarda qaldılar. Və birdən çox maraqlı bir hal baş verdi – yaxınlarda Şoyqu, Gerasimov dirçəldi, müharibə əməliyyatlarının başına keçdi. Əsasən də Gerasimov Putinlə müzakirə apardı və ardınca əməliyyatlara rəhbərliyi ələ aldı. Bu o deməkdir ki, Rusiyanın daxilindəki siyasi mübarizə gərginləşdi.

- Bu gərginliyi yaradan Priqojin, Kadırov kimi dəstə başçılarıdır?

- Belə deyək ki, hərbi-siyasi dairələr arasında gərginlik var. Bir-birini qəbul etməyən qüvvələr mübarizənin açıq formasına keçirlər. Bu gün məlumatlar var ki, Moskvada hökumət binalarının yaxınlığında hava hücumundan müdafiə sistemləri quraşdırılıb. Maraqlı sual: o sistemlər kimin hücumuna qarşıdır? Əlbəttə, Ukraynanın hücumuna qarşı deyil. Artıq Rusiyanın daxilində hərbi çevriliş təhlükəsi yaranıb. Bu gün hökumət binalarını qoruyurlarsa, demək ki, vəziyyət gərgindir. Normalda həmin sistemlər hərbi obyektlərin, strateji obyektləri qorumalıdırlar. Hökumət binalarını qoruyurlarsa, demək ki, təhdid hökumətədir. Ukrayna Moskvada hökumət binalarını vurmayacaq ki... Heç Rusiya Kiyevdə hökumət binalarını vurmadı. Hər bir müharibənin bir məntiqi var axı.

- Belə başa düşdüm ki, hərbçilər, daha doğrusu, genaralitet Putini devirməyə hazırlaşırlar...

- Bu, tamamilə məntiqlidir. Amma Putini devirmək üçün Ukraynada uğur qazanmalıdırlar. Bununla xalqdan dəstək almaq istəyirlər. Rus xalqına göstərmək istəyirlər ki, Gerasimov əməliyyatlara rəhbərliyi əlinə götürdü, başıboş Priqojin, Kadırov kənarlaşdırıldı və Rusiya ordusu sözünü dedi.

Prinsipcə, bu addımı indi də ata bilərlər. Çünki aydındır ki, Putin tamamilə gözdən düşüb. Simonyan, Salovyov kimilərinin ucuz təbliğatı rusları bu qədər aldada bilməz. Bəli, bu tiplər regionlardakı savadsız, cahil insanları təbliğatları ilə aldadıblar və həmin kütlə hələ də Putinin qüdrətinə inanır. Amma Rusiyada düşünən insanlar da var. Rusiya imperiya dövlətidir, düşünməyək ki, orada hər kəsi sürü kimi idarə etmək olar. Unutmayaq ki, Rusiya çoxsaylı inqilablar olan ölkədir, orada siyasi miras var, inqilab mirası var. Dediyim odur ki, indi Rusiya ordusuna Ukraynada uğur lazımdır ki, hərbçilər xalqdan dəstək əldə edə bilsinlər. Bu baxımdan, yaxın müddətdə genişmiqyaslı hücuma hazırlıq gedir. Həm də hər iki tərəfdən, Rusiya tərəfindən də, Ukrayna tərəfindən də.

- Belə çıxır ki, Ukrayna siyasi hakimiyyətində də gərginlik var...

- Təbii ki, gərginlik var. Ukrayna hakimiyyəti daxilindəki Rusiyaya loyal münasibəti olan qüvvələr, separatizmə meyillilər var ki, onlar hakimiyyət orqanlarından kənarlaşdırılır. Ukrayna siyasi elitasındakı gərginlik Zelenskinin hakimiyyətdən getməsi anlamına gəlmir. Məsələ burasındadır ki, Zelenski hakimiyyətdən getsə belə, bu, Ukrayna üçün faciə deyil. Ukrayna dövləti tam demokratik olmasa da, demokratik təsisat oturuşmaqdadır. Ona görə də Ukraynakı gərginlik çevriliş deyil, Rusiyadakı isə çevriliş təhlükəsi deməkdir. Ukraynada ortada xalq faktoru var. Rusiyada isə kriminal klanlar var.

- Son üç həftədə Rusiya ordusunun cəbhədə hücumları daha da kəskinləşib. Eyni zamanda, yenidən yaşayış məntəqələrini şiddətli atəşə tutur. Bu, əməliyyatlara komandanlığı Gerasimova keçməsi ilə əlaqədardır?

- Ümumiyyətlə, Rusiyanın müharibə taktikası belədir. Rusiya hər zaman mülki insanlara qarşı qəddardır. 1990-2000-ci illər arasında Qroznıda baş verənləri xatırlamaq kifayətdir. Qroznı Rusiya Federasiyasının şəhəri idi, amma yerlə-yeksan etdilər. Yəni Rusiyanın müharibə taktikası barbar taktikadır ki, bu, heç kəsə sirr deyil. İkinci Dünya müharibəsində faşist ordusu SSRİ ordusundan daha az vəhşiliklər edib, bunu hər kəs bilir. Xüsusilə, Avropa ölkələrində yaxşı bilirlər. SSRİ ordusu gəlib “Polşanı xilas etdi”, “Macarıstanı xilas etdi” söhbətləri o ölkələrin insanlarının yaddaşında başqa cür qalıb. Rusiya ordusu vəhçşi ordudur. Təsəvvür edin ki, Rusiya öz əsgərinin ölümünə biganədir. Öz əsgərinin ölümünə biganə yanaşan bir ordu başqa xalqın insanına qarşı necə davranacaq?! Təbii ki, daha qəddar olacaq.

İkinci məsələ resurs amilidir. Putin bəyan etdi ki, müharibə üçün nə qədər lazımdır xərc çəkiləcək. Demək olar ki, Rusiya bütün resurslarını səfərbər edib. Lakin unutmaq olmaz ki, müharibə resursları tükəndirir. İndi Rusiya bu tükənmişliyin də heyfini qəddarlıqlarla çıxır.

Priqojinin, Kadırovun arxa plana keçməsinə gəlincə, Rusiya ordusunun Baş Qərargahı, yəni Gerasimov əməliyyatları öz əlinə götürəndən sonra əməliyyatları intensivləşdirdi. İndi imperiyanın müqəddəratı həll olunur. İmperiya dövləti öz məğlubiyyəti ilə hesablaşa bilməyəcək. Rusiyanın Ukraynada məğlubiyyətinin bir neçə nəticəsi yaranacaq. Birincisi, Rusiya dünya siyasətində söz sahibi olmayacaq, bu, birməınalıdır. İkincisi, Ukraynaya məğlub olan Rusiya Çinə, yaxud NATO-ya hansısa arqument qoya bilməyəcək. Çünki arqumentləri tükənmiş olacaq. Bu səbəbdən də Baş Qərargah prosesi öz nəzarətinə götürdü ki, Rusiya məğlub olmasın. Məğlubiyyəti həzm etməyən, qəbul etməyən hərbi qanaddır. Rusiya siyasi elitasında gərginlik çoxaldıqca, Rusiya ordusunun Ukraynadakı vəhşiliklərinin də miqyası artacaq. Ukraynada rus barbarlığı artdıqca isə Rusiya siyasi mübarizə kəskinləşəcək. Çünki Ukraynadakı barbarlığı törədənlər bunu özlərinin uğuru kimi qiymətləndirəcəklər.

Birmənalı olaraq demək mümkündür ki, Rusiya hərbi çevrilişə doğru gedir. Bilmirəm, bu prosesi dayandıra biləcəklər, ya yox, amma çevrilişə doğru irəliləmə var. Bunun əlamətləri artıq açıq şəkildə görünməkdədir.

- Müharibənin nə zaman bitəcəyini proqnozlaşdırmaq mümkündürmü?

- Çətindir. Məncə, bu il bitməyəcək. Qərb Ukraynaya hücum silahlarının verilməsi qərarını alıb, amma bunu ləngidir. Çünki Qərb istəmir ki, Rusiya nüvə silahına əl atsın. Eyni zamanda, Qərb siyasətinin marağındadır ki, hər iki tərəf zəifləsin – həm Rusiya, həm də Ukrayna. Qərb ölkələri bəyəm ki, mələkdirlər?! Nəzərə almaq lazımdır ki, heç bir siyasət “mələk siyasəti” deyil. Qərb hesablayıb ki, Rusiyanı tamamilə zəiflətmək lazımdır ki, onun daxilində siyasi proseslər başlasın. Bununla da həmin proseslərə müdaxilə imkanları yaransın. Bundan sonra bəli, sülh danışıqlarına getmək olar. Əlbəttə ki, zəif Rusiyada hakimiyyətə gələnlər ölkəni qorumaq üçün müəyyən kompramislərə getməyə məcbur qalacaq. Hələlik Ukraynada həlledici döyüş qarşıdadır. Misli görünməmiş əməliyyatlar ola bilsin ki, bu ayın axırında, ola bilsin ki martda başlayacaq. Lakin ehtimal edirəm ki, apreldən sonra başlayacaq. Hər bir halda, böyük döyüş mütləq olacaq.




Paylaş:


Müəllif : Tarix:
8-02-2023, 13:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər