reklam
Regionxeberlericom.az » Dünya » Rəsmi İrəvanın MÜSƏLMAN SEVDASI... - nəyə HESABLANIB?

reklam

Rəsmi İrəvanın MÜSƏLMAN SEVDASI... - nəyə HESABLANIB?


Noyabrın 25-də Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb. Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Protokolu Əbu-Dabidə Ermənistanın BƏƏ-dəki səfiri Karen Qriqoryan və Səudiyyə Ərəbistanı Krallığının BƏƏ-dəki səfiri Sultan bin Abdulla Əl-Anqar imzalayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanla diplomatik əlaqələrdən imtina etmişdi. Bunu da vurğulayaq ki, Səudiyyə Ərəbistanı Ermənistanla diplomatik münasibətlərin qurulması ilə bağlı dost və qardaş ölkə olaraq öncədən Azərbaycana məlumat verib. Bu haqda “Trend” diplomatik mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Azərbaycan Səudiyyə Ərəbistanına 30 il ərzində İslam dünyası üçün nümunəvi və ədalətli mövqeyinə görə təşəkkür edib.

Noyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanda Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin qurula biləcəyindən bəhs etmişdi. Həmin gün o, həmçinin Azərbaycanın strateji müttəfiqi Pakistanla da diplomatik əlaqələrin qurulması yönündə işlərin getdiyini söyləyib.

Xatırladaq ki, Pakistan hələ də Ermənistanın müstəqilliyini tanımayan yeganə dövlətdir. 44 günlük müharibədən sonra isə rəsmi İslamabad bəyan edib ki, Azərbaycanla sülh müqaviləsi imzalanmayanadək Ermənistanı tanımayacaq.

Bəs Bakı ilə sülh müqaviləsi olmadan İrəvanın İslam dünyasında yerini möhkəmlətməyə başlaması nə ilə nəticələnə bilər? Bunun Azərbaycana bir təhlükəsi ola bilərmi?

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov son 30 ildə Səudiyyə Ərəbistanının ölkəmizə olan dostluq münasibətini daim nümayiş etdirdiyini qeyd etdi: “Sülh müqaviləsindən sonra da biz ermənilərlə qonşuluqda yaşamağa məhkumuq. Ermənilərə Qarabağ torpaqlarımızda ikinci erməni dövləti yaratmaq istəyənlər indi Ermənistanın bir dövlət kimi dağılması ilə barışmağa məhkum olublar. Bu gün ermənilərin "siyasi filosofları" da Qarabağı tam unudub, vaxtilə bic doğulmuş Ermənistan adlı oyuncaq dövləti necə xilas etməyin yollarını axtarırlar. Bu gün Ermənistanda Qarabağ deyənlərə Paşinyanın cavabı belədir: “Siz məndən Qarabağ istəyirsiniz, mənsə Ermənistanın qalan torpaqlarını necə müdafiə edəcəyim barədə baş sındırıram”.

İndi Ermənistan hakimiyyəti bu oyuncaq dövləti qorumağın yollarından birini də İslam dünyası ölkələri ilə diplomatik münasibətlər qurmaqda görür. Özünə İslam dövlətləri arasında da “dəstək” axtarır. Ancaq İslam ölkələri ilə qura biləcəyi diplomatik münasibətlər Ermənistana nə qədər yardım edəcək? Torpaqlarımızın erməni işğalı altında olduğu illərdə Səudiyyə Ərəbistanı bizə dost münasibətini ortaya qoydu. Və yalnız torpaqlarımız işğaldan tam azad edildikdən sonra bizi xəbərdar etməklə, Ermənistanla diplomatik əlaqələrin qurulmasına razılıq verdi. Biz dost ölkənin bu addımını yüksək dəyərləndirirk. Bu, əsl dost münasibətidir.

Pakistan dövlətinin bu məsələdəki mövqeyinə gəlincə, bu ölkə bizimlə dost deyil, qardaş ölkədir. Ona görə də Pakistan Ermənistanı bir dövlət kimi bu günə qədər tanımayıb və Azərbaycanla sülh müqaviləsi bağlanmayınca onu tanımayacağını bəyan edib. Pakistan 44 günlük savaşda da Türkiyəmiz kimi sona qədər bizim yanımızda dayandı.

Ermənistanın İslam aləminə daxil olan ölkələrlə diplomatik əlaqələr qurması ona beynəlxalq siyasi müstəvidə heç bir divident gətirə bilməz. Bu ölkələr Azərbaycanın haqq işini dəstəkləməkdə onsuz da davam edəcəklər. Ermənistan anlamalıdır ki, onun bir dövlət kimi mövcudluğu Azərbaycanın bütün şərtlərini qeyd-şərtsiz qəbul edib, sülh müqaviləsini imzalamaqdan keçir. Bunun alternativi, sadəcə, bir dövlət kimi məhv olmaqdır".

Deputat Bəhruz Məhərrəmov Azərbaycan tərəfin bu münasibətlərin qurulmasının əleyhinə olmadığını söylədi: “Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Beynəlxalq hüquqa sadiq subyekt olaraq biz başqa dövlətlərin daxili işlərinə, o cümlədən də dövlətlərarası münasibətlərə qarışmırıq. Eyni zamanda Azərbaycan BMT Nizamnaməsində ifadə olunan məqsədlərə hörmətini ifadə edərək, habelə beynəlxalq hüququn dövlətlərin əməkdaşlığı prinsipini rəhbər tutaraq, bütün dünya xalqlarının dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməsini dəstəkləyir.

Bu mənada, biz Səudiyyə Ərəbistanı ilə Ermənistan arasında diplomatik münasibətləri həmin dövlətlərin daxili işi hesab edir, Krallığın 30 illik həmrəyliyini yüksək qiymətləndiririk. Lakin hesab edirik ki, İslamın beşiyi olan Səudiyyə Ərəbistanı Ermənistanın İslam dünyasına olan münasibətini Azərbaycan ərazilərinin işğalı dönəmində məscidlər, ziyarətgahlar və müsəlman ümmətinin qəbirlərini dağıtması, anti-İslam bəyanatlarının fonunda qiymətləndirməli, qurulan münasibətlər Ermənistanı yeni çirkin anti-İslam niyyətlərindən çəkindirməlidir. Habelə Ər-Riyad 300 minlik Qərbi Azərbaycan müsəlmanının öz ata-baba yurduna, türk-İslam torpağı olan İrəvan, Zəngəzur və Göyçə başda olmaqla, Qərbi Azərbaycana qayıtmasının təmin edilməsi işində mövqeyini aydın ifadə etməli və İrəvanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırmalıdır. Biz Ermənistanla Ərəbistan arasında münasibətlər qurulmasının əleyhinə deyilik, əksinə, biz özümüz Ermənistanla bəlli şərtlər daxilində, sülh müqaviləsi imzalanması və mehriban qonşuluq münasibətlərinin qurulmasını arzu edirik. Lakin bunun üçün İrəvan qonşularına, onların beynəlxalq hüquqla tanınmış haqlarına, suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır".




Paylaş:


Müəllif : Tarix:
28-11-2023, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər