reklam
Regionxeberlericom.az » Gündəm » Hakimiyyət deputatından səs-küylü açıqlamalar: “YAP sürprizlər edə bilər, yeni parlamentdə...”

reklam

Hakimiyyət deputatından səs-küylü açıqlamalar: “YAP sürprizlər edə bilər, yeni parlamentdə...”
















Altıncı çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü Vüqar İsgəndərov “AzPolitika”-ya müsahibəsində sentyabr ayına təyin olunan növbədənkənar pralament seçkiləri, ölkənin siyasi həyatına dair bir sıra mövzularla bağlı sualları cavablandırıb. 

RegionXəbərləricom.az müsahibəni təqdim edir: 

- Vüqar müəllim, ilk növbədə, sentyabrın birinə təyin olunan parlament seçkiləri haqqında soruşmaq istərdik. Bildiyimiz kimi, mövcud parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunması təşəbbüsü ilə təmsil olunduğunuz partiya çıxış etdi. Bu, noyabr ayında ölkəmizdə COP29-un keçirilməsi ilə əlaqələndirildi. Bəzi müxalifət partiyalarının təmsilçiləri seçkilərin tarixinin irəli çəkilməsini düzgün hesab etmirlər, hətta parlamentin buraxılması ilə bağlı müraciətin hüquqi deyil, siyasi qərar olduğu bildirilir. YAP-ı təmsil edən və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü olan deputat kimi, sizin bu fikirlərə münasibətinizi bilmək istərdik. Növbədənkənar seçkilərin keçirilməsi nə qədər zəruri idi və bu qərar hüquqi baxımdan əsaslandırılıbmı? 

- Əlbəttə, zərurət var idi və hüquqi baxımdan da tam əsaslandırılıb. Ancaq bu haqda danışmazdan öncə qeyd edim ki, ölkə başçısı cənab İlham Əliyev bu il fevral ayında yenidən prezident seçildikdən sonra andiçmə mərasimindəki çıxışında Azərbaycanda yeni bir dövrün başlandığını bəyan etdi, ölkəmizdə gələcəkdəki illərdə görüləcək işlərin yol xəritəsini cızdı, milli strategiyamızı müəyyənləşdirdi. Ölkəmizin milli maraqlarının həm regional, həm də qlobal səviyyədə təmin edilməsi üçün daha ciddi addımların atılacağının mesajını verdi. Eyni zamanda siyasi, iqtisadi, hüquqi islahatların genişləndiriləcəyini bəyan etdi. Təbii ki, ölkədə aydın siyasi mənzərənin olması bu prosesin daha uğurla həyata keçirilməsinə zəmin yaradır. Bu baxımdan prezident seçkilərindən sonra ölkədə yeni parlament seçkilərinin keçirilməsi də gözlənilən idi. İlk növbədə ona görə ki, son parlament seçkilərindən sonra Azərbaycanın həyatında titanik dəyişikliklər olub. 2020-ci ildəki 44 günlük Vətən Müharibəsindəki qələbəmiz və ötən il həyata keçirilən 23 saatlıq uğurlu antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və bütün ərazisində dövlət suverenliyi təmin edilib. Bu, eyni zamanda Azərbaycanda siyasi palitranı dəyişdi. Azərbaycanın bölgədə və beynəlxalq aləmdəki rolunu müsbət mənada dəyişdi, sözünün çəkisini daha da artırdı. Bu həm də ölkəmizin, dövlətimizin qarşısında ən qısa zamanda həlli tələb olunan yeni vəzifələri, cağırışları meydana çıxardı. Bu baxımdan qanunverici orqanın da yenilənməsi müəyyən mənada siyasi bir zərurət kimi görünürdü. Bu baxımdan partiyamızın təşəbbüsü Milli Məclisdəki deputatların əksəriyyəti tərəfindən müsbt qarşlandı və növbədənkənar seçkilərin keçirilməsi üçün Prezidentə müraciət olundu. Fikrimcə, müxalifət də bu qərara sevinməlidir. Ümumiyyətlə, bütün demokratik cəmiyyətlərdə növbədənkənar seçkilərin keçirilməsi, parlamentlərin buraxılması, yeni seçki təyin edilməsi normal bir siyasi proses kimi qarşılanır. Bizdə də belə olmalıdır. Zatən bu il noyabr ayında parlament seçkiləri olacaqdı, sadəcə iki ay önə çəkilib.

Bu qərar hüquqi baxımdan da tam əsaslandırılıb. Buna irad tutmaq cəfəngiyyatdır. Hamımızın bildiyi kimi, noyabrda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçirilməlidir. Hər dəfə bu sessiyaya qatılanların sayı azı 10 000 nəfər artır. Dubayda keçirilən COP28-də, 6 mini onlayn olmaqla, 106 000 nəfər iştirak edib. Belə bir böyük miqyaslı tədbiri yüksək səviyyədə təşkil etmək asan məsələ deyil. Əlbəttə, Azərbaycanın təcrübəsi var. İslam Oyunlarını, Avropa Oyunlarını, “Eurovision” yarışmasını yüksək səviyyədə təşkil etmişik. Ancaq bunun çətinliklərini də bilirik. Deyinmək, irad tutmaq asandır, iş görmək isə çətin. Belə böyük miqyaslı beynəlxalq tədbirləri təşkil etmək isə ikiqat çətin və məsuliyyətlidir. Bu cür tədbirlər həm də hər bir ölkənin təqdim olunmasıdır. Bütün incə detallar nəzərə alınmalıdır. Ona görə də noyabr ayında həm COP29-u, həm də parlament seçkilərini keçirmək doğru olmazdı. Parlament seçkiləri də ölkənin siyasi həyatı baxımdan böyük tədbirdir, uzun bir marafondur. Belə iki böyük tədbirin təxminən eyni vaxtda təşkil olunmasının çətin, hətta mümkünsüz olduğunu bilmək üçün böyük intellektə sahib olmaq lazım deyil. Təbii olaraq, bunlar üst-üstə düşürsə, hansısa birini Konstitusiya icazə verirsə, önə çəkə bilərik. COP29-un vaxtını dəyişdirmək mümkün olmadığından, qanunvericiliyə uyğun olaraq parlament seçkilərinin vaxtı önə çəkildi. Ölkə başçısı qərar verməzdən öncə parlamentin müraciətini Konstitusiya Məhkəməsinə təqdim etdi. Plenum baxdı və müsbət rəy verdi. Mərkəzi seçki Komissiyası da hazır olduğunu bildirdi və bundan sonra cənab Prezident öz səlahiyyətindən istifadə edərək parlamenti buraxdı. Hər bir siyasi partiyanın məqsədi budur ki, sivil yollarla hakimiyyətə gəlsin. Bunun da yeganə yolu seçkilərdir, yəni xalqın iradəsidir. Müxalifət partiyaları da gəlsinlər, yaranmış imkandan istifadə edib özlərini sınasınlar. Kimlər seçiləcəksə, buyursunlar və öz ideyalarını həyata keçirsinlər. Çünki parlament də hakimiyyətin qollarından biridir, böyük səlahiyyəti var. Məqsədləri əgər xalqa, dövlətə, Azərbaycana xidmət etməkdirsə, seçki bir fürsətdir. 

- Vüqar müəllim, bəs siz altıncı çağırış Milli Məclisin fəaliyyətini necə qiymətləndirirsiz? Bununla bağlı da müxtəlif rəylər var. Təxminən 4 il yarım fəaliyyət göstərdi, ancaq bəzi deputatları cəmiyyət ümumiyyətlə tanımadı. Sizin fikrinizcə altıncı çağırış Milli Məclisin fəaliyyətini necə qiymətləndirmək olar? 

- Parlament də cəmiyyətin güzgüsüdür. Hər bir qurumda olduğu kimi, parlamentdə də kimlərsə fəal, kimlərsə qeyri-fəal ola bilər, təbiidir. Ancaq ədalətlə yanaşsaq, altıncı çağırış parlamenti indiyə qədər olan ən fəal parlament kimi dəyərləndirə bilərik. İl boyu hansı günün hansı saatına baxsanız televiziyalarda deputatlarımızı görəcəksiz. Hansı sayta baxsanız, deputatların fikirlərini görəcəksiz. Bu parlament həm də ən çətin və şərəfli yollardan keçdi. Əvvəlcə pandemiyaya düşdü, qadağalar başladı. Bununla bağlı təcrübə yox idi. Amma parlament bu dövrdən alnı açıq çıxdı. Real rejimdə də, onlayn rejimdə də parlament saat kimi işlədi, dayanmadı. Sonra Vətən Müharibəsi başladı, hamı bir əsgərə, bir zabitə döndü. Parlament diplomatiyasında da deputatlar üzərlərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirməyə çalışdı. Bizim ilk iclasımızda cənab Prezident parlamentin qarşısına qoyulan bir çox vəzifələri demişdi və parlament çalışırdı ki, onları reallaşdırsın. Mən şəxsən hər zaman onları öz fəaliyyətimdə nəzərə almışam. Deputatların mütləq əksəriyyəti də bunu etməyə çalışırdı. Parlament diplomatiyasında - beynəlxalq sferada Sahibə xanım Qafarovanın rəhbərliyi ilə çox uğurlu fəaliyyətimiz oldu. Parlament bir növ ikinci bir Xarici İşlər Nazirliyi vəzifəsini götürmüşdü üzərinə. Sahibə xanım, deputatlar o qədər vacib platformalarda ölkənin mənafeyini qoruyurdular ki... Eyni zamanda qorumaqla kifayətlənmir, diplomatik hücum xarakteri daşıyan səfərlər, görüşlər həyata keçirilir, uğurlar qazanılırdı. Beynəlxalq platformalarda parlamentin rolunu biz Qoşulmama Hərəkatının parlament şəbəkəsinə rəhbərlik edilməsində də gördük. Əvvəlki çağırış parlamentin üzvləri arasında ictimai-siyasi sektorda fəal olanları çox az idi. Altıncı çağırış parlamentin deputatlarının isə bir çoxu mediaya açıq işlədilər, televiziyalarda, tədbirlərdə, debatlarda çox aktiv görünürdülər. Seçicilərlə iş də heç bu qədər olmayıb. Əvvəlki illərdən müsbət mənada nəticə çıxarılıb. İctimai-siyasi həyatda və sosial məsələlərin həllində əksər deputatlar maksimum fəal iştirak ediblər. Hətta kiçik 6 nəfərlik tədbirlər olub ki, mən gedib iştirak etmişəm. Deputatlarımız şəhid ailələrimizi, qazilərimizi, müharibə veteranlarımızı heç vaxt unutmayıb, hər zaman onların yanında olmağa çalışıblar. Biz dəxli olmayan irad və təkliflər də almışıq, baxmayaraq ki, bu, əslində, hansısa məmurun vəzifəsidir. Həmin məmuru heç kim tanımır, öz otağında, kabinetində işini görür, gəlir-gedir. Amma biz insanların yanında olduğumuz üçün iradlarını, şikayətlərini bizə bildiriblər. Əlbəttə, heç bir fəaliyyət ideal sayıla bilməz. Ancaq fikrimcə, altıncı çağırış parlament maksimum çalışıb ki, öz üzərinə düşən vəzifələrinin öhdəsindən gəlsin.

- Parlamentin fəaliyyətini müsbət qiymətləndirirsiz. Bu o deməkdirmi ki, YAP əvvəlki deputat siyahısı ilə çıxış edəcək, yoxsa müəyyən dəyişikliklər olacaq? Hər halda parlamentdə fəal deputatlarla yanaşı, nə iş gördüyü məlum olmayan, mətbuatın belə tanımadığı deputatlar da kifayət qədər oldu. Eyni zamanda kifayət qədər yaşlı deputatlar var. YAP-ın bu deputaları dəyişəcəyini gözləyə bilərik? 

- Bu qərarı yalnız YAP İdarə Heyəti verə bilər. Müzakirələrdən sonra partiyamız öz namizədlərini ictimaiyyətə açıqlayacaq. Düşünürəm ki, YAP bu seçkidə də sürprizlər edə bilər. Ancaq kiminsə yenidən namizədliyinin verilməməsi o demək deyil ki, fəal olmadı deyə onu dəyişdilər. Partiya müvafiq dairədə ondan daha perspektivli birini görə bilər və ya onu başqa yerdə sınamaq qərarı alına bilər. Bu mən də ola bilərəm, başqası da. Bu partiyanın qərarıdır. Bununla belə fikrimcə, YAP-ı təmsil edən deputatlar kifayət qədər fəal olublar və böyük əksəriyyəti etimadı doğruldub deyə, yenə yola davam edəcəklər.

- Vüqar müəllim, bilirik ki, sizin də namizədliyiniz YAP-ın qərarından asılıdır. Amma, yəqin ki, davam etmək fikrindəsiniz. Bəs Şəkidən olan seçiciniz nəyə görə Vüqar İskəndərova yenidən səs verməlidir? 

- Yaxşı sualdır. Seçici həmişə tələbkardır. Seçici düşünür ki, onun istəkləri ən yaxşı formada icra olunmur. Biz bunu ona irad tuta bilmərik. Biz ona tərəfə dönürük və onu anlamağa çalışırıq. Amma mən düşünürəm ki, Şəkinin kifayət qədər qədim, tarixi yer olmasının müsbət tərəfləri də var. İnsanların mütləq əksəriyyəti müdrik qərarlar verə bilirlər. Onların əksəriyyəti sənin niyyətini görür və anlayır ki, bəzi məsələlərin həlli sənin gücündə deyil. Bu çox vacib məsələdir. Mən bir deputat kimi yerli icra hakimiyyəti ilə bir komanda şəklində işləmişəm. O yerlərdə problem yaranır ki, Milli Məclisin deputatının həmin yerin yerli hakimiyyəti ilə münasibətləri normal olmur. Bu zaman seçicilər əziyyət çəkir. Amma bizdə bu mənada problem olmayıb, fəal işləmişik. Nəticədə öz dairəmizlə bağlı uzun illər yarımçıq qalan və ya həlli gözlənilən məsələlər həll olunub. 2020-ci ildən 2024-cü ilə qədər olan dövrdə kifayət qədər böyük, çoxminlik insanlara təsir edən məsələlər həllini tapıb. Bunu seçicilərim bilir və dəyərləndirir. Amma mənim də hələ ən çox danışdığım, həllinə nail ola bilmədiyim məsələ də var. Bu da Şəkidə 14 il davam edən su-kanalizasiya işləri ilə bağlı yaranmış problemdir. Hamı bilir, Allah da şahiddir, insanlar da şahiddir ki, bu problem məni daim narahat edib, etməkdədir. Parlamentdə dəfələrlə bu məsələni qaldırmışam. Cənab Baş Naziri də bu haqda məlumatlandırmışam. Elə sizin saytınızda da bir neçə dəfə mən bu məsələni qaldırmışam. Bunun da səbəbi vəsaitlə bağlıdır. Ortalama hesablamalara görə, məsələnin həll olunması üçün 150 milyon manat pul lazımdır. İşi bir alman şirkəti başlamışdı, onlar yarımçıq qoydular və qaldı Azərbaycan hökumətinin üstündə. Azərbaycan hökuməti bunu öz üzərinə götürməyə məcbur oldu. Məbləğ böyükdür deyə hissə-hissə verilir. Buna görə də məsələ uzanır. Dövlətimiz də Şəki ilə bağlı çoxsaylı işlər görüb. Elə işlər ki, bütün şəhərə, rayona lazımdır. Məsələn, Dövlət Turizm Agentliyi Şəkinin qədim hissəsində böyük işlər görüb, şəhərdəki yol problemi həll olunur və sair. Ancaq bir sıra məsələlərin də həllinə ehtiyac var. Məsələn, istəyərdim ki, Şəki Dövlət Universiteti olsun. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı var, onun müstəqil olması üçün hər cəhətdən hazırıq, professor-müəllim heyəti, maddi-texniki baza, Şəkinin tarixi, Şəkinin təhsili. Bu il 700 bal yığan bir nəfər oldu, o da Şəkildən oldu. Hər il 700 bal yığanların içərisində şəkili olur. Şəki ziyalılar şəhəridir, universitetin müstəqil olmasına böyük ehtiyac var. Mən də icra hakimiyyəti ilə birgə buna çalışıram. Hər yerdə olduğu kimi Şəkidə də yeni iş yerlərinin açılmasına ehtiyac var. Mən istəyərdim ki, Şəkidə bir nəfər belə işsiz olmasın. Buna görə çalışırıq ki, iş adamları Şəkiyə investisiya qoysunlar. Bakının özündə əslən Şəkidən olan çoxlu uğurlu iş adamı var. Onları həm də Şəkimizə investisiya qoymağa dəvət edirəm. Bəlkə, az qazana bilər, amma öz yerində, öz insanlarına iş yeri yaratmaq, düşünürəm ki, ən şərəfli iş olardı. İş olanda işləyən camaatdır Şəki camaatı. Tarix boyu daşdan pul çıxarıb bu camaat. Tarix boyu baxsaq, Şəki sənətkarlığın paytaxtı olub. Son illərdə, çox təəssüf ki, iş adamlarının bir çoxu böyük fabrikləri özəlləşdirdilər, qapısına qıfıl vurdular, onları işlətmədilər. Şəhərin bir çox yerlərində zavod və fabriklər alındı, amma işləmədi. Bu da, təbii olaraq, iş yerlərinin azalmasına səbəb oldu. Şəki İpək Kombinatında az qala 7000 insan işləyirdi. Ailədən saysaq, bu 30 minə yaxın insan edirdi ki, Sovet dövründə Şəki İpək Kombinatından dolanırdı. Ancaq ölkəyə xaricdən, Çindən ucuz ipək məhsullarının idxalı o boyda zavodun fəaliyyətinin dayanmasına səbəb oldu. Bu məsələyə də gələcəkdə, Qarabağda aparılan böyük miqyaslı işlər həyata keçirildikcə, qayıdışla bağlı məsələlər həll olunduqca, diqqət yetiriləcək. Şəki cənab Prezidentin birbaşa olaraq diqqətindədir. Şəkinin tarixini, tarixi simasını qoruyub saxlamaq isə Mehriban xanımın nəzarətindədir, hər məsələ məruzə olunur, hər detalın üzərində işlənilir. Çünki bu vacib məsələdir.

- Sadaladığınız problemləri qaldırmısınız. Bəs həllinə nail olduğunuz problemlər varmı? 

- Fərdi baxsaq, minlərlədir. Mən təvazökarlıq elədim, adını çəkmədim, amma böyük işləri həll eləmişik ki, onlar illərdir həllini gözləyirdi. Və onu da qiymətləndirirlər. Təbii olaraq, biz hər problemi həll edə bilmərik. Mümkün deyil. Edilən müraciətlərin bəzən mənə heç aidiyyatı belə olmur. Amma belə müraciətləri də dinləmişəm, izahatını vermişəm, heç kimə laqeyd olmamışam. Təbii ki, həlli gücümüz daxilində olmayan məsələr də olub. Təəssüf ki, bəzən insanlar deputatın səlahiyyətlərinin nələr olduğunu bilmirlər. İcra orqanları ilə bağlı məsələləri gəlib sənə deyirlər ki, sən həll etməlisən. Biz qanunverici orqanıq. Bununla belə yenə də onları dinləyib icra olunması üçün maksimum çalışırıq. Təcrübəmdə görmüşəm ki, yalnız məktub göndərib gözləməklə olmur. Telefon danışıqları ilə, aidiyyatı insanlarla şəxsən görüşməklə bir çox məsələləri həll etmək olur.

- Yeri gəlmişkən, bir çox deputatlar seçicilərinin problemi ilə bağlı müraciət etdikləri müəyyən nazirliklərin fəaliyyətindən narazılıq edirlər. Onların telefonlarına belə cavab vermədiklərini bildirlər. Siz necə, belə hallarla qarşılaşmısınızmı? 

- Bu sual mənə çox verilib, cavabım isə həmişə eynidir. İndiyə qədər belə bir şeyin şahidi olmamışam. Olub ki, hansısa nazir və ya nazirin müavininə hökumət telefonundan zəng etmişəm, götürməyib. Otaqda olmayıb ya nə isə. Sonra görmüşəm 3 dəfə yığıb məni. Danışıb, müəyyən bir fikrə gəlmişik.Yəni, şəxsən mən hələ hansısa nazirin, komitə sədrinin, nazir müavininin laqeyd münasibəti ilə qarşılaşmamışam. Düzdür, həll olunmayan kifayət qədər məsələ var, amma ən azından danışıb məsələni müzakirə etmişik.

- Vüqar müəllim, hakim partiyanı təmsil edən bir şəxs kimi bu seçkilərdə müxalifətin şansını necə qiymətləndirirsiz? 

- Düşünürəm ki, müxalifət üçün də çox yaxşı fürsət yaranıb. Bilirsiz ki, mən demək olar ki, siyasi partiya rəhbərlərinin əksəriyyəti ilə debatda olmuşam. Danışıqlardan belə başa düşmüşəm ki, onların 95 faizi özünü parlamentdə görür. Ən azı iddialıdırlar. Bu da normaldır, siyasətçi üçün elə ən yaxşı meydan parlamentdir. Əlbəttə, kimlərin xalqdan mandat alacağını indidən söyləmək mümkün deyil. Ancaq düşünürəm ki, yeddinci çağırış parlamentdə də rəngarənglik olacaq. Hətta, bəlkə də, indikindən daha artıq olacaq.

- Parlament diplomatiyasından danışdınız. Odur ki, növbəti sualı Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı vermək istəyirəm. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanması ləngiyir. Bu prosesin gecikməsinin arxasında dayanan əsas amillər nədir? Sülh sazişinin imzalanmaması gələcəkdə Azərbaycan üçün hansısa problemlər yarada bilərmi? 

- Düşünürəm ki, hazırda sülh sazişinin imzalanmasının ləngiməsinin kökündə bir neçə faktor dayanıb. Ən birincisi, Ermənistan hakimiyyətinin qeyri-stabil siyasətidir. Bu, tarix boyu belə olub. Bu da ondan irəli gəlir ki, Ermənistan yarandığı dövrdən heç vaxt müstəqil dövlət olmayıb. 90-cı illərdən müstəqil dövlət kimi tanınsa da, faktiki müstəqil olmayıb, direktivlərlə işləyib. Müstəqil siyasət həyata keçirməyən bir dövlətin birdən-birə müstəqil qərarlar verməsi çox çətindir. Son vaxtlar Nikol Paşinyan bunun uğrunda mübarizə aparır. O, bilir ki, qarşısında duran 3 maneəni dəf etməsə, dövlət yarada bilməyəcək. Bunlardan birincisi, din faktorudur. Kilsə Ermənistanda paralel dövlətə çevrilmişdi. Hətta onun maliyyəsi dövlət büdcəsinə az qala bərabərdir. Paşinyan gördü ki, ən böyük maneənin biri kilsədir. Konstitusiyada din dövlətdən ayrı olsa da, faktiki olaraq belə deyil. Bununla bağlı mübarizəyə başlanılıb, maliyyə cəhətdən sıxılır və sair. İkinci məsələ diaspora məsələsidir. Dövlətdən çox uzaqlarda yaşayan diaspora təmsilçiləri - hansı ki, onların əksəriyyəti yağ-bal içində yaşayır - Ermənistana qəpik-quruş göndərməklə müəyyən tələblər qoyurlar. Tələblərin başında isə Ermənistanı “qaynar qazana” döndərmək, Türk düşmənçiliyini saxlamaq, nifrət ocağını sönməyə qoymamaq dayanır. Ermənistanın işğalçıya çevrilməsində də, işğal etdiyi torpaqlarımızı uzun illər nəzarətində saxlanmasında onların çox böyük rolu oldu. Paşinyan bununla da mübarizəyə başlayıb. Üçüncü məsələ isə Ermənistanın daxilində olan revanşist qrupdur ki, onlar da xaricdən qidalanır. Ermənistanın daxilinə nüfuz etsək görərik ki, iki tərəf arasında çox kəskin qarşıdurma var: Qarabağı tərk etmiş erməniləri və Ermənistanın yerli əhalisi arasında. Onlar arasında bir-birinə kəskin nifrət var. Bu da təbiidir, çünki həmişə biri digərinə ikinci dərəcəli kimi baxıblar. “Qarabağ klanı”nı təmsil edən Koçaryan və Sarkisyan cütlüyü və onların ətrafı Ermənistanın şər yuvası kimi qalmasına çalışırlar. Paşinyan isə anlayır ki, İrəvanın yeganə nicat yolu qonşu dövlətlərlə xoş münasibətlərdir. Gürcüstanla münasibətləri rəvan deyil, İranla anlaşılmazdır, stabil siyasət görünmür. Türkiyə və Azərbaycanla isə münasibət qurulmayıb. Belə bir Ermənistanın gələcəyi yoxdur. Paşinyan bunu anlayır. Amma onun ən böyük səhvi xarici güclərin, xüsusən də Fransanın təsiri altından çıxa bilməməsidir. Vasitəçisiz, heç bir kənar qüvvə olmadan, iki dövlət ortaya çox yaxşı nümunə qoydular, 4 kənd qaytarıldı və hətta demarkasiya prosesinə başlanıldı. Amma çox təəssüf ki, Fransa bunu həzm edə bilmir, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasına razı deyil. Sülh müqaviləsi də əsasən buna görə gecikir. Burada da əsas günah Paşinyandadır. Niyə bunu Azərbaycana edə bilmirlər? Çünki anlayırlar ki, Azərbaycan Prezidenti heç kimin, heç nəyin təsiri altına düşə bilməz. Yalnız öz dövlətinin milli maraqları ilə hərəkət edir. Bunu Putin də, Makron da, ABŞ rəhbərliyi də anlayır. Bilərlər ki, Azərbaycanla oturub danışmaq lazımdır. Burada hansısa təsir, təhdid keçmir. Paşinyan isə müstəqil qərar verə bilmədiyindən, sülh müqaviləsinin imzalanması gecikir. İkinci bir səbəb odur ki, əhalidə kifayət qədər revanşist əhval-ruhiyyə var. Ermənilərin bir hissəsi hələ də məğlubiyyəti həzm edə bilməyiblər. Bu mənada Paşinyan buna tamamilə əks siyasət yürütsə, hakimiyyətdən gedə bilər. Ona görə bir az “oynamağa” məcburdur və biz onu anlayırıq. Üçüncüsü, bizə tələsik imzalanmış, ad olsun deyə müqavilə lazım deyil. Beynəlxalq hüquq normalarına cavab verməyəcəksə, ağır imza yükü olmayacaqsa, 3 gün sonra pozulacaqsa, bu boş sənəd olacaq. Bizə tam real sülh müqaviləsi lazımdır və bunun üçün də təkliflərimiz var. Ən birincisi, Ermənistan özünün Müstəqillik Aktında və konstitusiyasında bir sıra müddəaları çıxarmalıdır. Çünki bir ölkə ilə sülh altında yaşamaq istəyirsənsə, həmin ölkəyə qarşı heç bir ərazi iddian olmalı deyil. Bərabərhüquqlu münasibətlər qurulmalıdır. Bizim çərçivə sənədinə getmək fikrimiz yoxdur. Bizə sülh naminə yalançı müqavilə lazım deyil. Bu mənada Azərbaycanın mövqeyi qətidir. Məktublaşma gedir və sülh müqaviləsi ilə bağlı 10-cu paket təqdim olunub. Detallarını tam bilməsək də, sənəddə Zəngəzur dəhlizi, kommunikasıyaların açılması kimi məsələlər və ən əsası da qırmızı xətt olan Ermənistan konstitusiyasında olan dəyişikliklər məsələsi mövcuddur. Bundan sonra normal sülh müqaviləsi imzalaya bilərik. Sülhün bölgəyə gəlməsi bölgə dövlətlərinin də mənafelərinə uyğundur. Burada Ermənistan da hamı ilə bərabər dividend qazanacaq. Çünki öz siyasəti ucbatından küncdə qalıb və ordan çıxmaq istəyirsə, Zəngəzur dəhlizinin aşılmasında maraqlı olmalıdır. Bu, çox böyük bir kommunikasiya dəhlizidir, milyardlıq büdcədir və dünya üçün yeni bir yolun yaranmasıdır.

- ABŞ dövlət katibinin köməkçisi də Zəngəzur dəhlizinin əhəmiyyətindən danışdı və onun açılmasının Orta Asiyanın Rusiyanın və Çinin asılılığından azad olunması üçün də zəruri olduğunu qeyd etdi... 

- Bəli, Azərbaycan burada açar dövlətdir. Biz Ermənistanın da bu layihədə iştirak etməsini istəyirik. Ermənistan buna qoşulursa, ölkəsinə kifayət qədər gəlir gətirə bilər. Zəngəzur dəhlizinin açılması Ermənistana hava, su kimi lazımdır.

- Zəngəzur dəhlizinin açılması həm də türk dövlətləri arasında fiziki birliyin yaranması baxımdan da əhəmiyyətli hesab olunur. Prezident andiçmə mərasimində də qeyd etdi ki, bizim ailəmiz Türk birliyidir. Türk dövlətlərinin parlamentləri arasında münasibətlərin səviyyəsini necə dəyərləndirisiz? İstənilən səviyyədə münasibətlər yaranıbmı? Avropa Parlamenti kimi güclü Türk Parlamentinin formalaşdırılması perspektivini necə görürsüz? 

- Bəli, belə bir proses gedir. Bilirsiz ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) ofisi Bakıdadır. TÜRKPA ilə bağlı bu yaxınlarda Azərbaycan Parlamentində çox böyük tədbirlər keçirildi. TÜRKPA –nın gələcəkdə daha təsirli bir təşkilata çevrilməsi istiqamətində çox ciddi addımlar atılr. Ümumiyyətlə, Türk Dövlətlər Təşkilatının güclənməsi ilə böyük işlər görülür. Bu prosesin lokomotivi kimi isə Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan çıxış edir. Onlar Türk Dövlətlər Təşkilatının (TDT) təşəkkül tapmasında çox böyük rol oynayırlar. Həqiqətən də, baxsaq, cənab Prezidentin dediyi kimi, TDT-yə üzv ölkələr gənc əhaliyə, böyük əraziyə və büdcəyə malikdir, yeraltı və yerüstü sərvətlərlə zəngindir, sürətlə inkişaf edirlər. Bir sözlə, böyük potensiala malikdilər. Bu baxımdan TDT-nin böyük gələcəyi var. Parlamentlərin burada rolu TÜRKPA xətti ilə birlyin möhkəmlənməsi üçün addımların atılmasından ibarətdir. TÜRKPA hər il keçdikcə güclənir. 30-cu ilə qədər indi nə qazanmışıqsa, onu ikiyə vurmaq lazımdır. Planlaşdırılan işlərə əsasən deyə bilərəm ki, yaxın 6 il ərzində türk dövlətlərinin birliyi ilə bağlı çox böyük uğurlar qazanılacaq. Artıq dünyada da TDT güclü bir təşkilat kimi qəbul edilməyə başlanılıb. Dünyada da rasional başlar türk dövlətlərinin birləşməsini təhdid kimi yox, fürsət kimi görür. Ümumiyyətlə, dünya artıq başqa cür, birliklər şəklində formalaşır. Niyə bizim də Avropa İttifaqı kimi birliyimiz olmasın? Bunun üçün indi addımlar atılır. Kimsə 2000-ci illərin əvvəllərində desəydi ki, belə bir təşkilat olacaq, formalaşacaq, o dövrdə inanmazdılar. Yaxın gələcəkdə biz bu birliyin möhkəmlənməsinin şahidi olacağıq. Ən azından bununla bağlı türk dövlətlərinin rəhbərliklərində siyasi iradə mövcuddur. Türkmənistan bir qədər loyallıq göstərir, ancaq o da zamanla öz həllini tapacaq. Yaxınlarda Türk Dövlətlər Təşkilatının Şuşada bir tədbiri gözlənilir. Bu tədbirdə bəzi sürprizlər də görəcəcəyik. Yaxın illərdə indi bizə xəyal kimi görünən məsələlərin bir çoxu icra olunacaq. Türk Dövlətlər Təşkilatının dünyada qəbul edilən bir gücə çevrilməsi çox da uzaqda deyil.

- Bir müddət əvvəl Qarabağda olmusunuz. Qarabağa qayıdışın təmin edilməsi istiqamətində işlər istənilən sürətlə gedirmi? Böyük Qayıdışın daha intensiv baş verdiyi dövr nə vaxtdan başlayacaq?

- Bu sualın cavabını cənab Prezident verib. 2030-cu ilə qədər əhalinin böyük hissəsinin qayıdışının təmin edilməsi nəzərdə tutulur. Ora gedəndə insan tikintilərin miqyasından yalnız heyrətlənir. Hətta hamı eyni vaxtda susur və danışa bilmir. Çünki bir il qabaq həmin yerdə olmuşduq, tamamilə başqa cür idi. Qarabağda görülən işlərlə biz həm də Azərbaycanın qüdrətini göstərə bilirik. Tikinti meydanında da müasir yanaşmaları görürük. 5 ilə tikilən binalar eyni keyfiyyətlə 1 ilə tikilir. Bütün layihələr sürətlə icra olunur. Bütün işlər mütləq mənada mütəxəssislərin rəyi ilə həyata keçirilir. Təbii olaraq, biz uzaq olmayan dövrdə insanlarımızın ora köçməsini və orada yaşamasını təmin etməliyik. Amma yaşamaq sözü gedib evdə oturmaq deyil. İş yerlərinin açılması, məşğulluğun təmin edilməsi də lazımdır. İnsanların oradaki evini bağlayıb gəlib yenidən Bakıda yaşamalı deyil. İnsanlar gedib orada yaşamalıdır. Buna görə də məktəblər, bağçalar, mədəniyyət evləri, idman mərkəzləri, müavafiq iş yerləri açılmalıdır ki, şəhərsalma layihələri də bu istiqamətdə icra olunur. Eyni vaxtda İqtisadiyyat Nazirliyinin, digər təşkilatların, hətta özəl şirkətlərin bu gün Füzulidə, Laçında, Şuşada biznes strukturları yaranır. Bu o deməkdir ki, oralarda da dinamik həyat başlayacaq. Düşünürəm ki, yaxın illərdə ölkəmizin qarşısında duran əsas məsələ insanların Qarabağa qayıdaraq layiqli yaşamasının təmin edilməsidir. Bunun üçün də planlı iş gedir. Ona görə də yaxın dövrdə Böyük Qayıdışın daha intensiv şəkildə həyata keçirildiyini görə biləcəyik. 





Paylaş:


Müəllif : Tarix:
3-07-2024, 09:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər