reklam
Regionxeberlericom.az » Gündəm » Metapnevmovirus HMPV nədir? – Əlamətlər, qorunma yolu və risk qrupları...

reklam

Metapnevmovirus HMPV nədir? – Əlamətlər, qorunma yolu və risk qrupları...

















Azərbaycanın Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı yanvarın 6-da əhaliyə müraciət edib. Respirator və ya tənəffüs yolları ilə bağlı olan bu virusun adı metapnevmovirusdur (HMPV).

Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.

Bu virusa hələlik Azərbaycanda rast gəlinməsə də, qurum əhaliyə xəbərdarlıq edərək, risk qrupuna aid insanları peyvənd olunmağa çağırıb.

Bəs, ümumiyyətlə, metapnevmovirus nədir, risk qrupuna kimlər daxildir, xəstəliyin simptomları nələrdir, bu virusdan necə qoruna bilərik? BBC News Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.

Metapnevmovirus nədir?

Metapnevmovirus (Human MetaPneumoVirus – HMPV) qripəbənzər tənəffüs yolları xəstəliyidir. HMPV infeksiyasına ilk dəfə 2001-ci ildə rast gəlinib.

Lakin son günlər Çində yaşı 14-dən aşağı olan uşaqlar arasında bu xəstəliyin sürətlə yayılması ilə HMPV yenidən gündəmə gəlib. Bu virus adətən yüngül xəstəlik kimi qəbul olunsa da, pnevmoniya və bronxit kimi ağır nəticələrə də gətirib çıxarır.

Virus daha çox uşaqlar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Xəstəlik yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus infeksiyaları kimi adətən 7-10 gün ərzində aradan qalxır.

Virusa yoluxduğumuzu necə bilərik?

Metapnevmovirus digər kəskin respirator virus infeksiyalarına xas əlamətlərlə müşahidə olunur.

Bu virusa yoluxduğumuzu aşağıdakı əlamətlərə görə müəyyən edə bilərik:

•    öskürək

•    burun tutulması

•    burun axması

•    hərarətin yüksəlməsi

•    nəfəs darlığı

•    səsin boğulması

Virusa yoluxma bir qayda olaraq xəstələrin burun-udlaq nahiyəsindən götürülmüş yaxmaların molekulyar üsulla (PZR) müayinəsi ilə müəyyən olunur.

Risk qrupuna kimlər daxildir?

Bu virusun uşaqlarda, immuniteti zəif olan və immun çatışmazlığı olan şəxslərdə bronxit və pnevmoniyaya çevrilmə riski yüksəkdir. Ona görə də, bu insanlar risk kateqoriyasına daxildirlər.

Bundan əlavə, yanaşı xəstəlikləri olan – misal üçün bronxial astma və ya ağciyərlərin xroniki xəstəlikləri olan insanlar da respirator virus infeksiyaları üzrə risk qrupuna daxildirlər.

Azərbaycanın Səhiyyə Nazirliyi bu şəxsləri qrip əleyhinə peyvənd olunmağa çağırıb.

HMPV-yə yoluxmuş risk qrupuna aid xəstələrin ev şəraitində müalicə alması məqsədəuyğun hesab edilmir.

İmmuniteti güclü olan və yanaşı xəstəlikləri olmayan insanlarda respirator infeksiyalar əsasən fəsadsız keçir və onlar qısa müddətdə sağala bilirlər. Bu cür xəstələrdə müayinələrin rutin aparılmasına ehtiyac olmur.

Virus necə yayılır?

Metapnevmovirus digər yoluxucu xəstəliklər kimi əsasən aşağıdakı yollarla yayılır:

•    öskürək və asqırmaq

•    insanlarla salamlaşma və toxunma kimi yaxın təmaslar

•    üzərində virus olan əşyalara toxunduqdan sonra əlləri ağıza, buruna və ya gözə aparmaqla

Mövsümi xarakter daşıyan HMPV virusu qış aylarında yayılır və yazın əvvəllərinə kimi davam edə bilir.

Özümüzü necə qoruyaq?

Uşaqları və xüsusilə yüksək həssaslığa malik şəxsləri kütləvi tədbirlərdə və insanların sıx olduğu məkanlarda tibbi maskalardan istifadə etməklə qorumaq mümkündür.

Bundan əlavə aşağıdakı tövsiyələrə də riayət etməklə özümüzü HMPV-dan qoruya bilərik:

•    Əlləri ən azı 20 saniyə sabunla yumaq

•    Yuyulmamış əllərlə gözə, buruna və ağıza toxunmamaq

•    Xəstə insanlarla təmasdan çəkinmək

•    Xəstə insanların fincanlarından, eləcə də qab-qaşıqlarından istifadə etməmək

•    Qapı tutacaqlarını, eləcə də uşaqların ümumi oyuncaqlarını davamlı olaraq təmizləmək və tibbi spirtlə dezinfeksiya etmək

COVID-19 pandemiyasından fərqli olaraq HMPV ilə bağlı hər hansı sosial məhdudiyət və ya qadağalara ehtiyac duyulmur.

Lakin COVID-19-a qarşı xüsusi peyvəndlər olsa da, bu infeksiya üçün hər hansı xüsusi peyvənd mövcud deyil və müalicəsi ümumi immungücləndirici vasitələrlə aparılır.




Paylaş:


Müəllif : Tarix:
Dünən, 12:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər