reklam
Regionxeberlericom.az » Gündəm » Daha bir deputatın mandatına xitam veriləcək - Deputatsız dairələrin sayı 8-ə çatacaq

reklam

Daha bir deputatın mandatına xitam veriləcək - Deputatsız dairələrin sayı 8-ə çatacaq


Ötən ay Rafael Cəbrayılovun deputat mandatına xitam verildikdən sonra deputatsız qalan seçki dairələrinin sayı 7-yə çatmışdı. Bununla Milli Məclisin deputatlarının sayı da 118-ə enmişdi. Noyabrın 12-də deputat Elşad Həsənovun Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi bu rəqəmin 117-yə enəcəyi deməkdir. Qanunvericiliyin tələbinə görə, icra hakimiyyəti təmsilçisi deputat ola bilməz. Ona görə də yəqin ki, yaxın günlərdə Elşad Həsənovun deputat mandatına xitam veriləcək. E.Həsənov 2015-ci ildə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Məlumat üçün bildirək ki, 2018-ci ilin aprelində keçirilən prezident seçkilərindən sonra 4 deputat prezidentin sərəncamı ilə hökumətdə yüksək vəzifələrə təyin ediliblər. Belə ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə, deputat Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyinat alıblar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyi üçün 2017-ci ilin martında onun deputatlıq səlahiyyətlərinə xitam verilib.

Bundan əlavə, 2018-ci ildə deputat Astan Şahverdiyev qəfil ürəktutmasından dünyasını dəyişib.

Beləliklə, hazırda deputatsız qalan dairələr bunlardır: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar, 9 saylı Binəqədi Seçki Dairəsi. Bu sıraya 17 saylı Yasamal 3-cü Seçki Dairəsi də daxil olacaq.

Deputatsız dairələrdə yeni seçkinin nə zaman olacağı isə prezident sərəncamı verildikdən sonra bəlli olur.

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Hazırkı Milli Məclis isə 2015-ci ilin noyabrında seçilib. Bu isə o deməkdir ki, növbədənkənar seçki olmayacağı halda növbəti parlament seçkilərinə bir il qalıb.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
13-11-2019, 09:21
Sikayət   


loading...
Загрузка...