reklam
Regionxeberlericom.az » Gündəm » Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: - “Onu hansısa qüvvə hərəkətə gətirir”

reklam

Fərhad Əhmədovun seçkiyə dair “yol xəritəsi”nə REAKSİYALAR: - “Onu hansısa qüvvə hərəkətə gətirir”


Rusiyada yaşayan azərbaycanlı milyarder, tanınmış iş adamı Fərhad Əhmədov bugünlərdə özünün Facebook səhifəsində 2020-ci il fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə dair "yol xəritəsi" ilə çıxış edib.

F.Əhmədov öz yazısında Azərbaycanın siyasi arenasındakı mövcud durumu təhlil etməyə çalışıb. Həm siyasi hakimiyyətin, həm də müxalifətin ünvanına tənqidi fikirlərin yer aldığı təhlildə göstərilir ki, son parlamentin tərkibində hakimiyyətdəki qruplaşmaların "cib deputatları" ilə yanaşı, təsadüfi adamlar və islahatlarla ayaqlaşa bilməyən şəxslər olub. Və buna görə də parlamentin ciddi keyfiyyət dəyişikliyinə, deməli yeni seçkiyə ehtiyac vardı:

"Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin "cib deputatları" vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi "kuklaoynadanlardan" qurtulmuşuq...".

Daha sonra ölkədə əsl konstruktiv müxalifətin mövcudluğunun vacibliyindən söz açan F.Əhmədov, Azərbaycanda belə bir müxalifətin olmadığını iddia edir. Hakimiyyətin bir neçə deputatı parlamentə “konstruktiv müxalifət” adı altında yerləşdirməsinin isə lazımi effekt vermədiyini bildirir.

Milyarder hesab edir ki, Azərbaycanda real müxalifət yoxdur və bu, daha çox neqativ nəticələr doğurur: “Formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır…”

Müxalifətin digər hissəsinin isə hakimiyyətlə sərt qarşıdurmada olduğunu yazan F.Əhmədov onun da ciddi perspektivlərini görmədiyini qeyd edir və təklif edir ki, yeni növbədənkənar seçkidə daha çox müstəqil namizədlərin parlamentdə təmsil olunmasına şərait yaradılsın. Milyarder hesab edir ki, məhz həmin müstəqil namizədlər gələcək əsl “konstruktiv müxalifətin” özəyini təşkil edə bilər.

Daha sonra konkret təkliflər irəli sürən iş adamı öz “yol xəritəsində” növbədənkənar seçkilə bağlı “mütləq atılmalı olan addımlar”ı sadalayır. Bu addımların başında Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təkliflər var.

Fərhad Əhmədovun sözügedən təhlil yazısı Azərbaycanda birmənalı qarşılanmayıb.

Buna münasibət bildirən siyasətçilər Modern.az-a danışıblar.

"Ümid" Partiyasının sədri İqbal Ağazadə Fərhad Əhmədovun yeni fikir ortaya atmadığını düşünür:

"Onun hansı məqsədlə bu “yol xəritəsi”ni irəli sürdüyünü deyə bilmərəm. Amma söylədikləri yeni fikirlər deyil. Proporsional seçki sisteminin bərpası, Mərkəzi, Dairə və Məntəqə seçki komissiyalarının dəyişdirilməsi və s. ilə bağlı təkliflər səsləndirib. Mən 2009-cu ildə parlamentdə Azərbaycan müxalifəti adından Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi də təqdim etmişdim. Ona görə, bu təkliflər bizim üçün yeni deyil.
Praktik nöqteyi-nəzərdən bunu indi reallaşdırmaq mümkün deyil. Çünki parlament artıq buraxılıb. Bunu yalnız növbəti parlament seçkilərindən sonra reallaşdırmaq olar".

İ. Ağazadə hesab edir ki, Azərbaycanda siyasi sistemin formal deyil, aktiv siyasi sistemə keçməsi vacibdir:

"Siyasi institutların isə əhali ilə münasibətlər sistemində yeni mərhələsinin əsasını qoymaq üçün mütləq proporsional seçki sistemi bərpa olunmalıdır. Bundan sonra artıq institutların formalaşması və yenidən təşkilatlanması cəmiyyətə böyük fayda vermiş olacaq.
Parlament formalaşdırılandan sonra Mərkəzi, Dairə və Məntəqə seçki komissiyalarının formalaşdırılmasına, üstəlik daimi formalaşdırılmasına çalışmaq lazımdır".

Politoloq Zərdüşt Əlizadə bildirib ki, Fərhad Əhmədov azərbaycanlıdır və xaricdə yaşasa da, vətəninə biganə deyil:

"Haqqı var ki, demokratik hüququndan istifadə edib, Azərbaycandakı seçkilər haqqında rəyini bildirsin. Əslində onu təqdir etmək lazımdır ki, Azərbaycandakı proseslərə qarşı biganə deyil. Onun təklifini cəmiyyətin, hökumətin necə qəbul edəcəyini deyə bilmərəm. Müxalifət də Fərhad Əhmədovun təkliflərinə oxşar təşəbbüslərlə dəfələrlə çıxış edib. Cəmiyyət isə bu məsələdə o qədər də maraqlı deyil. Cəmiyyətin seçki, islahat, yeni parlament, yeni deputatlar ümumiyyətlə vecinə deyil. Əvvəlki deputatlardan yarımayıblar, yenilərdən yarımağa da ümidləri yoxdur".

"Ana vətən" Partiyasının sədri Fəzail Ağamalı isə Fərhad Əhmədovun Azərbaycan vətəndaşı olmadığını xatırladıb:

"O Azərbaycandakı ictimai-siyasi proseslərin içərisində deyil. Sadəcə olaraq, kənardan ölkəmizdə gedən proseslərlə virtual tanış olur. Bu isə real konkret obyektiv təsəvvür yaratmağa imkan vermir. Kimsə özünün təxəyyülünü işə salmaqla bu cür “yol xəritəsi” verə bilər. Onun fikirlərinin arxasında şəxsi ambisiyaları dayanır. Maraqlıdır ki, hər zaman Azərbaycanda seçki ərəfəsində Rusiyada yaşayan azərbaycanlılar hansısa səbəbdənsə buna bənzər açıqlamalar verirlər.
Fərhad Əhmədovu yəqin ki, hansısa qüvvə hərəkətə gətirir. Ancaq Azərbaycan dövləti kifayət qədər güclüdür. Azərbaycan xalqı kiminsə milyonuna, milyardına aldanıb, özünün dovlətçiliyinə xələl gətirməz. Bu və buna bənzər açıqlamalar, fikirlər Azərbaycanın ictimai-siyasi həyatına, azərbaycanlıların düşüncəsinə təsir edə bilməz.
O, Rusiyanın vətəndaşıdır və həmin dövlətin qarşısında öhdəlikləri var. Onun Azərbaycanın siyasi həyatında hansısa formada təmsil olunması mümkün deyil".


Paylaş:


Müəllif : Tarix:
13-12-2019, 09:35
Sikayət   


loading...
Загрузка...