reklam
Regionxeberlericom.az » Gündəm » Müğənni Mirzə Babayevin adına olan və deputat Elxan Süleymanovun satdığı maşın oğurluq çıxıb – ŞİKAYƏT

reklam

Müğənni Mirzə Babayevin adına olan və deputat Elxan Süleymanovun satdığı maşın oğurluq çıxıb – ŞİKAYƏT


Bakı şəhər sakini Ağayev Ağaəsgər Yusif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıb. Həmin müraciətin bir nüsxəsini də Azinforum.az saytına ünvanlayan vətəndaş bizdən xahiş edir ki, onun başına açılan oyunlarla bağlı məlumatı olduğu kimi ictimailəşdirək. Vətəndaşın Prezidentə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik: “Hörmətli cənab Prezident!

Mən, Ağaəsgər Yusif oğlu Ağayev Bakı şəhər sakini, 2002-ci ildən YAP-ın üzvüyəm, Yasamal rayonu M.Müşfiq küçəsi 501-ci məhəllə, ev 8 B, mənzil 31 ünvanda yaşayıram. Həyatın hər cür məşəqqət və çətinliklərinə sinə gərmişəm, cəmiyyətdə özümə görə hörmət-izzət sahibiyəm. Düzlük, təmizlik, halallıq mənim və ailəmin həyat qanunudur. Uzun illər əvvəl üzləşdiyim dələduzluq, fırıldaqçılıq əməlləri ilə bağlı aidiyyatı qurumlara olan dəfələrlə müraciətlərim öz qanuni həllini hələ də tapmayıb. Lakin mənim mübarizəmi davam etdirməyimə Sizin ölkə vətəndaşlarına etdiyiniz müraciət stimul verib. Cənab Prezident, haqsızlıqla üzləşən insanlardan Sizə məlumat vermələrini istədiniz. Özünüzü daim xalqın xidmətçisi adlandırmağınız, hər zaman insanların hüquqlarını müdafiə etməyiniz, diqqət və qayğınız ölkədə Sizə milyonların sevgisini qazandırıb.

Mənə qarşı olan haqsızlıqla bağlı son ümid yerim kimi Sizə üz tutmağımın səbəbi də haqq-ədalətin müdafiəsində güvənc yerim olmanızdır.

Onu da deyim ki, mən iş adamıyam, kiçik biznesim var. Siz də ölkə rəhbəri kimi bizlərin fəaliyyətinə daim diqqət və qayğı ilə yanaşmısınız. Üzləşdiyimiz problemlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atmısınız və bu proses davam etməkdədir.

Mən hələ 1996-cı ildə təsərrüfat işləri ilə məşğul olarkən bir “Kamaz” markalı maşın almalı oldum. Maşın müğənni Mirzə Babayevin adına idi. Maşının sahibi isə Elxan Süleymanov idi. O, hətta mənə ulu babası haqqında yazdığı kitabı da bağışladı. Ona maşına görə 11 min manat ABŞ dolları ödədim. 11 min ABŞ dollarını ona Nəsimi rayonu S.Rəhimov küçəsi 190 ünvanında yerləşən ofisində vermişəm.

Mən maşını alandan sonra ona yük vurub Rusiya Federasiyasına göndərdim. Lakin maşın orada saxlanıldı. Maşının oğurluq olduğu üzə çıxdı. Bu haqda Azərbaycan DİN-ə də Rusiya hökuməti tərəfindən xəbərdarlıq olunmuşdu.

Bu zaman mən Elxan Süleymanova müraciət elədim. Ona maşının oğurluq olduğunu və DİN tərəfindən sübuta yetirildiyini bildirdim. Ondan 11 min ABŞ dollarını geri qaytarmasını xahiş etdim. O, əvvəlcə məsələni həll edəcəyini söyləsə də vaxtı uzatdı, sonra isə mənim özümü şərləməklə vəziyyətdən çıxış yolu aramaq qərarını verdi. Bildiyimə görə E.Süleymanovun qayınatası o vaxtkı Bakı şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevi tanıyırmış. Ona öz yanlış məlumatını ötürməklə məni susdurmaq yolu tutmaq qərarına gəlib. O vaxt mənzilimə BŞBPİ-nin cinayət-axtarış şöbəsinin rəisi Məhəmməd Mikayılov zəng vuraraq məni idarəyə çağırdı. Orada məlum oldu ki, Elxan Süleymanov mənim guya uşaq oğurluğu ilə məşğul olduğuma və onun uşağını oğurlamaq istədiyim səbəbindən polisə müraciət edib. Onu təhdid edərək külli miqdarda pul tələb etmişəm. Üstəlik məni tanımadığını da ifadə edən bu şəxs təəssüf ki, öz ulu babası haqqında yazdığı kitabı mənə bağışladığını və avtoqraf yazaraq imza atdığını deyəsən yaddan çıxarıb. Kitab bu gün də məndədir və onu cinayət axtarış şöbə rəisinə göstərdim. O, mənim ifadəmə inanmış təsiri bağışladı. Xahiş etdim ki, mənim Məhərrəm Əliyevlə görüşümə şərait yaradılsın. Lakin bu, baş vermədi. Nəticədə həbs olunmadım. Lakin bir az çək-çevir oldu…

Bu hadisədən sonra ehtiyatlı olmağı qərarlaşdırdım. Ailəm, xəstə anam, körpə uşaqlarım gözümün qarşısında dayandı. Şərlənib həbs olunsam, onların taleyi necə olacaqdı?

Ara-sıra şikayətlərimi davam etdirsəm də bir nəticə hasil olmadı. Hətta ikinci dəfə məni narkotiklə tutdurmaqla hədələdi. Amma indi bu qayğılarım yoxdur. Adını millət vəkili qoymuş Elxan Süleymanovla haqq-ədalətin bərpa olunacağı günədək mubarizə aparmaq qərarını vermişəm.

Mən Milli Məclisin sədri Oqtay Əsədova üzləşdiyim problemlər bağlı müraciət etmişəm. Ondan sonra Yasamal rayon Rayon Polis İdarəsinin 26-cı bölməsindən çağrılmışam. Daha sonra materialları ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinə göndəriblər.

Mənim başıma gələnlərlə bağlı yazdığım şikayət ərizəsinə əsasən bu yaxınlarda Bakı şəhər Nəsimi RPİ-nin 22-ci PB-də araşdırma aparılıb. Və mənə müvafiq qanuna görə həmin şəxs barədə cinayət işi açılmasının mümkünsüzlüyü bildirilib. Məsələnin məhkəmə müstəvisində həlli tövsiyyə olunub.

Hörmətli Prezident!

Üzləşdiyim haqsızlıqlar, hədə-qorxular məni sarsıda bilməyib. Çox gərgin, çətin mənəvi sarsıntılı günlər yaşamışam.

Bir rayonun əhalisinin mandatını qazanıb, ölkənin başqa bir region vətəndaşına qarşı təzyiq, basqı həyata keçirmək yolu tutmuş millət vəkilinə nə ad vermək olar görəsən?

E.Süleymanova ümumiyyətlə deputat demək olarmı? Mən onu istənilən müstəvidə debata da çağırıram.

Hörmətli Prezident!

İnanıram ki, mürəciətim cavabsız qalmayacaq, tezliklə haqq-ədalətin bərpası istiqamətində Sizin sayənizdə konkret addımlar atılacaqdır. Ümid edirəm ki, mən öz halal haqqımı geri ala biləcəyəm.

Hörmətlə, Ağaəsgər Yusif oğlu Ağayev”.

Şikayətdə adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
26-12-2019, 23:18
Sikayət   


loading...
Загрузка...