reklam
Regionxeberlericom.az » Gündəm » "Heyvanla dolanan adamlarıq, biz nə yeyib, içəcəyik?" - GİLEY

reklam

"Heyvanla dolanan adamlarıq, biz nə yeyib, içəcəyik?" - GİLEY

“Heyvanlarımızı çölə buraxa bilmirik. Örüş sahələrimizdən yoxa çıxırlar. Noyabrdan bəri kəndin 10-dan artıq camışı yoxa çıxıb. Polisə də demişik, Daxili İşlər Nazirliyinə də yazmışıq. Budur, 4 aydır oğrunu tuta bilmirlər. Oğurluq isə dayanmır, davam edir”. regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, Kürdəmirin Qarasu kəndinin sakinləri belə deyir. Bildirirlər ki, kəndin hamısı heyvandarlıqla dolanır. Belə getsə, ailələrinə baxa bilməyəcəklər, ehtiyac içində yaşayacaqlar.

“Fərdi təsərrüfatım, 5-10 mal-heyvanım vardı. Başımı aşağı salıb, dolanırdım. Heyvanların balalarını, süd, pendir, yağını, qatığını satıb, dolanırdım. Noyabrda bir baş camışımı, dekabrda isə bir inəyimi və yenə iki camışımı oğurladılar. Həmin heyvanlardan üçünün balası da olacaqdı. İndi hesablayın, görün mənə nə qədər ziyan dəyib? Doğulacaq balaları da götürəndə 7 heyvanımı oğurlayıblar”, – kənd sakinlərindən 64 yaşlı Xeyrulla Qocayev belə deyir.

Xeyrulla Qocayevin ailəsi 11 nəfərdən ibarətdir. Deyir, təsərrüfatla, birtəhər dolanırmışlar. İndi heyvanlarının yarısı əllərindən çıxıb. Bundan sonra necə edəcəklərini bilmirlər: “Dövlət qulluğunda işləyənimiz yox, əlavə bir yerdən gəlirimiz yox. Heyvanla dolanan adamlarıq. Biz nə yeyib, içəcəyik? Özü də fikir verin, noyabrın 6-da olan ilk oğurluqdan sonra polisə müraciət etmişik. O qədər laqeyd yanaşıblar ki, dekabrın 24-də bir inəyimiz, 29-da iki baş camışımız oğurlanıb. Şübhələndiyim adamlar da var. Hamısı barədə polisə məlumat vermişik. Di gəl ki, tapmırlar. Görünür marağında deyillər”.

Xeyrulla Qocayev əlavə edir ki, heyvanı oğurlanan tək o deyil. Əmisi oğlunun da iki baş camışı yoxa çıxıb. Elə kənd sakinlərindən Arzu Məmmədov da iki camışının oğurlandığını söyləyir. Sakinlərin hamısı polisə müraciət edib.

“İndi mən durub qonşunun bir toyuğunu oğurlasam, səhərisi gün polis qapımı döyər. Bu boyda mal-heyvan oğurlanır, səs-səmir yoxdur. Belə də haqsızlıq olar? Daxili İşlər Nazirliyinin qaynar xəttinə də müraciət etmişəm. Bir nümayəndə göndərdilər. Gəldi, izahat verdik, getdi. Ondan da səs-soraq çıxmayıb”.

Kənd sakinləri deyirlər ki, oğurlanan heyvanların hər birinin azı 2000-2500 manat dəyəri olub. Onlar Prezident İlham Əliyevə müraciət edirlər. Deyirlər ki, onların sözünə dinləyən yoxdur. Bəlkə o tapşırıq verərsə, iş araşdırılar. Ya onların heyvanları geri qaytarılar, ya da dəyən zərərləri qarşılanar.



Paylaş:


Müəllif : Tarix:
30-01-2020, 09:07
Sikayət   


loading...
Загрузка...