reklam
Regionxeberlericom.az » Gündəm » İCRA BAŞÇILARI 880 MANATLA DOLANIR? - Yaxud, başçıların maaşlarıı artırılsa, rüşvətdən vaz keçərlərmi?

reklam

İCRA BAŞÇILARI 880 MANATLA DOLANIR? - Yaxud, başçıların maaşlarıı artırılsa, rüşvətdən vaz keçərlərmi?


Son vaxtlar DTX-nın rayon icra hakimiyyətlərində keçirdiyi əməliyyatlar və icra başçılarının həbsi rayon rəhbərlərinin maddi imkanları və gəlirləri mövzusunu da gündəmə gətirib. İcra başçılarının böyük əksəriyyətinin maddi imkanları, mülkləri, yaşayış tərzi və s. ilə rəsmi gəlirləri arasında böyük fərq olduğu sirr deyil.
Elə ötən gün Neftçalada baş verən həbslər də rayon rəhbərlərinin qeyri-rəsmi, daha dəqiq desək, rüşvət və korrupsiya yolu ilə gəlir əldə etməsilə bağlıdır.
Bəs icra başçılarının rəsmi əmək haqları nə qədərdir və onların real imkanlarına nə dərəcədə mütənasibdir? Məlumat üçün bildirək ki, icra başçılarının maaşları onların rəhbərlik etdikləri rayonların yerləşdiyi ərazi və oradakı əhalinin sayından asılıdır.
Belə ki, icra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir. Həmin sərəncama əsasən, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.
Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir. Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır. Əhalisi 50 min-100 min nəfər olan rayonun icra başçısı isə 990 manat maaş alır. Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları daha az əməkhaqqı alırlar - 880 manat.
Qeyd edək ki, fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin saxlanılması barədə məlumat yayılıb.

Saxlanılanlar arasında Neftçalanın icra başçısı İsmayıl Vəliyev də var. Onun rayondakı təmir-tikinti işlərinə ayrılan vəsaitləri mənimsəməkdən tutmuş ayrı-ayrı sahələrə rəhbərlik edən şəxslərdən rüşvət almasına qədər bir çox cinayətlərə yol verdiyi bildirilir.
Fevralın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev artıq icra başçısı vəzifəsindən azad edilib. Ölkə başçısı bundan öncə dəfələrlə icra başçıları da daxil olmaqla, məmurlara xəbərdarlıq etmişdi. Hazırda baş verənlər bu xəbərdarlıqların təsadüfi olmadığını təsdiqləyir və cəzanın qaçılmaz olduğunu göstərir.
Buna baxmayaraq, məlum əməllərini davam etdirəcək qədər cəsarətə malik olanlar var. Görəsən niyə? Bu adamlar nədən həmin xəbərdarlıqlardan nəticə çıxarmırlar və onların maddi vəziyyətləri bu qədərmi ağırdır ki, rüşvətdən heç cür imtina edə bilmirlər?...
Bu həbslər və heç kimə sirr olmayan korrupsiya faktları icra başçıları da daxil olmaqla, iri ranqlı məmurların rəsmi gəlirləri, əmək haqları məsələsini də aktuallaşdırır. Kimsə icra başçısının 880 manatla dolandığına inanarmı?
Məsələ ondadır ki, belə məmurların əlində cəmləşən hakimiyyət, nüfuz dairəsi, inzibati imkanlarla aldıqları məvacib belə demək mümkünsə, tərs mütənasibdir. Tutduqları vəzifənin verdiyi imkanlar rəsmi əmək haqqından 100, bəlkə də min qat artıq gəlir əldə etməyə imkan verir və bu imkanlar qarşısında hər vəzifəli şəxs duruş gətirə, tamahına qalib gələ bilmir. Bu səbəbdən zaman-zaman hakimlərdən tutmuş icra başçılarına qədər bir çox məmurların vəzifə maaşlarının artırılması təkliflərinə rast gəlinir.
Doğrudur, çoxları məmurların əksəriyyətinin maaşları nə qədər artırılsa da, korrupsiyadan, rüşvətdən vaz keçməyəcəkləri qənaətindədirlər. Ancaq bütün sivil ölkələr, korrupsiya ilə mübarizə aparan və ona qalib gələn hökumətlər bu yolu keçiblər. Məmurlara yüksək maaş verib, rüşvətə, korrupsiyaya yol verdiyi halda da çox sərt şəkildə cəzalandırıblar. Və bir çox hallarda da bu tədbirlər müsbət effekt verib.
Yəqin ki, bizim ölkədə də bu təcrübədən nə vaxtsa istifadə olunacaq və bəlkə də vaxt gələcək ki, icra başçıları da daxil olmaqla, məmurların gözü dövlətin, iş adamlarının, sıravi vətəndaşların cibindən yığışacaq...


Paylaş:


Müəllif : Tarix:
22-02-2020, 09:43
Sikayət   


loading...
Загрузка...