reklam
Regionxeberlericom.az » Gündəm » Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi

reklam

Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi


Azərbaycanın İran və Gürcüstanla sərhədlərində hərəkət tam məhdudlaşdırılıb, ölkəboyu təşviş, həyəcan var, koronavirus şübhəsi ilə Cəlilabad Mərkəzi Xəstəxanasına yerləşdirilənlər olub, İrandan ölkəmizə keçib Gürcüstana gedən şəxsdə koronavirus aşkarlanıb, onunla ünsiyyətdə olanlar karantinə alınıb və bütün bu həşirin, mərəkənin qopmasına baxmayaraq, ölkənin Səhiyyə Nazirliyi elə bil “qış yuxusu”na gedib.

Reportyor.info-nun məlumatına görə, sosial şəbəkələr nazirliyin susmasından yazır, jurnalistlər qurumun mətbuat xidmətinə zəng edir, di gəl tərpəniş yoxdur.

Sosial media nazir Oqtay Şirəliyevin nə vaxt ayılacağını məsxərəyə qoyurlar, mətbuat katibi Pərviz Abubəkirovun özünü general kimi aparmasına nə vaxt son qoyacağına sual edirlər.

Doğurdan da faciəvi mənzərədir: sanki Səhiyyə Nazirliyi ləğv olunub. Az qala ölkə bir-birinə dəyib, nazir O.Şirəliyev nə mətbuat konfransı keçirib, nə açıqlama yayıb.

Belə bivec nazirliyə P.Abubəkirov kimi dikbaş, özünəvurğun, mətbuatı saymayan adamın xidmət rəhbəri təyin olunması lap yerinə “düşüb”.

Abubəkirov özü telekanallarda kriminal verilişlərin aparıcısı olub, jurnalistikadan kənar adam deyil, amma davranışları tam bir güc strukturu əməkdaşının hərkətlərinə bənzəyir.

Ölkədə koronavirusa görə bir panika, qorxu var, amma jurnalistlərin zənglərinə cavab vermir, sualları cavablandırmır. Ən azından Cəlilabad xəstəxanasından yayılmış biabırçı görüntülərə aydınlıq gətirmək borcu idi.

Amma naziri Şirəliyevdən geri qalmayan Abubəkirov sanki Səhiyyə Nazirliyinin yox, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibidir, koronavirusla bağlı sorğuların ona aidiyyatı yoxdur.

Bu rəzil mənzərə, nazirliyin iş üslubu göstərir ki, Allah uzaq eləsin, əgər bu ölkədə koronavirus həqiqətən yayılsa batarıq. Nə Şirəliyevin bərbad günə qoyduğu səhiyyə sistemi xəstəliyə yoluxanları müalicə edə biləcək, nə də mətbuat xidməti əhalini doğru-düzgün məlumatlandıracaq.

Çünki faktiki olaraq İrandan gələn Gürcüstan vətəndaşı Azərbaycandan keçib və öz ölkəsinin sərhədində koronavirusa yoluxduğu aşkarlanıb.

Eyni zamanda Cəlilabad və Astara xəstəxanalarında şübhəli kimi yoxlanan vətəndaşlarla bağlı heç bir məlumat yayılmır. Yalnız gün ərzində rəsmi xəbər yaymaqla işlərini bitmiş sayırlar.

Yeri gəlib demək lazımdır, ümumiyyətlə, ölkədə hakim komandanın dəyişməsi, köhnə nazirlərin yola salınması ərəfəsində yaşlı Şirəliyevin belə bir strukturda saxlanılması anlaşılan deyildi.

Şirəliyevin operativ işləmədiyi, bu posta gənc kadra ehtiyac olduğu çoxdan aydındır. Təsadüfi deyil ki, Mingəçevir İES-də partlayışdan sonra xəstəxanaların generatorsuz olduğu üzə çıxmışdı, bu səbəbdən prezident müşavirədə nazirə irad tutmuşdu.

Həmin hadisə sübut etdi ki, nazirlik fors-major hallara hazır deyil. İndi də dünyanı cənginə alan koronavirusun Azərbaycanda ayaq səslərinin eşidilməsinə rəğmən, nazir və bütün struktur mürgüləyir.

Cəlilabad xəstəxanasındakı vəziyyətlə bağlı yayılan video ilə bağlı dövlət qurumları açıqlama verməlidirlər.

Karantin adıyla yüzə yaxın insanın suyu, yatmağa matrası belə olmayan bir binaya yığıb, çaysız-susuz, yeməksiz saxlamaq Allahsızlıqdır.

Özü də tibb işçiləri maskada, qalanlar maskasız. Onların işində bircə nəfər yoluxmuş adam olsa, hamısına yayılacaq axı?!

Jurnalistlər qeyd edirlər ki, İrandan Azərbaycan vasitəsilə Gürcüstana gedən şəxsdə koronavirusun aşkarlanması ilə bağlı xəbərə Səhiyyə Nazirliyindən açıqlama almaq üçün səhər saat 9-dan etdiyimiz cəhdlər sadəcə, vaxt itkisidir.

Sosial şəbəkələrdə artıq “qərar” verilib: Azərbaycan koronavirusla mübarizə aparmır, aparatlar yoxlamır, işləmir, batırıq, qırılırıq…

İnsanlar aləmi bir-birinə qatıb ki, niyə koronavirusa yoluxma Azərbaycanda aşkarlanmayıb. Digər ölkələrin mütəxəssislərinin cavablarını izləyirik.

Əslində, səhiyyədəki problemlərin hansı yerindən başlasan, qandonduran faktlar meydana çıxır: prokurorluğun ifşa etdiyi saxta dərman satan həkimlər, dövlətin xəstəxanalara ayırdığı tibbi ləvazimatların, pereparatların apteklərdə satılması, yaşlı qadının sağlam ayağının səhvən kəsilməsi, baş həkimlərin rayon mərkəzi xəstəxanalarını, doğum şöbələrini rüşvət yuvalarına çevirməsi, ən nəhayət iki gün ölkədə yaşanmış enerji fəlakəti zamanı xəstəxanalarda generatorların olmamasının üzə çıxması, son olaraq koronavirus təlaşına qarşı biganə münasibət O.Şirəliyevin bir nazir kimi Azərbaycan səhiyyəsini qətlə yetirdiyini, rüşvət xərçənginə yoluxdurduğunu, artıq metastaz verməkdə, qan qusmaqda olduğunu bir daha sübut etdi.
REPORTYOR.info


Paylaş:


Müəllif : Tarix:
28-02-2020, 12:12
Sikayət   


loading...
Загрузка...