reklam
Regionxeberlericom.az » Gündəm » Masallı SMM-i Səlim Müslümov dönəminə qayıdıb – “4 AY MƏNİM”

reklam

Masallı SMM-i Səlim Müslümov dönəminə qayıdıb – “4 AY MƏNİM”


Hələ Əmək və Əhalinin Sosial Müdafiəsi nazirləri Füzuli Ələkbərov və Səlim Müslümovun dövründə ünvanlı sosial yardımların verilməsi zamanı xeyli korrupsiya hallarının baş verdiyi məlum idi. O dönəmlərdə yerli Sosial Müdafiə Mərkəzləri əhaliyə verilməli olan bir çox vəsaitlərin, ən əsası da ünvanlı sosial yardımların yarısını özlərinə götürməklə diqqət mərkəzinə düşmüşdülər. Hətta bu işlərinə görə, bir neçə SMM rəhbəri həbs də olunmuşdu. Lakin problem aradan qalxmamışdı.

Qeyd edilən nazirlərin dönəmindən sonra Sahil Babayevin nazirliyi başına keçməsi bəzi şeylərin dəyişəcəyi gümanı yaratsa da, bu düşüncələrin hamısı boşa çıxmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, əksər rayonlardan gələn xəbərlərdən belə başa düşülür ki, hal hazırda SMM-lər ünvanlı sosial yardımların verilməsi zamanı Ələkbərov-Müslümov dövrünə geri dönüblər.

Redaksiyamıza müraciət edən Masallı rayon sakini Baxış Qasımov deyir ki, 2019-cu ilin yanvarında hələ həbsdə olarkən onun ailəsinə 2 il müddətinə ünvanlı sosial yardım ayrılıb. “Həmin vaxt həbsxanadan göndərdiyim məktubu belə ciddiyə almamışdılar. Hətta Masallı Sosial Müdafiə Mərkəzinin rəhbərliyi iddia etmişdi ki, guya, mən həbsdə deyiləm. Halbuki Cəza Çəkmə Müəssisəsindən arayış belə göndərmişdim”.

Qasımov deyir ki, azadlığa çıxdıqdan sonra bu ilin yanvarına qədər ünvanlı sosial yardımın verilməsi davam edib. Lakin yanvar ayında ona deyiblər ki, övladının 8 yaşı olması səbəbindən həmin yardım kəsilib. “Bununla bağlı təkrar SMM-ə müraciət etdim. Lakin sənədlərimi geri qaytarıb bildirdilər ki, uşağın 8 yaşı tamam olub, iş yeri tapmalıyam və bir sürü sənəd istədilər. Əgər mən özüm iş tapa bilsəydim, ünvanlı sosial yardıma nə ehtiyacım vardı ki?”

3 uşaq atası olduğunu deyən Masallı sakini qeyd edib ki, sonradan bu məsələnin səbəbini öyrənib. Məlum olub ki, rayon SMM-in rəhbərliyi əməlli-başlı bazar açıb. “Sonradan bir neçə adam mənə yaxınlaşıb dedi ki, qanuni əsaslarla sənədləri ƏƏSMN-ə göndərməklə ünvanlı sosial yardım almaq mümkün deyil. Bunun üçün Masallı SMM-in rəhbərliyi ilə “dil” tapmaq lazımdır. “Dil” tapmağın da şərti budur ki, ayrılacaq yardımın 4 aylıq hissəsini onlara vermək lazımdır. Əgər bu şərti qəbul etsəm, 10 gün ərzində yardım ala biləcəm. Amma imtina elədim. Çünki bu rəsmən qanunsuzluq və vicdansızlıqdır”.

Baxış Qasımov onu da deyib ki, əlacsızlıqdan nə edəcəyini bilmir. Onun sözlərinə görə, hələ ümid edir ki, nazir Sahil Babayev onun sözünü eşidib, tədbir görəcək. “Ümid edirəm ki, nazir Sahil Babayev sözümü eşidib, bununla bağlı tədbir görəcək. Əks təqdirdə, Azərbaycan vətəndaşlığından imtina edəcəm. Çünki başqa çarəm qalmır. Mən 3 uşağı necə böyüdüm? Nə iş verir, nə ailənin dolandırmaq üçün şərait yaradır, nə də yardım edir”.

Yazıda adı keçən qurumların da mövqeyini dərc etməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
5-03-2020, 13:34
Sikayət   


loading...
Загрузка...