reklam
Regionxeberlericom.az » Gündəm » Azərbaycanda dollar satışı nəzarətə götürülür – Möhtəkirliyin qarşısı alınacaq?

reklam

Azərbaycanda dollar satışı nəzarətə götürülür – Möhtəkirliyin qarşısı alınacaq?

Məlum olduğu kimi, son zamanlar baş verən iqtisadi proseslərin fonunda ölkədə dollar alışı kəskin şəkildə artıb.

Artıq 20 min manat və ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı valyuta əməliyyatları nəzarətə götürüləcək. Bu barədə Vergilər Nazirliyindən məlumat yayılıb. Məlumatda bildirilir ki, son vaxtlar "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə müvafiq olaraq, 20.000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı valyuta əməliyyatları barədə məlumatlar maliyyə monitorinqi orqanına təqdim olunur. Vergi Məcəlləsinə uyğun olaraq, müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs qanunla müəyyən olunmuş vergiləri, habelə digər icbari ödənişləri tam həcmdə və vaxtında ödəməli və qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmalıdır. Vergi orqanları ödənilməli verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, o cümlədən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq və vergilərin tam həcmdə və vaxtında dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi nəzarəti tədbirləri keçirmək hüququna malikdir. Vergi orqanları digər dövlət orqanları və banklarla birlikdə öz səlahiyyətləri daxilində nağd qaydada valyuta mübadiləsi əməliyyatı aparan şəxslərin iştirakı ilə müvafiq araşdırmalar həyata keçirərək qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların vergiyə cəlb olunmasını təmin edir, valyuta mübadiləsi əməliyyatının predmeti olan pul vəsaitinin mənbəyi və vergilənməsi barədə müvafiq məlumatların əldə edilməsi mümkün olmadığı halda, əməliyyatda cinayət əlamətlərinin olması hallarının araşdırılması üçün aidiyyəti orqanlara müraciət edir.

Xatırladılır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması cinayət məsuliyyətinə səbəb olur.

Bu qaydalar ölkədə süni ajiotajın, möhtəkirliyin qarşısını alacaqmı?

İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Dövlət Neft Fondundan hərraca çıxarılan valyutanın həcmində kəskin artım baş verib:

“Ötən həftəyə olan müşahidələrə görə, hərracda 1 milyarda yaxın dollar satılıb. Bankların hərraca olan tələbləri gün-gündən artır. Demək olar ki, hərraclarda gündəlik olaraq 10-15 faiz artıq dollar satılır. Ölkədə mövcud şəraitdə iş adamlarının müəyyən mənada ticarətlərini sığortalamaq istəyi təbii haldır. Azərbaycan manatı kövrək durumdadır və iş adamları bu durumu dəyərləndirə bilirlər. Çünki neftin qiymətinin dünya bazarlarında 30 dollardan aşağı enəcəyi gözlənilir və milli valyutanın durumu sual altına düşür”.

Razi Abbasbəyli deyir ki, Vergilər Nazirliyinin tətbiq etdiyi qaydalar Rusiyada, Gürcüstanda və Türkiyədə illərdir ki, tətbiq olunur:

“Hətta Gürcüstana səfərlər zamanı dollar alışı və satışı şəxsiyyət vəsiqəsi və pasportların tələb olunması ilə həyata keçirilir. Möhtəkirliyin, süni bahalaşmasının qarşısının alınması, dolların alınıb, sonradan dövriyyəyə buraxılma cəhdlərini qarşılamaq üçün önləyici tədbirlərin görülməsi gözlənilən idi və məqsədəuyğun hesab edilə bilər. Bunu Mərkəzi Bankın müəyyən mərhələlər üzrə nəzərdə tutduğu islahatların həyata keçirilməsi baxımdan müvəqəti olaraq məqbul hesab etmək olar. Lakin bunun uzun müddət davam etməsi kiçik və orta sahibkarlığın sıradan çıxmasına gətirib çıxara bilər”.



Paylaş:


Müəllif : Tarix:
18-03-2020, 08:50
Sikayət   


loading...
Загрузка...