reklam
Regionxeberlericom.az » Gündəm » Mərkəzi Neftçilər Xəstəxanasında özbaşınalıq... - GİLEY

reklam

Mərkəzi Neftçilər Xəstəxanasında özbaşınalıq... - GİLEY


“Dializ xəstəsiyik, bu vəziyyətimizdə 20 yanvar metrosuna necə gedib-gələcəyik?”...
Bunu müraciətində 13 ildir, Mərkəzi Neftçilər Xəstəxanasında dializ proseduru qəbul edən Müzəffər Vəliyev bildirib.

Müzəffər Vəliyevin sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasının yeni rəhbərliyi orada müalicə olunan 31 dializ xəstəsini iradələrinin əksinə olaraq, başqa klinikaya göndərmək istəyir:

“13 ildir, “Neftçilər” xəstəxanasında dializ proseduru qəbul edirəm. Əvvəl bu prosedur xəstəxananın 3-cü mərtəbəsində aparılırdı. Leyla Seyidova xəstəxanaya rəhbər gətiriləndən sonra dializ qəbul edən xəstələri masaj şöbəsinə keçirdilər.

Bununla əlaqədar Prezidentə şikayət məktubu yazandan sonra bizim üçün Şah İsmayıl Xətainin heykəli istiqamətindən xəstəxanaya giriş-çıxış yolu ayırıldı.

Amma bunun bizim üçün elə bir fərqi yoxdur. Cəmi 31 xəstəyik. İndi bizi “Neftçilər” xəstəxanasından uzaqlaşdırıb, M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərmək istəyirlər”.

Müzəffər Vəliyev xəstəxana rəhbərliyinin dializ qəbul edən pasiyentləri oradan uzaqlaşdırmaq istəyinin səbəblərini də açıqlayıb:

“Bizi hələ əvvəlki rəhbərliyin vaxtından oradan uzaqlaşdırmaq istəyirdilər, indi koronavirusun yayılması ilə sanki əllərinə fürsət düşüb. Xəstəxananın əsas girişinin iki korpusunda koronavirus xəstələri yerləşdirilib. Bizim o korpuslarla heç bir əlaqəmiz yoxdur.

Vaxtilə 78 xəstə idik, indi cəmi 31 nəfər qalmışıq. Bizim istəyimiz odur ki, illərdir, müalicə aldığımız yerdən başqa yerə köçürülməyək. Yeni gələn direktor Musa Abasov göstəriş verib ki, bizi oradan çıxarsınlar. Bizim tək istəyimiz burada qalıb, müalicə olunmaqdır. Dializ xəstəsiyik, bu vəziyyətimizdə 20 yanvar metrosuna necə gedib-gələcəyik? Dializ xəstələrinin başına oyun açırlar.

Başqa ölkələrdə xəstəxanalar dializ xəstələrini nəqliyyat vasitəsilə təmin edirlər. Bizdə bunu edə bilmirlər, anladıq, ancaq buradan 20 yanvara gedib-gəlmək mümkün olmayacaq. Dializ xəstələrinin müalicə xərclərini dövlət ödəyir. Xəstəxana rəhbərliyi bizi buradan niyə qovmaq istəyir, onu bilmirik”.

Şikayətçinin sözlərinə görə, xəstəxana rəhbərliyinin dializ xəstələrini uzaqlaşdırmaq istəməsinin kökündə pul qazanmaq məqsədi dayanır:

“Bilirik ki, xəstəxana rəhbərliyi stomatoloqlardan hər ay 500 manat alır. Yəqin ki, bizim dializ proseduru qəbul etdiyimiz yeri də həkimlərə pulla satmaq istəyirlər. Ölkə rəhbərliyinə də bu barədə 31 xəstənin adından məktub ünvanlamışıq. Tələbimiz illərdir, müalicə aldığımız yerdə qalmağımızdır”.(Yenicag)


Paylaş:


Müəllif : Tarix:
14-04-2020, 09:56
Sikayət   


loading...
Загрузка...