reklam
Regionxeberlericom.az » Gündəm » “Metro Tağı elə danışır, elə bil ki, Çovdarova verdiyi 3 milyonu əziyyətlə qazanıb” - İTTİHAM

reklam

“Metro Tağı elə danışır, elə bil ki, Çovdarova verdiyi 3 milyonu əziyyətlə qazanıb” - İTTİHAM


Tağı Əhmədov bu gün “Akif Çovdarov azadlığa çıxıb, 3 milyonunuzu ondan geri alacaqsınızmı?” sualına belə cavab verib: “Birincisi, Akif Çovdarovdan pulu mən tələb etmirəm. İkincisi, onunla görüşmək və sifətini görmək niyyətim də yoxdur. Əgər dövlətimiz o pulu ona halal eləyibsə, məndə ona halal edirəm. Üçüncüsü də onun məndən aldığı pulu dövlət alıb, geri qaytarmalıdır. Akif kimdir ki, mən onunla görüşüb, pulumu tələb edim?”

Metro Tağı elə danışır, elə bil ki, Çovdarova verdiyi 3 milyonu əziyyətlə, daş-daşıyıb qazanıb. Deyəsən “əəə, bir-bir” deyib metroya buraxdığı hər 4 sərnişinin 1-nin jetonunu birbaşa cibinə ötürdüyünü, özünün bu yaxınlarda verdiyi müsahibə zamanı dediyi kimi “baş işlədib” metroların üstünü hündürmərtəbəli binalara satdığını, metrostansiyaların çıxışlarında 1200 obyekti dədə malı kimi icarəyə verib büdcəyə qəpik-quruş köçürdüyünü, ümümilikdə mətbuatda onun 200 milyon mənimsəməsini təsdiqləyən qalaq-qalaq yazıları unudub. Bu insan da 1998-2014-ci illər strateji sərnişindaşıma qurumu sayılan Bakı Metropoliteninin rəisi işləyib. Məhz bu səbəbdən illərdir ölkəyə axan milyardlara baxmayaraq həm paytaxtda, həm də regionlararası sərnişindaşıma iflic vəziyyətindədir.

Yeri gəlmişkən nəzərinizə 2015-ci ildə paylaşdığım yazıdan bir hissəni də çatdırıram: “Ancaq ən vacibi, dünya praktikasından istifadə edib Metropoliteni inkişaf etdirməkdir. Azərbaycan Metropoliteni 1967-ci ildə yaradılıb. Ümumi uzunluğu 34,6 km olan yeraltı nəqliyyatımız 2 xətdən, 23 işləyən stansiyadan ibarətdir. 25 illik müstəqillik dövründə, 10 milyardlarla neft pulları ölkəyə axan zamanda yalnız 4 yeni stansiya istifadəyə verilib. Müqayisə üçün Şanxay Metrosu 1993-cü ildə yaradılıb. Ümumi uzunluğu 548 km, 14 xəttdən, 337 stansiyadan ibarətdir. Gün ərzində 10 milyona qədər adam daşıyır. Bu hakimiyyət 10 ildir bir dənə 20 Yanvardan Beynəlxalq avtovağzala metro xətti çəkə bilmir”.

Bu müqayisəni minlərlə digər şəhərlərin metro sistemləri ilə aparmaq olar. Bizdən kasıb ölkələr qısa zamanda qapıdan-qapıya metro sistemlərini qurublar, bizdə isə vəziyyət göz qabağındadır.

Belə bir adam bu gün də Yeni Azərbaycan Partiyasının ölkə elm ocağının mərkəzi sayılan Yasamal rayonu üzrə təşkilatının sədridir.

P.S. Tağı Əhmədovun bu günkü rəftarının günahkarı isə biz özümüzük. Zamanında ondan oğurladıqlarının hesabatını istəsəydik, cəmiyyət olaraq qınaq obyektinə çevirsəydik, o da bu gün Çovdarova verdiyi 3 milyonu dədə malı saymazdı, heç nədən çəkinmədən bu barədə mətbuatda danışmazdı.

Aslan İsmayılov

Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb


Paylaş:


Müəllif : Tarix:
24-04-2020, 11:12
Sikayət   


loading...
Загрузка...