reklam
Regionxeberlericom.az » Gündəm » Əhali DTX maskalılarını niyə rayonlara ÇAĞIRIR?..

reklam

Əhali DTX maskalılarını niyə rayonlara ÇAĞIRIR?..


Son iki ayda ard-arda həbs edilən icra başçıları (sayları artıq 5-ə çatıb), onların qanunsuz əməllərinin ifşa olunması sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə yol açıb. Bu müzakirələr zamanı çoxları yarızarafat-yarıgerçək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) qara maskalı əməkdaşlarını öz rayonunda görməyi arzuladığını bildirir.

Maraqlıdır, əhali DTX maskalılarını niyə rayonlara çağırır:

İcra başçılarının mütləq hakimiyyəti...

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, bu istək hər şeydən əvvəl məmur hərc-mərcliyindən irəli gəlir:

“Çünki yerli İcra hakimiyyətlərinin simasında məmurların nəhayətsiz, mütləq bir hakimiyyəti var. Bu mütləq hakimiyyət isə mütləq ədalətsizliklər doğurub. İnsanlar bu idarəetmədən narazıdırlar, etiraz edirlər. Həmçinin, insanlarda ədalətə bir tamarzılıq var, ədaləti görmək, ona toxunmaq, onu üzərində hiss etmək və onun nəticələrinə şahid olmaq istəyirlər. Deməli, ədalət istənilən mülkün təməlidir. Əslində Azərbaycan Prezidenti tərəfindən korrupsiyaya qarşı mübarizənin əsas prioritetlərdən elan edilməsi, şəffalıq və hesabatlılığın əsas fəaliyyət formalarından biri kimi göstərməsi, eyni zamanda islahatların bütün spekterləri əhatə etməsinin özü insanlarda həm də bir əminlik yaradır ki, bu ədalətlə yerli İcra Hakimiyyəti orqanlarının, məmur özbaşınalığının qarşısını almaq mümkündür. Eyni zamanda, məmurların vəzifəyə təyin olunması zamanı Prezident tərəfindən onların qarşısına konkret tapşırıqların qoyulması, əhalilə birgə işləmək, onların maraq və mənafelərinin qorunması, sahibkarlardan “otkat”ın alınmaması, fəaliyyətlərinə müdaxilə edilməməsilə bağlı tapşırıq və tövsiyələri həm də vətəndaşlarda əlavə bir əminlik yaradıb. İcra hakimiyyətlərinə tələblər getdikcə gücləndi, vətəndaşın öz gücünə inamı artdı”.

Prezidentin köməkçisindən operativ reaksiya

Hüquqşünas qeyd edib ki, hazırda münasibətlərdəki əks-əlaqə öz nəticələrini verir:
“Ölkə başçısı dəfələrlə əhaliyə çağırış edib ki, xoşagəlməz hadisələrlə bağlı bizi məlumatlandırın. Hazırda gördüklərimiz və şahidi olduqlarımız məhz vətəndaşların Prezidentin çağırışlarına qoşulmasının nəticəsidir. Onlar qorxmadan, çəkinmədən ölkə rəhbərinə şikayətlərini yazır, onları narahat edən məsələləri qabardırlar. Fevral ayında Prezident tərəfindən təsdiq edilən fəaliyyət planı ilə bağlı imzalanmış sərəncamda qeyd edilir ki, vətəndaş cəmiyyətilə partnyorluq əlaqələri dərinləşsin, neqativ hallara qarşı onlarla birgə mübarizə dərinləşdirilsin. Bu, cəmiyyətin bütün təbəqələrinin prosesə cəlb edilməsidir. Vətəndaş, sahibkar bilməlidir ki, onu eşidən, dinləyən var. Artıq vətəndaş bunu hiss edir və səsini istənilən halda ölkə rəhbərinə çatdırmaq istəyir. Biz bu proseslərdə əks-əlaqə sisteminin qurulduğunun da şahidi olduq. Biləsuvarda icra başçısının həbs edilməsi zamanı məlum oldu ki, o, bir vətəndaşın torpağını əlindən alıb. Və bu məsələni araşdıran Prezidentin köməkçisi Anar Ələkbərov birbaşa həmin şəxslə əlaqə yaratdı. Artıq tamamilə fərqli situasiya müşahidə edilir”.

“İcra başçıları özlərini feodal kimi aparırlar”

Hüquq müdafiəçisi deyib ki, yerli İcra Hakimiyyəti başçıları özlərini feodallar kimi aparırlar:
“Bəziləri düşünür ki, onun rəhbəri olduğu rayonda yaşayanların hamısı onun təbəəsidi, onlara ağa-nökər münasibətləri qismində yanaşırlar. Bu həm də onu göstərir ki, idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac var. Eyni zamanda, icra başçılarının təyini və azad edilməsilə bağlı rotasiya prinsipi təmin edilməlidir. Bir icra başçısı 5-6 il bir yerdə işləyirsə, o zaman özəl və sabit münasibətlər sistemi yaranır. Bu isə korrupsiya üçün zəmindir, qohum-əqraba sisteminin idarəetmə sisteminə daxil edilməsinin özü yeni korrupsiya halları deməkdir.
Həbs edilən icra başçılarının mal-mülklərinin sayı hesabı yoxdur. Hələ bunlar idarəetmə sisteminin ən aşağı pilləsində təmsil olunublar. On illərlə dövlətə, vətənə xidmət edən biri kimi mən maddi olaraq heç nə əldə edə bilməmişəm, bunlar 1 ilin- 2 ilin içərisində özlərinə sərvət toplayırlar. Bu əmlak sənin-mənim əmlakımın hesabına toplanıb. Bu azmış kimi humanitar yardıma əl uzadırlar. Yoxsulun son tikəsini ocaq başında qaynayan qazanından çıxarıb öz qohum-əqrabasına yedizdirmələri artıq vicdansılızqıdır, Allahsızlıqdır. Bu nə dində var, nə imanda, nə də ata-babalardan gəlmiş vərdişlərdə. Biz çalışmışıq ki, kasıba əl tutaq. Ona görə də strukturda dəyişik olunmalıdır. Paralellik var, bir tərəfdə bələdiyyələr, bir tərəfdə İcra Hakimiyyətləri.
Son həbs edilənlərin hamısında oxşar korrupsiya sxemləri, oxşar maliyyə mənbələri, büdcədənkənar yalançı fondların yaradılması, sahibkarların incidilməsi, məktəblərdən, həkimlərdən vəsaitlərin toplanması müşahidə edilir. Elə bil ki, hər icra başısında xərac siyahısı var və hər ay xərac toplamaqla məşğul olurlar. Bu xərac hara xərclənir, əlbəttə onların yaxınlarına.
Əməkhaqqı sistemilə bağlı məsələyə də baxaq lazımdır. İcra başçıları əhalinin sayına müvafiq olaraq 800 manatda 2000 manata qədər əməkhaqqı alırlar. Bəs bu mülkü nəylə alırlar? Mütləq şəkildə yüksək korrupsiya riski yaradan vəzifələr 1-2 il müddətinə ratasiya olunmalıdır ki, onlar kök salmasınlar. İdarəetmənin başqa formalarını da nəzərdən keçirmək lazımdır. Ola bilər ki, vilayət idarəetmə formasına nəzər salmaq olar. Mərkəzi İcra Hakimiyyətinin idarəetməsini daha da yüksəltmək, yerlərdə bütün funksiyaları bələdiyyələrə vermək, onların da statuslarına baxmaq lazımdır. Bu zaman Fransadakı modelləri nəzərdən keçirmək olar. Dövr dəyişib, tələblər artıb, ehtiyaclar yüksəlib. İcra Hakimiyyətləri yanında vətəndaş cəmiyyəti institutlarının nəzarətinin effektiv təşkililə bağlı qanunun tətbiqi prosesini sürətləndirmək olduqca vacibdir. Bütün yerli İcra Hakimiyyətləri yanında ictima şuralar yaradılmalıdır, amma yaradılmayıb. Çünki imkan vermirlər, bu insanlar ictimai nəzarəti istəmirlər. Onlar yerli liderlərlə danışıqlara getmək istəmirlər. Halbuki vətəndaşlar idarəetmənin bütün səviyyələrində təmsil olunmalıdırlar”.


Paylaş:


Müəllif : Tarix:
6-05-2020, 13:44
Sikayət   


loading...
Загрузка...