reklam
Regionxeberlericom.az » Gündəm » İcra başçılarını qorxudan gizli kameralar... — PULTLA İDARƏ EDİLİR

reklam

İcra başçılarını qorxudan gizli kameralar... — PULTLA İDARƏ EDİLİR


Gizli kameralar Azərbaycanda fəaliyyətdə olan əksər məmurların qorxulu yuxusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin ard-arda Ağstafa və Neftçala İcra Hakimiyyətlərində gerçəkləşdirdiyi əməliyyatlarda gizli kameralardan istifadə edilməklə təsbitedici faktlar toplaması diqqətin bu qurğulara cəmləşməsinə də səbəb olub. Bu gün gizli kameralar icra başçılarının başı üzərindəki “Damokl qılıncı”na çevrilib.

Bəs ölkə gündəmini dəyişdirən gizli kameraların texniki funksiyaları nədir? Onların hansı növləri və nə kimi xüsusiyyətləri var?

Gizli kamera hiss etdirmədən görüntüləri çəkib, səsləri yaddaşda saxlayan cihazdır. Texnologiyanın inkişafı ilə birlikdə kameralar o qədər çox kiçildi ki, artıq onların düyü boyda olanı da hazırlanır. Kameraların ölçüsü kiçildikdə insanlar onlardan başqa məqsədlər üçün də istifadə etməyə başladılar. Artıq gizli kameraların hansı modeldə düzəldilməsi və ya haraya yerləşdirilməsi yaradıcının fantaziyasından asılıdır. Səs və görüntüləri yaddaşda saxlayan bu kameraları bütün hər şeyin üzərində görmək mümkündür. Qol saatlarında, qələmlərdə, düymələrdə, divar şəkillərinin üzərində kameralar yerləşdirmək olur. Mütəxəssislər isə düşünür ki, bu günə qədər düzəldilən kameraların imkanları azdır, daha kiçik və ağıla gəlməz yerlərdə kameralar quraşdırmaq mümkündür. Son zamanlarda düzəldilən gizli kameraların ən böyük özəlliklərindən biri odur ki, onlara kabel qoşmadan istifadə etmək mümkündür.

Əməliyyat istintaq tədbirləri zamanı gizli kameralardan istifadə olunmaqla sübutların toplanması praktikası isə illərdir ki, tətbiq olunur. Məmurların ifşası üçün gizli kameralara ehtiyac duyulur. Dünya ölkələrindən texnologiya cihazları satılan əksər mağazalarda gizli kameralara rast gəlmək mümkündür. Gizli kameralar 2 saatdan 24 saata çəkiliş apara bilirlər. Onlar müxtəlif modeldə olduğu kimi müxtəlif funksiyalara da malikdir. Papaqlar üzərində yerləşdirilən gizli kameraların çəkdiyi videoların effekti professional kameralardan heç də fərqlənmir. Onların yaddaşı 4 GB-dır, 65 dərəcə bucaq altında video çəkə bilir, batareyası 2 saat dayanmadan işləyə bilir. Eynək tipli kameraların yaddaşı 4 GB-dan 16 GB-a qədərdir. Eynək üzərində yerləşdirilən kameraları adi gözlə hiss etmək mümkün deyil. Kamera bütün görüntüləri həmin anda yaddaşda saxlaya bilir. Bu kameraların şüşələri linzadan hazırlanır.

140 saat dayanmadan video çəkə bilir, 60 dərəcə bucaq altında çəkiliş aparması mümkündür. Qalstuk üzərində yerləşdirilən kameralar isə uzaqdan pult vasitəsi ilə idarə edilir. Bu kameralarla şəkil və video çəkmək mümkündür. Yaddaşı 4 GB-dır, 10 metr uzaqlıqda olan görüntüləri çəkə, 200 dəqiqə dayanmadan işləyə bilir. Otaq spreyi üzərinə yerləşdirilən kameraları evdə və işdə istifadə etmək mümkündür. Kabeli olmadığı üçün harasa aparmaq olduqca asandır. Bu kameralar vasitəsi ilə 100 saat çəkiliş aparmaq olur. Kameranın ən yaxşı özəlliyi hərəkətlərə qarşı hissiyyatlı olmasıdır, yəni yerləşdiyi yerdə hərəkət olduğu zaman çəkiliş aparır, əks halda işləmir. Divar saatları üzərində yerləşdirilən kameralar isə səsə və hərəkətlərə qarşı hissiyyatlı olur, lazım olmadığı zamanlarda heç nəyi çəkmir. Çox geniş bucaq altında çəkiliş aparır. Ətrafda olan maşın səslərini, əlavə gurultuları, hərəkətsiz görüntüləri, televiziya və radio səslərini yaddaşda saxlamır.

Dünyanın ən yaxşı çəkiliş aparma qabiliyyətinə malik olan düymə kameralar 23 millimetr böyüklüyündədir. Yaddaşı 20 GB-dır və 40 saat dayanmadan çəkiliş aparır. Uçan mikro video kameraların ağırlığı 50 qram olur, daha çox təyyarə və vertolyotlarda istifadə edilir. 2,5 saat video çəkə bilir. Açarlıqlar üzərinə yerləşdirilən kameralar isə ən yeni texnologiyalardan biri hesab edilir. 2 saat ərzində səsləri, 70 dəqiqə ərzində isə görüntüləri yaddaşda saxlaya bilir. Şəkil çəkmək özəlliyinə sahibdir və 8 GB-lıq yaddaş sistemi mövcuddur. Qol saatı üzərinə yerləşdirilən video kameraları isə satın almaq olduqca çətin prosesdir. Adi saatların üzərinə yerləşdirilə bilməyən kameralar üçün xüsusi saatlar hazırlanır. Bu kameraların yaddaşı 2 GB-dır və 2 saat çəkiliş aparmaq mümkündür. Telefonların batareya yığması üçün istifadə olunan cihazların üzərinə yerləşdirilən kameralar isə 3 gün dayanmadan işləyə bilir. Bu kameraların yaddaşı 16 GB həcmindədir.

DTX-nın Ağstafa İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı gizli kameranın icra başçısı Nizaməddin Quliyevin kreslosunun arxa hissəsinə yerləşdirildiyi sezilirdi. Neftçala İcra Hakimiyyətində baş tutan əməliyyatda isə gizli kamera icra başçısının kabinetinin tavanından çəkiliş apardığı aydın olur.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, gizli kameraların yerləşdirilməsi özü də bir əməliyyatın nəticəsidir: “Həmin kameraların otaqda hansı mövqedə yerləşdirilməsi elə də əhəmiyyət kəsb etmir. Əsas məsələ obyektin rüşvət almasını və ya digər qanunsuz hərəkətini müəyyən etməkdən ibarətdir. Hər dəfə də gizli çəkilişlərin daha təkmil olması diqqət çəkir. Əvvəlki videodan daha keyfiyyətli görüntülər var. 3 ay əvvəlki görüntülərdə icra başçısının rüşvət aldığı arxadan aparılan gizli çəkilişlə təsbit olunmuşdu. Sonrakı çəkilişdə isə icra başçısı rüşvət alır, pulu verəndən çox alanın üzü görünür. Sabah isə daha təkmil videolar görə bilərik”.

İlham İsmayıl deyir ki, gizli kameralar vasitəsi ilə əldə olunan görüntülər əməliyyat-istintaq tədbirləri üçün müstəsna əhəmiyyət kəsb edir: “Fikir verdinizsə gizli kameralarla aparılan çəkilişlər zamanı əldə olunan sübutlar dərhal digər sübutların da toplanmasına yol açdı. İcra başçısının eşşək ferması və digər obyektlər saxlamasını sübuta yetirən videolar da ortaya çıxdı. Gizli videolar ortaya çıxandan sonra müsahibə tipində videolar çəkilməsi və orada danışanların obyektin icra başçısına məxsusluğunu demələri də təsadüfi deyil. Adamlar bəlkə də əvvəllər belə fikirləri dillərinə gətirməzdilər, deməzdilər ki, filan yer icra başçısınındır. Amma ortada gizli videoçəkiliş varkən adamların da rahat danışmalarına yol açılır. Gizli videoçəkiliş cinayət əməllərinin təsbiti üçün zəruri əməliyyat tədbiridir və sonrakı istintaq tədbirləri üçün olduqca vacibdir”.(hit.az)


Paylaş:


Müəllif : Tarix:
9-05-2020, 10:41
Sikayət   


loading...
Загрузка...