reklam
Regionxeberlericom.az » Gündəm » İsmayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməlidir - SƏRT AÇIQLAMA

reklam

İsmayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməlidir - SƏRT AÇIQLAMA


3 gün ərzində 2 oğul itirmiş İsmayıllı rayonu, Quşengə kənd sakini Salatın xala ilə bağlı Sizlərə məlumat vermişdim. Dünən bəlli oldu ki, Salatın xala özü, həyat yoldaşı və qızı da bu xəstəliyə yoluxublar. Bu gün iki nəvəsində də koronavirus simptomları aşkarlandığından onlar da xəstəxanaya yerləşdirilib müayinə olunurlar. Oğullarının rəhmətə getməsindən bir həftə keçməsinə baxmayaraq bu ailə bu günə qədər təcrid olunmamışdı. Bu müddət ərzində evlərinə gələnlərə heç bir məhdudiyyət olmayıb, başsağlığı verməyə gələnlərin sayı, hesabı yoxdur. Hakimiyyət nümayəndələrinin həm mərkəzdə, həm də yerlərdə bu qədər məsuliyyətsizliyi bizim hamımızı faciəyə sürükləyir. Tək İsmayıllı rayonunda baş verənlərlə bağlı İcra hakimiyyəti işdən qovulmalıdır. İsmayıllı rayonunun yeni icra başçısı kimi restoran, bar gəzəndən, bu bəlanın nə olduğunu anlamayandan icra başçısı olmaz.

Qonşu Gürcüstanda azərbaycanlılar yaşayan Marneulidə 1 nəfərdə (İrandan Azərbaycan üzərindən Gürcüstana gələn) koronavirus aşkar olunan kimi qoşun yeridib bütün şəhəri mühasirəyə aldılar. Ölkədə fövqəladə vəziyyət elan eləyib küçəyə çıxanların hamısını 3000 lari (1650 manat) cərimələdilər. 25 milyon laridən çox cərimə yazıldı. Məhz həmin tədbirlərin nəticəsidir ki, bu gün Gürcüstan bütün təhlükələrdən kənardadır. Bizdə isə qısa müddət hazırlıq tədbirləri görüldü, xəstəxanalar hazırlandı, dərman-preparat gətirildi, ancaq əsas olan profilaktik tədbirlər isə nəzərə alınmadı. Hamı tələm-tələsik pafoslu raportlar etdi, analoqsuz fəaliyyətdən danışdı. Baş qarışdı antiseptik, maska alverinə. Nəticədə isə bu gün xəstəxanalarda yer yoxdur, təcili tibbi yardım çağırışlara getməyi çatdırmır...

Vətəndaşlarımıza bir daha müraciət edirəm!

Polislə qaçdı-tutdu oynamayın, qaydalara riayyət edin, bilin ki, koronavirus oyun deyil, böyük bəladır! Bu gün yenə bəzilərinin qadağalarla bağlı şərhlərini eşidib dəhşətə gəlirəm. Hamı professor, xalqın qayğısını çəkən olub. İki gün zibilin evdə necə qalacağını böyük bir problemə çevirib bundan da xal qazanmaq istəyirlər. Az əvvəl yazdığım kimi hamı fürsətçilik edir, baş verənlərin tək hakimiyyətin problemi olmadığını anlamaq istəmirlər. Boş yerdən problemlər yaratmayın, insanlara qaydaları pozmağa əsas verəcək mənasız təhlillər, labirintlər icad etməyin. Bu gün həqiqətən müharibə dövrüdür. Ona uyğun da hərəkət edin. Bu bəla bitəndən sonra fantaziyanızı yenə işə salın.

Bu gün "koronavirus boş söhbətdir" deyənlərə qarşı ən sərt münasibət sərgilənməlidir, sosial şəbəkə iştirakçıları tərəfindən belələri qınanmalıdır. Ölkədə bütün auditoriya sahibləri, KİV-lər, özlərini ziyalı hesab edənlər, bir sözlə kütləyə söz çatdıra biləcək hər kəs insanları maarifləndirməli, onlara hansı faciə ilə üz-üzə dayana biləcəyimizi aşılamalıdılar. Bir çox vətəndaşlar karantinə alınmaqdan ehtiyat edərək aşkar simptomlara rəğmən xəstəliklərini gizlətməyə çalışırlar, ünsiyyətdə olduqları insanların adlarını öz ağılları ilə təcrid olunmadan qorumaq üçün gizlədilər. Bu tip cinayətə bərabər məsuliyyətsizlik cərimə müqabilində cəzalanmalıdır və hesab edirəm ki, bununla bağlı qanunvericilik aktı təcili qəbul edilməlidir.

Yenə təkrar edirəm, müharibə dövrü demokratiya yeri deyil. Bir çox ölkələrin təcrübəsi göstərir ki, ən sərt tədbirlər olmasa ölkəmiz böyük bir morqa çevriləcək!
Aslan İsmayılov
Hüquqşünas //pravda.az//


Paylaş:


Müəllif : Tarix:
11-06-2020, 16:50
Sikayət   


loading...
Загрузка...