reklam
Regionxeberlericom.az » Gündəm » Səfər Əbiyev Azərbaycana necə zərbə vurub?.. - İDDİA

reklam

Səfər Əbiyev Azərbaycana necə zərbə vurub?.. - İDDİA

Hər bir ölkə özünü xarici və daxili düşmənlərdən qorumağa çalışır və bunun üçün yetəri qədər dövlət resursları istifadə olunur. Azərbaycan dövləti artıq 26 ildən çoxdur ki, erməni daşnakları tərəfindən işğal olunmuş torpaqları azad etməyə çalışır. Yaxın keçmişə baxdıqda 1-ci Qarabağ müharibəsinin əsas uğursuzluqlarından biri nizami ordunun olmaması və öz içimizdə bəzi satqınların olması idi. Nəticə isə xalqımıza çox ağır baha başa gəldi. Nizami ordunun yaradılması üçün Müdafiə Nazirliyi gücləndirilməli və peşəkar zabitlər yığılmalı idi. Ölkənin ən böyük güc strukturuna fərqli vaxtlarda müxtəlif nazirlər təyin olunsa da sonda güc nazirliyi Axunbala oğluna tapşırıldı və ona etimad göstərildi. Söhbət sabiq Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Axundbala oğlundan gedir.

Əslində o zaman atılan addımlar Ordunun daha çox güclənməsinə, yeni silahların alınmasına, keçmiş SSRİ-də təhsil alan zabitlərin Vətənə geri dönməsinə, onların təcrübələrindən və biliyindən istifadə olunmasına, bir sözlə peşəkar heyətin və komandanın yığılmasına ümid edilirdi. Lakin çox təəsüflər olsun ki, zaman keçdikcə ehtimallar və ümidlər özünü istənilən kimi doğrultmadı. Sabiq Müdafiə Naziri S.Əbiyev daha çox öz ambisiyaları və məqsədləri üçün Ordudan istifadə etməyə başladı. Keçmiş naziri ehtiyatda və istefada olan zabitlər indi nəyə görə təqsirkar hesab edirlər? Buna əsas səbəb atəşkəs dövründə ölkəmizin müdafiə qüdrətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi, Milli Ordunun döyüş və əməliyyat hazırlığının möhkəmləndirilməsi sahəsində çox sayda imkanlar itirildi, ordunun özününküləşdirilməsinə və ya özgəninkiləşdirilməsi məqsədlərinə xidmət edən cəhdlər oldu. Dövlət tərəfindən orduya ayrılan büdcə pullarının xərclənməsindən və Silahlı Qüvvələrdə həyata keçirilən islahatlardan adekvat nəticələr əldə edilmədi, baş verən korrupsiya, rüşvətxorluq və məmur özbaşınalıqları getdikcə artdı. Təəccüblü deyil ki, S.Əbiyevin vəzifədən çıxarıldıqdan sonra Baş Prokuroluğun və Maliyə Nazirliyinin apardığı yoxlamalarda külli miqdarda ordunun büdcəsindən yeyinti halları ortaya çıxmış, neçə yüksək rütbəli zabitlər həbs olunmuşdu. Vaxtilə adını bildirmək istəmədiyim xarici ölkədən 11,2 milyonluq silah alınmış, silahlar Bakıya gətirilib yoxlanıldıqdan sonra bir hissəsinin yararsız olduğu, digər hissəsinin isə heç olmadığı ortaya çıxmışdı. Nədənsə o zamanlar S.Əbiyev buna heç bir adekvat reaksiya verməmişdi. Görünür bu da onun şəxsi islahatlarının bir parçası idi.

Bundan əlavə, Axunbala oğlu ardıcıl, davamlı və məqsədyönlü olaraq kütləvi şəkildə törədilən qanunların aliliyi və insan haqları pozuntusu halları, qeyri-qanuni olaraq kollektiv şəkildə imza toplama kampaniyasının keçirilməsi və digər oxşar qanunsuz hərəkətlərlə ordunun siyasiləşdirilməsi, ordu quruculuğu sahəsində mövcud olan problemlərin ölkə ictimaiyyətindən, Milli Məclisdən və digər müvafiq dövlət strukturlarından gizlədilməsinə, bəzi hallarda isə ört-basdır edilməsini həyata keçirmişdir. S.Əbiyev indiyədək hərbi qanunvericilik aktlarının əsas bazasını Sovet standartları üzərində saxlamış və Azərbaycan Silahlı Qüvvələrinin döyüş nizamnamələrini hazırlamamışdır. Bəs görəsən müharibə şəraitində olan ölkənin Müdafiə Naziri 19 il ərzində nə ilə məşğul olmuşdur ki, döyüş nizamnamələri hazırlamağa və qanunvericilik aktlarını müasir standartlara uyğun təkmilləşdirməyə vaxt tapmamışdır?
Keçmiş Müdafiə naziri Ordunu, hərbi peşəni qanunsuz hərəkətləri ilə nüfuzdan salmışdır. Uzunmüddət hərbi peşənin ən populyar olmayan peşələr siyahısında olması da birbaşa onun əməllərinin nəticəsidir. Düzdür deyirlər yıxılana balta vurmazlar, amma S.Əbiyevin Azərbaycan Ordusuna və onun zabitlərinə vurduğu baltaların sağalmasına hələ çox zaman alacaqdır. Zaman isə bizim əleyhimizə işləyir. Ona görə içimizdə olan Axunbalaları vaxtında ifşa etmək zamanıdır!

Ardı var...
Nadir Quliyev //qaynarinfo.az//


Paylaş:


Müəllif : Tarix:
15-06-2020, 12:27
Sikayət   


loading...
Загрузка...