reklam
Regionxeberlericom.az » Gündəm » Beyəqanda 10 manat kapitalla milyon qazanmağın yolu: - “Veteks-2017” MMC- nin fəaliyyəti araşdırılarsa…

reklam

Beyəqanda 10 manat kapitalla milyon qazanmağın yolu: - “Veteks-2017” MMC- nin fəaliyyəti araşdırılarsa…


Bildiyimiz kimi, bu ilin may ayının əvvəlində Mədəniyyət Nazirinin artıq sabiq müavini Rafiq Bayramovun və idarə rəisi Zakir Sultanovun korrupsiya ittihamı ilə həbs olunması həm də onlarla “centlmen sövdələşməsinə” getmiş tikinti şirkətlərinin rəhbərlərindən də məsuliyyət sorulması ilə müşayiət olundu. Ümumiyyətlə, zaman-zaman mediada “əldəqayırma”, nizamnamə kapitalı cüzi olan şirkətlərin yüksək vəzifəli şəxslərlə bağlılığından, nazirlərin, komitə sədrlərinin, icra başçılarının korruptiv əməllərinə vasitə olmalarından çox deyilib, çox yazılıb. Bir adamın adına, eyni hüquqi ünvanda qeydiyyatdan keçən onlarla firmanın adının açıqlanması da cəmiyyətdə təəccüb doğurub.

Amma nədənsə hüquq-mühafizə, cinayət təqibi orqanları bu açıqlanan informasiyaların heç də hamısının kökünü araşdırmayıb, belə neqativ hallara rəvac verən vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verməyib. Etiraf edək ki, cinayəkarlığa qarşı mübarizə cəbhəsində yaxın silahdaşlar olmuş cənab Əli Nağıyevin Dövlət Təhlükəsizlik Komitəsinə və cənab Kamran Əliyevin isə Baş Prokurorluğa rəhbər vəzifələrə irəli çəkilmələri anti-korrupiya müstəvisində həyata keçirilən tədbirləri sürətləndirdi və hüquqpozmalara məruz qalmış vətəndaşların qəlbində ümid işığı yandırdı. Həmçinin axır vaxtlar müşahidə olunmaqdadır ki, kütləvi informasiya vasitələrində, sosial mediada ictimailəşdirilən neqativ hallara reaksiya özünü çox gözlətmir.

RealMedia.az olaraq, bizim jurnalist kollektivimiz də möhtərəm Prezidentimiz İlham Əliyevin korrupsiaya qarşı mübarizə siyasətində ortaya qoyduğu iradə ilə dəsəklənən bu müsbət tendensiyanın davamlı olacağına inanaraq, rüşvətxor məmurların və onlarla əlbir olan “iş adamlarının” cinayət əməllərinin ifşasına töhfələr verməyə çalışır.

Daimi oxucularımız xatırlayarlar, onların sırasına yeni qatılanlara məlum edirik ki, iyunun 23-də “Beyləqanda “Veteks 2017” MMC – nin sahibi də korrupsiyada ittiham olunur” sərlövhəli məqalə dərc etmişdik. Həmin məqalədə adı çəkilən müəssisənin korrupsiyaya bulaşmasından bəhs olunub. Qeyd olunub ki, Rayon İcra Hakimiyyəti Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı və cari təmirinə 2017-ci ildə ayırdığı 725,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq büdcə vəsaitini 2016-cı il 11 noyabrda dövlət qeydiyyatından keçən, hüquqi ünvanı Beyləqan şəhəri A.Əkbərov küçəsi ev 24 və nizamnamə kapitalı cəmi 10 (on) manat olan “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılıb ki, bunun da əksər hissəsi təyinatı üzrə xərclənməyib, formal rəqəmlərlə silinərək mənimsənilib. Məqalədə həmçinin bildirilirdi ki, binaları balansda saxlayan Mənzil İstismar Sahəsinin sərəncamına verilməli olan həmin 725,0 min manat vəsaitin təyinatı dəyişirilərək, mənimsənilib. Təmirinə kifayət qədər böyük pul vəsaiti yönəldilən binalar realda ya mövcud deyil, ya da “pulyeyən” ölçüləri kağız üzərində həddən ziyadə “şişirdilib”. Vəsaitin “təyinatı üzrə və səmərəli” xərcləndiyi haqda Prezidentə yalan məlumat verilmişdir. Bu haqda hələ əvvəllər, 16 mart 2019-cu il tarixində məqalə dərc edərək, qeyd olunan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı araşdırmalar aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət etmişdik. Həmin müraciətimizlə bağlı Beyləqan rayon Mənzil İstismar Sahəsinin müdiri (indi sabiq müdiri) Telman Sarıyev Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə (KQMBİ) dəvət olunaraq izahatı alınmışdır. Əldə etdiyimiz məlumatlara görə, T. Sarıyev istintaqa izahat verərkən “Veteks-2017” MMC-nin müdiri Vüqar Aslanovu ələ verməyib. Bu üzdən də Vüqar Aslanov hələ ki, KQMBİ-yə çağırılmayıb.

Ancaq həmin işin istintaqı davam edir. Yaxşı olardı ki, qeyd etdiyimiz faktlarla yanaşı, “Veteks-2017” MMC-nin 2016-cı ildən bu günə qədərki (Beyləqan rayonunda gördüyü işlərlə bağlı) fəaliyyəti Baş Prokurorluq tərəfindən təşviş edilə. Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı və cari təmirinə ayrılan dövlət vəsaitini mənimsəməkdə keçən “Veteks-2017” MMC hal-hazırda da Beyləqan rayonunda inşa olunan 36 mənzillik yaşayış binasını inşa edir. Etibarlı mənbələrdən məlumat əldə etmişik ki, öz profili üzrə tenderlərin “əzəli və əbədi” qalibi “Veteks-2017” MMC-nin sahibi burda da xeyli rəsmi və qeyri-leqal qazanc əldə edir. İddialara görə həmin 36 mənzillik binanın inşasına ayrılan vəsaitin 25 %-i “daldalanır”. Bildirilir ki, Vüqar Aslanov yeni binanın tikintisində söküb yerində inşa etdiyi uşaq bağçasının üstündən çıxan köhnə, yararsız inşaat materiallarından istifadə edib.

Maraqlıdır, görəsən “Veteks-2017” MMC-nin ayrılan vəsaiti “təyinatı üzrə və səmərəli” xərcləmə potensialı, faydalı iş əmsalı rəqib şirkətlərlə müqayisədə nə qədər böyükdür ki, Beyləqanın sabiq icra başçısı Vaqif Abdullayev də, rayonun hazırki rəhbəri Asif Əsgərov də məhz Vüqar Aslanovla işləməyə üstünlük edirlər? Yoxsa, tenderlərdə iştirak edən digə firmaların nizamnamə kapitalları 9 (doqquz) manat və daha az olub?

Bu günlərdə məlumat əldə etmişik ki, “Veteks-2017” MMC-nin sahibi Vüqar Aslanov saytımıza qarşı məhkəmə davası açmaq niyyətindədir. Olsun! Ancaq gərək Vüqar Aslanov tələskənlik etməyə də. Gərək gözləyə, görək ki, KQMBİ onun barəsində nə qərar çıxaracaq.

P.S. Saytımız vasitəsi ilə Baş Prokuror cənab Kamran Əliyevə müraciət edərək, “Veteks-2017” MMC-nin 2016-cı ildən bu günə qədər ki, fəaliyyətinin yoxlanılmasına göstəriş verməsini israrla xahiş edirik.

RealMedia.az qarşır tərəfin söz haqqını tanıyır və mövqeyini dəc etməyə hazırdır.
RealMedia.az


Paylaş:


Müəllif : Tarix:
6-07-2020, 12:42
Sikayət   


loading...
Загрузка...