reklam
Regionxeberlericom.az » Gündəm » Dövlətin kəndlilərə ayırdığı milyonlarla manatı oğurlayıb qaçdı, Dubayda tutuldu - “ROYAL BANK” ÜZƏRİNDƏN TALANÇILIQ, ƏLİ CAM VƏ OĞLUNUN İŞİ…

reklam

Dövlətin kəndlilərə ayırdığı milyonlarla manatı oğurlayıb qaçdı, Dubayda tutuldu - “ROYAL BANK” ÜZƏRİNDƏN TALANÇILIQ, ƏLİ CAM VƏ OĞLUNUN İŞİ…


Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan, fəaliyyəti dayandırılmış ”Röyal Bank”ın direktoru olmuş 36 yaşlı Fuad Cam və onun atası, bankın Müşahidə Şurasının sədri olmuş 67 yaşlı Əli Camın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.

regionxeberlericom.az-un Virtualaz.org-a istinadən xəbərinə görə, İran mənşəli ABŞ vətəndaşı Əli Cam uzun illər Azərbaycanda yaşayıb və burada işləyib. 2013-cü ildən barəsində istintaq başlandığından ölkəni gizlincə tərk edərək istintaqdan yayınıb. Buna görə Azərbaycanın hüquq-mühafizə orqanları Ə.Cam barəsində həbsli axtarış elan ediblər. Yalnız ötən ilin iyununda Ə.Cam Birləşmiş Ərəb Əmirlikləri ərazisində tutularaq Azərbaycana ekstradisiya edilib.

Ata-oğul Camların fırıldaq sxemi

İttihama görə, Əli Cam və Fuad Cam öz qulluq mövqeyindən istifadə edərək onlara etibar edilən külli miqdarda özgə əmlakını mənimsəyərək talayıblar. Ata-oğul rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədiblər. Pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək üçün həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıblar, saxta maliyyə əməliyyatları həyata keçiriblər. Beləliklə, külli miqdarda pulu leqallaşdıraraq mənimsəyiblər.

“Royal Bank”ın əsas səhmdarı olan Əli Cama qarşı hələ 2012-ci ildə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Bundan təxminən 1 il sonra Ə.Cama qarşı Cinayət Məcəlləsinin 179.3.2 –ci (mənimsəmə-külli miqdarda olmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində Binəqədi rayon məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. Lakin Ə.Cam istintaqdan qaçıb gizlənib.

Həmçinin, Ə.Camın 2013-cü ildən eyni maddələrlə ittiham olunan və istintaqdan yayınan oğlu Fuad Cam da ötən il Azərbaycana qayıdarkən tutulub.

Əli Cam təqsiri filial müdirlərinin üstünə atır

Təqsirləndirilən Əli Cam ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində 1991-ci ildən neft-qaz sənayesi sahəsində dövlətin dəstəyi ilə müqavilələrin hazırlanması və digər işlərlə məşğul olduğunu deyib.

2003-cü ilin sonlarında “Royal Bank” ASC-nin səhmlərinin 50 faizini əvvəlki səhmdar Anar Qurbanovdan alıb. Sonradan isə Cəmiyyətin səhmlərinin 82 faizini özünün və ailəsinin adına alaraq 2005-ci ildən “Royal Bank”ın Müşahidə Şurasının sədri seçilib. 2012-ci ildə bank bağlanan günə qədər həmin vəzifədə işləyib.

İfadəsində göstərib ki, müşahidə şurası 9 nəfərdən ibarət olub, yığıncaqlar arası dövrdə bankın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirib. Oğlu Fuad Cam 2008-2011-ci illərdə bankda kredit departamentinin direktoru, İdarə Heyətinin sədr müavini vəzifəsində işləyib: “Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlər üzrə Dövlət Agentliyindən ayrılmış pul vəsaitlərinin kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “Royal Bank”ın hesabına köçürülməsini, həmin vəsaitlərin bankın Tovuz və Gəncə filialları vasitəsilə kreditlər formasında məxaric edilməsini bilirdim. Kredit müqavilələri barədə mənə məlumatlar verilirdi. Lakin aradan çox vaxt keçdiyindən, həmçinin bankda minlərlə müqavilə tərtib olunduğundan konkret hansı kreditlər barədə mənə məlumat verilməsini xatırlamıram. Tez-tez xarici ölkələrə gedib-gəlirdim deyə, həmin dövrlərdə kreditlər barədə məlumatım olmayıb. Pul vəsaitlərinin hesabdan hesaba köçürülməsində, məxaric edilməsində iştirak etməmişəm. Pulu kimin almasını bilməmişəm. Kreditlərin verilməsi, sənədlərin rəsmiləşdirilməsinə filial müdiri (Məlumat üçün bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2014-cü il tarixli hökmü ilə dələduzluqda və mənimsəmədə ittiham olunan “Royal Bank” ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseyibov 8 il , ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev 7 il azadlıqdan məhrum ediliblər. Bankın digər vəzifəli şəxsləri – Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov və Fikrət Mehdiyevə isə şərti cəza təyin edilib-red.) cavabdehlik daşıyıb”.

Guya filialların işinə qarışmayıb, milyonlarla manatın oğurlanmasından “xəbəri olmayıb”...

Ə.Cam qəribə də olsa, ifadəsində “Tovuz” filialının müdiri Ədalət Müseyibovu ümumi işlərlə bağlı cəmi bir dəfə gördüyünü, onunla əlaqəsi olmadığını, “Gəncə” filialının müdiri Anar Tağıyevi isə ümumiyyətlə xatırlamadığını deyib: “Filialların işlərinə qarışmamışam. Həmin filiallarda kənd təsərrüfatı və digər kreditlərin kimlərə ayrılmasını bilməmişəm. Kredit vəsaitlərindən filial müdirləri mənə pul verməyib. Pulların xəzinədən götürülüb xərclənməsində iştirak etməmişəm”.

İnandırıcı görünməsə də, Ə.Cam ittihamda göstərilən 4 milyon 271 min manat vəsaitin kim tərəfindən alınması, hansı qaydada xərclənməsi haqqında xəbərsiz olduğunu deyib.

Oğlu da özünü təmizə çıxarmağa çalışır: “Xəbərim olmayıb...”

Təqsirləndirilən Fuad Cam da ittihamlarla razılaşmayıb. O, ifadəsində 2009-cu idən “Royal Bank”da Kredit Departamentinin direktoru, 2011-ci ildən isə Baş Direktor vəzifəsini icra etdiyini deyib. Bildirib ki, işlədiyi müddətdə yalnız 50 min manatadək olan kreditləri İdarə Heyətinə çıxarmadan, kredit komitəsinin rəyi əsasında vermək səlahiyyəti olub: “Bundan yuxarı məbləğdə kreditlər İdarə Heyətinin və Müşahidə Şurasının müzakirəsinə çıxarılaraq onların müvafiq qərarları üzrə icra edilib”.

Adlarına kredit rəsmiləşdirilmiş şəxslərə gəlincə isə (onların arasında tanışları, ailəvi yaxınları və sürücüləri də olub-red.) F.Cam deyib ki, həmin şəxslərin adlarına kredit müavilələri rəsmiləşdirilməsində iştirak etməyib, onların krediti alıb-almamaları barədə məlumatı olmayıb.

F.Cam ifadəsində göstərir ki, 2008-2011-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kreditlər üzrə Dövlət Agentliyindən ayrılmış pul vəsaitlərinin kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “Royal Bank”ın hesabına köçürülməsini və həmin vəsaitlərin bankın Tovuz və Gəncə filialları vasitəsilə kreditlər formasında məxaric edilməsi barədə eşitmişdi.

Oğul atasını nişan verir: “Pullar onun hesabından köçürülmüşdü...”

Lakin həmin kreditlərin ayrılması üçün qərar, razılıq verilməsi, pul vəsaitlərinin hesabdan hesaba köçürülməsi, məxaric edilməsi proseslərində iştirak etmədiyini bildirib: “Vəsaitlərin kimin adına rəsmiləşdirilməsini, pulu faktiki olaraq kimin almasını bilmirəm. Tovuz və Gəncə filiallarının müdirlərini qiyabi olaraq tanımışam. Həmin filiallarda kənd təsərrüfatı və digər kreditlərin kimlərə ayrılmasını bilmirəm. Filial müdirləri, yaxud başqaları mənə pul verməyib”.

İttihamda göstərilən 4 milyon 235 min manat vəsaitə gəlincə isə F.Cam məbləğin kimin tərəfindən alınması, hansı qaydada xərclənməsi haqqında məlumatı olmadığını iddia edib. Məbləğlərin xarici ölkələrə göndərilməsində də iştirakı və məlumatı olmadığını deyib. O, məbləğlərin birbaşa Ə.Camın bank hesabı üzərindən göndərildiyini, həmin pulların hansı ölkələrə və nə məqsədlə göndərilməsindən xəbərsiz olduğunu bildirib.

Həbsdəki filial müdirləri keçmiş rəhbərlərini ifşa edir

Lakin “RoyalBank”ın “Gəncə filialının müdiri işləmiş Anar Tağıyev (Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 7 il azadlıqdan məhrum edilib – red.) ata-oğul Camların barəsində ifşaedici məlumatları istintaqa verərək ifadəsində göstərib ki, kənd təsərrüffatı kreditlərinin sənədləşdirilməsinə baxmayaq adlarına kredit rəsmiləşdirilmiş şəxslərə kredit pulu verilməyib. Həmin kreditlərin rəsmiləşdirilməsi barədə Müşahidə Şurasının sədri Əli Camın tapşırığı olub. O, da filial müdiri kimi Ə.Camın tapşırıqlarını icra edib.

2009-cu ildə “Royal Bank”ın baş ofisində Müşahidə Şurasının iclasından çıxanda Əli Cam onu xidməti otağına çağırıb deyib ki, yaxın günlərdə banka güzəştli faizlərlə kreditlər ayrılacaq. Həmin kreditlərdən istifadə etməklə bankın problemlərini həll etmək olar. Yaxın bildiyi, etibar etdiyi adamların adlarına həmin kreditlərin rəsmiləşdirilməsini tapşırıb. Deyib ki, onlara kredit pulunun 10 faizi verilsin, qalan 90 faiz isə Ə.Cama çatdırılsın.

“Kredit borclarını özü ödəyəcəyini dedi. Əli Camın göstərişindən sonra güzəştli kredit almaq üçün filiala əvvəllər müraciət edən şəxsləri dəvət edib onlara güzəştli kredit olacağını, lakin 10 faizinin veriləcəyini, qalanını Əli Camın götürəcəyini dedim. Bəzi hallarda adlarına kənd təsərrüfatı krediti sənədləşdirilmiş şəxslərə ümumiyyətlə pul verilmədi. Ödənişlər 2012-ci ilin martına qədər davam etdi. Qeyd olunan kreditlər üzrə müştərilərə ödənilməli olan 10 faizdən artıq məbləğ filialın xəzinəsinə daxil olmayıb. Pulun 90 faizi bilavasitə baş bankda qalıb və Fuad Camın şəxsi hesabına daxil edilməklə Əli Cama çatdırılıb. Həmin puldan bir manat belə olsa özümə götürməmişəm”,-keçmiş filial müdiri öz keçmiş rəhbərlərinin maxinasiyalarını belə ifşa edib.

Dövlətin kəndlilərə ayırdığı, amma “Royal Bank” üzərindən talanan milyonlarla manat güzəştli kreditlərin bu cür talanmasında Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərliyinin hansı rola malik olduğunu təəsüf ki, istintaq araşdırmayıb. Hansı ki, bu cür irimiqyaslı maxinasiyalarda adətən pulları tək yemirlər...
Virtualaz.org


Paylaş:


Müəllif : Tarix:
26-08-2020, 16:34
Sikayət   


loading...
Загрузка...