reklam
Regionxeberlericom.az » Gündəm » “Ramiz Mehdiyev dövlət deyəndə Rusiyanı nəzərdə tutur” - Sərdar Cəlaloğlu akademikə cavab verdi

reklam

“Ramiz Mehdiyev dövlət deyəndə Rusiyanı nəzərdə tutur” - Sərdar Cəlaloğlu akademikə cavab verdi


Karantin qaydalarını pozaraq nəvəsinə toy etdiyi üçün ictimai qınağa tuş gələn Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev yeni məqalə yazıb.

Qeyd edək ki, akademik bundan əvvəlki yazılarında onu tənqid edənləri məhkəmə ilə hədələmişdi. Budəfəki yazıda isə Ramiz Mehdiyev onunla bağlı tənqidi fikirlər səsləndirənləri Azərbaycanın düşməni adlandırıb.

“Doğrudur, baş verənlərdə hər vəchlə şəxsim ətrafında yaradılmış ucuz şounu uzatmağa, ona daha çox tamaşaçı cəlb etməyə çalışan qaragüruhçuların, şəxsi bacarıqsızlığı ucbatından həyatda heç bir ciddi mövqe qazana bilməyib, bunun təqsirini məndə axtaranların da rolu az deyil. Özlərini gözə soxmaq, süfrə qır-qırıntısından pay almaq üçün dəridən-qabıqdan çıxan həmin şəxslər ictimaiyyətin diqqətini xalqımızın və dövlətimizin gələcəyi baxımından olduqca vacib olan məsələlərdən yayındırıb, onun başını nağıllarla qatmaqla xalqımıza böyük pislik edirlər. 20% torpaqları düşmən tapdağı altında olan, pandemiyanın doğurduğu sosial-iqtisadi çətinliklərlə mübarizə aparan bir ölkənin gündəmini Ramiz Mehdiyevin nəvəsinin məclisi ilə məşğul etməkdə maraqlı görünənlərin dövlətimizə dost olmadığı gün kimi aydındır”-R.Mehdiyev yazıdna belə qeyd edir.

Bundan başqa akademik məqalədə millət vəkillərinin və media nümayəndələrinin proseslərə ədalətli yanaşmadıqlarını bildirib.

Akademikin ikinci açıqlamasında məhkəmə ilə hədələdiyi partiya liderlərindən biri, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında deyib ki, Ramiz Mehdiyevin dövlət deyəndə Azərbaycanı nəzərdə tutmur:

“Ramiz Mehdiyev dövlət deyəndə Rusiyanı nəzərdə tutur. Təbii ki, biz Rusiyanın dostu ola bilmərik. Ramiz Mehdiyev bu məsələdə tamamilə haqlıdır. Çünki bizim Rusiya ilə bağlı heç bir marağımız yoxdur. Amma Azərbaycan dövlətini biz yaratmışıq. Ramiz Mehdiyevə xatırladıram ki, biz Kommunist Partiyasına, Rusiya imperiyasına qarşı mübarizə aparanda o, Kommunist Partiyasının ideoloji katibi kimi SSRİ-nin saxlanılması uğrunda mübarizə aparıb. Ona görə də danışanda gərək keçmişini unutmasın, gələcəyini düşünsün. Biz istiqlalçı qüvvələrik və istiqlalımıza haradan təhlükə gəlirsə, o qüvvələrlə də mübarizə aparırıq. İndiki halda tam səmimi şəkildə deyirəm, Ramiz Mehdiyevin Azərbaycanda Rusiya-erməni qüvvələrinin təmsilçisidir və dövlətimizin, xalqımızın əleyhinə ayrı-ayrı kadrların yerəşdirilməsində xüsusi müstəsna rolu olub. Rusiyanın verdiyi reseptlər əsasında müəyyən proseslərə rəhbərlik etdiyinə qəti surətdə əminəm. Ona görə də istiqlalçı, Ramiz Mehdiyev kimi anti-istiqlalçı qüvvə mübarizə aparır. Onun dövləti Rusiyadır, mənim dövlətim isə müstəqil Azərbaycan Respublikasıdır. Fərqimiz budur ki, o, dövlət deyəndə Rusiyanı, biz Azərbaycanı nəzərdə tuturuq. Ona görə də o da özünə görə düz danışır. Biz onun dövlət dediyi Rusiyaya onun kimi xidmət edə bilmərik”.

Sərdar Cəlaloğlu qeyd edib ki, Ramiz Mehdiyevin Azərbaycan dövlətinin müstəqilliyində heç bir xidməti olmayıb:

“Ramiz Mehdiyevin nə haqqı var ki? Azərbaycanda müstəqillik hərəkatında, demokratiya uğrunda mübarizədə iştirak etmiş, Ramiz Mehdiyevin göstərişi ilə dəfələrlə həbsxanalara salınmış bir partiya sədri haqqında bu cür fikirlər deyir. Ramiz Mehdiyev, sənin bu dövlətə bağlılığın nədə ifadə olunub? Ramiz Mehdiyevin işi 30 il vəzifədə qalıb dövlət vəsaitini mənisəmək, qarışıq ailələrdən Azərbaycan xalqına xəyanət etmək niyyəti olan insanları vəzifəyə gətirmək, Rusiyanın casuslarını dövlət orqanlarına yerləşdirmək olub. Bizim suverenliyimizə, istiqlaliyyətimizə qarşı Ramiz Mehdiyevin göstərdiyi xidməti heç kim göstərməyib. Ona görə də onun yazdığı məqalələr, özünümüdafiə cəhdləri gülüncdür. Çox gülünc şəkildə özünü müdafiə etmək istəyir, amma alınmaz. Bizim iqtidarla onun arasındakı münasibətlərlə heç bir əlaqəmiz yoxdur. Onlar özləri bilərlər, nəyi necə edəcəklər, necə bölüşdürəcəklər. Şəxsən mən hər zaman Ramiz Mehdiyevin mövqeyinin Azərbaycan dövlətinin və xalqının əleyhinə olduğu qənaətində olmuşam. Bunu hakimiyyətdə olduğu dövrdə də yazılarımda, müsahibələrimdə dəfələrlə demişəm. O, bunu izləməyib, baxmayıb, öz işidir. Amma Ramiz Mehdiyev Azərbaycanın müstəqilliyində, suverenliyində söz sahibi ola bilməz. Çünki o, nə bu dövlətin yaranmasında, nə də möhkəmlənməsində iştirak edib. Əksinə, dövlətin zəifləməsində, nüfuzunun itməsində, Rusiyanın qoltuğuna sığınmasında çox böyük xidmətləri var. Onun nəzərində dövlət Rusiya imperiyasıdır, Azərbaycan Ramiz Mehdiyev üçün dövlət deyil”.


Paylaş:


Müəllif : Tarix:
2-09-2020, 16:00
Sikayət   


loading...
Загрузка...