30 Dekabr 2024
reklam
Regionxeberlericom.az » Gündəm » “Hər kəs Prezidentin Şuşadan xalqa müraciətini gözləyir”

reklam

“Hər kəs Prezidentin Şuşadan xalqa müraciətini gözləyir”


Siyasi analitik Azər Rəşidoğlu Yenisabah.az-ın suallarını cavablandırır.
- Azər bəy, Ermənistan “humanitar atəşkəs”lə bağlı razılığa əməl etmir. Moskva görüşündən bir neçə gün sonra Gəncəyə raket zərbəsi endirilməsi bunun bariz nümunəsidir. Azərbaycan bu halda hansı addımları atmalıdır?
- İlk mərhələdə hərbi bazaların yerləşdirilməsi deyil, sadəcə Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlığın daha da dərinləşməsinə nail olmaq mümkündür. Onu  da unutmayaq ki, Türkiyə və Azərbaycan Silahlı Qüvvələri 2011, 2013, 2015 və 2016-cı illərdə geniş miqyaslı hərbi təlimlər keçirib. Cənubi Qafqazda bu cür hərbi fəallıq rəsmi Moskvanın və rəsmi Tehranın maraqlarına zidd olsa belə, Azərbaycanın milli təhlükəsizliyi baxımından həyati önəm daşıyır.
Digər tərəfdən, Ankara  “Qızıl Şərq” hərbi şəhərciyində olan binalardan (əsasən anbar qismində) istifadə etmək hüququ qazanıb. Azərbaycanla Türkiyə arasında belə bir sənəd mövcuddur. Türkiyəli  hərbçilər də bu hərbi şəhərcikdən daha çox texniki məntəqə kimi istifadə edə bilərlər. Yəni, fərman Azərbaycanda heç bir canlı qüvvə və ya hərbi texnika yerləşdirilməsi məqsədini daşımır. Bir daha fakta diqqət yetirək.  Azərbaycan - Türkiyə birgə hərbi təlimləri zamanı ölkəmizə gələn F-16 və digər təyyarələr öz ləvazimatlarını həmin aerodroma gətirir. Onların saxlanılması, qorunması sırf Türkiyə Silahlı Qüvvələri tərəfindən həmin aerodromdakı terminalda həyata keçirilir.
Qarabağda aparılan son əks-hücumlar Türkiyə və Azərbaycan cəmiyyətlərini daha sıx inteqrasiyaya vadar edir. Odur ki, ölkə siyasətçiləri və ictimai xadimləri  cəmiyyəti bu inteqrasiyaya hazırlamalıdırlar. İki strateji müttəfiqin  daha sıx inteqrasiyası zaman-zaman müzakirə edilib.
- Sizcə, Azərbaycan cəmiyyət buna hazırdır?
- Proseslərin hazırkı gedişatı onu deməyə əsas verir ki, bu gün Azərbaycan cəmiyyəti belə bir ideyanın gerçəkləşməsində daha çox maraqlıdır. Azərbaycanda Türkiyəyə olan bu sevgi türk millətinin yeganə demokratik və ən qüdrətli dövlətinə olan münasibətin bariz nümunəsidir. Rusiya və digər ölkələrin təzyiqlərini üzərində hiss edən Azərbaycanın güclü Türkiyə ilə daha sıx münasibətlərə malik olmasını arzulaması anlaşılandır. Bu amillər Türkiyə-Azərbaycan birliyi ideyasının yenidən gündəmə gətirir. Burada söhbət Azərbaycanın müstəqilliyindən imtina etməsindən deyil, Ankara ilə daha sıx əməkdaşlıqdan gedir. Ağır geosiyasi durumda bu birlik Azərbaycanın bir dövlət olaraq müstəqilliyinin yeganə qarantı kimi görünür. Azərbaycana olan xarici təhdidlər ona dost olan bir ölkəyə arxalanmasını vacib edir. Bu isə siyasi və digər sferalarda daha yaxın əməkdaşlıqdan keçə bilər.
- Amma Azərbaycan və Türkiyə cəmiyyətlərinin məsələn, İslama münasibətdə bir-birindən fərqləndiyini əsas gətirərək iki ölkə arasında birliyin kövrək xarakter daşıyacağını iddia edənlər də var...
- Düzdür, bu gün  Azərbaycan və Türkiyə cəmiyyətləri bir-birilərindən fərqlənir.  “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycanda milli-dini dəyərlərə münasibət fərqlidir. Lakin bu fərqlər birliyə mane olacaq qədər  ciddi deyil. Ümumiyyətlə, dünyada baş verənlər fonunda türkdilli  dövlətlər arasında daha sıx əməkdaşlığa nail olmaq zəruri hesab olunur. Türk  ölkələrinin bir-birilərinə münasibətindəki problemlər də geosiyasi güc mərkəzlərinin iddialarından asılıdır. Rusiya, ABŞ və İran türk  ölkələrinin birliyinə qarşıdır. Elə bu səbəbdən də türk ölkələri  arasında anlaşılmazlıqlar mövcuddur. Bu baxımdan, türk ölkələri  arasında yaradılacaq birliyə gedən yol Azərbaycanla Türkiyənin daha sıx inteqrasiyasının gerçəkləşməsindən keçir. Bu ideyanın  reallaşması Azərbaycanın ümumi inkişafına, siyasi, iqtisadi, strateji cəhətdən uğurlar qazanmasına səbəb ola bilər. Ən əsası isə Türkiyə ilə  daha sıx birlik Qarabağın işğaldan azad olunmasına çox müsbət təsir göstərə bilər.  Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, diplomatik, hərbi və digər sahələrdə əməkdaşlıq artırılmalıdır. Bu birlik türkdilli  ölkələrin Parlament Assambleyasının inkişafına da təkan verə bilər.  Ortaq əlifbanın yaradılması, vahid əməkdaşlıq müstəvilərinin formalaşdırılması da son dərəcə vacib görünür. Azərbaycanın dövlət  müstəqilliyinin qorunması Türkiyə ilə daha sıx əməkdaşlığı zəruri edir. Bu  məsələdə yubanmaq olmaz. Boşluğu Azərbaycana heç də dost olmayan  ölkələr doldura bilərlər. İstənilən halda, Azərbaycan insanının sevgi  ilə yanaşdığı yeganə ölkə Türkiyədir. Bunu unutmaq olmaz.
- Prezidentin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Türkiyə artıq masadadır. Lakin “Moskva görüşü”nün nəticəsindən aydın oldu ki, tərəflər 3+2 formatının saxlanılması barədə razılığa gəliblər. Bu ziddiyyəti nə ilə izah edərdiniz?
- Türkiyə hansı masadadır? 3+2 formatında yoxdur, vasitəçi statusuna malik deyil, söhbət hansı masadan gedir? Açıq danışaq. Rusiya, İran, Türkiyə, Fransa və digərləri Ankaranın bölgədə real güc sahibi olmasını istəmir. Biz məsələni qəti qoymalıyıq – Ya Türkiyə danışıqlar masasında olur, ya da biz heç bir danışıqlarda iştirak etmirik. Əks təqdirdə, qardaş Türkiyənin bizə mənəvi və siyasi dəstək verməsinə mane olmuş olacağıq.
Savaş yalnız  cəbhə xəttində getmir, eyni zamanda diplomatiya müstəvisində gedir. Savaş dövründə Ceyhun Bayramov kimi zəif (hətta Məmmədyarovdan da zəif) bir adamın baş diplomat olması məqbul deyil. Son danışıqlar onu  göstərdi ki, XİN rəhbəri kimi iki nəfər gözəl fəaliyyət göstərə bilər, hər ikisi həm sərt bəyanat verir, həm niyyətini gizlədir, həm aldadıcı manevr edir. Bunlardan biri Prezident  İlham Əliyevin özü (gözəl Xarici İşlər naziri olardı ondan), digəri Hikmət Hacıyevdir. Düşünürəm ki, İlham Əliyevin tarixə xilaskar kimi düşmək şansı var! Şansdan istifadə etmək lazımdır. Tarix şans verib. Prezident İlham Əliyev bu gün milli qəhrəmandır, iqtidarlı-müxalifətli hər kəs onun terrorizmə qarşı mübarizəsini alqışlayır, Əks-hücuma davam etmək lazımdır. Hər kəs Prezidentin Şuşadan xalqa müraciətini və bu bəyanatını gözləyir – Qarabağ Azərbaycandır və nida işarəsi!
- Ümumiyyətlə, indiki şərtlər daxilində Türkiyənin masaya oturması nə dərəcədə real görünür?
- Azərbaycanın gələcəyi Türkiyə ilə daha sıx əməkdaşlıqdan keçir. Biz şərt diktə edən ölkə olmalıyıq. Reallıq gücə sahib olmaqdır. Birlikdə biz güclüyük. Türkiyə ilə konfederasiyası ideyasını həyata keçirtməli və gələcəyə baxmalıyıq. Vaxt var idi heç kəs inanmırdı ki, Ankara dünyanın əsas güclərindən biri olacaq. Lakin bu baş verdi. Odur ki, biz heç bir təzyiqə baxmayaraq, Türkiyə ilə ən sıx münasibətləri qurmalıyıq. Düşünürəm ki, cənab Prezident Ərdoğanın Bakıya və yaxud Gəncəyə səfəri də millətimizə ruh verə bilərdi. Qardaş Türkiyənin çox güclü liderini səbirsizliklə Azərbaycanda gözləyirik. Karantin qaydalarına əməl etməklə, hörmətli Ərdoğanı böyük coşqu ilə qarşılamalı və bədxahlarımıza psixoloji baxımdan göz dağı vurmağı bacarmalıyıq.
- Azərbaycanın hərbi müstəvidəki uğurları ilə yanaşı informasiya savaşında da qalib olduğunu söyləmək olarmı?
- Mən xüsusilə bir məsələyə diqqət çəkmək istəyirəm. Bu məsələ çox aktualdır. “Filan rayon azad edilib, təsdiqlənsin, yazıram” tezislərini kim idarə edir bilmirəm, lakin təcili dayandırılmalıdır. Hərbi vəziyyətin tələblərinə tabe olduğumdan səbəbini açıqlamıram. O cümlədən cəbhə xəttindən çəkilişi yalnız Müdafiə Nazirliyi aparmalıdır. Özbaşına çəkiliş aparan və sosial şəbəkədə yayan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır. Bunu etmək olmaz. Səbəbləri bəllidir və bu barədə də geniş danışmağı lazım bilmirəm.


Paylaş:


Müəllif : Tarix:
13-10-2020, 14:02
Sikayət   


loading...
Загрузка...