reklam
Regionxeberlericom.az » Gündəm » Bir nəfəri zəhərləyən “Noviçok”a görə sanksiya, 10 adamı öldürən “Elbrus”a sükut

reklam

Bir nəfəri zəhərləyən “Noviçok”a görə sanksiya, 10 adamı öldürən “Elbrus”a sükut


“Dünya birliyi bu ədalətsizliyə göz yumur” cümləsi artıq çoxdan şablonlaşıb və mahiyyətini itirməkdədir. Nə dünyada birlik var, nə də o birliyi təmsil edən təşkilatların ədalətli yanaşması...

Belə olmasaydı, bir su şüşəsinə tökülən “Noviçok” zəhəri ilə sui-qəsd edilən rusiyalı müxalif bloger Aleksey Navalnıya görə həşir qoparmış, Rusiyaya sanksiyalar tətbiq etməyə hazırlaşan Avropa təşkilatları Gəncəyə atılan “R-17 Elbrus” raketinə susqun qalmazdı.

Təsəvvür edin ki, Qərb və onun ali tribunalarından olan Avropa Birliyi “Noviçok” zəhərini fil boyda görür, «R-17 Elbrus» raketini nəinki kiçildir, görməzdən gəlir. Halbuki ermənilərin atdığı raket nəticəsində Gəncədə yaşayış binasından 10 nəfər sağ çıxmayıb, 10-u azyaşlı olmaqla ümumilikdə 40-a yaxın sakin yaralanıb, Prezidentin köməkçisi Hikmət Hacıyev xarici hərbi attaşeləri, diplomatik korpusu hadisə yerinə aparıb, bu erməni vandalizmini və terrorunu kobud desək, onların gözünə soxub, di gəl, beynəlxalq təşkilatların, ən əsası Avropa Birliyinin tükü tərpənmir.

Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” sazişini imzalamış Ermənistanı “sivil və demokratik” görən, bəsirət gözləri açılmaq istəməyən AB Gəncə terroru ilə bağlı ciddi bir bəyanat vermədi. Navalnının içkisinə tökülən, onun ölümünə səbəb olmayan kiçik zəhər üçün az qala Rusiyanı çarmıxa çəkməyə hazırlaşan Qərb dünyası, sürəti 1.7 km/s olan raketin Gəncədə dinc əhalini necə tələf etməsinə səsini çıxarmadı. Yalnız Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas hadisəni quru bir açıqlama ilə pislədi.

Son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallardan biridir. Bu, bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu onu göstərir ki, Aİ ilə sazişə imza atan, Avroatlantik məkana inteqrasiyadan dəm vuran Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün hər hansı mənəvi, etik qaydalar, dünya sivilizasiyasına xas olan baryerlər yoxdur.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, dünyanın müəyyən dairələrinin ikili standartlarla yanaşmasını Gəncə faciəsində də gördük. Onun fikrincə, bir nəfərə görə siyasi proses başlayan Avropa dairələri Gəncənin bombardman edilməsi ilə bağlı bəyanat vermədi.

“Nə bir bəyanat gördük, nə bu cinayəti pislədilər, nə də o qurumun rəhbərliyi Prezident İlham Əliyevə zəng edib başsağlığı verdi. Bu, təəssüfedicidir. Dünyanın problemi böyük dövlətlərin kiçik dövləti öz problemləri ilə təkbaşına buraxmasıdır”, - deyə A.Mirzəzadə qeyd etdi.

Deputatın sözlərinə görə, torpaqlarımız 30 ilə yaxındır işğaldadır və beynəlxalq təşkilatların işi boş bəyanatlardan ibarət olub, nəticədə bu illər itirilib: “Əgər dünya birliyi deyilən anlayış varsa, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri varsa, eyni yanaşma ilə bu hadisəyə münasibət bildirməlidirlər. Gəncə faciəsi Holokosta bənzər hadisə idi. Bu, Xocalı qətliamının təkrarı idi. Çünki ortada konkret cinayətkar var. Bu, Ermənistan dövlətidir və onun rəhbərliyinin siyasətidir. Paşinyanın siyasəti region üçün təhlükə yaradır. Amma ona qayğı göstərən, xahişini çatıranlar görürük. Azərbaycan problemlərinin həllini dünyadan gözləmək fikrindən uzaqdır. Özünün, xalqın, ordunun gücü, ölkə rəhbərliyinin siyasi iradəsi hesabına işğal problemini həll etməlidir. Ancaq dünya dəyişməlidir, əks halda, Gəncə hadisələri yenə təkrarlana bilər”.

Gəncənin 40 saylı Kəpəz ikinci seçki dairəsindən deputat olan Musa Quliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycan Qərbin ikili standartlarına öyrəşib. Onun fikrincə, 30 ildir torpaqlarımız işğal edilib və Qərb dairələrinin susqunluğu, görməzdən gəlməsi bu zaman kəsiyində Ermənistana dolayısı ilə dəstək idi. “Bir milyon azərbaycanlı 30 ildir yuvasından didərgin düşüb, Xocalı qırğını baş verib, etnik təmizləmə olub, yenə erməniləri müdafiə edirlər. Burada xristian həmrəyliyi və erməni diasporasının təsirləri var. Amma Qərbin mövqeyində də bir antitürk, antimüsəlman mövqeyi görürük. Onlardan ədalətli mövqe gözləmək sadəlövhlük olardı”, - deyə deputat qeyd etdi.

M.Quliyev hesab edir ki, bununla belə, Azərbaycan öz diplomatik işini görür: “Onları Gəncəyə apardıq, göstərdik. Amma qəribə bir laqeydlik varıydı. Elə bil muzeyə baxmağa gəlmişdilər, sanki hər gün gördükləri adi haldır. Əgər bu hadisə Ermənistanda olsaydı, dil boğaza qoymadılar. Buna baxmayaraq, həqiqəti Ali Baş Komandan və ordumuz deyir, o torpaqları qara əllərdən alacağıq”.

Deputat dünyada həqiqətin olmasını, ədalətli yanaşmanı hər kəsin arzuladığını bildirdi: “Amma yoxdur, nə edək? Zorla onları haqqa gətirə bilmərik ki? Fransa həmsədr ölkədir, amma prezidenti Makron ermənipərəst mövqe tutur. Makron bir dəfə demir ki, Madrid və Kazan prinsipləri var, BMT-nin 4 qətnaməsi var. Bunlar niyə icra olunmayıb? Bu sözləri demir və onlardan artıq nəsə gözləməli deyilik. Biz öz haqq mübarizəmizi aparırıq”.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
16-10-2020, 10:07
Sikayət   


loading...
Загрузка...