reklam
Regionxeberlericom.az » Gündəm » Tərtərdə erməni terroru: Qəbirqazan öldü, molla yaralandı

reklam

Tərtərdə erməni terroru: Qəbirqazan öldü, molla yaralandı

"Tərtər qəbiristanlığında qardaşım İsgəndərin qayınanasını dəfn edən zaman ermənilər dalbadal top mərmiləri atdılar".

Bunu "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına oktyabrın 15-də Tərtər qəbiristanlığında erməni terroru zamanı xəsarət alan rayon sakini Nofəl Əmirov bildirib.

Onun sözlərinə görə, həmin vaxt üç mülki şəxs hadisə yerindəcə həlak olub, biri isə daha sonra ölüb: "Mən də qəbiristanlıqda xəsarət aldım. Böyük qardaşım İsgəndər, onun yeznəsi, qonşum və qəbirqazan vəfat etdi. Hazırda səhhətim normaldır".

Hadisə zamanı Tərtər rayonunun din xadimi (molla) Rafael Qəzənfərli də xəsarət alıb. R.Qəzənfərli qeyd edib ki, mərhumu torpağa tapşırandan sonra düşmən tərəfindən top mərmiləri atılıb: "Qəbrin üstünün pillələrini düzən zaman mərminin biri yaxınlığımıza düşdü. Özümü itirmədim, amma hiss etdim ki, bədənimə istilik gəldi. Müxtəlif dərəcəli bədən xəsarəti almışam. Yerdə həlak olan şəxsləri və yaralıları gördüm. Üç nəfər elə oradaca öldü, rəhmətlik İsgəndər isə yerində can verirdi. Öz maşınımla xəstəxanaya gəldim. Hazırda səhhətim yaxşıdır. Allah bütün şəhidlərə rəhmət eləsin".

Xəsarət alanlardan biri isə Tərtər şəhər sakini Füzuli Məmmədovdur. O deyib ki, Yevlax rayonunda rəhmətə gedən xalasını Tərtər qəbiristanlığında dəfn edən zaman erməni terroru nəticəsində qolundan xəsarət alıb: "Allah ermənilərin bəlasını versin. Onlar dinc sakinləri hədəfə alırlar. Bizim nə günahımız var idi? Biz yaxınımızı dəfn edirdik. Rəhmətə gedən şəxslər qohumlarım idi".

Xəstəxananın həkimi söyləyib ki, yaralılardan birinin vəziyyəti ağır idi, o, cərrahiyyə əməliyyatı olunub: "Hazırda yaralıların vəziyyəti qənaətbəxşdir".

Qeyd edək ki, oktyabrın 15-i saat 13 radələrində Tərtər rayon ərazisindəki qəbiristanlıqda 1940-cı il təvəllüdlü Rəfiqə Məmmədovanın dəfn mərasimi zamanı düşmən top mərmisi atıb. Həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub, Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Daha sonra yaralanan İ.Əmirov xəstəxanada vəfat edib.






Paylaş:


Müəllif : Tarix:
16-10-2020, 13:01
Sikayət   


loading...
Загрузка...