reklam
Regionxeberlericom.az » Gündəm » Üçüncü humanitar atəşkəs: Müharibə yenə davam edəcək, çünki Ermənistan ...

reklam

Üçüncü humanitar atəşkəs: Müharibə yenə davam edəcək, çünki Ermənistan ...


İşğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Bu barədə Azərbaycan dövlətinin rəsmiləri də dəfələrlə açıqlama veriblər. Anlaşılan budur ki, burada məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir.

Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik, onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqelərini də qəbul etmədilər.

Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla, 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Onlardan biri Rusiya prezidenti Vladimr Putin, digəri isə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutmuşdu. Musavat.com xüsusi olaraq vurğulayır ki, hər iki halda da, danışıqlar və atəşkəs təşəbbüsləri Ermənistan tərəfindən gəlmişdi. Lakin hər iki halda da humanitar atəşkəs razılaşmasını məhz Ermənistan pozdu.

Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatına gəldikdə isə, onu vurğulamalıyıq ki, bu bəyanatın (mediada geniş yayılıb) ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu.

Bəyanatın ictimaiyyətə hər dəfə təqdimatının əsasında isə bir fakt dayanır - burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Bu, Azərbaycanın indiki anda edə biləcəyi ən ciddi kompromisdir. Cəbhədə bütün istiqamətlər üzrə üstün olduğu bir məqamda, atəşkəsə getmək, bunun üçün danışıqlarda iştirak etmək, ATƏT-in Minsk qrupu həmsədrləri ilə, Rusiyanın, ABŞ-ın xarici işlər nazirləri ilə saatlarla müzakirələr - mübahisələr aparmaq əslində Azərbaycana heç lazım deyil. Lakin dövlətimiz, onun rəhbərinin göstərişi ilə bütün bu fraqmentlərin hamısında iştirak edir. Çünki bunun əksi Azərbaycana, onun Qarabağda apardığı haqlı mübarizəyə zərər edə bilər. Müharibə yalnız Qarabağda getmir; diplomatik və informasiya sahələrində də ciddi savaş gedir və Azərbaycan döyüş meydanında olduğu kimi, diplomatiyada da bəzən manevrlər etməlidir. İlk növbədə getdikcə artan beynəlxalq təzyiqlər neytrallaşdırılmalıdır.

Daha bir detalı xüsusi vurğulayaq. Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu, Azərbaycan üçün olduqca önəmli məsələdir.

Bu mənada həmsədrlərin bəyanatında yer almış və Azərbaycanın gələcək danışıqlarda mövqelərinə faydalı ola biləcək bu cür məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var. Bunun üçün də Azərbaycan daha bir diplomatik manevrdə mütləq iştirak etməlidir.

Söhbət 29 oktyabrda Cenevrədə hər iki ölkə XİN-ləri arasında keçiriləcək görüşdə iştirak faktından gedir. ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında qeyd olunur ki, “...həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək razılaşdırılacaq qrafikə əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər’’. Bu mürəkkəb cümlənin anlamı çox sadədir - Azərbaycanın hələ zamanı var, danışıqlar prosesi başlayana qədər Qarabağda çox şeylər dəyişə, ya da başlaya bilər...

Bu prosesdə ən maraqlı məqamlardan biri də baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən N.Paşinyanın artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarmasıdır. Artıq Nikol Paşinyan kompromislərdən danışır.

Lakin təcrübə göstərir ki, bu adamdan hər an hər şey gözlənilir. O, çox asanlıqla bir şey söyləyir, lakin tamamilə onun ziddinə olan hərəkət edir. Əgər bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək. Azərbaycan 10 oktyabrdan bəri “davam edən’’ atəşkəs müddətində düşmənin bütün hücum və provokasiyalarına layiqli, sarsıdıcı cavablar verməyi bacarıb, bundan sonra da bacaracaq.

Yekunda bir faktı qeyd edək: təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu barədə ötən gün Azərbaycan prezidenti İlham Əliyev də açıq şəkildə məlumat verdi. O dedi ki, Azərbaycan Ermənistana silahların hansı dövlətlər tərəfindən hansı marşurutla gətirildiyini yaxşı bilir və daşınan yükün təyinatı haqda da müfəssəl məlumatlıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək. Bununla da Dağlıq Qarabağda müharibənin yaxın günlərdə səngiməsi, ara verilməsi mümkünsüz görünür.



Paylaş:


Müəllif : Tarix:
26-10-2020, 08:11
Sikayət   


loading...
Загрузка...