reklam
Regionxeberlericom.az » Gündəm » "Artıq türkiyəli zabitlər Azərbaycandadır" - AÇIQLAMA

reklam

"Artıq türkiyəli zabitlər Azərbaycandadır" - AÇIQLAMA


“Türkiyənin Dağlıq Qarabağdakı sülhməramlı missiyada konkret necə iştirak edəcəyinə dair suala Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair qəbul edilən müqavilə cavab verir. Bu müqaviləyə əsasən artıq türkiyəli zabitlər Azərbaycandadır”.

Bu barədə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç APA-nın yerli bürosuna açıqlamasında bildirib.

H.Kılıç deyib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılan ortaq mərkəzlə bağlı Türkiyə və Rusiya müdafiə nazirlərinin qəbul etdikləri memorandumda artıq mərkəzin funksiyası müəyyənləşib: “Memorandumda qeyd olunur ki, bu mərkəz Azərbaycan ərazisində, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Mərkəz müqavilələrin pozulması ilə bağlı hər hansı şikayət, sual və ya narahatlığın araşdırılması ilə məşğul olacaq. Yəni Azərbaycan ərazisində olan bu mərkəzə təyin edilən türkiyəli hərbçilər necə öz vətənlərində missiyalarını yerinə yetirirlər, eləcə də Qarabağda öz vəzifələrini şərəflə və vicdanla icra edəcəklər. Buna heç bir şübhə olmamalıdır. Artıq Türkiyə rəsmi şəkildə bu prosesə daxil oldu. Bundan sonra Ermənistanın atəşkəsi pozma kimi bir təxribatı müzakirə mövzusu ola bilməz”.

Azərbaycan, Rusiya, Ermənistan arasında qəbul edilən sazişi qiymətləndirən diplomatın fikrincə, bu sənəd imzalanana qədər uzunmüddətli həll prosesini keçib: “Bu sənədə görə, 3 həftə sonra işğalda olan bütün torpaqlar Azərbaycana geri qaytarılacaq. Azərbaycan Ordusu onsuz da Xocalının və Xocavəndin bir neçə kəndini döyüşlə geri almışdı, amma artıq işğalda olan digər torpaqlar döyüşsüz geri veriləcək. Sənəddə də qeyd olunur ki, tərəflər olduğu mövqeyi qoruyacaq. Təbii ki, Azərbaycan Ordusu işğalda olan hər qarış torpağı üçün mübarizə aparmağa hazır idi. Amma atəşkəsin elan olunması daha az şəhid və qurban verilməsi deməkdir. Bu savaşın zirvə qazancı Şuşa bir namus məsələsi idi. Ölümü göz önünə alan Azərbaycan əsgəri Qafqazların incisi Şuşanı geri aldıqdan sonra Ermənistan ordusu dağıldı və Paşinyan məğlubiyyətini qəbul etdi. 44 gün ərzində o əsgərlər öz qanları ilə tarixə yazdıqları qəhrəmanlıq dastanlarını şübhəsiz ki, gələcək zamanlarda oxuyacağıq. Bu 44 gün ərzində döyüş meydanında Azərbaycanın nə qədər mərd və adil, Ermənistanın isə terror dövləti, uşaq qatili, müharibə cinayətkarı olduğunu gördük. Xocalı qətliamı Gəncədə, Bərdədə, Tərtərdə təkrarlandı. Və beynəlxalq hüquq tələbləri çərçivəsində bütün bunların hesabı sorulacaq”.

Hulusi Kılıç bildirib ki, Azərbaycan, Rusiya, Ermənistan arasında qəbul edilən saziş sosial şəbəkələrdə bəzən yanlış olaraq analiz edilir ki, bu da bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın Qarabağ uğrunda Vətən-Millət-Bayraq-Lider vəhdətinin 44 gün ərzində qazandığı uğurlara kölgə salmaq cəhdlərindən irəli gedə bilməz: “Yəni tənqid edəndə də bunu insafla etmək lazımdır. Savaş yeni başlayanda mən demişdim, Azərbaycanın qələbəsi regionda intibah yaradacaq. Bəli, biz qarşıdakı qısa zamanda bu zəfərin bəhrələrini görəcəyik. 45 gün öncə qazanılan bu uğurların heç biri yox idi. Artıq yurdlarından didərgin düşən azərbaycanlılar da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşayiəti ilə evlərinə geri dönəcəklər. Dağlıq Qarabağda məskunlaşan ermənilər oraya geri dönüb, dönməyəcək, bunu gələcək göstərər. Digər tərəfdən, onlar, kasıb Ermənistan vətəndaşı deyil, Azərbaycan ərazisində yaşasalar, zəngin Azərbaycan vətəndaşı olacaqlar. Xəstə təfəkkürün məhsulu olan “Böyük Ermənistan” xəyalı bir milləti məhvə məhkum etmişdi. Amma Azərbaycan hakimiyyətinin adil davranışı ilə dərsini almış o millətin artıq qurtuluş şansı da var. Yeri gəlmişkən, onu da deyim ki, cənab İlham Əliyev Ali Baş Komandan olaraq düzgün strategiya, sağlam mühakimə, qətiyyəti ilə döyüş meydanında nə qədər nümunəvi liderlik nümayiş etdirdisə, bir o qədər də diplomatik sahədə təmkini, ədaləti və düzgün siyasəti ilə uğurlu addımlar atdı. O ki qaldı Rusiyanın bölgədə rol qazanmasına, 5 illik müddət ərzində qəbul edilən öhdəliklərə əməl olunmayacaqsa, Azərbaycanın bu müqaviləni növbəti 5 ildə davam etdirməmək hüququ var. Bütün hallarda bu sənəd hər bir tərəfin maraqlarını ədalətli şəkildə qoruyur”.

Diplomatın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyədək rol oynayan ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini də artıq bitmiş hesab etmək olar.


Paylaş:


Müəllif : Tarix:
12-11-2020, 09:16
Sikayət   


loading...
Загрузка...