reklam
Regionxeberlericom.az » Gündəm » Səfər Mehdiyev gömrüyü hardan haraya daşıyıb... - QƏRAR VERİLMƏLİDİR...

reklam

Səfər Mehdiyev gömrüyü hardan haraya daşıyıb... - QƏRAR VERİLMƏLİDİR...


"Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq artır. Komitə faktiki olaraq bu gün ən çox şikayət olan qurumlar siyahısına başçılıq edir. DGK-nin ləğv olunacağı, səlahiyyətlərinin isə başqa qurumlara veriləcəyi ilə bağlı söhbətlər səngimir. Elə koronavirus pandemiyası dövründə onsuz da çətin durumda olan sahibkarların daha da acınacaqlı vəziyyətə düşməsində gömrük strukturlarının xidməti yetərincədir".

Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalə müəllifi daha sonra davam edir: "Hər gün insanları narazı salan bu qurumun ləğv olunmasını təklif edənlərin sayı artır. Bütün narazılıqlara, təkliflərə baxmayaraq Dövlət Gömrük Komitəsi özünəməxsus iş “prinsipləri”ni və “fəlsəfəsi”ni dəyişmir. Hətta dəfələrlə rəsmi səviyyədə Komitənin ölkədə inhisarçılığa dəstək verdiyi bildirilib.

Qurum isə bunu təkzib edir, rəqəmlər, statistik məlumatlar paylaşır, amma bu açıqlanan “uğurlu fəaliyyət”in nəticəsi bazarda hiss olunmur. Komitənin verdiyi rəqəmlərdən belə qənaətə gəlmək olar ki, ölkədə monopoliya yoxdur və hər bir vətəndaş istədiyi malı ölkəyə gətirə, ölkədən apara bilər. Əgər belədirsə, bu da alqışalayiqdir. Amma rəqabətli mühit, azad bazar yoxdur. Əgər bu yoxdursa, rəqəmlər sadəcə olaraq “növbətçi” məlumatdan o yana keçmir.

Məsələn, bir vətəndaş ölkəyə bir ildə 1 ədəd avtomobil, 10 qutu siqaret gətirə bilər. Digər bütün növ mal və məhsullara məhdudiyyət tətbiq olunur. Hətta telefon bazarında da Gömrük Komitəsi inhisarçılığa dəstək verir.

Məsələn, bir müddət əvvəl ölkəyə telefon gətirmək, o cümlədən sifarişlə, onlayn qaydada mobil telefon almaqda heç bir problem yox idisə, artıq bu məsələdə də müəyyən qadağa mövcuddur. Gömrük Komitəsi bu məhdudiyyətlərə özünün tətbiq etdiyi invoys siyasəti ilə dəstək verir. Həm də təkcə telefonlarda deyil, avtomobil və digər qiymətləri avadanlıqlarda da eyni sistem tətbiq olunur və bu da daxili bazarda bahalaşma yaradır.

Məsələn, əgər xaricdən 100 dollara hər hansı bir avadanlıq alınsa və həmin malın daxili bazarda qiyməti 300 dollardırsa, Gömrük Komitəsi 300 dollarlıq invoys tətbiq edir və həmin məbləğin vergisini vətəndaşdan tələb edir. Bununla bağlı fakt da var. Faktını isə bu və ya digər formada Gömrük Komitəsi özü də təsdiq edib".

Daha sonra dia.az-a göndərilən məqalədə bildirilir: "Avtomobil bazarında isə vəziyyət daha da acınacaqlıdır. Qısa araşdırma aparmaqla vəziyyətin əslində, necə olduğunu açıq şəkildə görmək mümkündür.

Məsələn, 5 min ABŞ dolları məbləğindəki avtomobil üçün 1672.53 manat gömrük rüsumu ödənilməlidir ki, bu da avtomobilin ümumi dəyərinin 20 faizi deməkdir. Yəni gömrük orqanları heç bir xərc çəkmədən hansısa xarici şirkətin öz istehsal etdiyi elektromobilin gəlirindən daha çox vəsait qazanır. Bu, avtomobilə görə istehsalçı şirkətin invoys-rəsmi bank sənədinə görə hesablanmasıdır. Gömrük Komitəsinin isə həmin rəsmi invoysları qəbul etmədiyi, özünün invoys tətbiq etdiyini nəzərə alsaq, ödənilməsi tələb olunan vergi avtomobil zavod dəyəri ilə eyni olur. Yəni 5 min dollara avtomobil almısınızsa, onu ölkəyə gətirmək üçün, təxminən, o qədər də Komitəyə verməlisən.

Bütün bunlara nəzərə alsaq, Dövlət Gömrük Komitəsinin yaydığı son rəqəmlər “gözə kül üfürmək”dən başqa bir şey deyil Sanki qurum bütün gücü ilə varlığını qorumağa çalışır. Çünki qurumun ləğv olunması artıq oranın yüksək gəlirli məmurlarından başqa hər kəsin marağındadır.

Yaranan vəziyyəti analiz etsək görərik ki, bu ilin sonuna qədər Komitənin gələcək taleyi ilə bağlı qərar veriləcək. Hər halda görünəni budur. Çünki onsuz da pandemiyanın fəsadlarından əziyyət çəkən vətəndaşlarımız gömrük tərəfindən də əlavə yüklənilirsə, bunun qarşısı hakimiyyət tərəfindən mütləq şəkildə alınmalıdır. Səfər Mehdiyev göstərdi ki, yeni düzənə ayaq uydura bilmir. Bunu bacarmırsa, ya onun istefası, ya da DGK-nın çoxdan gözlənildiyi kimi ləğv edilərək İqtosadiyyat Nazirliyinə birləşdirilməsi baş tutmalıdır. Bütün dəyişikliklər isə ilin sonuna yaxın gerçəkləşə bilər. Bu barədə isə növbəti yazımızda".


Paylaş:


Müəllif : Tarix:
3-12-2020, 11:02
Sikayət   


loading...
Загрузка...