reklam
Regionxeberlericom.az » Gündəm » Nazir müavinin qardaşı azadlığa buraxıldı - "Binəqədi işi..."

reklam

Nazir müavinin qardaşı azadlığa buraxıldı - "Binəqədi işi..."

2015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov azadlığa buraxılıb. Qəzənfər Novruzovun həbs müddəti başa çatdığı üçün azad edildiyi bildirilir.

Q.Novruzov həbsdəki son günlərini Penitensiar Xidmətin müalicə müəssisəsində keçirib. (modern.az). O, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun niyə müalicə olunduğu barədə səhih bilgi yoxdur. Amma məhkəmə proseslərinin birində Qəzənfər Novruzovun səhhətində problem yarandığı, hətta komaya düşdüyü barədə xəbərlər yayılmışdı.

Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbyel Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.

Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub. Qəzənfər Novruzovun daha bir qardaşı general-mayor Səbuhi Novruzov isə neçə illərdir Naxçıvan MR daxili işlər nazirinin müavinidir. Qəzənfər Novruzovun qardaşı Vaqif Novruzov uzun illər Bakı Şəhər Yaşıllaşdırma Birliyinin rəisi işləyib. Bu günlərdə BŞİH başçısı Eldar Əzizovun sərəncamı ilə işdən çıxarılıb. V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi.

Xatırladaq ki, yanğın nəticəsində 15 nəfər ölmüş, 50 nəfər xəsarət almışdı.

Qeyd edək ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

2017-ci il yanvar ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Novruzov 4 il, U.Bəşirov 5 il, Q.Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qəzənfər Novruzov məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.
“Yeni Müsavat”


Paylaş:


Müəllif : Tarix:
22-05-2019, 09:09
Sikayət   


loading...
Загрузка...