reklam
Regionxeberlericom.az » Gündəm » “Şəhidin övladına ayrılan təqaüd düzgün hesablanmayıb” - GİLEY

reklam

“Şəhidin övladına ayrılan təqaüd düzgün hesablanmayıb” - GİLEY


Vətən müharibəsində şəhid olan Ağalı Zaur Kamil oğlunun həyat yoldaşı Xuraman Rzazadə və 3 yaşlı övladı onlar üçün nəzərdə tutulan imtiyazlardan yararlana bilmir.

Bu iddia ilə “Qafqazinfo”ya X. Rzazadənin atası Elxan Rzayev müraciət edib. Şikayətçi bildirib ki, qızı övladını dolandırmaq üçün müxtəlif insanların evlərində günəmuzd işləməyə məcbur qalıb: “Hazırda qızım və oğlu mənim himayəmdədir. Amma mənim də o qədər imkanım yoxdur ki, ona kömək edim. Qızım camaatın evinə gedib nökərçilik edir ki, dolana bilsinlər. Şəhidin övladına atasının şəhid statusuna görə ayrılan təqaüd düzgün hesablanmayıb".

Şəhidin qayınatasının sözlərinə görə, hər ay onlar üçün ayrılan məbləğ fərqli olur: "Məsələn, bir ay 360 manat, o biri ay 323 manat verilir. Həmçinin ailə ünvanlı sosial yardım ala bilmir. Zaur ailəsini, körpə övladını qoyub getdi, Vətən uğrunda vuruşdu, şəhid oldu. Onun ailəsinə belə münasibət düzgündürmü?”

E. Rzayev bildirib ki, dəfələrlə aidiyyati orqanlara müraciət etsə də, məsələ həll edilməmiş qalıb. Yalnız müxtəlif ictimai təşkilatlar və könüllülər tərəfindən şəhid ailəsinə yardım olunub.

Problemlə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, ailə ilə əlaqə saxlanılıb və məsələ araşdırılıb. Məlum olub ki, ailə ünvanlı sosial yardım üçün müraciəti yanlış daxil etdiyindən onlara imtina cavabı verilib: “Ailə ilə danışıldı, onların pensiya ödənişləri, hər hansı təyinatla bağlı problem yoxdur. Ailə sadəcə ünvanlı sosial yardımın alınması üçün müraciət edib və müraciətdə məlumatlar yanlış daxil edilib. Ona görə də imtina cavabı verilib.

Vətəndaş çağırıldı və ona izah olundu ki, müraciət hansı formada daxil edilməlidir. Təkrar müraciətdən sonra elektron sistemdə təyinat məsələsinə baxılacaq”.

Qeyd edək ki, şəhid Zaur Ağalı 1996-cı ildə Lənkəranın İstisu kəndində anadan olub. Ailənin yeganə övladı olan qəhrəmanımız Vətən müharibəsinə könüllü qoşulub və oktyabrın 22-də Qubadlı uğrunda döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinin bir neçə imtiyaz və sosial təminat hüququ var. Bunlardan biri şəhid ailəsinə verilən, 500 manat məbləğində Prezident təqaüdüdür. Digər imtiyazlarla bağlı bu linkə daxil olaraq tanış ola bilərsiz.



Paylaş:


Müəllif : Tarix:
29-04-2021, 16:14
Sikayət   


loading...
Загрузка...