reklam
Regionxeberlericom.az » Gündəm » Zərdabda MƏMUR ÖZBAŞINALIĞI: - Ramiz Məmmədov 15 nəfərlik ailənin pay torpağını mənimsəyib

reklam

Zərdabda MƏMUR ÖZBAŞINALIĞI: - Ramiz Məmmədov 15 nəfərlik ailənin pay torpağını mənimsəyib



“Ramiz Məmmədovun bilavasitə vasitəçiliyi ilə dəyişdirdiyimiz pay torpağımızın qarşılığında bizə verilən əkin sahəsi əlimizdən alındı”.

Yenicag.az-a müraciət edən Zərdab rayonu Çallı kəndinin sakini Süleymanov Füzuli Əvəz oğlu rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Məmmədov tərəfindən dələduzluğa məruz qaldığını bildirib.

Füzuli Süleymanovun sözlərinə görə, Ramiz Məmmədov aralarındakı şifahi anlaşmanı pozaraq, 15 nəfərlik ailəni pay torpağından və sabit gəlirdən məhrum edib:

“Mən dövlət məmuru olan fırıldaqçıların qurbanı olmuş və ailəmin yeganə gəlir mənbəyini itirmişəm. 2016-cı ildə Zərdab rayonunun Çallı kəndinin icra nümayəndəsi işləmiş, hazırda Zərdab rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov Ramiz Ağakərim oğlu mənimlə görüşərək o zaman İcra Hakimiyyətinin başçısı olan Lütvəli Babayevin ailəmə məxsus 2,5 hektar pay torpağını almaq istədiyini bildirdi. Əvəzində isə evimə daha yaxın ərazidən torpaq sahəsi verəcəyini söylədi.

Mən dövlət məmuru olan kəndçimizin sözünə inandım. Bizi ailəliklə notariat kontoruna aparan Ramiz Məmmədov torpaq sahəsini heç vaxt özünü görmədiyim və tanımadığım Aslanov Namiq Nəriman oğlunun adına keçirməyimizin lazım olduğunu dedi. Ondan bu adamın kim olduğunu soruşduqda, “İcra başçısının adamıdır. Lütvəli Babayev deyir ki, torpağı bu şəxsin adına keçirin”, – cavabını verdi.

Ramiz Məmmədov pay torpağımızın onlara verilməsinin əvəzində dəyişdirilməsi üçün təklif etdikləri ərazinin sənədini 1 həftə ərzində şəxsən gətirib mənə təqdim edəcəyini söylədi. Ancaq təəssüflər olsun ki, mütəmadi olaraq müraciət etməyimə baxmayaraq, bu ərazinin sənədi bizə verilmədi və onun mülkiyyətimizə keçirilməsi məqsədli şəkildə yubadıldı.

2019-cu ildə isə Ramiz Məmmədovun bilavasitə müraciəti və vasitəçiliyi ilə dəyişdirdiyimiz pay torpağımızın qarşılığında şifahi olaraq bizə verilən, sənədləşdirilməyən əkin sahəsi əlimizdən alındı. Əkdiyim taxılı biçmədən, çəkdiyim xərci ödəmədən pay torpağımın qarşılığında bizə verilən sahəni əlimizdən alıb kəndin örüş yerinə çevirdilər. Bununla da 15 nəfərlik ailəni qəddarcasına dolanışıq mənbəyindən məhrum etdilər.

İcra Hakimiyyətinə dəfələrlə etdiyimiz şikayətlərə indiyədək heç bir məhəl qoyulmayıb. Ramiz Məmmədova pay torpağımızı əvəzini ödəmədən ələ keçirməsinə görə şikayət etdikdə isə bizi təhqir edir və razılaşmamızı inkar edir. Ailəmin güzəranı bir neçə ildir ki, çox ağır vəziyyətdədir. Məni və 14 nəfərlik ailəmi aldadaraq pay torpağımı ələ keçirən Ramiz Məmmədovun bu hərəkəti nə insanlığa, nə azərbaycanlılığa, nə də ki, dövlət məmurluğuna sığır.

Cənab Prezident İlham Əliyevin məmurlara dönə-dönə xalqın xidmətçisi olmağa, sadə vətəndaşların himayəçisi, yardımçısı olmağa çağırmasına baxmayaraq, öz zəhməti ilə halal ruzi qazanıb ehtiyaclarını ödəyən sadə Zərdab kəndlisi olaraq mənə neçə illərdir ki, icra hakimiyyətindəki məmur açıq zülm edir. Mən və ailəm fırıldaqçının qurbanına çevrilmişik. Xahiş edirəm ki, düşdüyümüz çətin vəziyyətdən çıxmaqda, pay torpağımın mənə geri qaytarılmasında bizə köməklik edəsiniz”.



Paylaş:


Müəllif : Tarix:
9-06-2021, 17:07
Sikayət   


loading...
Загрузка...