reklam
Regionxeberlericom.az » Gündəm »  Operativ Qərargah toylara icazə verdi, daha təhsilimizə rahat şəkildə toy da tutacaqlar! - İTTİHAM

reklam

 Operativ Qərargah toylara icazə verdi, daha təhsilimizə rahat şəkildə toy da tutacaqlar! - İTTİHAM


Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalından dərc etdirdiyi ötən il orta məktəbləri bitirən və eləcə də universitetə qəbula üz tutan şagird və abituriyentlərlə bağlı göstəricilər Azərbaycan təhsilinin necə bir dibsiz uçurumun astanasında olduğunun göstəricisidir. İldən-ilə mənfi tendensiya ilə davam edən rəqəmlər təhsil sahəsində qəti addımlar atılmazsa vəziyyətin daha da acınacaqlı olacağının həyacan siqnalıdır. Kosmetik dəyişikliklər,sırf publikaya hesablanan piar xarakterli addımlar, kadr dəyişiklikləri ilə heç nəyi dəyişmək olmaz. Necə ki, heç buna nazir dəyişikliyi ilə də nail olmaq mümkün olmur.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatından aydın olur ki, ötən il qəbul imtahanına qatılan abituriyentlərin 43 faizə yaxını 700 mümkün baldan 200-dən azını toplaya bilib. Beş ballıq sistemlə qiymətləndirməyə görə bu abituriyentlərin nəticələri “2” qiyməti ilə dəyərləndirilib. Topladığı bala görə “5” alan abituriyentlərsə, imtahana qatılanların cəmi 9.7 faizi olub. Abituriyentlərin 21 faizinin imtahan nəticəsi “3”, 26.6 faizinin imtahan nəticəsi isə “4” qiyməti alıb. Pandemiya ilində imtahan nəticələri “2” və “3” ilə qiymətləndirilən abituriyentlərin sayı 2019-cu illə müqayisədə çoxalıb.

Təsəvvür edin ki, qəbul imtahanına gələn abituriyentin 43 faizi “2” qiyməti, 21 faizi isə “3” qiyməti alır. 64 faiz abituriyent ümumiyyətlə “3” baryerini aşa bilmir.

Kimsə özünə haqq qazandırmaq üçün pandemiyanı və onun zərbələrini sadalaya bilər. Amma nəzərə almaq lazımdır ki, qəbul imtahanlarında məhz bu faktor xüsusilə nəzərə alınıb və sualların çətinlik səviyyəsi yüngülləşdirilib.

Digər bir fakt isə bizim dəfələrlə vurğuladığığımız “pripiska” sistemi ilə bağlıdır. Belə ki, orta məktəbi “5” qiyməti ilə bitirən abituriyentlərin cəmi 32 faizi, yəni təxminən hər üçündən biri qəbul imtahanında da eyni nəticəni göstərib. Bu durum orta məktəblərdə qiymətləndirmə sisteminin gerçəkliyi əks etdirib-etdirməməsi baxımından haqlı suallar doğurur. Bu bir daha məktəblərdə qiymətləndirmənin həqiqəti əks etdirmədiyini, daha çox direktor-valideyn razılaşmasının nəticəsi olduğunu göstərir.

Rəqəmlər bir daha sübut edir ki, orta məktəblərdə “tramvay altında qalan” 3 alanların biliyi daha dəqiq qiymətləndirilir, çünki onlar daha çox fəhlə-kəndli sinfinin nümayəndələridir. “5” alan burjuyların isə həmişə olduğu kimi aldığı qiymətləri də saxtadır.

Təhsil Nazirliyi axır ki, “pokazuxa”lıqdan əl çəkməli, real addımlar atmalıdır. Orta məktəblərdə jurnalları yoxlayıb qaralama axtarmaqdandırsa təhsili qara günə qoyan səbələri müəyyənləşdirmək lazımdır. Müəllimə hədə-qorxu gəlib əsarət altında saxlamaqdandırsa ona stimul vermək gərəkdir. Təhsil sahəsinə rəhbərlik edənlər kiminsə qohumu, dostu olduğuna görə yox, sırf peşəkarlığına görə vəzifəyə alınmalıdır. Bəlkə o zaman nəyəsə nail olmaq olar.

Rus demişkən, k stati vəzifəyə qoymaq dedim, E.Əmrullayevin son 2 təyinatı yadıma düşdü. Belə ki, bu günlərdə yoldaş Əmrullayev Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib. Qeyd edim ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir. Beləliklə nazir təhsildə varislik prinsipini uğurla tətbiq etməyə nail olub. Digər bir təyinatla isə Günay Qurbanova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

Böyük fəxr hissi ilə bildirmək istəyirik ki, nazirin vəzifə verdiyi xanım, deputat Sadiq Qurbanovun həyat yoldaşıdır. G.Qurbanova BŞİH-də tutduğu vəzifədən istefa verdikdən cəmisi 14 gün sonra BŞTİ-nə yüksək posta gətirilib.

Bax belə, bu da sizə Avropa təhsili, müasir dünyagörüşü, innovasiya, kurikulum və sair və ilaaxır...

Operativ Qərargah toylara icazə verdi, daha təhsilimizə rahat şəkildə toy da tutacaqlar.
Rubrika.Az


Paylaş:


Müəllif : Tarix:
29-06-2021, 10:02
Sikayət   


loading...
Загрузка...