reklam
Regionxeberlericom.az » Gündəm » "Şəhid ailəsi olduğumuzu təsdiq edən sənədləri də təqdim etmişik... - Yenə də vermirlər"

reklam

"Şəhid ailəsi olduğumuzu təsdiq edən sənədləri də təqdim etmişik... - Yenə də vermirlər"


Bakının mərkəzində - Nizami küçəsi 81-də yerləşən “AVVA” geyim mağazasındakı yanğından bir ilə yaxın vaxt keçir. Amma mağazanın sahibi Mahir Əsgərov sığorta şirkətinin onlara dəymiş ziyanı hələ də ödəmədiyini deyir.

Hadisə 2020-ci ilin sentyabrında baş verib. Yanğın nəticəsində sahibkara 140 min manat ziyan dəyib. Ziyanın məbləğini də sığorta şirkətinin – “Paşa Sığorta”nın özünün cəlb etdiyi “AZSURVEY” MMC müəyyənləşdirib.

Yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi də araşdırma aparıb. Hadisədə cinayət tərkibi olmadığı nəticəsinə gəliblər.

Mağazanın sahibi Mahir Əsgərov deyir ki, yanğın nəticəsində yararsız hala düşən malların qaimələrini sığorta şirkətinə təqdim etsələr də, “Paşa Sığorta” ASC ödənişdən imtina edir. Sahibkarın sözlərinə görə, geyim malları xarici ölkələrdən, əsasən də Türkiyədən karqo vasitəsilə gəlirdi, o isə burada tədarükçüdən alırdı.

Mahir Əsgərov bildirib ki, “Paşa Sığorta” ilə müqavilə bağlayanda ona kağız qaimələrin qəbul ediləcəyini demişdilər. İndi isə ondan elektron vergi sistemindən hesab faktura tələb edirlər: “Bizim bütün sənədlərimiz qaydasındadır. Hamısını da sığorta şirkətinə təqdim etmişik”.

Mahir Əsgərov əlavə edib ki, qardaşı Əsgər Əsgərov 1994-cü ildə - Birinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olub: “Qanunvericiliyə əsasən, şəhidin valideynləri, bacı-qardaşı, həyat yoldaşı, 18 yaşına çatmamış övladı da ailə üzvləri sayılır. “Paşa Sığorta”ya şəhid ailəsi olduğumuzu təsdiq edən sənədləri də təqdim etmişik. Yenə də vermirlər”.

Mahir Əsgərov “Paşa Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarovadan tutmuş, Mərkəzi Bankın sədri Elman Rüstəmova qədər müxtəlif struktur və şəxslərə üz tutsa da, dəymiş ziyanın ödənilməsinə nail ola bilməyib.

“PAŞA Sığorta”dan isə bildirilib ki, Mahir Əsgərov dəymiş zərərin hərtərəfli dəyərləndirilməsi üçün tələb olunan sənədləri tam şəkildə sığorta şirkətinə təqdim etməyib. Bu üzdən indiyə qədər müştəriyə zərər ödənilməyib: “Mahir Əsgərovdan daşınar əmlakın ona məxsus olduğunu təsdiq edən rəsmi sənədlər tələb olunanda, o, əmlakı Türkiyədən idxal etdiyini bildirmişdi. Təqdim etdiyi sənədlərdən isə belə məlum olmuşdu ki, geyimlər xaricdən ayrı-ayrı şəxslər tərəfindən idxal edilib. Belə olan halda, sığortalı və sığortaçı arasında bağlanmış müqaviləyə əsasən, bu sənədlər əmlakın zərərçəkən şəxsə məxsus olduğunu təsdiqləyən rəsmi sənəd hesab olunmur. Ona görə də “PAŞA Sığorta” tərəfindən Mahir Əsgərova sığorta ödənişi ödənilə bilməyəcəyi haqda məlumat verilib. Bundan sonra Mahir Əsgərov izahatını dəyişərək, xarici bazardan yox, daxili bazarda fiziki şəxsdən əldə etdiyini bildirib. Bu halda, müştəridən elektron-qaimə faktura tələb edilib. Lakin müştəri tələb edilən sənədi təqdim etməyib”.


Paylaş:


Müəllif : Tarix:
30-06-2021, 09:38
Sikayət   


loading...
Загрузка...