reklam
Regionxeberlericom.az » Gündəm » VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI AĞIR DURUMDA – "Borc alınması mümkün olan hər kəsdən borc almışıq..." (Ananın MÜRACİƏTİ)

reklam

VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI AĞIR DURUMDA – "Borc alınması mümkün olan hər kəsdən borc almışıq..." (Ananın MÜRACİƏTİ)


Azərbaycanın 44 günlük Vətən Müharibəsindən qalib olaraq çıxması hamımızı bir ömür boyu döyüşən, yaralanan, həyatını itirən oğullarımıza borclu edib. Həm cəmiyyət, həm də dövlət olaraq bütünlüklə, yaxud əzalar şəklində Vətən torpağına qarışan, canından, sağlamlığından keçən igidlərimizin problemlərinin həlli üçün səfərbər olmalıyıq.

Azərbaycan dövləti müharibədə yaralananların, şəhid olan şəxslərin ailə üzvlərinin problemlərini həll etmək üçün YAŞAT fondunu yaradıb. Eyni zamanda Prezident İlham Əliyev tərəfindən müvafiq dövlət qurumlarına bu qrup şəxslərin problemləri ilə maraqlanmaq və onları operativ qaydada həll etmək tapşırılıb.

Vətən Müharibəsində əvvəldən axıradək iştirak edən igidlərimizdən biri də 1994-cü il təvəllüdlü Əlizadə Aqşin Eyvaz oğludur. Əslən Culfa rayon Əbrəqunus kəndindən olan Aqşin 2015-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib. Hərbi xidmətini də Naxçıvan Muxtar Respublikasının “N" saylı hərbi hissədində kəşfiyyat bölüyündə keçib və leytenant hərbi rütbəsi alıb.

A.Əlizadə 2020-ci il sentyabrın 21-dən hərbi səfərbəliyə cəlb olunub, sentyabrın 27-dən şğal olunmuş torpaqlarımız uğrunda zabit kimi döyüşlərə qatılıb. Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib. Dövlət tərəfindən “Döyüşlərdə fərqlənməyə görə” medalı və Fəxri fərmanla təltif olunub.

Yanvar ayının əvvəllərində hərbi xidmətdən tərxis olunan Aqşin evə döndükdə ailə üzvləri dəhşətə gəliblər: onun üzü, əlləri, ayaqları şişmiş vəziyyətdə olub. Dediklərindən məlum olub ki, döyüşlər və ondan sonrakı dövrdə Hadrut, Xocavənd istiqamətində olan Aqşin güclü soyuqlamaya məruz qalıb. Anası Yeksarə Səfərova deyir ki, yanvarda evə gələndə dərhal həkimə aparıblar: “Analizlər, yoxlamalar. Məlum oldu ki, kəskin böyrək çatışmazlığı yaranıb, 2-3 ay ərzində müdaxilə olmadığına görə böyrəkləri tamamən sıradan çıxıb. Balam deyir, iki dəfə hospitalın həkimlərinə müraciət edib, deyiblər, allergiyadır yəqin. Bir-iki tabletka veriblər, bu da təkid etməyib əlavə yoxlanma üçün. Deyir, həkimlərin başı yaralılara qarışıq idi, mən onlara mane olmaq istəmədim”.

Nefroloq-həkim Elnur Fərəcov müayinələrdən sonra Aqşinə böyrək köçürülməsinin gərəkdiyini deyib. Həm Eyvaz kişi, həm də Yeksarə xanım donor olmaq istəyiblər: “Eyvazın səhhətində bəzi problemlər olduğuna görə mənim böyrəyimi köçürməyə qərar verildi. İlk öncə əməliyyatı öz hesabımıza etdirmək istədik. Lakin iki hətə ərzində analizlərə 4-5 min manatdan yuxarı xərcimiz çıxdı, gördük ki, 12 min manat təşkil edən əməliyyat xərcini çatdıra bilməyəcəyik. Dövlətimizin rəhbərliyinə, Prezidentimizə və onun xanımı hörmətli Mehriban Əliyevaya müraciət etdik. Çox sağ olsunlar, əməliyyat xərcinin ödənməsi üçün vəsait ayrılmasına göstəriş verdilər. Buna görə bir ömür boyu onlara borcluyuq”.

Aqşin əməliyyat olunub, anasının böyrəyi köçürüldükdən sonra aydın olub ki, əsas çətinliklər yeni başlayır: “Əməliyyatdan 2-3 həftə sonradan Aqşində temperatur yüksəldi, ishal, qusma başladı. Analizlər etdikdə qanından kreatinin normadan çox yüksək olduğu aydınlaşdı. Uzun müddət oğluma evdə müalicələr təyin olundu. May ayının əvvəllərində vəziyyəti kəskinləşdi, koronavirus testi pozitiv çıxdı. İnanın, o, əməliyyat olunandan evimizə heç kim gəlib getməyib, özü də ağrıdığına görə heç yerə çıxmırdı. Heç anlamadıq ki, koronavirusa harada, kimdən yoluxdu. Yenə də dövlətimiz sağ olsun, TƏBİB rəhbərliyinin xüsusi diqqəti ilə Yeni Klinikaya yatırıldı, çox peşəkar müalicə getdi. Oğlumun səhhətindəki bütün problemlər də aradan qalxmış görünürdü. Lakin evə buraxılandan bir həftə-on gün sonra yenidən temperaturu yüksəlməyə başladı, iştahsızlıq, ishal yarandı. Həkimin məsləhəti ilə onu Mərkəzi Klinik Xəstəxanaya yatırdıq. Dörd günlük müalicə üçün 4 min manat xərc çəkdik. Dörd gündən sonra imkanımız çatmadı, evə çıxartmalı olduq. Vəziyyətinin getdikcə ağırlaşdığını görüb Tibb Universitetinin Tədris-terapevtik klinikasına yerləşdirdik. Lakin orada da uşağın halı yaxşılaşmadı. Bütün bədəni səpməyə başladı. Məcbur qalıb evə gətirdik. Bu dəfə bütün bəlaların üstünə qan azlığı da əlavə olundu. İndi yenidən məcburən Mərkəzi Klinik Xəstəxanaya yatırmışıq, gündə bir dənə iynəsinə 800 manat ödəyirik. Son bir ayda 10 min manata yaxın xərcimiz çıxıb”.

Ana deyir ki, artıq bütün imkanları tükənib, borc alınması mümkün olan hər kəsdən borc alıblar: “Yoldaşım da, mən də müəllimik. Yeganə gəlir mənbəyimiz bu peşədir. Qazancımızla gündə min manata yaxın xəstəxana xərclərini qarşılamaq mümkün deyil. Bütün imkanlarımız tükənib artıq – yanvar ayından bəri oğlumun sağlamlığına qovuşması üçün bütün imkanlarımızı səfərbər etmişik. İnanın, əgər oğlumun vəziyyəti yaxşılaşsa, həkimlər desə ki, hansısa müddətdən sonra səhhəti qaydasına düşəcək, dilənməkdən belə çəkinmərəm. Amma həkimlər heç nə demirlər. Bilmirik Aqşini aylardır yatağa salan nədir? Aydındır ki, biz böyrəkköçürmədən sonra oğlumun dərhal normal həyata qayıdacağını gözləmirdik. Lakin bu qədəri də olmaz axı. Mən anayam, iki qızın üstündə bir oğlum var. Nişanlıdır balam, müharibədən əvvəl hərisini almışdıq, toyunu etmək istəyirdik, qismət belə gətirdi. İndi günü yataqda, sistemlər altında keçir, gün-gündən zəifləyir, artıq yataqdan qalxmağa belə halı qalmayıb”.

Göz yaşlarını saxlaya bilməyən ana deyir ki, oğluna qoyulan böyrəyin ayrılmasından qorxurlar: “Buna görə də Aqşini Türkiyəyə aparıb, orada müayinə etdirmək istəyirik. Amma əlimizdə heç nə qalmayıb. Ümidimiz yenə də dövlətimizə, xalqımızadır. İnanırıq ki, dövlətimiz, xeyirsevər xalqımız erməni gülləsinin yan keçdiyi balamın əlimizdən getməsinə imkan verməyəcək. Balam Vətən uğrunda, torpaqlarımız uğrunda canını əsirgəmədi, heç nəyə baxmadan dövlətin səsinə səs verib müharibəyə qatıldı. İndi dövlətimdən xahiş edirəm, onun anasının səsinə səs versinlər. Mən birdəfəlik yardım istəmirəm, borc versinlər, ömrüm boyu işləyib qaytarmağa hazıram, təki balam sağalsın”...

P.S. Qazimizə yardım etmək istəyənlər üçün atası Eyvaz kişinin nömrəsini təqdim edirik: 050 686 26 12


Paylaş:


Müəllif : Tarix:
7-07-2021, 10:08
Sikayət   


loading...
Загрузка...