reklam
Regionxeberlericom.az » Gündəm » Ayağı amputasiya edilmiş qazimizin də pensiyası kəsilib - ETİRAZ

reklam

Ayağı amputasiya edilmiş qazimizin də pensiyası kəsilib - ETİRAZ








“Gərək əlin, ayağın, qolun kəsilsin, gözün kor olsun ki, səni qazi hesab etsinlər. Amputasiyası olmayanı əlil hesab etmirlər. Müharibənin yaraları bədənin təkcə kəsik ətraflarıyla ölçülməməlidir. Kantuziya, kəllə-beyin travması var, dəlib keçmiş güllə yarası var... Güllənin insanı dəlib keçməsi o deməkdir ki, güllə adamı 5-6 metrə qaldırıb yerə çırpıb.

Belə vəziyyətdə daxili orqanlarda hər cür travma yarana bilər. Minaya düşmək, mərmi partlayışından döyüşçü kantuziya alır. Kantuziya elə bir şeydir ki, onun müalicəsi ümumiyyətlə yoxdur. Kantuziyalı adam ömrünün sonuna kimi müalicə almalıdır. Amma bizdə deyirlər ki, 6 aylıq müalicədən sonra adam sağalır”.

Bu kəskin etirazlar "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyevə məxsusdur. Müharibə belədir; qaziliklə yanaşı, əsəb, stres, gərginlik bu insanları həm də “əsəbi insanlar” kateqoriyasına daxil edib. Əsəbləri tarıma çəkənsə hazırda barəsində çox danışılan, mübahisə və müzakirələr gedən, ittihamlar səsləndirilən əlillik dərəcələrinin, buna müvafiq də pensiyaların düzgün təyini, pensiya almalı olan şəxslərin bir sıra hallarda pensiyaların kəsilməsidir. Səbəb kimi isə saxta əlillik dərəcələrinin təyini göstərilir. 2021-ci ildə bu sahədə araşdırmalar başlandı. Baş Prokurorluğa göndərilmiş sənədlər əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Aparatının və tibbi-sosial ekspert komissiyalarının (TSEK) 20-yə yaxın əməkdaşı əmək funksiyalarının icrasında kobud nöqsanlara yol verdiklərinə görə vəzifələrindən azad edildilər.

Həmçinin onlar barədə hüquqi qiymət verilməsi üçün sənədlər aidiyyəti cinayət təqibi orqanlarına təqdim olundu. Qanunsuz əməllərlə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlandı. Lap yaxşı. Saxtakarlığa qarşı mübarizə aparılmalıdır. Amma bu, pensiyası qeyri-obyektiv kəsilən əlillərin vəziyyətini yaxşılaşdırmır.

Həqiqətən də dövlət yardımına, pensiyaya möhtac olan şəxslər nə qədər gözləməlidir ki, saxta olmadıqları təsdiqlənsin və onlara təkrar pensiya təyin edilsin?

Qeyd edək ki, dünən məhz bu məsələlərə - əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransı keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov son zamanlar narazılığa səbəb olan, sosial şəbəkələrdə də çox müzakirə edilən məsələlər barədə açıqlama verib. A.Bayramov bildirib ki, bədəninin müəyyən orqanı amputasiya olunmuş şəxslərin guya təkrar müayinə edildiyi barədə bəzən əsassız fikirlər səslənir. Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar. Sədr bildirib ki, əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib:

“Əlillik” altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb", - A.Bayramov deyib. 2021-ci ilin ötən dövründə artıq 50 minə yaxın şəxsə əlillik təyinatı həyata keçirilib. Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilir. Göndərişin kimə aid olduğu və hansı tibb müəssisəsindən göndərildiyi bilinmədən, həkim-ekspertlər tərəfindən tam obyektiv və şəffaf şəkildə qərarlar qəbul edilir. A.Bayramov Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsinə də xüsusi qayğı və həssaslıqla yanaşıldığını deyib: "Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri operativ şəkildə yerinə yetirilir. İlk növbədə Komissiya üzvləri tərəfindən hərbi qulluqçuların əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən şəhadətnamələr (xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə) təqdim olunur və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Yekun mərhələ kimi əlilliyin qiymətləndirilməsi aparılır. Ötən dövrdə Vətən müharibəsinin artıq 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir", - deyə A.Bayramov bildirib.

Bəzi KİV və sosial şəbəkə səhifələrində heç bir rəsmi məlumata istinad edilmədən, guya, “200 min şəxsin əlilliyinin ləğv edildiyi, pensiyasının kəsildiyi” kimi tamamilə əsassız olan, yanlış ictimai rəy yaratmağa yönələn fikirlər isə əlillik təyinatlarının şəffaflaşdırılması tədbirlərini gözdən salmağa, həssas qrupların adından manipulyasiya edərək onlarda aidiyyəti quruma qarşı inamsızlıq yaratmağa xidmət edir:

“Əlilliyə görə sosial ödənişin kəsilməsi halı heç bir halda baş verməyib və hazırda da belə hal mövcud deyil. Həmin sosial ödənişlər əlillik müddəti ərzində verilir və əlillik müddəti bitdikdə həmin sosial ödənişin təyinat müddəti də bitmiş olur. Ona görə də əlilliyi olan şəxs əgər onun əlilliyi müddətlidirsə, əlillik müddətinin nə zaman bitdiyini bilməli və göndərişin həmin vaxtdan e-sistemə daxil edilməsi üçün lazımi tbbi sənədlərini vaxtında toplamalıdır". A.Bayramov qeyd edib ki, bir sıra hallarda qazilər əlillik qruplarını dəyişmək üçün müraciət edir. Belə müraciətlərə hərbi komissiyada baxılır: "Proses tam şəffaf aparılır. Müxtəlif təşkilatların nümayəndələri də iştirak edir. Orada qaziyə əlillik dərəcəsinin hansı meyarlara əsasən təyin edildiyi barədə məlumat verilir. Əgər səhhətlərində ağırlaşmalar varsa, təbii ki, qrupu dəyişdirilir. Elektron qiymətləndirmə aparılarkən səhv ola bilər, amma hərbi komissiyada əyani olaraq təyin edilir. Burada əlillik dərəcəsinin yanlış təyinatı ehtimalı çox azdır".

"Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev isə bildirdi ki, problemin kökü ƏƏSMN-də deyil. Nazirlər Kabinetindədir:

- 2015-ci ildə ƏƏSM naziri vəzifəsində olan Səlim Müslümov əlillik dərəcəsi təyin ediləcək xəstəliklərin siyahısından bir çox xəstəliklərin adını çıxararaq yeni siyahını Nazirlər Kabinetinə təqdim edib. Milli Məclis də 2016-cı ildə bu siyahını müzakirə aparılmadan təsdiqləyib, qəbul edib. Problem də hazırda buna görə yaranır. Hansısa əlil pensiya üçün müraciət edəndə ona bildirilir ki, sistemdə bu xəstəlik yoxdur. Əlil də faktiki pensiya təyinatından məhrum qalır. Hazırda bizə əlillik dərəcələrinin təyini ilə bağlı xeyli müraciətlər edilir. Nəinki amputasiyası olmayan qazilər, başqa, müxtəlif yaralar almış şəxslər, ayağı amputasiya edilmiş qazimizin pensiyası kəsilib. Birinci Qarabağ müharibəsində döyüşmüş qazidir, 28 il əvvəl ayağı amputasiya edilib. II qrup əlildir. Amma pensiyası kəsilib. Deyir, Tibb Ekspertizaya müraciət edirəm, cavab verirlər ki, adın sistemdə yoxdur. Bu necə ola bilər? Elə qazimiz var, 8 aydır pensiya almır.

A.Əliyev qeyd etdi ki, birliyə daxil olmuş şikayətlər əsasında ƏƏSMN-ə müraciət edilib, siyahı təqdim olunub: - Biz əlimizdə olan siyahını nazirliyə təqdim etmişik. Ümid edirik ki, qısa zamanda problem həllini tapacaq, pensiya almaq haqqı olanlar da özlərinə çatacaq pensiyanı alacaqlar:

- Problemin köklü həllini istəyirlərsə, Milli Məclisin 2016-cı ildə qəbul etdiyi qanuna düzəlişlər edilməlidir. Düzəlişlər qəbul olunanadək və icraya yönələdək də, əlillərə əvvəlki qayda ilə pensiyalar ödənməlidir. Çünki bu insanlar faktiki təminatsız qalıb.




Paylaş:


Müəllif : Tarix:
20-11-2021, 11:07
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər