reklam
Regionxeberlericom.az » Gündəm » Həbsdə ölən vəzifəli şəxslər - SİYAHI

reklam

Həbsdə ölən vəzifəli şəxslər - SİYAHI


Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov bu gün həbsxanada dünyasını dəyişib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən bildirilib ki, Z.İsmayılov müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkib, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib. Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib. O 2018-ci ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilib.

RegionXəbərləri.com Yeniavaz.com-a istinadən həbsdə dünyasını dəyişən vəzifəli şəxsləri təqdim edir:

1. Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 2021-ci il 8 sentyabrda koronavirus səbəbindən dünyasını dəyişib. 19 dekabr 2019-cu ildə Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. 7 avqust 2019-cu ildə Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

2. Koronavirusa yoluxduqdan sonra cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş sabiq deputat Rafael Cəbrayılov 30 sentyabr 2021-ci ildə dünyasını dəyişib. Onun barəsində öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə CM-nin müvafiq maddələri ilə 2 aprel 2021-ci ildə həbs qətimkan tədbiri seçilib. İntensiv istintaq aparıldığı müddətdə həbsdə vəfat edib.

3. “Azərxalça”nın sabiq sədri Vidadi Muradov 5 noyabrda xərçəng xəstəliyindən dünyasını dəyişib. 9 yanvar 2021-ci ildə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. 1 noyabr 2021-ci ildə isə səhhətindəki problemlərlə bağlı həbsdən ev dustaqlığına buraxılıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirildiyi vaxtda dünyasını dəyişib.

4. 29 noyabr 2021-ci ildə Naxçıvanın həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov dünyasını dəyişib. 7 mart 2016-cı ildə Naxçıvanda saxlanılan V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. May ayının 14-də isə yenidən məhkəmənin qərarı ilə V.Ələsgərov barəsində həbs qətimkan tədbiri seçilib. Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunub. 24 iyun 2016-cı ildə məhkəmə onu vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz dinləmədə təqsirli bilərək 14 il müddətinə azadlıqdan məhrum edib.

13 avqust 2020-ci ildə Azərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsi ilə bağlı aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub. Həbs olunan sabiq səfirin səhhətinin ağır olduğu bildirilir. Bu barədə onun qızı “Facebook”da status paylaşıb. O, atasının səhhəti və günahsız olması ilə bağlı prezidentə və birinci xanıma müraciət ünvanlayıb. E.Həsənovun işi ilə bağlı növbəti məhkəmə prosesi dekabrın 10-da keçiriləcək.

Qeyd edək ki, müxtəlif səbəblərdən həbs olunan məmurlardan bəzilərinin məhkumluq həyatı isə hələ də davam edir:

1. Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında sabiq başçı İsmayıl Vəliyev barəsində 20 fevral 2020-ci ildə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 29 oktyabr 2021-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

2. 4 fevral 2021-ci ildə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

3. 8 mart 2021-ci ildə Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov mənimsəmədə ittiham olunaraq məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 18 iyun 2021-ci ildə 11 il müddətinə azadlıqdan məhrum edilib.

4. 3 avqust 2021-ci ildə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. O, CM-nin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunub. Eldəniz Səlimov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

5. Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov 19 dekabr 2019-cu ildə DTX-nin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb. O, icra başçısı işlədiyi müddətdə dövlət büdcəsini talamaqda, işsiz vətəndaşların ictimai işlərə cəlb edilməsi üçün ayrılan külli miqdarda əmək haqlarını ələ keçirməkdə və s. işlərdə günahlandırılıb. 30 sentyabr 2021-ci ildə 7 il 3 ay azadlıqdan məhrum edilib.

6. 21 fevral 2020-ci ildə Neftçala rayon icra başçısının müavini Gültəkin Sadıqovanın xidməti otağında məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb. Onun barəsində iltizam qətimkan tədbiri seçilib və tutduğu vəzifəsindən azad olunub. Gültəkin Sadıqova 29 oktaybr 2021-ci ildə məhkəmə zalında 6 il 6 ay azadlıqdan məhrum edilib.

7. Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva 5 noyabr 2021-ci ildə həbs edilib. A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd) maddələri ilə təqsirləndirilir. İstintaq davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
10-12-2021, 10:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər