reklam
Regionxeberlericom.az » Gündəm » Bakı Xoreoqrafiya Akademiyasında ara qarışıb - Kollektiv mədəniyyət nazirinə açıq məktubla müraciət etdi...

reklam

Bakı Xoreoqrafiya Akademiyasında ara qarışıb - Kollektiv mədəniyyət nazirinə açıq məktubla müraciət etdi...





Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Anar Kərimova

Açıq məktub

Hörmətli Anar müəllim,

Əvvəla, bizim 17 oktyabr tarixli açıq məktubumuza müəyyən reaksiya verməyinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Biz, Bakı Xoreoqrafiya Akademiyasının bir qrup əməkdaşı akademiyanın indiki rəhbərliyi tərəfindən təqib edilməyimizə görə bu məktubda öz adımızı təhlükəsizlik səbəbindən qeyd edə bilmirik. Buna görə də Sizdən ayrıca üzr istəyirik. Bakı Xoreoqrafiya Akademiyasının müəllim heyətinin Sizə ünvanlanmış 2021-ci ilin 29 oktyabr tarixli məktubunda guya bizim Sizə ünvanladığımız məktubu təkzib edib, bizi səhv çıxarmaq istəyi inanın ki, heç zaman baş tuta bilməz. Biz məktubumuzda konkret dəlillər gətirmişik. Amma tez-tələsik yazdığı “məktubla” öz savadını və Azərbaycan dili üzrə biliklərini ortaya qoyan Lalə Zöhrabbəyova 25-30 ilin müəllimlərini aldadıb, yazılmış məktuba məcburən imza atdıraraq, onların elmi və fəxri adlarına çox böyük hörmətsizlik etmişdir. Bizdə səhv axtaran və Bakı Xoreoqrafiya Akademiyasının təkzib məktubunu yazan L. Zöhrabbəyova bəyəm bilmir ki, “xoreoqrafiya” sözü “q” hərfi ilə, “fədakar” sözü “f” hərfi ilə, “Azərbaycan” sözü böyük hərflə, “rəqs” sözü “ə” və “q” hərfləri ilə, “təkzib” sözü “k” hərfi ilə, “Azərbaycan Respublikası” söz birləşməsində “Respublika” sözü böyük hərflə, fəxri adlar böyük hərflə, “Baletmeyster sənəti” söz birləşməsində “sənət” sözü “t” hərfi ilə, “müdir” sözü “i” hərfi ilə yazılır? Lalə xanım bəyəm bilmir ki, Azərbaycan Respublikasında “əməkdar işçi” fəxri adı, Akademiyada isə “həmkarlar ittifaqının sədri” və “tam orta pilləsinin xüsusi fənlər üzrə direktor müavini” vəzifələri yoxdur? Bunları bilməyən, belə kobud səhvlərə yol verən şəxs “yeni rektorun” PR-meneceri və ümumiyyətlə, müəllim vəzifəsində necə çalışa bilər?

Cənab Nazir,

Siz həmin savadsız məktubda imza atanların siyahısına bir nəzər yetirin. Orada heç inzibati və texniki-köməkçi heyət üzvlərinin imzaları varmı? Sizin rəhbərliyiniz altında fəaliyyət göstərən bir nazirliyin tabeliyindəki akademiyada bu cür savadsız cavab məktubu yazan biriləri varsa, orada baş verənləri təsəvvür etmək heç də çətin deyil. Biz əminik ki, həmin qondarma məktuba imza atanların 80 faizi hədə-qorxu altında öz imzalarını atıb, yaxalarını qurtaranlardır. Arada yalvar-yaxar edib gəzən, canfəşanlıq edib bizim Açıq məktubumuzu təkzib etmək istəyən insanlar sözdə nizam-intizam, əslində isə xaltura üçün fürsətdən istifadə etmək istəyənlərdir.

Cənab Nazir,

Sizə göndərilmiş 29 oktyabr tarixli təkzib məktubu, nazirliyi akademiyada mövcud problemlərdən yayındırmaq məqsədi güdür. Ona görə yeni dəlillər və yeni faktlar aşkarladığımız səbəbindən 17 oktyabr tarixli məktubumuzu Sizə yeni redaktədə əlavələrlə bir daha ünvanlayırıq. Nəzərinizə çatdırırıq ki, aşağıda gətirilmiş məktub həm də Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdirinə göndərilib.

Hörmətli Anar müəllim,

Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, sonra isə rektor vəzifələrini müvəqqəti icra etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən təyin olunan Azərbaycan Respublikasının Əməkdar artisti Nailə Məmmədzadənin elementar olaraq ana dilində səlis danışa bilməməsi, magistr təhsilinin olmaması, ali təhsilin səviyyələri üzrə tədrisin təşkilindən, təhsil müəssisəsi idarəçiliyindən xəbəri olmaması, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Nailə Məmmədzadənin rektor təyin edilməsi barədə müvafiq sərəncamın olmamasına baxmayaraq, akademiyanın saytında özünü rektor kimi təqdim etməsi kimi hal və dəlillər varkən, onun rektor vəzifələrini icra etməsi nə qədər məqsədəuyğundur? Bununla yanaşı, şəxsən Sizin adınızdan istifadə edərək, “Mən nazirin adamıyam” deyən Nailə Məmmədzadənin birbaşa rəhbərliyi, onunla əlbir olaraq heç bir idarəçilik təcrübəsi olmayan akademiyanın digər rəhbər işçiləri, o cümlədən akademiyanın dekanı, ibtidai, orta və ali xoreoqrafiya təhsili olmayan və özfəaliyyətin yetirməsi olan Əməkdar artist Sənan Hüseynli, bir vaxtlar Bakı Musiqi Akademiyasının uğursuz kadrlarından olan, bir müddət xoreoqrafiya akademiyanın tədris şöbəsinin müdiri, indi isə tədris işləri üzə prorektorun vəzifələrini icra edən Yeganə Tapdıqova, kollecin direktoru Tahir Eynullayev və daha bir neçə əməkdaşın iştirakı ilə akademiyanın professor-müəllim, inzibati və texniki-köməkçi heyətlərinin bir sıra nümayəndəsinə qərəzli, insan hüquq və azadlıqlarına zidd münasibəti davamlı olaraq açıq-açığına nümayiş etdirilir. Mütəmadi olaraq iclas adı ilə toplantılara çağırılan əməkdaşların üstünə hücum çəkilir, öncəki rəhbərliklə çalışan əməkdaşlar Nailə Məmmədzadənin rektor seçildiyi gün əsassız olaraq Əmək Məcəlləsinin ən xoşagəlməz maddələri ilə işdən azad olunacaqları ilə hədələnir. Bununla yanaşı, illər boyu əməkdaşların onsuz da kiçik olan əmək haqları bir az da azaldılaraq, rəhbərlikdə təmsil olunan şəxslərin rəfiqə, qohum və dostları qismində yeni təyin olunananların məvaciblərinə iki, üç və hətta dördqat həcmdə əlavə olunur. Onu da qeyd edək ki, bizim, Mədəniyyət Nazirliyinə ünvanladığımız açıq məktubumuza akademiyanın tam orta təhsil pilləsinin müəllimi Lalə Zöhrabbəyova (Əliyeva) savadsız bir cavab məktubu yazıb, bir çox müəllimi həmin məktuba imza atmağa məcbur edərək, Nazirliyi çaş-baş etmişdir. Nailə Məmmədzadənin göstərişi ilə isə həmin savadsız məktuba imza atan bütün müəllimlərin hesablarına külli miqdarda mükafatlar köçürülmüşdür. Bunu yoxlamaq çox asandır. Maliyyə yoxlaması aparılsa bunu açıq-aydın görə biləcəksiniz. Ədalət prinsipini pozaraq, indiki rəhbərlik xüsusi maraq çərçivəsində illərlə təhsilə və sənətə can qoyan müəllimlərin dərs saatlarını kəsərək, onları yenicə ali təhsil müəssisələrini bitirmiş akademiyanın laborant və operatorları arasında bölüşdürür.

Beləliklə, akademiyanın indiki rəhbərliyi uzun illər boyunca çalışan əməkdaşları işdən çıxmağa vadar edir, buna nail olmadıqda isə hər hansı bir əsassız bəhanə ilə əmək müqavilələrinə xitam verir. Ümumiyyətlə, əməkdaşlar hər gün əmək müqavilələri üzrə kadrlar şöbəsinə çağırılaraq, onların ixtisası, peşəsi və nailiyyətləri nəzərə alınmadan Nailə Məmmədzadənin xoşuna gəlməmələri səbəbindən işdən çıxmaq ərizələri yazmağa məcbur edilir. Akademiyada çalışan texniki-köməkçi heyət, ələlxüsus da xadimələr, himayələrində xəstə, əlil şəxslər, eləcə də şəhid övladları olmasına baxmayaraq əsassız səbəbə incidilir və təhqir edilir. Üstəlik, hər bir əməkdaşın haqqı olan həmkarlar komitəsinə ayrılan pul vəsaitləri Nailə Məmmədzadənin şəxsi maraqları üçün hələ rektor olmadan rektor kabinetinə yerləşib onun interyerinə və qab-qacağına xərclənmişdir. Əmək Məcəlləsində nəzərdə tutulmuş 8 saatlıq iş günü çərçivəsində laborant və operatorlara şişirdilmiş dərs yüklərinin verilməsi və bundan irəli gələn maliyyə pozuntuları, eyni zamanda tədris işləri üzrə prorektor vəzifəsini icra edən Yeganə Tapdıqova, tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov, eləcə də kollecin direktoru Tahir Eynullayevin iş günü ərzində akademiyada cəmi 2-3 saat işdə olması və başqa təhsil müəssisələrində digər işlərlə məşğul olmaları Bakı Xoreoqrafiya Akademiyasında təlim-tərbiyə və tədris prosesinin kobudcasına pozulmasına gətirib çıxarıb.

Sual yaranır: ikili standartlar işlədib, qərəzli məqsədlərlə akademiyada uzun illər çalışan adlı-sanlı professor-müəllim heyətinin gediş-gəlişini dəqiqəbədəqiqə izləyən şöbə müdiri başda olmaqla bəzi “seçilmiş” əməkdaşların işə istədikləri vaxt gəlib-getməsi nə qədər düzgündür? Təlim-tərbiyə və tədris prosesi ikinci plana keçərək, bugünkü akademiya qladiator döyüş meydanlarını xatırladır. Özünü rektor və bədii rəhbər adlandıran şəxs digər əməkdaşlara təkəbbürcəsinə yuxarıdan aşağı baxır və imkan yarandıqca onları hədələyib təhqir edir. Çox böyük təzaddır ki, bir neçə ay müddətində tədris şöbəsinin müdiri vəzifəsində uğursuz fəaliyyət göstərən Yeganə Tapdıqova, üstəlik akademiyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdur. Bununla belə, o, rüşvətxorluq səbəbindən Bakı Musiqi Akademiyasından qovulan, hazırda isə BXA-da elmi katib vəzifəsində çalışan Həbibə Məmmədova ilə əlbir olaraq, diplomlu, uzunillik təcrübəsi olan, ali təhsilli və elmi dərəcəsi olan əməkdaşlara qarşı repressiyalar təşkil edir, onların işdən çıxarılmasına şərait yaradır, əvəzinə isə pul müqabilində boşalan vəzifələrə yeni savadsız kadrlar təyin olunur.

Bununla yanaşı, akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru Elmira Pənahovanın Elmi Şurada və tələbələrlə görüşdə səsləndirdiyi “bizə elm lazım deyil” sözləri yalnız heyrət doğurur. Cari ilin may ayında ciddi komissiya nəzarəti altında akademiyaya qəbul olunan şagirdlərin guya çəki alması bəhanəsi ilə onların valideynlərindən gimnastika üzrə hazırlıqlara 50 manat məbləğində pulun tələb edilməsi, ən dəhşətlisi isə sinif yoldaşları qarşısında uşaqların “əyrisən”, “qüsurlusan” və buna bənzər sözlərlə təhqir edilməsi XXI əsrdə, dövlətin hər vətəndaşa verdiyi yüksək dəyərlər şəraitində yolverilməzidir. Bununla yanaşı, Nailə Məmmədzadənin doğma bacısı Tamilla Məmmədzadə işə qəbul edilərək guya onun dərs dediyi tələbələrin bir çoxunun tədris proqramından geri qalması səbəbindən tələbə telefonlarına əlavə dərslər üçün hər birindən 20 manat tələbi mesajları biabırçılıqdan başqa bir şey deyil.

Ən dəhşətlisi, İncəsənət fakültəsinin dekanı Sənan Hüseynlinin müəllimlərə jurnalda qeydlər aparmaq qadağası və bu qeydlərin özü tərəfindən aparılacağı bəyanatı, eyni zamanda sərbəst işlərin hər biri üçün 20 manatdan yığılması müasir Azərbaycan təhsil sisteminə təhdiddən başqa bir şey deyil. Bununla yanaşı, bu yaxınlarda cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Əməkdar artist” fəxri adı ilə təltif edilən Elizbar Osmanovun avtomobillə vurulmasına şərait yaradan, onun akademiya tələbələri tərəfindən döyülməsi faktının dekan Sənan Hüseynli tərəfindən ört-basdır edilməsi yalnız hiddət doğurur. Dekan və tələbələrə töhmət vermək əvəzinə, həyat yoldaşının hüquqşünas olması ilə öyünən Nailə Məmmədzadə bu faktın da işıq üzü görməməsi üçün əlindən gələni etdi. Bakalavr pilləsində təhsil alan, həm tələbə-şagird heyəti, həm də bütün akademiyaya üçün təhlükə yaradan 2 kurs tələbəsinin şizofrenik-manyakal hərəkətlərinin ört-bastır edilməsi də xüsusi olaraq narahatlıq yaradır. Tələbələr və valideynlər tərəfindən rektorluğa və dekanlığa dəfələrlə məlumat verilsə də, məsələ açıq və nəticəsiz qalmışdır.

Ümumiyyətlə, tələbə kontingentinin incidilməsi faktları hər gün daha çox geniş vüsət alır. Dekanalıqda çalışan tyutorların rüşvətxor fəaliyyətinə də göz yumulur. Digər tərəfdən, təhsil və mədəniyyətdə çoxillik təcrübəsi olan fəxri adlara layiq görülmüş və elmi dərəcələri olan kafedra müdirləri və vaxtılə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümunəvi Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmış, beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Çingiz Bağırov və onun rəhbərlik etdiyi şöbədə çalışan əməkdaşlar öz xoşu ilə işdən azad olunmaları barədə ərizə yazmaları üçün bu gün daha kəskin şəkildə incidilir və hədələnir. Bu ona dəlalət edir ki, bütün bu vəzifələr artıq satılıb və öz yeni “sahiblərini” gözləyir. Nailə Məmmədzadə özünün növbəti hədə-qorxu ilə dolu nitqində “istəmədiyim adamları itirəcəyəm” ifadəsini açıq-açığına bəyan edib.

Respublikada demək olar ki, qrim müəllimliyi üzrə yeganə yüksək ixtisaslı kadr olan və 35 ilə yaxın yorulmadan bir neçə nəsil balet və ansambl artistinin yetişməsində bilavasitə iştirak edən müəllim Sevda Səmədovanın orta ixtisas təhsil pilləsindən uzaqlaşdırılması bu sahədə atılmış ən kobud səhvlərdən biridir. Akademiya Qafqaz regionunun unikal təhsil müəssisələrindən biridir. Burada çoxpilləli təhsil sistemi hər bir pilləyə xüsusi diqqət tələb edir, lakin təəssüflər olsun ki, akademiyanın indiki rəhbərliyi ümumtəhsil və nəzəri fənlərə demək olar ki, diqqət yetirmir. Bu isə xoreoqrafiya sahəsində savadlı və yüksək ixtisaslı kadrların yetişməsinin qarşısını alır. Belə ki, bir müddət akademiyanın dekan müavini işləmiş, hazırda isə pedaqoji fəaliyyətlə məşğul olan Əməkdar artist Eteri Cəfərova heç nəyə məhəl qoymur. Nailə Məmmədzadənin rəfiqəsi olduğundan sui-istifadə edərək, dərslərə gəlmir, ixtisasına uyğun olmayan fənlər aparır və bu yaxınlarda məlum olduğu kimi, il ərzində tədris etdiyi “modern rəqs” fənnini düzgün tədris etməyərək, tələbələri, bilik və bacarıqlarının inkişaf edilməsi baxımından xeyli geri salmışdır. Dekan Sənan Hüseynli Eteri Cəfərovanın işə gəlməməyini məharətlə gizlətdiyinə görə bu barədə birbaşa Nailə Məmmədzadənin qəbuluna düşərək öz narazılığını bildirmək istəyən tələbələr qəbula buraxılmayıb, əksinə tələblər üçüncü şəxslər tərəfindən təhqir olunaraq, guya davamiyyət problemləri ucbatından imtahana buraxılmayacaqları ilə hədə-qorxuya məruz qalıblar. XXI əsrdə tələbələrin istək və tələbatlarının ən uca tutulduğu dövrdə belə bir münasibətin hökm sürməsi orta əsrlərin cəhalət dövrünü xatırladır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin hər bir məmura etdiyi tapşırığa zidd olaraq, rəhbərliyin qəbul günlərinin olmaması və inzibati, professor-müəllim və şagird-tələbə heyəti nümayəndələrinin rəhbərlik tərəfindən qəbul edilməməsi, qapıdan qovulması, qəbul edilən əməkdaşların isə vulqar söyüşlərlə təhqir olunaraq alçaldılması kimi faktlar bizi, təkcə Azərbaycan vətəndaşı kimi, narahat etməyə bilməz. Nailə Məmmədzadənin vəzifələrə gətirdiyi adamlar iş qala-qala, yalnız kimlərinsə işdən çıxarılacağı məsələlərini müzakirə edir, müəssisədaxili iğtişaşlar yaradırlar.

Cənab nazir,

Biz sivil cəmiyyət, hüquqi və demokratik dövlət şəraitində yaşayırıq. Yuxarıda qeyd olunan qanunsuz və heç bir çərçivəyə sığmayan hərəkətlər Azərbaycan Respublikasında uğurla həyata keçirilən təhsil və mədəniyyət siyasətinə kölgə salır və bu sahədə inkişafa mənfi təsir göstərir. Təsəvvür edin ki, bu hadisələr hələ ki, Nailə Məmmədzadənin rektor təyin olunmadığı şəraitdə cərəyan edir. Onun rektor təyin olunduğu günün səhəri baş verəcək hadisələri təsəvvür etmək çox da çətin deyil. Azərbaycanda daha peşəkar və sənətdə öz sözünü demiş mütəxəssislər varkən, rektor vəzifəsinə Nailə Məmmədzadənin təyin olunması nə qədər düzgündür? Prima-balerina, Prezidentin fərdi təqaüdçüsü, "Qızıl Dərviş" və "Zirvə" mükafatları laureatı Azərbaycan Respublikasının Xalq artisti Mədinə Əliyeva, uzunillik və zəngin sənət təcrübəsi olan, 6 il müddətində Bakı Xoreoqrafiya Akademiyasının Xarici əlaqələr üzrə prorektor vəzifəsində uğurlu fəaliyyət göstərən, Prezident mükafatçısı, Prezidentin fərdi təqaüdçüsü, “Humay” mükafatı laureatı, beynəlxalq aləmdə böyük nüfuza malik və Azərbaycan milli rəqsini dünyada ən yüksək səviyyədə təbliğ edən, eyni zamanda klassik rəqsi mükəmməl bilən, Azərbaycan Respublikasının Xalq artisti, dosent Təranə Muradova, Azərbaycan Respublikasının Xalq artisti, Prezidentin fəxri mükafatçısı, “Qızıl dərviş”, “Zirvə” və “Humay” mükafatları laureatı, səhnə fəaliyyəti dövründə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının prima-balerinası, hazırda isə teatrın balet truppasının bədii rəhbəri, dosent Kamilla Hüseynova, Prezident mükafatçısı, Azərbaycan Respublikasının Xalq artisti, peşəkar balet ustası və Azərbaycan balet səhnənin premyeri Gülağası Mirzəyev, müasir Azərbaycan milli rəqs səhnəsinin parlaq ulduzu, Prezident mükafatçısı, Azərbaycan Respublikasının Xalq artisti Rüfət Xəlilzadə, SSRİ Xalq artisti prima-balerina Leyla Vəkilovanın yeganə varisi, virtuoz balet artisti, Azərbaycan Respublikasının Əməkdar artisti Samir Səmədov və yüksək mədəniyyətə malik digər sənətkarlar olan yerdə müasir Azərbaycan xoreoqrafiya sənətinin taleyini digər şəxslərin ümidinə buraxmaq nə qədər düzgündür?

Biz, qeyd olunan məsələlərin həll olunması üçün Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını rəhbər tutaraq Sizə müraciət edirik. Müraciətimiz əsasında regionda və müsəlman Şərqində akademiya statusuna malik ilk və yeganə təhsil müəssisəsi olan Bakı Xoreoqrafiya Akademiyasında qanuna zidd hərəkətlərin aradan qaldırılmasını, hökm sürən özbaşınalıq və hərc-mərcliyə son qoymaq məqsədilə ölçü götürülməsini, müvafiq yoxlamaların aparılmasını, günahkarların cəzalandırılmasını və yüksək mədəni keyfiyyətlərə sahib, elm, təhsil və mədəniyyət sahəsində kifayət qədər böyük uğur və nailiyyətləri olmuş bir ziyalının Bakı Xoreoqrafiya Akademiyasına rektor təyin edilməsini Sizdən xahiş edirik. Öncədən təşəkkürümüzü bildirir və akademiyanın gələcək taleyinə biganə qalmayacağınızı ümid edirik. //Təzadlar.az /




Paylaş:


Müəllif : Tarix:
14-12-2021, 12:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər