reklam
Regionxeberlericom.az » Gündəm » “Azəriqaz” vicdana və qanuna QARŞI... - “Məni bağışla, amma səni öldürməliyəm”

reklam

“Azəriqaz” vicdana və qanuna QARŞI... - “Məni bağışla, amma səni öldürməliyəm”
















Bunu başa düşmək acı və təhqiredicidir, amma sərt reallıq budur: Azərbaycan vətəndaşları kommunal özbaşınalıqlara qarşı tamamilə acizdirlər - işıq, qaz, su hər an kəsilə bilər. Və heç bir yalvarış, şikayət və xahiş eşidilməyəcək. Bizim kommunal xidmətlər həmişə haqlıdır!

Və bu qurumlar son illər bu qanunsuzluğu abonentlərə qarşı bir növ “diqqətli və həssas” münasibətlə pərdələməklə, müəyyən yaşayış məntəqələrində, bəzən isə bütöv rayonlarda işıq, qaz, su olmayacağını əvvəlcədən KİV-də məlumatlandırmağa nail olublar. Heç kim eyni xidmətlərə - “Azərsu”, “Azəriqaz” və “Azərişıq”a ağlabatan sual verməyəcək: əslində bu məlumat bizə nə üçün lazımdır? Sənin xəbərdarlığınla çıraqdan çıxan cinin Ələddinə müraciəti eynidir: “Sən Allah məni bağışla, amma səni öldürməliyəm”.

Yayın qızmar havasında günlərlə kranından bir damcı su belə, çıxmayan vətəndaş nə etməlidir? Yaxud belə bir sual: “Azəriqaz”dan qışın soyuğunda gözlənilməz sürprizlə bağlı xəbərdarlıq eşidən ailənin atası balta ilə parka getməli, uşaqları donmasın deyə, oradan odun qırıb, mənzilində odun yandırmalıdır?..

Bəli, biz artıq bütün bu qanunsuzluqlara, cəzasızlığa öyrəşmişik, hər kəs bacardığı qədər başını girələməklə, vəziyyətdən çıxış yolu axtarır. Lakin kommunal xidmətlərin necə işləməyə davam etdiyinə görə, gələcəkdə biz keyfiyyətcə yeni səviyyəyə qaldırılmış, belə demək mümkünsə, getdikcə daha çox yeni sınaqlarla qarşılaşacağıq. Sonuncu “nou-hau” hələ də “Azəriqaz”a məxsusdur. Elə söhbət də elə onun haqqındadır...

Qanunlara, xüsusən də dövlət qurumlarına hörmət və əməl edilməlidir

Azərbaycan televiziya tamaşalarının birində qəhrəman dostuna həyatı başa salır: “Qanun teleqraf dirəyi kimidir. Onun üstündən tullanmaq boş fikirdir, ancaq onyn yanından keçə bilərsiniz”.

Görünür, bu üsul “Azəriqaz”ın funksionerləri üçün çox faydalı olub. Əks halda, abonentlərin qaz sayğaclarının şəklini çəkərək, limiti keçdiyinə görə artıq ödəniş etməmək üçün onları bu qurumun “WhatsApp”-ına göndərməklə bağlı yeni il macərasını necə izah etmək olar? Baxmayaraq ki, bu, artıq teleqraf dirəyinin yanından belə, yan keçmir. “Azəriqaz” sadəcə olaraq dirəyi kökündən kəsib.

Axı bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, o vaxtkı hökumətin başçısı Artur Rasizadənin imzaladığı 80 saylı Qərarının birbaşa pozulmasıdır. Məhz bu Qərarla “Qazdan istifadə qaydaları” təsdiq edilib. Belə ki, məhz bu qaydaların 5-ci fəslinin ("Qazın dəyərinin ödənilməsi şərtləri") 2-ci bəndində deyilir: "Qaz paylayıcı istehlakçıya verilən qazın dəyərini yalnız sayğac əsasında və istehlakçıya aylıq hesab-faktura təqdim etməklə (göndərmək) tam hesablamağa borcludur”.

Bundan əlavə, “Azəriqaz” hər bir abonentlə tərəflərin hüquq və vəzifələrini müəyyən edən müqavilə bağlayır. Və bu sənəddə abunəçinin qaz sərfiyyatı barədə quruma məlumat vermək öhdəlikləri haqqında bir sətir də yoxdur. Yəni biz adi insanlar sayğacımızın göstəriciləri barədə “Azəriqaz”ın nə dərəcədə məlumatlı olması ilə bağlı heç bir məsuliyyət daşımırıq. Məhz “Azəriqaz” yanvarın 1-nə keçən gecə abonentlərin xərclərinin sıfıra endirilməsini təmin etməyə borcludur.

Çətin işdir? Mümkün deyil? Bağışlayın, bunun bizə nə dəxli var? Bu işi boynunuza götürmüsünüzsə, buyurun, sona qədər icra edin. Limitlərlə bağlı qərar veriləndə bunu da düşünmək lazım idi. Təbii ki, ən asan seçim bunu abunəçilərin üzərinə atmaqdır. Amma yenə də bu, Nazirlər Kabinetinin Qərarının birbaşa və kobud şəkildə pozulmasıdır. Buna kim cavabdeh olacaq? Acı təcrübəmizə əsaslanaraq - heç kim! Yenə kiminsə çirkli əli sadə vətəndaşın cibinə girdi.

Yeni ildə “Azəriqaz”a nə arzulayaq?

Artıq “Azəriqaz”ın Yeni il sürprizinin qanuniliyini müzakirə etmişik. İndi gəlin, qaz işçilərinin bu addımına sırf insani tərəfdən baxaq.

Belə ki, “Azəriqaz” məmurlarının (bəlkə də baş direktoru Ruslan Əliyevin - yeri gəlmişkən, texnika elmləri doktorudur) dərin və müdrik planına görə, dekabrın 31-də saatın əqrəblərinin son zərbəsi ilə bütün ölkə əhalisi mobil telefonla silahlanaraq, qaz sayğaclarına hücum etməli idi - təbii ki, qədərindən artıq ödəmək istəmirlərsə və limiti sıfırlamaq istəyirlərsə. Baxın, “Azəriqaz”-dan olan bəylər yalnız yanvarın ilk 10 günündə abonentlərə baş çəkəcəklər. Axı yanvarın 4-dək Yeni ili qeyd edəcəklər, abunəçilərə vaxtları yoxdur. Yazıqlar yorulublar da, dincəlməlidirlər axı.

Və yalnız bundan sonra, yanvarın 5-dən etibarən bu bürokratik maxovik yavaş-yavaş hərlənməyə başlayacaq, diqqət edin - YAVAŞ-YAVAŞ. Tələsən yerləri yoxdur ki. Onlar kommunal xidmətlərdir! Hər şey və hər şey onlardan asılı olacaq, onlar isə heç kimdən!

Sizin mobil telefonunuz yoxdur? Vaxtında almaq, belə deyək, “Azəriqaz”ın şıltaqlığına hazırlaşmaq lazım idi. Üstəlik, bu, sadə mobil telefon deyil, elə bir telefon olmalı idi ki, bu qurğunun çəkdiyi fotoşəkillərə tarix qoyulsun. Kifayət qədər fırıldaqçılar var axı. “Azəriqaz” belə deyil, özü də düzgün təşkilatdır. Bəli...

Siz çox qocalmısınız və bütün bu proseduru sizin üçün etməyi xahiş edəcək kimsəniz yoxdur? Bu, sırf sizin probleminizdir. Məhz bu məqsədlə kimisə yaşayış sahənizə əvvəlcədən qeydiyyata salardınız.

“WhatsApp” istifadə etmirsən? Biabırçılıq! Sizə bu da azdır, indi cüzi pensiyanızdan qaz pulunu artıqlaması ilə ödəyin ki, növbəti Yeni ilə qədər xatırlayasınız!

Bu xəbərə indicə qulaq asmısınız, vaxtında eşitməmsiniz? Heç düşünmürdünüzmü ki, “Azəriqaz” öz vəzifəsinə bu qədər diqqətli və məsuliyyətli yanaşmaya bilər? Deməli, çox gec ayılmısınız. Bundan sonra çox ehtiyatlı olun. Axı bu, “Azəriqaz”dır...

Ümumiyyətlə, yekunlaşdıraq: əvvəldə qeyd etdiyimiz kimi, hər halda, bütün məsələlərdə məsuliyyətsiz abunəçi günahkardır. Bizim kommunal xidmətlər isə, bu dəfə konkret “Azəriqaz” çox məsum, dürüst, yumşaq və vicdanlıdır. Ona görə də gəlin yekdilliklə bütün “Azəriqaz” kollektivini yeni 2022-ci il münasibəti ilə təbrik edək. Biz isə onlara arzu edirik... Doğrudan da, o qədər böyük arzular var ki, onları seçmək çətindir, ədəbi dildə məqbul etik normalarla ifadə etmək daha çətindir. Yəqin ki, yenə də onlara vicdan diləyirik. Bəli, vicdan. Azərbaycan vətəndaşlarının bu məsum nökərlərinə, bu yorulmaz xəyalpərəstlərə onların çətin, mürəkkəb və kimsəyə hesabat verməmək işində vicdan çox lazımdır. Əlinizdə mobil telefonla növbəti nou-haunuzu gözləyirik! //AYNA.AZ//




Paylaş:


Müəllif : Tarix:
4-01-2022, 11:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər