reklam
Regionxeberlericom.az » Gündəm » Təhsil sistemində NƏLƏR BAŞ VERİR? - İLGİNC FAKTLAR

reklam

Təhsil sistemində NƏLƏR BAŞ VERİR? - İLGİNC FAKTLAR


















Azərbaycanda tədrisin distant mərhələsi başa çatsa da idarəetməsində “distant idarəetmə” mərhələsi çiçəklənmə dövrünü yaşayır. Təhsilin inkişafı naminə son illərdə bir çox islahatlar həyata keçirilib. Amma, dünya praktikasında heç bir analoqu olmayan daha bir yenilik hal-hazırda Azərbaycan təhsilinin üzərində təcrübədən keçirilir. 2021-ci ilin fevralında “ səhhətindəki problemlərlə əlaqədar öz ərizəsi ilə işdən ayrılan” Məhəbbət Vəliyeva hələ də Təhsil Nazirliyində mühüm nəzarət funksiyalarını qoruyub saxlayır, vəzifəyə adam təyin etdirir, ya da əksinə. Nazir müavini olduğu dövrdə paytaxt məktəblərinin mütləq əksəriyyətinə direktor təyin etdirdiyi “kadrları” yenə də ona hesabat verir, göstərişlər alırlar. M.Vəliyevanın “kurasiyasında” olan məktəblərə nazirliyin və BŞTİ-nin heç bir əməkdaşı yaxın dura, hətta «gözün üstə qaşın var» deyə bilməz.

Qısacası M.Vəliyeva bu gün hələ də “portfelsiz nazir müavini” statusunu qoruyub saxlayır. Aldığımız məlumatlara görə, bir çox sahələr hələ də onun nəzarətindədir, sırf onun kadrları tərəfindən idarə olunur. Bu sahələrə kimsənin, hətta nazirin belə müdaxilə etmək imkanları yoxdur. Zamanında Ramiz Mehdiyev klanının nümayəndəsi kimi “boz kardinal” tərəfindən vəzifəyə gətirilən M.Vəliyeva bu gün də patronları ilə sıcaq münasibətlər saxlayır, Elmlər Akademiyasının “yeni üzvlərindən” biri kimi fəallıq edir.

İddialarda M.Vəliyevanın bu gün təhsil sistemində təsiredici nüfuzunun saxlanılmasında sabiq naziri, hal-hazırda Xarici İşlər naziri postunu tutan Ceyhun Bayramovun böyük rol oynadığı söylənilir. Məhz onun “tapşırığı” “Məhəbbətin qüdrətinin” toxunulmazlığına şərait yaradır. Nazirlik içində nazirlik açan sabiq müavin xanım Vəliyevanın ambisiyaları bitib-tükənmir.

Paytaxt məktəblərinin mütləq əksəriyyəti hələ də onun nəzarətindədir. Aldığımız məlumatlıara görə, bu məktəblərdə adi yoxlamaların keçirilməsi belə nazirlik üçün müşkülə çevrilib. Çünki həmin məktəblərin “yoxlanılmasına” bilavasitə Məhəbbət Vəliyeva nəzarət edir. Həmçinin bu gün də direktorların, müavinlərin təyin edilməsində onun böyük imkanları saxlanılır. Hətta direktor təyinatında şəffaflığı, təmizliyi qorumaq üçün bu proseslərin Bakı şəhərində tanınmış hamam- spa mərkəzlərində baş tutduğu da söylənilir. Bəli, bəli, düz eşitdiniz. Biz kimlərinsə şəxsi «gigiyenasına» qarışmaq istəməzdik. Hətta adını çəkmək istəmədiyimiz, xətrini saxladığımız hörmətli şəxslərin də həmin hamamda Məhəbbət Vəliyevadan tapşırıqlar almasını iddia edənlər var. Bir halda Azərbaycan təhsilinin taleyi hamamlarda həll edilirsə, söhbət «təmizliyə» doğru istiqamətdədir. Nazirin “portfelsiz müavini” vəzifə təyinatlarını hamada aparır. Bax bu da sizə təhsil sistemində innovasiya, islahat, nə bilim hamam hamam içində, xəlbir saman içində, hamamın içində, içində və çölündə…

Belə bir məqamda haqlı olaraq bu tamaşaya meydan verənlərə, Azərbaycan təhsilinin növbəti rüsvayçılığına şərait yaradanlara sual ünvanlanır- əgər Məhəbbət Vəliyeva bu qədər əvəzolunmaz nazir müavini, təhsil xadimi idisə, onu niyə “səhhəti ilə əlaqədar” işdən azad edirdiniz? Bütün bu tamaşalara, şoulara niyə gedirdiniz? Əgər təhsil sektorunda əsas mövqelər Məhəbbət Vəliyevanın əlində qalacaqdısa Emin Əmrullayevi niyə yerindən-yurdundan edib odun içinə atırdınız? Adam öz sahəsində müəyyən uğurlara imza atırdı, onu niyə “portfelsiz nazirin” əməllərinə ortaq edir, şıltaqlıqlarının rəsmiləşdirilməsinə qol çəkdirirdiniz?

Öz evində, ailəsində doğru-düzgün idarəetmə yarada bilməyən, mal-mülk davasında günü məhkəmələrdə keçən birisinə təhsil sistemində bu qədər meydan vermək kimlərin maraqlarına xidmət edir? Amma yüz faiz bu nə dövlətin, nə də təhsilimizin maraqları deyil. Bu bilavasitə Dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanımın təhsil siyasətinə vurulan zərbədir. Bu təhsilin biznesə çevrilməsi, şəxsi maraqlara, ambisiyalara qurban verilməsidir. Bu Azərbaycan təhsilinə olan məhəbbətdən irəli gələ bilməz, bu sevginin, məhəbbətin bir ucu mübhəm bir qaranlığa, boşluğa uzanır. Bu qaranlıqda isə Azərbaycan təhsili məhv edilir. Böyük Məhəbbətlə…

Rubrika.Az





Paylaş:


Müəllif : Tarix:
8-01-2022, 10:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər