reklam
Regionxeberlericom.az » Gündəm » Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir - MƏHKƏMƏ

reklam

Kərəm Həsənovun bacısı onu aldadıb 2 milyon alan “falçı” ilə razılığa gəlir - MƏHKƏMƏ














Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan fala baxmaq adıyla 2 milyon pul alaraq, onu aldatmaqda ittiham olunan Şəfəq İsmiyeva və Ceyhun Zeynallının məhkəməsi yekunlaşmaq üzrədir. Prokuror Ceyhun Zeynallıya 13 il, Şəfəq İsmiyevaya isə 10 il 6 ay həbs cəzası verilməsini istəyib. Adları çəkilən təqsirləndirilən şəxslərdən Zeynallı həbsdədir, qadın isə ev dustaqlığındadır.

Bu iş üzrə zərərçəkmiş qismində Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb. O, ötən məhkəmə iclaslarından birində bildirib ki, dələduzluq nəticəsində dəymiş ziyandan – həyat yoldaşından alınan pullardan cəmi 293 min manat qaytarılıb.

RegionXəbərləri.com bizimyol.info-ya istinadən xəbər verir ki, yanvarın 19-da bu iş üzrə məhkəmə prosesi davam etdirilib. Məlum olub ki, təqsirləndirilən şəxslərdən Şəfəq İsmiyeva zərərçəkmiş tərəflə barışıq sazişi imzalamaq istəyir. Ağarzayevlər də bununla razıdır.

İsmiyevanın vəkili bildirib ki, müvəkkili ziyanı hissə-hissə ödəmək öhdəliyini üzərinə götürür. Qarşı tərəf də buna razıdır: “Biz notariusa getdik ki, müqavilə bağlayaq, lakin Şəfəq İsmiyevanın şəxsiyyət vəsiqəsi cinayət işinin materiallarında olduğuna görə alınmadı. Ona görə də vəsiqənin surətinə və məhkəmənin arayışına ehtiyac var ki, biz notariusa təqdim edək, müqavilə bağlayaq”.

Sənan Ağarzayev də bunu təsdiqləyib. O bildirib ki, Şəfəq İsmiyevanın valideynləri ayda 10 min manat ödəməyə söz veriblər.

Qeyd edək ki, bu məsələ zərərçəkmiş tərəfin təqsirləndirilən şəxsdən şikayətçi olub-olmamasının müəyyənləşdirilməsi baxımından önəmlidir.

Bu üzdən məhkəmə prosesi yanvarın 26-na qədər təxirə salınıb.

Şəfəq İsmiyeva və qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Ceyhun Zeynallı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur.

Əvvəl Şəfəq İsmiyeva da həbsdə idi. Sonradan o, ev dustaqlığına buraxılıb. Məhkəmə prosesi getdiyi dövrdə onun ikinci övladı dünyaya gəlib.

İttihama əsasən, Şəfəq İsmiyeva “İnstagram” səhifəsində falçılıq etməsi barədə elan yayıb. Özünü “Maya” kimi təqdim edib. İttihama əsasən, o, Rəna Ağarzayeva ilə danışıqlara başlayandan sonra ona deyib ki, problemlərinin həlli məsələsində Rusiyada yaşayan “Dmitri” adlı başqa bir falçının da köməyi lazım olacaq. İddia olunur ki, iki il ərzində hissə-hissə olmaqla Rəna Ağarzayevadan 1 milyon 998 min manat pul alınıb.

“Mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm”, - zərərçəkmiş Sənan Ağarzayev məhkəmədə belə deyib.

Şəfəq İsmiyeva əvvəlcə Xəzər rayonu, 1-ci polis bölməsində verdiyi ilkin izahatda bu cinayəti təkbaşına törətdiyini, Ceyhun Zeynallının xəbəri olmadığını deyib. Bölmədə bir gün saxlandıqdan sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Orada verdiyi ifadədə Ceyhun Zeynallı ilə əlbir olduqlarını deyib.

Məhkəmədə ifadəsində isə bildirib ki, Ağarzayevadan falçılıq adıyla 1 milyon 400 min manat pul alıb, bunun 800 minini Zeynallıya verib, 600 mini özünə qalıb. Başqa bir ifadəsində isə deyib ki, Ağarzayevadan aldığı pullardan özünə ancaq gündəlik xərclik və kirayə pulunu ödəmək üçün vəsait götürüb, qalan pulları Ceyhuna verib.

Ceyhun Zeynallı isə onun yalan danışdığını bildirir. Onun sözlərinə görə, Şəfəq bu cinayəti təkbaşına törədib, Rəna Ağarzayevadan aldığı pulların çoxunu da banklar vasitəsilə müxtəlif adamlara göndərib. Ceyhun Zeynallının vəkili banklara sorğu verilməsini və bu məsələnin müəyyənləşdirilməsini istəyib.




Paylaş:


Müəllif : Tarix:
20-01-2022, 09:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər