Bakı Dövlət Universiteti (BDU) rektorunun müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyev 8 il müddətinə azadlıqdan məhrum edildi. Uzun illər Abel Məhərrəmovla çalışan İsmixan Mirzəyevin bu addımı atamasının təfərrüatları məlum olub. Abel Məhərrəmov İsmixan Mirzəyev BDU-nun dülgər sexində şəxsi işlərini gördürürmüş.
RegionXəbərləri.com musavat.com-a istinadən xəbər verir ki, ötən ilin iyul ayının 27-də BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.
Müşavir Mirzə Mirzəyevi bıçaqlayan İsmixan Mirzəyev universitetdə suvaqçı-rəngsaz işləyirmiş. Müşavir onu öz kabinetinə çağıraraq artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İ.Mirzəyev müşaviri bıçaqlayıb.
Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqla yaralayıb.
İsmixan Mirzəyev ifadəsində deyib ki, 2010-cu ildən Bakı Dövlət Universitetinin Təchizat şöbəsində çalışıb. Həmin vaxt BDU-nun nəzdində fəaliyyət göstərən taxta sexini işlədib. 2011-ci ildən 2018-ci ilə qədər təsərrüfat şöbəsinin sürücüsü kimi çalışıb. Maaşı isə 410- 620 manat olub.
Onun sözlərinə görə 2019-cu ilin martında Abel Məhərrəmov BDU rəhbərliyindən çıxarılandan sonra kadrlar şöbəsi onu çağırıb ərizə yazmasını istəyib: “Dedilər ki, rəngsazlığa keçiririk, amma maaşına heç bir təsiri olmayacaq. Lakin aprel ayında kartıma 420 manat maaş yükləndi. Kadrlar şöbəsinə, rektorluğa dəfələrlə rəsmi müraciət etdim. Dedilər ki, maaşı yüksəltmək onların ixtiyarında deyil. Dəfələrlə Mirzə müəllimin qəbulunda olmuşam. Maddi durumumun pis olduğunu, yoldaşımın ağır şəkər xəstəsi, özümün açıq ürək əməliyyatı keçirdiyimi demişəm. Heç bir nəticə olmadı. Banklarda borclarım yaranmağa başladı”.
İsmixan Mirzəyev deyib ki, maaşının artırılacağına ümid etdiyi vaxtda işdən çıxması üçün ərizə yazması tələb olunub: “Sonuncu dəfə Mirzə müəllim yeni gələn işçilərdən biri ilə xəbər göndərdi ki, rəhbərlik ərizə yazıb işdən çıxmağımı istəyir. Çox pis oldum. Xəstəlik kağızları ilə birlikdə Mirzə müəllimin yanına getdim ki, mənə 5-6 ay vaxt versinlər, özümə iş tapım. Mirzə müəllim ayaqüstə meyvə yeyə-yeyə mənə “nə deyiblərsə, ona da əməl eləməlisən” dedi. Danışmağa imkan vermədi. Bıçağı götürərək Mirzənin üstünə getdim. Ona “məni pis vəziyyətdə qoydun” deyərək vurdum”.
Onun sözlərinə görə Mirzə Mirzəyev “Şahlar” deyə qışqırıb. Bu zaman da Şahlar otağa gəlib. O da Mirzə Mirzəyevin qarnından bıçağı çıxararaq Şahları vurub.
“Universitetdə ara qarışdı. Əlimdə bıçaq həyətə düşdüm. Taksiyə minib getdim. Yolda su alıb içəndən sonra da polisə gedərək təslim oldum”- deyə İsmixan Mirzəyev qeyd edib.
Zərərçəkmiş Mirzə Mirzəyev də məhkəmədə ifadə verib. O da dedikləri ilə özünə haqq qazandırmağa çalışıb.
Bildirib ki, 2019-cu ildən Bakı Dövlət Universitetində rektorun maliyyə məsələləri üzrə müşaviri vəsifəsində çalışır.
Onun sözlərinə görə həbs edilən İmsixan Mirzəyev ilk dəfə onun yanına gələrək Universitetdən 40 min manat alacağı olduğunu bildirib: “Cavab verdim ki, müvafiq təsdiqedici sənədləri mühasibatlıqdan gətirilməlidir. Lakin bu borcun qeyri-rəsmi borc olduğunu, əvvəlki rəhbər Abel Məhərrəmovun tapşırıqlarına əsasən gördüyü işlər üzrə yaranmış borc olduğunu bildirdim. Bundan başqa şəxsi sahədə gördüyü işlər üzrə də əlavə borclar var. İsmixan Abel Məhərrəmovu məhkəməyə verəcəyini, universitetin adının hallanacağını dedi.
Mən də bunun şəxsi işi olduğunu söylədim. Çünki universitetin bu məsələyə aidiyyəti yox idi. Sonra İsmixan ərizə ilə müraciət edərək rəhbərliyə bildirdi ki, əvvəlki rəhbərlik onu aldadaraq vəzifəsini dəyişib. Nəticədə əmək haqqı aşağı düşüb.
İsmixana bildirdim ki, yeni ştat vahidləri hazırlanır. Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra ümumi universitet üzrə bu məsələ həllini tapdıqda onun da məsələsi həllini tapa bilər. Əvvəlki dövrdə olan İsmixanın vəzifə dəyişməsi öz razılıq ərizəsi ilə qanuna uyğun həyata keçirilmişdi. Növbəti görüşdə isə İsmixan bildirdi ki, öz ərizəsi ilə fəhlə vəzifəsinə keçib. Lakin fəhlə kimi işləməyi özünə sığışdırmır. İsmixan 10 ildən çoxdur dülgər sexini işlədib. O zamankı rəhbərliyin həm şəxsi, həm universitet üçün lazım olan işlərini görüb. İndi də istəyirdi ki, eyni qaydada fəaliyyət göstərsin. Mən də rəhbərliyə məlumat verəcəyimi dedim. Amma söylədim ki, bütün hallarda dövlət müəssisəsinin nəzdində şəxsi sex işlədilməsi yol verilməzdir, qanunsuzdur.
İsmixan dedi ki, razılıq olmazsa, oradakı şəxsi alətlərini götürəcək. Bu vaxt söhbət gərginləşdi. Təhdidedici sözlər işlətdi. Dedi ki, öz nə edəcəyini bilir.
Sonuncu dəfə isə otağıma gələndə dedi ki, işdən çıxmasını istəyirlər. Mən də bu məsələdən xəbərsiz olduğumu dedim. Əlində kağızlar var idi. Kağızların arasında bıçaq gizlədibmiş. Birinci məni vurdu. Sonra da Şahları”
Mirzə Mirzəyevin ifadəsindən məlum olub ki, həmin gün universitetdə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanı keçirilirmiş. Buna görə də universitetin həyətində 2 təcili yardım maşını olub. Onları təcili yardımla xəstəxanaya çatdırıblar.
Məhkəmə araşdırması zamanı məlum olub ki, hər iki şəxs ismixan Mirzəyevi bağışlayıb.
Paylaş: