Artıq bir neçə aydır ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, həmin idarənin əməkdaşları Vüsal Ələkbərov, Yasin Məmmədov, Sahib Ələkbərovun işi üzrə Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi keçirilir. Məhkəmənin açıq keçirilməsinə baxmayaraq mətbuat nümayəndələrinin prosesi izləməsinə icazə verilmir. Bu səbəbdən jurnalistlər içəridə baş verənlər barədə məhkəmənin çölündə zərərçəkənlərdən və onların vəkillərindən məlumat almalı olurlar.
Bakupost.az virtualaz.org-a istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmə dinləmələrində zərərçəkmiş Əfsəl Həsənəliyevin qanunsuz həbsi, ondan rüşvət tələb olunması və alınması epizodu üzrə şahidlər dindirilib.
Xatırladaq ki, Əfsəl Həsənəliyev və biznes ortaqları Çindən Gürcüstana pirotexniki vasitələr idxal edib.
Lakin həmin malı orada sata bilməyəndə onu leqal yollarla Azərbaycan üzərindən İrana aparmağı qərara alıblar, çünki İranda pirotexniki vasitələrin satışı ilə bağlı hər hansı qadağa yoxdur. Lakin MTN əməkdaşları bundan xəbər tutaraq malı “Qırmızı körpü” gömrük postunda “qaçaqmal” adı ilə zorla ələ keçirib, Həsənəliyevi və digərlərini isə tutublar. Dəyəri 600 min manatdan çox olan həmin pirotexniki vasitələr sonradan Azərbaycanda satdırılıb və pulları M.Şıxəliyevə çatdırılıb.
Fotoda Yasin Məmmədov
Yasin Məmmədov barmağı ilə “1” işarəsi göstərir, bu 100 min demək idi...
Əvvəlcə şahid qismində vəkil, Ə.Həsənəliyevi MTN-də həbsdə olarkən müdafiə edən Arif Həbibzadə ifadə verib.
“2013-cü ilin sentyabrında Əfsəlin həyat yoldaşı zəng vurub dedi ki, MTN əməkdaşları onu tutublar. Ertəsi gün Bakıya gəlib MTN-ə getdim. İstintaq qrupunun rəhbəri Yasin Məmmədova orderi təqdim etdim, cinayət işinin başlanması haqqında qərarın surətini aldım. Yazırdılar ki, Əfsəl Həsənəliyev, Cahangir Məmmədov, Orxan Abdullayev, Məcid Anqubazov və digərləri Gürcüstandan qaçaqmalçılıq yolu ilə külli miqdarda pirotexniki məmulatları Azərbaycan ərazisinə keçiriblər” - şahid ifadəsində belə deyib.
Fotoda zərərçəkən Əfsən Həsənəliyev
Şahidin ifadəsinə görə, istintaq hərəkətləri zamanı Yasin Məmmədov onun yanında bir neçə dəfə Ə.Həsənəliyevdən pul istəyib, barmağı ilə “1” işarəsi göstərib. Vəkil “10 min istəyirsiniz?” deyə soruşub. Y.Məmmədov isə “1-in yanına beş sıfır qoy, cənab nazirin göstərişidir, MTN-də 100 mindən aşağı pul alınmamalıdır” - deyə cavab verib.
“Dedim, 100 min nədir, Əfsəlin heç 100 dənə biti də yoxdur. Əfsələ də dedim ki, bunlara rüşvət vermə, hərəkətləri qanunsuzdur. Əfsələ təzyiq göstərdilər, məndən imtina etdirdilər. Özlərinin təqdim etdikləri vəkili Əfsələ caladılar, onunla müqavilə bağlamağa məcbur elədilər.
Əfsəllə ailəvi dostuq. Məndən imtina etsə də, baş verənlərdən məlumatlı idim. Ailəsindən pul tələb etdiklərini bilirdim. Siyəzəndə yaşayırdım deyə gəlib-getməyə çətinlik çəkirdim. Əfsəl azadlığa çıxandan sonra bildim ki, onu 50 min dollar verməyə məcbur ediblər. 7 min dollar istintaq dövründə alıblar.
Xəstə adı ilə azad edib vaxt veriblər ki, qalan pulu da versin. O da evini banka girov qoyub və aldığı pulu aparıb Yasin Məmmədova verib. Yasin Məmmədov pulu utanmadan, çox rahat şəkidə tələb edirdi. Hər dəfə deyirdi ki, “Get, Əfsəlin qohumları ilə danış, 50 min manat düzəldib gətirsinlər buraxım”, - şahid bildirib.
Fotoda Mövlam Şıxəliyev
Şahidin ifadəsinə təqsirləndirilən Yasin Məmmədov etiraz edib, onun “yalan danışdığını” deyib.
Müstəntiq: “Pulu istəyən Yasindir, mən deyiləm…”
Növbəti şahid MTN-də müstəntiq işləmiş Anar Hacıyev olub. Anar Hacıyevin dindirilməsi Ə.Həsənəliyev MTN təcridxanasından buraxılandan sonra dəfələrlə onunla əlaqə saxlaması ilə bağlıdır. Zərərçəkən Ə.Həsənəliyev ifadəsində deyib ki, həbsdən azad ediləndən sonra müstəntiq Anar Hacıyev dəfələrlə onunla əlaqə saxlayıb. Yasin Məmmədovun pulun qalan hissəsini gətirməsini tələb etdiyini deyib.
Məhkəmədə şahid qismində dindirilən Anar Hacıyev Əfsəl Həsənəliyev həbsdən azad ediləndən sonra dəfələrlə onunla əlaqə saxladığını təsdiqləyib. Deyib ki, Ə.Həsənəliyev həbsdən azad edildikdən sonra ona zəng etməkdə məqsədi MTN-ə dəvət edib “iş üzrə rəylərlə tanış etmək” olub.
Zərərçəkən isə bildirib ki, Anar Hacıyev zəng edəndə açıq-aşkar ona “pulu istəyən Yasin müəllimdir, mən deyiləm”deyib. Şahid Y.Məmmədovun tapşırğı ilə Ə.Həsənəliyevə zəng vurduğunu boynuna alıb, amma bildirib ki, ondan pul istəməyib.
“Yasin Məmmədov qardaşım Məzahirə zəng vurub MTN-ə çağırdı…”
Məhkəmədə zərərçəkən, həmin pirotexnika işi üzrə tutulan və MTN-dən azad ediləndən sonra intihar edən mərhum Cahangir Məmmədovun hüquqi varisi Arif Məmmədov da dindirilib. İfadəsində mərhum qardaşı Cahangirin beynəlxalq yük daşımaları ilə məşğul olduğunu, 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs olunduğunu deyib:
“Hamı bildirdi ki, onların əməlində cinayət tərkibi yoxdur. Amma Cahangiri üç ay müddətinə həbs etdilər. Cahangir tutulduqdan təxminən bir ay sonra Yasin Məmmədov qardaşım Məzahirə zəng edib MTN-ə çağırmışdı. Cahangiri həbsdən azad etmək üçün Məzahirdən 100 min manat pul istəmişdi. Məzahir də demişdi ki, bizdə o qədər pul yoxdur”.
Zərərçəkən deyir ki, qardaşı Məzahir MTN-dən çıxdıqdan sonra birbaşa onun yanına gəlib. Özündə 30 min manat olub, tanışı Oruc Cabbarovdan da 20 min manat alıb. Növbəti görüş zamanı Yasin Məmmədov qardaşı Məzahirə deyib ki, rəhbərlikdən razılıq alıb, 80 min manat veriləcəyi təqdirdə Cahangiri həbsdən azad edəcəklər:
“50 min manatı alsa da, qardaşımızı azad etmədilər. Yasin Məzahirdən əlavə 30 min manat pul tələb edirdi. Yeznəmiz Süleyman həmin vaxt 23 min 500 manat pul verdi. Yerdə qalan 6 min 500 manatı isə Cahangirin yoldaşı faizlə borc almışdı. 80 min manat pul verildikdən sonra Yasin Məmmədov Cahangiri guya ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından saxta rəy alıb həbsdən azad etdi”.
A.Məmmədov deyib ki, qardaşı Cahangir Məmmədov həbsdən çıxandan sonra çox sıxıntı keçirib. Çünki borc-xərclə pul toplayıb rüşvət verdiyi üçün müflis olmuşdu, evsiz qalmışdı, ailəsində problemlər yaranmışdı.
Mahmudovun bandası Cahangiri intihara sürüklədi
“Bu gün bu adamlar burada törətdikləri cinayətləri boyunlarına almırlar. Amma cinayətləri ortadadır. Cahangir həbsdən çıxandan sonra özünə gəlmirdi. Ona qarşı törədilən cinayətlə barışa bilmirdi. Əvvəlcə özünü bıçaqladı, sonra qollarını doğradı. Xəstəxananın 5-ci mərtəbəsindən özünü atdı, həyatına son qoydu.
Bu adamlar özlərini elə aparırlar ki, guya heç nə baş verməyib. Zərərçəkənlərdən aldıqları pullar hesabına özlərinə həyat qurub arvad-uşaqlarının əyninə pal-paltar alıb ortalıqda gəziblər. Bu cinayətlərə görə cavab verməlidirlər. Mənim qardaşımın ailəsi də dağıldı”, - A.Məmmədov bildirib.
Zərərçəkmiş məhkəmədə vəsatət verib. O xahiş edib ki, qardaşı Cahangir Məmmədovun ölümü ilə bağlı xitam olunmuş cinayət işi istintaqa qaytarılmaqla yenidən araşdırılsın.
Təqsirləndirilən Yasin Məmmədov isə Arif Məmmədovun “gözünün içinə qədər yalan danışdığını”, qardaşının ölümündən istifadə edərək pul qazanmaq istədiyini deyib. Y.Məmmədovun bu hərəkəti zərərçəkmişləri özündən çıxarıb, zalda gərginlik yaranıb. Vəkil Osman Kazımov Y.Məmmədovun hərəkəti ilə baglı məhkəməyə etirazını bildirib. Məhkəməyə sədrlik edən hakim Y.Məmmədova irad bildirib.
“Deyirdi MTN məni müflis elədi, ailəmi çöllərə saldırdı…”
Mərhum C.Məmmədovun digər qardaşı Məzahir Məmmədov da şahid qismində dindirilib. O da analoji ifadə verib:
“Cahangir özünə xəsarət yetirmişdi. Onu “Azərsutikinti” xəstəxanasına aparmışdıq. Gecə Cahangirin yanında qaldım. Söhbət zamanı Cahangir deyirdi ki, “MTN məni müflis elədi, məni borca saldı, bir quşun qanadını qırıb buraxsalar, nə hala düşər? MTN mənim qanadımı qırdı, məni borca saldı, evimi satdırdı, ailəmi çöllərə saldırdı”.
Onu sakitləşdirməyə çalışırdım. Vəziyyəti yaxşılığa doğru gedirdi deyə mən səhər xəstəxanadan çıxıb evə gəldim. Az keçmədi ki, zəng elədilər, dedilər ki, Cahangir xəstəxananın mətbəxinin pəncərəsindən özünü ataraq öldürüb”.
Şahid deyib ki, qardaşının başına gələnlər birbaşa olaraq qanunsuz həbsi, evinin satdırılması və ondan tələb olunan rüşvəti vermək üçün külli miqdarda borca düşməsi ilə əlaqəlidir:
“Yasin Məmmədova verdiyimiz 80 min manat pul borc sahiblərinə qaytarılmalı idi. Cahangir bunun üçün evini satmışdı, müflisləşmişdi. Ailəsində də narazılıq yaranmışdı”.
MTN və insani münasibət?
Vəkil Osman Kazımov Yasin Məmmədova bir neçə sual verib. Məlum olub ki, mərhum C.Məmmədov həbsdə olduğu zaman Y.Məmmədov dəfələrlə onun qardaşı M.Məmmədovla əlaqə saxlayıb. Vəkil təqsirləndirilən şəxsdən M.Məmmədovla əlaqə saxlamasının səbəbini soruşub. Y.Məmmədov deyib ki, M.Məmmədova “qardaşı üçün sovqat gətirməsi üçün” tez-tez zəng vururdu.
Vəkil deyib:
- Təcridxanaya ərzaq baglamalarının verilməsi təcridxananın rəisi səviyyəsində həll olunan məsələdir. Əgər siz deyən həqiqətdirsə, nə üçün bu barədə istintaq təcridxanasının rəisi ilə danışaraq ərzaq baglaması məsələsini həll etmirdiniz, şəxsən qəbul edirdiniz?
Yasin Məmmədov cavab verib:
- İnsani münasibət göstərirdim.
M.Məmmədov təqsirləndirilən şəxsin yalan danışdığını söyləyib. Bir daha Y.Məmmədovun onu məhz rüşvətlə bağlı söhbətə çağırdığını deyib.
Şahid qismində mərhum C.Məmmədovun yeznəsi Süleyman Məmmədov da ifadə verib. O, C.Məmmədovun həbsdən azad edilməsi üçün yaxınlarına borca pul verdiyini deyib. Növbəti şahid Oruc Cabbarov da təsdiq edib ki, Cahangir Məmmədov həbsdə olarkən onun yaxınlarına borca pul verib.
Məhkəmə prosesi fevralın 15-də davam edəcək.
Paylaş: