reklam
Regionxeberlericom.az » Gündəm » “Bacanağına general rütbəsi verməklə deyil ki!” - ETİRAZ

reklam

“Bacanağına general rütbəsi verməklə deyil ki!” - ETİRAZ


 

















Xəbər verildiyi kimi, fevralın 13-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) Müdafiə Nazirliyində əməliyyat keçirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində Silahlı Qüvvələrin 4 nəfər yüksək rütbəli zabiti həbs edilib. Bunlar, Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu (zabit 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur - red.), Sərkərov adına hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Fazil oğlu (zabit 450 min manatı mənimsəməkdə ittiham olunur - red.), Əlizadə Vüsal Ədalət oğlu (zabit 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur - red.) və bir müddət əvvəl saxlanıldığı bildirilən Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovdur(zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur - red.).

“Bəli, orduda yeyinti var, bu biabırçılıqdır”

Hərbi ekspert İbrahim Rüstəmli sözügedən olayla bağlı “Hürriyyət”ə münasibət bildirib: “General Səməd bəy Mehmandarov deyirdi ki, ordu qazanc yeri deyil. Orduda vətəninə, torpağına, dövlətinə sadiq olan insanlar xidmət etməlidirlər. Uzun illərdir hərbi jurnalist kimi fəaliyyət göstərirəm, 32 yaşımda “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm. “Azərbaycan ordusu” qəzetinin baş redaktoru vəzifəsində çalışırdım. 4 ayda 3 dəfə qəzetimə yoxlama gəldi. İki dəfə Baş Hərbi İnspeksiya, bir dəfə də maliyyə idarəsi yoxladı. Bir müddət sonra Baş Hərbi İnspeksiyanın rəisi, general-mayor, Milli qəhrəman Fəxrəddin Cəbrayılov Müdafiə Nazirliyi sistemindəki korrupsiya qalmaqallarına görə etibarlarını itirdiyi üçün işdən azad olundu, 10 milyon manatı mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilov isə həbs edildi. Təsəvvür edin, bu adamlar mənim işimi təftiş edirdi! Üçüncü dəfə yoxlama gələndə qapını çırpıb getdim, onlara dedim: “Axı məndən nə istəyirsiz? Mən gedirəm, bu siz, bu da sizin ordunuz!”

Bəli, orduda yeyinti var, bu biabırçılıqdır. Bu biabırçılığın məsuliyyəti isə birbaşa Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun üzərinə düşür. Dövlətin belə bir çətin vaxtında hansısa hərbi hissənin maliyyə şöbəsinin rəisi milyonlarla pul mənimsəyir, Zakir Həsənovun isə bundan xəbəri yoxdur? Müdafiə Nazirliyində o qədər mənasız idarə və şöbə, o qədər kafe, kef generalı var ki, işləri də ancaq dövlətin pulunu dağıtmaqdan ibarətdir.

“Çiyinlərində zər-zibalı paqonlar gəzdirən dələduzlar…”

Bu dövlət 44 günlük müharibədə milyardlarla pul itirdi. Bilirsiniz ki, müharibə çox böyük maliyyə vəsaiti tələb edən hərbi kampaniyadır. Bizim üçün müharibə hələ bitməyib. Bu gün də şəhid veririk, hərbçilərimiz yaralanıb qazi olur. Dövlət hər bir şəhid ailəsinə, qaziyə maddi vəsait ayırır, qazilərimiz dövlət hesabına xarici dövlətlərdə müalicə olunur, inflyasiya baş alıb gedir, əhalinin maddi vəziyyəti ağırdır. Bütün bunların fonunda Müdafiə Nazirliyində dövlətimizə, xalqımıza qarşı bir maliyyə cəbhəsi açıb çiyinlərində zər-zibalı paqonlar gəzdirən dələduzlar, özləri, ailə üzvləri, məşuqələri bahalı maşınlarda gəzir, milyonlala dəyəri olan villalarda yaşayır. Hardandır bu qədər pul? Bu, birbaşa əxlaqsızlıqdır, dövlətə, xalqa, dövlət başçısına xəyanətdir.

“Bacanağına general rütbəsi verməklə deyil ki!”

Mən bu xəbəri eşidəndən şokdayam. Haqsızlıq baş alıb gedir. Qazilərin pulu kəsilir, maaşlarda oynatmalar olur. Qanunları elə fikirləşirlər ki, bir qrup hərbçinin maaşını qaldırılar, bir qrup hərbçi isə kənarda qalır. Platon deyirdi ki, həyatda əsas olan hər şeyə sahib olmaq deyil, ən az şeyə ehtiyac duymaqdır. Bu insanlarda vicdan anlayışı yoxdur. Onların düşüncəsi yeyib dağıtmaqdır. Zakir Həsənov çıxıb cavab versin görək, bu nə rüsvayçılıqdır? Niyə bu xalqı, bu dövləti, bu ordunu 44 günlük müharibədəki qələbədən sonra bütün dünya qarşısında biabır edirlər? Bacanağına general rütbəsi verməklə deyil ki! Mən hələ öz təhlükəsizliyini təmin etmək üçün bacısı oğlunu təhlükəsizlik xidmətinin rəisi təyin edən Nəcməddin Sadıkovu demirəm. Bütün bunlara niyə yol verilir, axı?

“Bir lumu oğurlayana 7 il həbs cəzası kəsilir, xalqın milyonlarını talayan dələduzlar isə cəzasız qalır”

Bir neçə saytda çap olunan “Mən bu rəzalətə görə üzr istəyirəm” başlıqlı məqaləmdə öz atalarının başdaşı ilə qartopu oynayan uşaqların sevincindən yazmışam. Bu boyda qəhrəmanlığın, fədakarlığın, ağrı-acının fonunda belə özbaşınalıq etmək insanlığa sığası şey deyil. Nəzarətsiz qalıblar və bundan istifadə edib xalqın, dövlətin malını talayıblar, əsgərin, zabitin, qazinin, şəhidin haqqına giriblər. Nə yaxşı ki, DTX bu rəzaləti ifşa edib günahkarları cəzalandırdı, bu əməliyyat başqa məmurlara da görk olmalıdır. Mən düşünürəm ki, bu Zakir Həsənovun karyerasının birmənalı şəkildə sonudur. Bu generalların oğurluğudur, kişiyə, zabitə, insana yaraşmayan şərəfsiz əməldir. Bir lumu oğurlayana 7 il həbs cəzası kəsilir, xalqın milyonlarını talayan dələduzlar isə cəzasız qalır. Halbuki, bu şərəfsizlər dövləti dağıdır, dövlətçiliyimizi məhvə sürükləyir. Məqaləmdə yazmışam ki, Azərbaycan 44 günlük müharibədə qələbə qazanan bir ölkəyə bənzəmir. Səbəbkar isə həmin bu yüksək rütbəli dələduz, vicdansız, oğru məmurlardır. Mən çiyinlərimdə polkovnik-leytenant rütbəsi gəzdirdiyim üçün xəcalət çəkirəm.

“Müdafiə Nazirliyinə Zakir Həsənov kimi birisi rəhbərlik etməməlidir”

Müdafiə Nazirliyində kardinal dəyişikliklər olmalıdır. Nazirliyə bu xalqa, bu dövlətə, Ali Baş Komandana sədaqətlə xidmət edəcək güclü xarakterə sahib, prinsipial bir insan rəhbərlik etməlidir, daha Zakir Həsənov kimi birisi yox. Dünənədək Nəcməddin Sadıkov onun başında turp əkirdi. Bir sözlə, yalnız əsl peşəkar hərbçi, qeyrətli vətən oğlu ordumuzdakı əyər-əskiyə son qoya bilər. Axı ordumuzun ali missiyası xalqımızı, torpaqlarımızı, dövlətimizi qorumaqdır. Stalini qəhrəman kimi təqdim etmək fikrim yoxdur, amma onun güclü xarakterə malik lider olması danılmaz faktdır. O, çox doğru olaraq qeyd edirdi ki, hər şeyi kadrlar həll edir. Ordudakı vəziyyətə cavabdeh Müdafiə Nazirliyindəki kadrlardır. Ordu dövlətin bel sütunudur, ən nüfuzlu, ən böyük, ən mükəmməl, strateji institutlarından biridir. Sözügedən institutda bu cür rəzalət baş verirsə, bu mənim ölkəmin beynəlxalq aləmdəki iimicinə mənfi təsir göstərir və 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbəmizə kölgə salır. Buna yol vermək olmaz!”




Paylaş:


Müəllif : Tarix:
15-02-2022, 10:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər