reklam
Regionxeberlericom.az » Gündəm » "Fondun inşa etdiyi uşaq bağçasını ələ keçirmək istəyirlər" - Yardımlıdan Prezidentə MÜRACİƏT

reklam

"Fondun inşa etdiyi uşaq bağçasını ələ keçirmək istəyirlər" - Yardımlıdan Prezidentə MÜRACİƏT

Yardımlıda 2 saylı uşaq bağçasının binasının yerli məmurlar tərəfindən özəlləşdirilməsi cəhdinə qarşı cərəyan edən narazılıqlar davam edir. regionxeberlericom.az demokratik.az-a istinadla bildirir ki, Yardımlı sakinləri bu məqsədlə ölkə başçısına açıq müraciət ünvanlayıblar.

Müraciətdə aşağıdakılar yazılıb:

"Möhtərəm cənab prezident!

Təəssüf hissilə bildiririk ki, Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun və əlaltılarının şəxsi maraqları ilə Heydər Əliyev fondunun maliyyə dəstəyilə inşa edilmiş şəhər 2 saylı körpələr evi-uşaq bağçasının binası özəlləşdirilmək üzrədir. Bizdə olan məlumata görə, hazırda həmin əmlakın hərrac yolu ilə özgəninkiləşdirilməsi üçün addımlar atılır, sənədləşdirmələr həyata keçirilir.

Tam məsuliyyətimizlə bildiririk ki, 2014-cü ildə xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsü və qayğısı sayəsində inşa edilərək rayonumuzda körpələrin istifadəsinə verilmiş binanın yararlılıq vəziyyətinə dair sənədlər və rəylər məqsədli şəkildə saxtalaşdırılmışdır. Yararlı bina açılışından cəmi bir neçə ay sonra məhz yerli məmurların diqtəsi və mənimsəmə eşqilə yararsız kimi qeyd edilmişdir. Nəticədə də uşaq bağçasının fəaliyyəti Yardımlı MRX-nın İnfeksion (yoluxucu xəstəliklər) şöbəsinin yaxınlığında məmurlardan birinə məxsus əmlaka köçürülmüşdür. Hesab edirik ki, tikilməsində bircə qəpik qatqıları olmayanların bir binanı özlərinə qamarlamaq istəkləri, həm də bu məqsədlə uşaqların sağlamlığını təhlükəyə atmaları bağışlanmaz haldır.

Yardımlı İHB-nin diqtəsilə hazırlanmış sənədlərdə o da aydındır ki, Yardımlı şəhər 2 saylı uşaq bağçası inşa edilərkən rayon rəsmiləri bilə-bilə layihələndirmə işlərini Biləzəmi adlanan ərazidə sürüşmə zonasına salmışlar və körpələr evinin məqsədli şəkildə məhz orada inşa edilməsinə şərait yaratmışlar. Məqsədləri sonradan "sürüşmə" bəhanəsi uydurmaq olmuşdur.

Hazırda ələ keçirilməkdə olan bina istismar üçün tam yararlıdır, heç bir uçma-dağılma korruziya təhlükəsi də yaşamır. Bunu isbat edən yetərli dəlillər mövcuddur. Həmin binaya adi təftiş keçirmək, FHN-in mütəxəssislərinin binanın istismara yararlılığına dair müayinə aktı yazmaq yetərlidir ki, bizim dediklərimiz təsdiqini tapsın və məmurların maxinasiyası və çirkin niyyətləri üçün planladıqları hər şey ortaya çıxsın.

Mövzunun aidiyyatı dövlət qurumlar tərəfindən də qulaqardı edilməsi müşahidə edilir. Ölkəmizdə uşaq bağçalarının illərdir ki, yerli icra hakimiyyətinin balansında olması da sözügedən özbaşınalığa yol açan haldır. Hazırda bağçaların İHB-lərdən alınıb Təhsil nazirliyinin balansına keçirilməsi prosesi gedir və bu sevindirici hadisə inanırıq ki, yararlı binanın özəlləşdirilməsinin qarşısının alınmasında müsbət rol oynayacaq.

Möhtərəm cənab prezident!

Yuxarıda sadaladığımız halları və sözügedən binanın qeyri yollarla yerl İHB tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün SİZLƏRDƏN XAHİŞ EDİRİK:

Yardımlı şəhər 2 saylı körpələr evi - uşaq bağçasının köhnə binasının istismara yararlı olub-olmamasının araşdırılması və binanın saxta yollarla özəlləşdirilməsinin qarşısının alınması üçün müvafiq komissiya yaradılmasına, faktların araşdırılmasına və bu işlərdə əli olan yerli məmurların cəzalandırılmasına təcili göstəriş verəsiniz".

Hörmətlə;

İmzaladılar - Sadiyev Əkbər Səxavət oğlu,

Piriyev Vaqif Ağahüseyin oğlu,

Fərhadov İmaməli Abasalı oglu,

Sadiyev Tahir Saxavət oğlu,

Mirzəyev Rəfi Xanış oğlu və başqaları...








Paylaş:


Müəllif : Tarix:
25-02-2022, 10:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər