reklam
Regionxeberlericom.az » Gündəm » Deputat BNA-nın işini topa tutdu... - "Keyfiyyətli xidmət budursa..."

reklam

Deputat BNA-nın işini topa tutdu... - "Keyfiyyətli xidmət budursa..."


Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakıda qanunsuz parklanmaya görə maşınlar təxliyə olunacaq.

Agentlik təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları da açıqlayıb. Bakıda müşahidə kamerası və mühafizəsi olan pulsuz parklanma yerləri olmadığına görə avtomobillərin parklanması ciddi problemə çevrilib. Sürücülər nəinki mərkəz, hətta ətraf ərazilərdə belə avtomobillərini saxlamaq üçün yer tapmırlar. “Parkovka”lar baha və az sayda olduğundan, sürücülər harada boş yer varsa, orada maşın saxlamağa məcbur qalır, nəticədə cərimə ödəməli olurlar.

Bakı Nəqliyyat Agentliyinə parklanma ilə bağlı səlahiyyətlər veriləndən sonra paytaxtda bu sahədə böyük problemlər yaranıb. Qurum isə problemi heç cür yoluna qoya bilmir, yaxud bunu istəmir. Bəzi hallarda isə agentlik vətəndaşlara xidmət göstərmək əvəzinə, problem yaratmaqla məşğul olur.

Halbuki parklanma ilə bağlı məsələdə də agentlik üzərinə düşən vəzifənin öhdəsindən gəlməli, maşınların təxliyə olunacağı yerləri açıqlamaqla kifayətlənməyib, sürücülərin öz avtomobilini saxlaması üçün alternativ varinatlar də təqdim etməlidir. Agentlik isə mətbuat katibi Mais Ağayev vasitəsilə heç bir alternativ təqdim edilməyəcəyini bildirərək, sürücüləri problemlərlə baş-başa qoyur.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan millət vəkili Fazil Mustafa deyib ki, Bakı Nəqliyyat Agentliyinin xidmətlə bağlı anlayışı hələ müəyyənləşməyib:

“Dəfələrlə piyada zolaqlarının çəkilməsi məsələsini qaldırdım, reaksiya verən olmadı. Çünki burada xidmətdən söhbət gedir. Amma cərimə yığmaqdan söhbət gedəndə, dərhal reaksiya verirlər. Azərbaycanda bir sıra qurumları xidmətə alışdırmaq lazımdır. Bakı Nəqliyyat Agentliyi hələ də başa düşmür ki, dövlət büdcəsindən onlara vəsait ayrılır. Məhz dövlət büdcəsindən ayrılan vəsaitə görə də vətəndaşa xidmət eləməlidirlər. Vətəndaşlara əlbəttə ki, alternativ yerlər verməlidirlər. Əgər hər hansı addım atılmırsa, bəs vətəndaş nə etməlidir? Bulvara minlərlə insan gəlir, yer də yoxdur, nə etsin? Dayanacaqların əksəriyyətində qiymətlər “od püskürür”. Məsələn, adam orada 3 saat qalırsa, niyə 2 manat ödəməlidir? Bunlar hamısı nəzərə alınmalıdır. Vətəndaşı soymaqla məsələ bitmir ki? Soyulan da öz vətəndaşımızdır, onun müəyyən qədər cibindən çıxan vəsait də dövlətə ziyan vurur, yoxsullaşır. Bu kimi məsələlərdə daha anlayışlı davranmaq lazımdır. Təbii ki, adam yolu kəsibsə, müəyyən qədər nəqliyyatın hərəkətinə problem yaradırsa, onu götürmək vacibdir. Amma tərəddüdsüz götür, cərimələ və ağır da cərimə qoy, bu, xidmət deyil. Vətəndaş əgər nəqliyyat vasitəsini yolun sadəcə kənarında saxlayıb, heç bir hərəkətə də mane olmursa, məcburiyyətdən orada saxlayıbsa, saxlama yeri yoxdursa, nə etməlidir? Düşünmədən atılan hər hansı bir addımın effekti yoxdur və bu, olduqca narazılıq yaradan məsələlərdəndir. Bu narazılığı yaratmağa isə heç bir qurumun haqqı yoxdur. Çünki ölkə prezidenti dəfələrlə bildirib ki, bütün fəaliyyətlər vətəndaşa xidmətin yaxşılaşdırılması məqsədidir. Bu qurum niyə yaradılıb? Elə yol polisi bu işi görürdü və ondan da keyfiyyətli həyata keçirirdi. Bakı Nəqliyyat Agentliyi ona görə yaradıldı ki, vətəndaşa daha yüksək, keyfiyyətli xidmət göstərsin. Keyfiyyətli xidmət budursa, burada keyfiyyət görünmür axı... ”


Paylaş:


Müəllif : Tarix:
3-07-2019, 10:47
Sikayət   


loading...
Загрузка...