reklam
Regionxeberlericom.az » Gündəm » Məhkəmə sistemində islahatların ləngiməsi kimin marağındadır - hüquqşünasdan ittihamlar

reklam

Məhkəmə sistemində islahatların ləngiməsi kimin marağındadır - hüquqşünasdan ittihamlar


Azərbaycan cəmiyyətinin ən ağrılı yerlərindən biri məhkəmə-hüquq sistemidir. Bu sahədə aparılan islahatlar, verilən çoxsaylı qərarlar, fərmanlar da vəziyyəti son illərdə qismən dəyişsə də, arzuolunan səviyyəyə hələ çata bilməmişik. Sanki hansısa qüvvə bu sistemdə köklü dəyişiklərin baş verməsinə əngəl törətdir. Məhkəmələrdəki xoşagəlməz hallar ümumi olaraq ölkəmizin prioritet istiqamətlərində, xüsusən iqtisadi sferada inkişafın qarşısını alır.

Tanınmış hüquqşünas Əkrəm Həsənov deyir ki, məhkəmələrlə bağlı vəziyyətin dəyişməməsinin əsas səbəbi Prezidentin imzaladığı sərəncamların yerlərdə icra edilməməsidir: “Cənab Prezidentin ”Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 604 saylı Fərmanının 3 ili tamam oldu. Vətəndaşlarımız, cəmiyyətimiz, iqtisadiyyatımız üçün bu fərmanın əhəmiyyəti çox böyükdür. Bu və ya digər şəkildə fərmandakı göstərişlərin (ixtisaslaşmış məhkəmələrin yaradılması, hakimlərin maddi təminatı və s.) əksəriyyəti icra olunub. Lakin icrasız qalan tapşırıqlar da var.

Onların ən əhəmiyyətlisi isə 7.5.2-ci bənddə Ədliyyə Nazirliyinə verilmiş bu tapşırıqdır: “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması məqsədilə tədbirlər görsün".

Məhkəmə qərarları üzrə axtarış sisteminin yaradılması ən azı 3 səbəbdən olduqca vacibdir:

Vahid məhkəmə təcrübəsinin formalaşması (fərmanda tapşırılarından biri də bu idi). Konstitusiyamızın 25-ci maddəsinin I hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu, həmçinin o deməkdir, məhkəmələr analoji işlərə eyni cür baxmalıdır.

Bu sistemi isə hər kəsə imkan verəcək ki, hər hansı sözü (maddəni, bəndi və s.) axtarışa verərək aidiyyəti məhkəmə təcrübəsini öyrənsin və hakimdən həmin təcrübəyə riayət etməyi tələb etsin. Hakim bunu etməsə belə, yekunda heç olmasa Ali Məhkəmə (və ya Konstitusiya Məhkəməsi) mübahisəli iş üzrə vahid yanaşmanı formalaşdırmaq məcburiyyətində qalacaq.

Nəticədə məhkəmə qərarlarının qabaqcadan proqnozlaşdırılmasının səviyyəsi xeyli artacaq. Bu da həm vətəndaşların, həm də sahibkarların (şirkətlərin) əminlik hissini artıracaq və ölkədə biznes və investisiya mühiti yaxşılaşacaq. Təbii, məhkəmələrdə korrupsiya da ciddi şəkildə azalacaq. Çünki məhkəmələr dar çərçivəyə salınacaq, özbaşınalıq edə bilməyəcəklər.

Hakimlərin iş yükünün azaldılması. Hazırda məhkəmələrin işi çoxdur. Problemlərdən biri də işlərə qiymət verilməsi və məhkəmə qərarının hazılanmasına vaxtın az olmasıdır. Bu da təbii, hakimlərin işinin keyfiyyətini azaldır. Nəzərə alsaq ki, ölkəmizdə hüquq təhsili aşağı (heç normal dərsliklər yoxdur), hüquq elmi isə ürəkaçan səviyyədə deyil (müdafiə edilmiş dissertasiyalar və elmi adlar, bir qayda olaraq, plagiat və ya mənasız söz yığınıdır), hakimlər əksər hallarda qərarlarını heç normal əsaslandıra da bilmirlər. Axtarış sistemi isə hakimlərə oxşar məhkəmə işlərini tapmağa və qərarlarını onların əsasında hazırlamağa şərait yaradacaq. Bu da tədricən ölkədə hüquq elminin də inkişafına zəmin yaradacaq. Sonra təhsilin də vəziyyəti düzələcək.

Vəkillərin ixtisaslaşması. Hazırda vəkillərin çoxu müxtəlif (bəzən bir-birindən çox uzaq) işlərlə məşğul olur. Çünki ixtisaslaşma demək olar ki, yoxdur. Əsas səbəb də bütövlükdə hüquqşünasların, bir qayda olaraq, yalnız qanunları bilməsi ilə bağlıdır. Məhkəmə təcrübəsini bilən azdır. Əsasən də bu, artıq yaşlı hüquqşünaslardır. Çünki təcrübələri var.

Axtarış sistemi imkan verəcək ki, yaşından asılı olmayaraq (ağıl yaşda deyil, başdadır!) hər bir vəkil aidiyyəti məhkəmə təcrübəsini yaxşı öyrənə bilsin. Təbii, bu, xeyli vaxt tələb edəcək. Nəticədə vəkillər arasında ixtisaslaşma güclənəcək. Hərəsi yalnız uzağı bir neçə sahə üzrə məhkəmə təcrübəsini yaxşı biləcək (özü də enerjisi çox olan gənclər daha şanslı olacaq). Tədricən cəmiyyət də bunu biləcək. Hər “xəstəliyin” (hüquqi problemin) öz “həkimi” (vəkili) olacaq. Bu da həm hüquqi xidmətlərin keyfiyyətini artıracaq, həm də vəkillərin işinin nisbətən daha obyektiv qiymətləndirilməsinə və mükafatlandırılmasına xidmət edəcək.

Bu gün isə təəssüf ki, bütün bunlar yoxdur. Niyə? Ona görə ki, fərman hələ tam icra olunmayıb. Deməli, kimlərəsə bütün bunların olması sərf etmir və onlar dövlət başçısının siyasətinin əksinə gedirlər. Nəticədə məhkəmə-hüquq islahatları hazırda durğunluq dövrünü yaşayır. Bəzi məsələlərdə isə əksinə, geriləmə var. Görünən odur ki, islahatları dərinləşdirmək üçün köklü kadr dəyişiklikləri də olmalıdır. Digər sahələrdə olduğu kimi..."

Hüquqşünas deyib ki, əslində fərmanın bəzi digər mühüm göstərişləri də ən azı tam icra olunmayıb. Məsələn, məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması tələbinə həmişə riayət olunmur. Məhkəmə qərarlarının dərc olunmasında da problemlər var: “Məsələn, Ali Məhkəmənin Plenumunun qərarlarının əksəriyyəti dərc olunmur (halbuki, bu, Konstitusiyanın tələbidir). Digər məhkəmələrin də qərarlarının hamısının dərc olunmasına əminlik yoxdur. Çünki nömrə ardıcıllığı ilə dərc etmirlər. Nəhayət, fərmanın preambulasındakı “məhkəməyə müraciət imkanları daha da genişləndirilməli” məramı, zənnimcə, əksinə, icra olunmuşdur. Belə ki, məsələn, fərmandakı “məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi” tapşırığı sırf dövlət rüsumlarının artırılması formasında icra edilmiş və bu da məhkəməyə müraciət imkanlarını məhdudlaşdırmışdır. Eyni zamanda kasasiya şikayətlərinin verilməsi imkanı da məhdudlaşdırılmışdır (məbləğdən asılı olaraq). Digər tərəfdən, kasasiya icraatı tərəflərin iştirakı olmadan (yazılı, yəni qiyabi formada) həyata keçirilməyə başlayıb. Fərmandakı “mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirsin” tapşırığı mediasiyanın bəzi hallarda icbari tətbiqi kimi icra edilib. Nəticədə süründürməçilik aradan qalxmayıb, məhkəməyə müraciət prosesi çətinləşib. Bir sözlə, qaş düzəltmək əvəzinə vurub göz çıxartmışıq...”

“Yeni Müsavat”




Paylaş:


Müəllif : Tarix:
5-04-2022, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər