reklam
Regionxeberlericom.az » Gündəm » Masallı səhiyyəsi NECƏ AĞLAR GÜNƏ QALIB... - Düzələnə OXŞAMIR...

reklam

Masallı səhiyyəsi NECƏ AĞLAR GÜNƏ QALIB... - Düzələnə OXŞAMIR...


Bu geniş səhiyyə şəbəkəsində işlərin yaxşılaşdırılması üçün ayrılan külli miqdarda dövlət vəsaitləri belə düzgün xərclənmədiyindən, haram yeyinti ağrısı hər addımda hiss olunur

Bu boyda spekulyasiyalara imza atmaqla və cəzasız qalmaqla möcüzəyə çevrilən vəzifə sahiblərinə haqqı başa salmaq olduqca çətindir

Neçə ki, "Masallı Mərkəzi Xəstəxanası" kimi tanınan bu böyük tibb müəssisəsinin rəhbərləri, buranı bazara çevirməklə, pasiyentlərə “qan ağladan”, imkansızları azara salan Cəlil Nəzərov kimilər olacaq, buradakı kritik durum düzələnə oxşamır

Bu yazımızın bu başlıqlarını da, ölkənin Masallı kimi önəmli bir cənub bölgəsindən olan pasiyentlərin, bu böyük tibb müəssisəsindəki qanunsuzluqlarla və hər addımda rastlaşılan xoşagəlməzliklərlə bağlı araz.az-ın redaksiyasına edilən çoxsaylı şikayətlərlə əlaqədar, xəbər portalının əməkdaşları olaraq rayonda ezamiyyətdə olarkən bizə dedikləri həyacan və təəssüf dolu sözlər əsasında qələmə almışıq. Bu başlıqlar uzun müddətdir burada baş verənlərin qısa xülasəsi və mövcud durumun əksidir desək də, yanılmarıq! Çünki deyilənlər, eləcə də burada görüb, şahidi olduğumuz reallıqlar və araşdırıb, üzə çıxardığımız həqiqətlər bir daha sübut edir ki, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi direktorunun müvafiq əmri ilə, Masallı pilot ərazisindəki Mərkəzi Xəstəxananın bazasında mövcud qanunvericiliyin tələblərinə, xəstəxananın təsdiq edilmiş Nizamnaməsinə uyğun olaraq, dövlət adından "Masallı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin yaradılması belə, bu əsas səhiyyə müəssisəsinin özü qarışıq, tabeliyindəki adları gurultulu səslənən, lakin indiyədək gurultulu hansısa işləri xatırlanmayan Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının, Vərəm Əleyhinə Xəstəxananın, Gigiyena və Epidemiologiya Mərkəzinin, Dezinfeksiya Stansiyasının, Uşaq Xəstəxanasının, Yoluxucu Xəstəliklər Xəstəxanasının, Boradigah Qəsəbə Sahə Xəstəxanasının, Viləş Kənd Sahə Xəstəxanasının, habelə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinin, Təcili Tibbi Yardım Stansiyasının Masallı Regional Məntəqəsinin, 60-a yaxın digər qəsəbə və kənd həkim və tibb məntəqələrinin rüşvətin, maxinasiyanın və saxtakarlığın çoxdan hökmran olduğu kritik durumlarını günü bu günədək düzəldə bilməyib. Əksinə, 213 nəfər həkimin, 463 nəfər orta və 306 nəfər kiçik tibb işçisinin çalışdığı rayonun bu böyük səhiyyə sistemindəki ümumi durum getdikcə daha da pisləşib.

Ümumiyyətlə, öllkə mətbuatında, eləcə də "Araz" Media Qrupundakı mətbu vasitələrdə, ələlxüsus araz.az xəbər portalında indiyədək dərc olunan çoxsaylı kəskin tənqidi yazılarda belə xüsusi olaraq o vurğulanıb ki, 1986-cı ildə 5,70 hektar ərazidə inşa edilən və 10 korpusdan ibarət olan bu böyük tibb müəssisəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə, böyük maliyyə vəsaiti hesabına yenidən əsaslı təmir edilərək, 2013-cü ilin avqust ayında bir daha 223 min nəfərlik bölgə əhalisinin istifadəsinə verilsə də, çox təəssüflər ki, buradakı tibbi xidmətlə bağlı uzunömürlü xoşagəlməz durum indiyədək düzəlməyib, belə gedişlə hec düzələnə də oxşamır. Halbuki həmin üzücü təmirdən sonra, Masallı camaatına belə vəd edilirdi ki, burada işlərin normal gedişi daim ölkənin ikinci rəhbərinin diqqətində və nəzarətində olacaq. Üstəlik, onda xəstəxananın bütün korpuslarında quraşdırılan yeni ən müasir tibbi aparat və avadanlıqların da, bundan sonra, bu səhiyyə ocağına müraciət edəcək xəstələrə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə imkan verəcəyini bildirirdi. Di gəl ki, rayon səhiyyəsində illərdi davam edən belə bir acınacaqlı durum, əvvəlcədən vəd olunanların göz qabağındakı tam əksini göstərib həmişə. Hətta uzun və üzücü təmirdən sonra, müayinə və müalicəyə ciddi ehtiyac duyan rayon sakinlərinə keyfiyyətli tibbi xidmət göstərməsinə imkan verəcək bütün lazımi tibbi preparatlarla tam təmin edilsə də, yerləşdiyi geniş ərazisi abadlaşdırılıb, cəlbedici yaşıllıq zolaqları salınsa da, hər səmtində müasir işıqlandırma sistemi quraşdırılsa da, bu böyük tibb müəssisəsində günü bu günədək sonu işıqlı müayinə və müalicədən əsər-əlamət yoxdur.

Əvvəllər olduğu kimi, indinin özündə belə burada xəstə əlindən tərpənmək mümkün olmasa da, əlləri istədiklərinə çatmayanda hər şeyə biganə qalan tibbi personaldakı əksəriyyət tərəfindən göstərilən başdansovdu yararsız tibbi xidmətlər, xəstələr üçün, ümid dolu sevincli yaxşı heç bir işə yaramayıb. Bir sözlə, edilən yararsız müayinə və müalicələr ucbatından, daha çox, Masallının ayrı-ayrı yaşayış məntəqələrindən bu əsas səhiyyə ocağına böyük ümidlərlə üz tutan yüzlərlə imkansız xəstə yerli rayon sakininə sonu ümidli sağlamlıq sevinci bəxş edilməyib.

Bu yerdə, onu da qeyd etmək yerinə düşər ki, bu geniş səhiyyə şəbəkəsinin fəaliyyətində açıq-aşkar müşahidə olunan ağlasığmaz qanun pozuntularına, saxtakarlıqlara, rüşvətxorluğa, maxinasiya və mənimsəmələrə dair ölkə mətbuatına açıqlamalarda ortaya qoyulan tükürpədici faktlar, bu tibb ocağının özünə yaxın olan araz.az-ın etibarlı mənbəsi tərəfindən, dəfələrlə, xəbər portalının redaksiyasına ötürülən əksər məlumatlarda da öz əksini tapmaqla, tam olaraq təsdiqlənib. Bu da bir həqiqətdir ki, imkansız yüzlərlə xəstənin bu son ümid yerinin daim tənqid hədəfinə tuş gələn adına və fəaliyyətinə sosial mediada da tez-tez rast gəlinir. Di gəl ki, sosial şəbəkələrdə belə, onun yaxşı və ya hansısa müsbət bir işindən yazan və ya danışan bir kimsə tapılmaz. Bir sözlə, bir tibb müəssisəsi olaraq, özü qarışıq, çoxsaylı kollektivinin də xoşagəlməz fəaliyyəti daim tənqid hədəfinə çevrilməklə və hədsiz ictimai qınağa tuş gəlməklə, indiyədək, ölkə mediasının gündəmindən düşməyib; Haqqında nələr yazılmayıb?!. Yalnız barəsində dərc olunan qanqaraldıcı yazılara şahidlik etsək də, bütün bunlara görə günahkar hesab olunan rəhbərləri, toxunulmaz bir bəlaya çevrilməklə, əhaliyə sağalmaz azar gətirən fəaliyyətlərini uzun müddət davam etdiriblər. Konkret desək, bu səhiyyə ocağının rəhbərlik sarıdan heç vaxt bəxti gətirməyib. Bu da, danılması mümkünsüz bir həqiqət olaraq hamıya məlumdur!

Bir daha qeyd edək ki, bir-neçə xəstəxananı, klinikanı, tibbi birliyi və şöbəni, onlarla həkim və tibb məntəqəsini özündə birləşdirən bu geniş səhiyyə şəbəkəsində "Mərkəzi Xəstəxana" kimi tanınan əsas tibb müəssisəsinin olduqca pis kökə salınmasında günahları bağışlanmaz rəhbərləri tərəfindən törədilən qanunsuz əməllərə, araz.az xəbər portalında dərc olunan çoxsaylı yazılarda da dəfələrlə toxunulub. Ən dəhşətlisi odur ki, nə qədər yazılsa da, rayon səhiyyəsini bu kökə salan vəzifə sahiblərinin xətirlərinə vaxtında dəyən tapılmayıb. Məhz bu səbəbdən ki, onları qoruyan, arxalarında duran "nüfuz sahibləri", sözləri hər yerdə keçən bu "böyük qüvvələr" həmişə onların əl-qollarının daha geniş açılmasına böyük imkanlar, münbit şərait yaradıblar. Elə buna görə də, ümidsiz xəstələrin yuxarıların və aidiyyatı dövlət qurumlarının adlarına yazdıqları saysız-hesabsız şikayət xarakterli müraciətləri daim cavabsız qalıb. Buna konkret misal, "nüfuz sahibi" həmin "böyük qüvvələrin" uzun müddət Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində oturan, faktiki olaraq, rayon səhiyyəsinə də rəhbərlik edən Cəlil Nəzərova yaratdıqları şəraiti göstərmək kifayətdir. O, böyük məsuliyyət tələb edən bu məsul vəzifələr başında olarkən nələr etmədi?! Nə yaxşı ki, dövlət başçısının ciddi tapşırıqları əsasında, ölkəmizdə müxtəlif sahələr üzrə mövcud olan rüşvət və korrupsiya hallarına qarşı amansız mübarizə başladı. Və uzun zaman zəbt etdiyi məsul vəzifələr başında törətdiyi və Masallı camaatına olmazın dəhşətlər təsiri bağışlayan cinayət əməllərinə görə, Cəlil Nəzərov da həbs edildi. Ümumiyyətlə, bu həbs əməliyyatının özünün və istintaqının gedişləri zamanı, rayon əhalisinin başına gətirilənlərlə bağlı müşahidə olunan epizodlar, ortaya çıxan bu və digər dəhşət doğuran çoxsaylı faktlar, faktiki olaraq, rayon səhiyyəsində vəzifə sahibləri hegemonluğunun pik həddə çatdığı barədə deyilənlərin bariz nümunəsinə, inkaredilməz təsdiq və sübutuna çevrildi.

Tutduğu vəzifələri başında uzun zaman törətdiklərinə görə, çoxdandır həbs edilən Cəlil Nəzərov, artıq, ədalət məhkəməsinin hökmü ilə, qanun çərçivəsində layiq olduğu cəzasını alsa da, onun Masallı səhiyyə sistemində qoyub getdiyi dəhşətlər dolu xoşagəlməz durum silinənə, özü ilə bərabər, yüksək məsuliyyət tələb edən digər vəzifələrdə əlinin altında istədiyi kimi işlətdiyi kreslo sahibləri isə, düzələnə oxşamırlar. Onlar, Cəlil Nəzərovun sensasiyalı həbsindən sonra, onun vəzifələrini tutanların da "saqqızlarını oğurlayıb", qorxub-cəkinmədən, yenə, bu tibb müəssisəsinə üz tutanların "başlarına oyun açmaqla", əhali narazılığına səbəb istədikləri qanunsuzluqları etməkdən çəkinmirlər. Dəhşət ondadır ki, Masallı səhiyyəsinin iflic olmasında, Mərkəzi Xəstəxana qarışıq, bu geniş səhiyyə şəbəkəsinə daxil olan digər tibb müəssisələrinin bazara çevrilməsində əsas günahkarlardan olan bu vəzifə sahibləri, hələ də, cəzasız qalmaqdadırlar. Bu isə, artıq, növbəti qanunsuzluqlar kimi yaddaşlara da həkk olunur. экрана 2022 04 08 172834Ümumiyyətlə, bölgələrdə belələrinə "meydan verib", onların hər birini məsul vəzifə, böyük səlahiyyət və hökmlü söz sahibinə çevirənlər, bu etdiklərinə görə, yerli sakinlərin hədsiz nifrətini qazanmaqla yanaşı, birbaşa, bu yerlərdə insan taleyi ilə oynayan cəzasızlıq mühiti formalaşdırırlar.

Cəlil Nəzərovun sensasiyalı həbsindən sonra, ölkənin icbari tibbi sığorta sisteminin bu pilot ərazidə həyata keçirdiyi yeniliklər çərçivəsində, Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin -- TƏBİB-in tabeliyinə verilən dövlət tibb müəssisəsinin -- "Masallı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin inzibati, təsərrüfat və maliyyə işlərinə nəzarət edəcək ən məsul publik şəxs -- direktor vəzifəsinə təyin olunanların iş prinsipləri də, rayon camaatının ürəyincə deyil. Yeri gəlmişkən, onu da qeyd edək ki, öncə, bu tibb müəssisəsinin direktoru vəzifəsi həkim-kardioloq İlqar Ramizoğluna həvalə edildi. Lakin rəhbərləri sarıdan bəxti gətirməyən bu böyük səhiyyə ocağı üçün, bu təyinat da, öz müsbət nəticəsini vermədi və o, çox keçməmiş bu vəzifəsindən ayrılası oldu. Bu vəzifəyə bundan sonrakı yeni təyinat isə, az keçmiş, əsl biabırçılıqla sonuclandı. Bu məsul vəzifəni öz üzərinə götürən, bu təyinatadək 18 il xəstəxananın Poliklinika Şöbəsinin müdiri vəzifəsində çalışan və bu uzun müddət ərzindəki rəhbər fəaliyyəti heç kəsi razı salmayan Rasim Əzizovun internetdə və sosial şəbəkələrdə marketlərdən birindən oğurluq etməsi ilə bağlı biabırçı videogörüntüləri yayıldı. Hətta Daxili İşlər Nazirliyində də, Publik Hüquqi Şəxsi əvəz edən Rasim Əzizovun bu görüntüləri araşdırıldı. Beləcə, o da, bu məsul vəzifədən gedəsi oldu. Daha doğrusu, məhz bu biabırçılığa görə utanıb-qızardığından, o, tutduğu bu böyük vəzifəsindən çıxması xahişi ilə, öz ərizəsini yazdı. Boşalan bu əsas vəzifə, bir müddət sonra, başqa yerdən bura gətirilən Xanbaba Meyxoş oğlu Hüseynova həvalə edildi.

Əldə etdiyimiz məlumata görə, bu təyinatadək, əslən Lerik rayonunun Pirəsora kəndindən olan, atası ölkənin tanınmış kənd təsərrüfatı mütəxəssisi kimi xatırlanan, ilk təhsilini Lerik Kimya Biologiya Təmayüllü Litseydə alan, N. Nərimanov adına Dövlət Tibb Uversitetinin Müalicə - Profilaktika fakulitəsini bitirən 1964-ci il təvəllüdlü tibb üzrə fəlsəfə doktoru, nevroloq Xanbaba Hüseynov 4-cü Baş İdarənin 1 və 2 saylı xəstəxanalarında terapevt, reanimatoloq, anestozoloq və uronevroloq kimi fəaliyyət göstərib. Bundan əlavə, 4-cü Baş İdarənin 1 saylı Xəstəxanasının Urologiya və Hemodializ Şöbəsinin müdiri, habelə Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin Hemodializ Şöbəsinin rəhbəri vəzifələrini də tutub. O, hal-hazırda da, böyük məsuliyyət tələb edən Masallı rayon səhiyyə sisteminin rəhbəri kreslosunda rahatca oturub.

Əvvəlki vəzifələrindən daha önəmli olan belə bir məsul vəzifəyə təyinatından elə də çox vaxt keçməsinə baxmayaraq, yeni direktorun öz rəhbər fəaliyyətində, artıq, rayon camaatının hədsiz narazılığına səbəb xoşagəlməz prinsiplərinin olduğu da üzə çıxıb. Tərcümeyi-halı başdan-ayağa cəlbedici görünən belə bir şəxsin xoşagəlməz rəhbər fəaliyyəti heç cür başa düşülən deyil!

Bu yerdə, sadəcə olaraq, bir daha onu demək kifayətdir ki, bəli, bu tibb ocağının uzun zamandır rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir! Belə gedişlə, bu xoşagəlməz hal heç düzələnə də oxşamır! Xoşagəlməz bu halın daha bir təsdiqi isə, Baş həkim vəzifəsinə təyinatlarla bağlıdır. Direktorları kimi, baş həkimləri də, bu səhiyyə ocağının "üzünü ağardan, başını uca edən" olmurlar. Elə, indiki kimi!

"İndiki kimi" demişkən, bu məsul vəzifəyə son təyinat da, deyilənlərin daha bir sübutu kimi, artıq, yaddaşlara həkk olunur. Çünki TƏBİB İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun imzaladığı əmrə əsasən, Cəlil Nəzərovun həbsindən sonra uzun zaman boş qalan Baş həkim vəzifəsinə təyinat da, bölgədə heç kəsin ürəyincə deyil. Bu təyinatından öncə bu tibb müəssisəsində şöbə müdiri kimi çalışan, hətta az bir müddət ərzində Baş həkim vəzifəsini də müvəqqəti icra edən Eşqin Əliyevin özü, artıq ona rəsmi şəkildə tam olaraq həvalə edilən bu məsul vəzifəsi başında özünü doğrultmadığını sübutlar çərçivəsində ortaya qoymaqla, bu təyinatından hədsiz narazı pasiyentlərlə "həmrəy olduğunu" özü sübut etmiş olur.

Bu məlum təyinat barədə daha geniş bir qədər sonra. İndi onu qeyd etmək yerinə düşər ki, Masallıdan olan bir qrup ağır diaqnozlu xəstənin, saytımız vasitəsi ilə, ölkə başçısına, Birinci vitse-prezidentə, səhiyyə nazirinə, TƏBİB-in və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə ünvanladıqları şikayət xarakterli müraciətlərində də bu barədə geniş yazılıb. Onların yazdıqlarından, eləcə də xəstəxanada həmsöhbətimiz olan pasiyentlərin dediklərindən bir daha məlum olur ki, direktor kreslosunda oturandan, iş vaxtı Xanbaba Hüseynovun öz kabinetindən çıxmasını kimsə görməyib. Qəbuluna düşmək də, mümkünsüzdür! Sanki o, yalnız və yalnız, onun direktor vəzifəsinə gəldiyi vaxtdan bir-neçə ay əvvəl Baş həkim vəzifəsinə müvəqqəti təyinat alan, bu yaxınlarda isə, özünün orda-burda yaydıqlarına görə, guya, bu məsul vəzifədə artıq rəsmən təsdiqlənən Eşqin Əliyevi yanında görməkdən öz rahatlığını tapıb. Elə, bu rahatlığın dəhşət doğuran daha bir pis nəticəsi odur ki, direktorun və özünün iş otaqlarına şikayətçi girişini polis mühafizəsi ilə olduqca məhdudlaşdıran, buna görə də, direktor tərəfindən, demək olar ki, tam nəzarətsiz qalan Baş həkim üçün istədiyini etmək, getdikcə daha da asanlaşıb. Yəni, bu vəzifəsi başında, o, istədiyi qanunsuzluqlara qol qoymaqdan çəkinmir! Bir də, axı, niyə çəkinsin ki?!. Kim bilmir ki, uzun müddətdir bu xəstəxananın özündə işləyənlərlə, hətta bu tibb ocağının tabeliyindəki digər tibb müəssisələrində əsas rəhbər vəzifələri tutanlarla, öz şəxsi maraqları naminə işləmək üçün "dil tapmağı" bacaran, əvvəllər özünü hazırda türmədə yatan Cəlil Nəzərovun ən etibarlı əlaltısı kimi də tanıdan Eşqin Əliyevə, bu çətin işləri həyata keçirməkdə ruh verənlər, əl-qolunun daha geniş açılmasına şərait və imkan yaradanlar var. Onlar, indi həbsdə olan Cəlil Nəzərov kimi, yeni direktorun və Baş həkimin əlaltıları olaraq, artıq, özlərini tanıda bilən Uşaq Poliklinikasının Baş həkimi Araz Cahangirov, Ağciyər Xəstəlikləri Xəstəxanasının rəhbəri Mirrəhim Nəbiyev, nevropatoloq Məmmədbağır Piriyev,.. eləcə də, Baş həkimin xəstəxanada həkim işləyən qardaşı Şənlik Əliyevdir. Bu əlaltıları, Cəlil Nəzərovun həbsindən sonra da, onların bağışlanmaz günahları ucbatından Masallı səhiyyəsində əvvəlcədən mövcud olan və özlərinin şəxsi maraqlarına daha çox sərf edən, pasiyentlərə isə, daim “qan ağladan” acınacaqlı durumu, sözün əsl mənasında, "can-başla yaşatmaq üçün", əllərindən gələni əsirgəmirlər.

Həyacan, narahatlıq və təşviş doğuran bütün yuxarıda deyilənlər isə, başı nəyəsə qarışdığına görə, direktor vəzifəsinə yenicə təyinat alan Xanbaba Hüseynovu qəti narahat etmir -- bu xoşagəlməzliklər, sanki, onun heç vecinə də deyil! Məhz buna görədir ki, ortada ən çox bəlaya düşənlər də, bu rayonun daim təlatüm, təşviş, həyacan və təlaşla üz-üzə qaldıqları üçün, sayları getdikcə daha da çoxalan əsl xəstə sakinləri olurlar. Ölkədəki bu həssas dönəmdə onların hamısının ümidləri qalıb yalnız Böyük Allaha ki, onlara rəhm etsin! Heç olmasa, bu yolla, olduqca təhlükəli müharibələr və koronavirus pandemiyası dövründə həm özlərinin, həm də doğma və yaxınlarının canlarını rəhbərlik bəlasından qurtara bilsinlər!

Yazımızın bu epizoduna haşiyə olaraq bildiririk ki, yeni Baş həkimin qardaşı da, pul toplamaqda buranın rəhbər şəxslərinin ən yorulmaz köməkçılərindən biri olub həmişə. Etibarlı mənbənin dediyinə görə, Şənlik Əliyevin vasitəçiliyi ilə, rəhbər şəxslər indiyədək 260-dan çox saxta sənədə möhür vuraraq, dəhşət doğuran maxinasiya və saxtakarlıqlara qol qoymaqdan çəkinməyiblər. Onlar tərəfindən, yalnız ağır diaqnozlu xəstə olmayan, lakin yalanlarla qorxudulan şəxslərdən, qiyməti yüksək dərman preparatlarının və digər bahalı tibbi məmulatların alınması adıyla toplanan qeyri-qanuni pullar isə, böyük məbləğlərə bir işarə olub həmişə. Ortada iddiaya bənzər çoxsaylı belə fikirlərin formalaşması məhz ona görədir ki, Mərkəzi Xəstəxana qarışıq, onun tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrini də bazara çevirmələrinə baxmayaraq, törətdikləri bu cinayət əməllərinə görə, rəhbər postundakıların xətirlərinə vaxtında dəyən olmayıb və onlar uzun zaman cəzasız qalıblar. Əvvəlcədən qeyd etdiyimiz kimi, elə, indi də, buradakı mövcud durum və cəzasızlıq mühiti sabiq rəhbərlərin dövründəki kimidir.

Ümumiyyətlə, Masallı səhiyyə şəbəkəsində birləşən bütün tibb müəssisələrində və məntəqələrdə primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə, pasiyentlərdən yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi daim müşahidə olunan və hədsiz təəssüf doğuran hallar sırasında öndə olub. İnfeksion xəstəliklərin profilaktikası məsələsində isə, indiyədək burada tam fəaliyyətsizliyə şahidlik edilib. Bu istiqamətdə ayrılan pullar da, tamamilə mənimsənilib. Rəhbərlikdə oturanlar etdikləri bu boyda maxinasiya və mənimsəmələrdən doymayaraq, hətta xəstəxanada çalışan bütün tibbi və texniki personaldan da, işlərinin kiçik-böyüklüyünə görə, daim müxtəlif məbləğlərdə aylıq haqq alıblar. İndi olduğu kimi! Burada dövlət hesabına müayinə və müalicə olunmalı xəstələrin başlarına nə oyun gətirilir, bunu isə, Böyük Allah da bağışlamaz!

Bütün yuxarıda qeyd etdiklərimizi təkcə biz yox, Masallıdan olan ağır diaqnozlu bir qrup xəstə də, araz.az-ın redaksiyasına ünvanlandıqları şikayət xarakterli müraciətlərində xüsusi olaraq qeyd ediblər. Onların öz şikayətlərində göstərdikləri kimi, bu cənub bölgəsində sağlamlıq düşməninə çevrilən kreslo sahibləri və onların yaxın ətrafları, bu şikayətçilər kimi, əsl xəstə olan digər pasiyentlərə də, sözün həqiqi mənasında, “qan ağlatmaqdan” çəkinmirlər. İnanılmış mənbənin verdiyi digər məlumatlardakı konkret faktlar, eləcə də ezamiyyət zamanı şahidi olduğumuz xoşagəlməz hallar belə bir daha sübut edir ki, Mərkəzi Xəstəxananın özünün bütün şöbələrindəki mövcud durum, əvvəllər olduğu kimi, indinin özündə də olduqca acınacaqlıdır. Bir daha qeyd edək ki, rüşvətin məkan saldığı və hökmranlıq etdiyi bu böyük tibb müəssisəsindəki şəraitin hərtərəfli pis olması və ağır haqq tələbləri pasiyentləri həmişə narahat edib. Bu biabırçılıqdan bezənlərin, sonda, yuxarı orqanların adlarına ünvanladıqları və çoxu cavabsız qalan, bir-ikisinə isə, başdansovdu cavablar verilən saysız-hesabsız şikayətlərinin də, ortada bir faydasının olmasını kimsə görməyib. Cəzasızlıq mühiti hər şeyi alt-üst edib. Düzdür, bu mühitin yaranmasında tam günahkar olan Cəlil Nəzərov artıq həbs edilib. Lakin onun həbsindən sonra, buradakı kritik durumu onun havadarları daha da sərtləşdiriblər.

Buradakı təəssüfləndirici xoşagəlməz hallar barədə redaksiyamıza ünvanlanan çoxsaylı şikayətçi məktublarında ortaya qoyulan və dəhşət doğuran faktların jurnalist araşdırmaları ilə təsdiqinə nail olmaq üçün, rayonda ezamiyyətdə olarkən, həmsöhbətlərimiz olan şikayətçi pasiyentlər bizdən dönə-dönə onu da xahiş etdilər ki, açıqlamalarını yazarkən, adlarını çəkməyək. Bunun səbəbi kimi: "Nə edək?!” -- deyərək, bildirdilər ki, rəhbərlikdə olan şəxslərin fəaliyyətlərindəki qanunsuzluqlara açıq-aşkar etiraz edən pasiyentlərin nəinki özləri, hətta onların ağır xəstə olan doğma və yaxınları belə, sonda, rəhbər qəzəbinə tuş gəlir, hədə-qorxuları ilə üzləşirlər. Bir sözlə, onlar, rəhbərlikdə olanlardan şikayət edənlərin "başlarına oyun açmaqla, "günlərini göy əskiyə bükür", ağır xəstə olsalar da, onları uzun müddət süründürməklə, qanunla onlara çatacaq lazımi tibbi sənədləri belə vermək istəmir, vaxt uzatmaqla, bu çarəsizləri ölümə sürükləyirlər. Özlərinin dediklərinə görə, elə, dövlət tərəfindən onlara çatacaq haqqlarını itirmək qorxusundan, çoxunun işlərini itirmək təhlükəsi olduğu üçün, açıq şəkildə şikayətə gedə bilmirlər. Ona görə, vəzifə sahiblərinin nifrət doğuran belə xoşagəlməz hərəkətlərinə göz yummağa məcburdurlar və medianın bu məsələdə yardımçı olmağını gözləyirlər: "Yaxşı bilirik ki, onların arxasında duranlar çox güclü nüfuz sahibləridir. Belə olmasaydı, onlara haqqı başa salmaq bu qədər çətin olmazdı. Çoxdan ortada olan adi bir fakt da, bu dediklərimizin birbaşa tam təsdiqidir: Rəhbərlik, hətta xəstəliyə görə pensiya almaq istəyən yüzlərlə rayon sakinindən yüksək məbləğdə rüşvət alsa da, onları süründürməkdən, bu açıq cinayət əməlindən şikayət edənləri isə, əsl xəstə olan doğma və yaxınları ilə bərabər get-gələ salmaqdan çəkinmir".

Ünsiyyətdə olduğumuz şikayətçi pasiyentlərin xahişlərini nəzərə almaqla, "başlarına iş açıb, oyuna salmamaq" üçün, onların ürəkağrısı ilə bizə dediklərinin, eləcə də Masallı səhiyyəsində özümüzün şahidi olduğumuz reallıqların, araşdırmalarımız zamanı üzə çıxardığımız fakt və sübutların xülasələrini, bu geniş səhiyyə sistemində işlərin gedişi zamanı ortaya çıxan və dəhşət doğuran halların çox olmasının təsdiqi kimi dərc etməyi qərara aldıq. Bu xülasələri, həm də bu yazımızın əvvəlindəki ayrı-ayrı epizodlara haşiyə olaraq, aşağıdakı kimi verməklə kifayətləndik:

-- Böyük məsuliyyət tələb edən direktor və Baş həkim vəzifələrində oturanlar, Həkim -- Məsləhət Komissiyasının sədri olaraq da, təqaüdlərin, əlillik dərəcələrinin təyin edilməsinə görə tələb edilən xəstəlik tarixçələrinin saxta yolla hazırlanmasına, bu tibb müəssisəsinin saxta göndərişlərinin Tibbi-Sosial Ekspert Komissiyasının Reyestrinə daxil edilməsinə görə də, vətəndaşlardan sayı-hesabı bilinməyən yüksək məbləğdə rüşvət alıblar. Bunun inkaredilməz təsdiqi, Cəlil Nəzərovun həbsi zamanı, onun iş otağından müxtəlif məbləğdə pul vəsaitlərinə dair qeydlər olan dəftərçələrin, milli və xarici valyutada olan külli miqdarda pul vəsaitlərinin, xəstəxananın mühasibatlığından isə, xeyli sayda plastik hesab kartlarının və saxta olan müxtəlif tibbi sənədlərin aşkar olunmasıdır. Cəlil Nəzərovun həbsindən sonra, bu xoşagəlməz hal olduğu kimi qalıb. Hara baxsan, bu xoşagəlməzliyin əlamətləri görünür;

-- Ölkə əlillərinə xidmət edən TSEK-lərin -- Tibbi-Sosial Ekspert Komissiyalarının müəyyən əsas səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən alınıb, Səhiyyə Nazirliyinə və TƏBİB-ə verildikdən sonra, rəhbər kreslolarında oturanların hegemonluğu, faktiki olaraq, getdikcə daha da artmağa başlayıb. Masallı səhiyyə şəbəkəsində üzləşdikləri saysız-hesabsız qanunsuzluqlardan hədsiz əziyyət çəkən müddətsiz birinci dərəcəli əlil yerli sakinlərin özlərinin ürəkağrısı ilə dedikləri kimi, burada onların belə başlarına gətirilən oyunlar, deyilənlərin bariz nümunəsidir! Ümumiyyətlə, rayon səhiyyə şəbəkəsinə daxil olan bütün tibbi müəssisələrdə durum belədir: Rəhbərlik barəsində yuxarılara yazılanlar çoxaldıqca, sanki onlar pasiyentlərdən daha çox pul qoparmaq üçün "coşub, çağlayırlar". Belə davam etdikcə, digər xəstələr kimi, əlil yerli sakinlər də paytaxta, ətraf rayonlara üz tutur, ikiqat əziyyət çəkməli olurlar. Onlara rahatlıq verən bir o olur ki, burada onlardan 10 günlük müalicə üçün tələb edilən rüşvətlə, başqa xəstəxanada yarım ildən çox müalicə ala bilirlər;

-- Direktor və Baş həkim vəzifələrini ələ keçirənlərin təkidli qəti tələbləriylə, Mərkəzi Xəstəxananın özündəki bütün 6 şöbənin, tabeliyindəki bütün tibb müəssisələrinin, həkim və tibb məntəqələrinin işləri, yalnız və yalnız, pasiyentlərdən pul qoparmağa köklənib. Məsələn, doğum şöbəsindəki yüksək pul tələbi insanda, sözün həqiqi mənasında, baş ağrısı yaradır. Ginekologiya şöbəsində aparılan qanunsuz abortlar nəticəsində isə, həkimlər pul qazanıb, direktorun və Baş həkimin qəzəblərindən birtəhər qurtara bilirlər. Onlar bunu etməyə məcburdurlar. Sözsüz ki, müəyyən edilmiş pulu ala bilməyən həkim, direktorun və Baş həkimin gözündən düşür -- yığılan haram pulların çox hissəsi onların ciblərinə getdiyindən!

Ötən bütün vaxtlarda xəstəxananın direktoru və Baş həkimi vəzifələrini tutanlar, doğum şöbəsində doğuş üçün də, həmişə konkret qiymətlər müəyyənləşdiriblər. Ana olmaq istəyən pasiyentin yaxınlarından həmin pul alınmasa, ağrı içindəki xanım içəri buraxılmır. Heç bir problemi olmayan analar isə, rəhbərliyin qəti tələbiylə, qeysəriyyə əməliyyatına məcbur edilirlər. Bir sözlə, vəzifə sahibləri təbii doğuşdan olduqca bahalı qeysəriyyə əməliyyatından daha çox pul qazanıb, daha da varlanmaq istəyirlər. Buna etiraz edənlərə isə, birbaşa və çəkinmədən: "Pulun yoxdur, doğma!" -- deyirlər. Dəhşət ondadır ki, uşağı dünyaya gələnlər, bu şəxslərin tələblərini özlərinə ağır dərd edirlər. Hər doğuşa görə tələb olunan böyük məbləğdə rüşvət, dünyaya gəlmiş körpələrinin yerinə, valideynlərinin hıçqırıqla göz yaşı tökmələrinə səbəb olur. Halbuki, ata və ana olanlar, dünyaya gələn övlad sevincini daha çox yaşamalıdırlar. Lakin rəhbər şəxslərin vicdan çərçivəsinə sığmayan istəkləri, onları bu sevincdən də məhrum edir. Bir sözlə, doğuş üçün şərtlərin bu cür ağırlığı insanları xəstəxanaya üz tutmaqdan yayındırır, onları keçmiş qaydalara əl atmağa məcbur edir. Bu da, illərdi, dünyaya yeni gələn körpələrin və onların analarının sağlamlığı qarşısında çözülməz bir problemə çevrilir;

-- Direktor və Baş həkim daha çox pul yığmaq üçün, diş həkimlərindən və diş texniklərindən də, həmişə, ağlagəlməz tələblər edirlər. Onlar da, tələbkar vəzifə sahiblərinə həmişə yüksək məbləğdə haqq verməyə məcbur və məhkumdurlar.

Ümumiyyətlə, etdikləri bütün maxinasiya və mənimsəmələrdən doymayan direktor və Baş həkim xəstəxanada çalışan bütün tibbi və texniki personallardan da aylıq haqq alırlar. Hamı yaxşı bilir ki, bu ödənişdən imtina edənlər nəinki Masallı Mərkəzi Xəstəxanasında, heç rayonun səhiyyə sistemindəki kiçik bir tibb məntəqəsində belə çalışa bilməzlər;

-- Bu səhiyyə şəbəkəsinə daxil olan bütün tibb müəssisələrinə dərmanlar alınarkən də, böyük miqdarda maxinasiyalara yol verilir. Şikayətçi məktublarında da, bu, Masallı səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri kimi göstərilir. O da qeyd olunur ki, məhz dərman, eləcə də ərzaq spekulyasiyaları zamanı çeşidli maxinasiyalara daha çox yol verilir, qaimə sənədlərində olduqca şişirdilmiş qiymətlər göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları, xəstəxana üçün alınan zaman, müvafiq sənədlərdə onların qiymətləri həddindən artıq göstərilir. Sistemdəki səlahiyyət sahibləri, hətta qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə də qadağalar qoyur, onların digər tibbi yardımlarına belə göz dikirlər. Məsələn, şəkər xəstəsi kimi qeydiyyatda olan şikayətçilər belə deyirlər ki, belə xəstələrə qanuni olaraq çatacaq dərmanları da, xəstəxanada onlara vermirlər: "Rayon səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri kimi, ilk növbədə, xəstəxana, poliklinika və səhiyyə məntəqələrinə dərmanların alınması zamanı yol verilən maxinasiyaları göstərmək kifayətdir. Satışı qadağan və qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz verilmək üçün, Mərkəzi Xəstəxananın aptekinə daxil edilən bahalı dərmanları, rəhbərlikdə olanlar, indiyədək, dövlətdən oğurlanan pullar hesabına, elə, bu tibb müəssisəsinin iki addımlığında tikilən özəl klinikada, şəxsi aptekdə və şərikli digər apteklərdə satdırmaqdan da çəkinməyiblər. Bizim kimi, bundan narazı digər sakinlərin şikayətlərinə baxan isə, heç vaxt olmayıb və indinin özündə də yoxdur".

Xəstələrin öz şikayət məktublarında yazdıqlarına görə, rəhbərlik tərəfindən həyata keçirilən belə iyrənc spekulyasiyalar təkcə dərmanlar üzərində bitmir: "Onlar tərəfindən digər əməliyyatlar zamanı da, çeşidli maxinasiyalara daha çox yol verilir, qaimə sənədlərində olduqca şişirdilmiş qiymətlər göstərilir. Apteklərdə bir qiymətə satılan dərman preparatları, xəstəxana üçün alınan zaman, müvafiq sənədlərdə onların qiymətləri iki-üç, bəzən üç-dörd dəfə artıq göstərilir. Bütün bunlar azmış kimi, rayonun tibb müəssisələrində, xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verilən qanuni təlimatlar da, kobud şəkildə pozulur. Xəstəxana rəhbərliyi, hətta qeydiyyatdakı güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə qadağalar qoyduqları kimi, onların digər tibbi yardımlarına belə göz dikirlər. Həmin xəstələr isə, heç yerdə işləmədiklərinə, yalnız pensiya aldıqlarına görə, bu dərmanları almağa pul tapmırlar. Hətta, kömək üçün dəfələrlə aidiyyatı qurumlara etdikləri müraciətləri belə nəzərə alınmır. Əvəzində, hər şeyin yaxşı olacağı vədiylə, onların özlərindən belə külli miqdarda pul istənilir";

-- Təqaüd üçün tələb olunan sənədləri verməyən, üstəlik, təqaüdə çıxmaq istəyənlərin özlərinin təqdim etdikləri lazımi sənədləri, heç nəyə məhəl qoymadan onların üstlərinə tullayan Mərkəzi Xəstəxananın rəhbər şəxsləri, qorxub-cəkinmədən onlara belə deyirlər ki, gedib hara istəsələr şikayət edə bilərlər. Onsuz da xeyri olmayacaq, çünki arxalarında nüfuz sahibi güclü adamlar dayanır. Elə bu səbəbdəndir ki, qorxub-çəkinmədən rüşvət tələb edən xəstəxana rəhbərləri onu da deyirlər ki, istədikləri pulu verməsələr, onlar təqaüdlərini qəbirdə görəcəklər. Təqaüd yaşlı vətəndaşlara qarşı belə bir haqsızlıq və ədalətsizlik əsl cinayətdir, deyilmi?!.

Bəli, bu da, rayon səhiyyəsinin sabiq və indiki yüksək vəzifə sahiblərinin qorxub-cəkinmədən törətdikləri çoxsaylı qatı cinayət əməllərindən biridir. Məhz buna görədir ki, haqqı çatmadan qanunsuz təqaüd və yardım alanların sayı bu bölgədə çoxluq təşkil edib həmişə; Cavanı qocaltmaq, sağlama xəstə, əlil “donu geydirmək” üçün, "əlin cibə girməsi" kifayətdir. Ta ki, rəhbər şəxslərin stolları üstünə 2000 manatdan 5000 manatadək və bundan da çox “şirinlik” qoya biləsən;

-- Xəstəliyə görə təqaüd almaq istəyən yüzlərlə rayon sakinindən sabiq və hazırkı xəstəxana rəhbərləri yüksək məbləğdə pul alsalar da, uzun müddət onları belə ortada süründürməkdən çəkinməyiblər. Yeri gələndə, özləri aradan çıxaraq, xəstəxananın xəlvəti guşələrinə çəkiliblər. İrəli verdikləri ortadakı vasitəçilər isə, narazı həmin adamlarla üz-göz olublar həmişə.

Həmin xəstələr belə deyirlər ki, təqaüd təyin edən həkim komissiyası onları istənilən vaxt evlarində də yoxlatdıra bilərdi: "Bəlkə bundan sonra, necə bir çətin durumda yaşamağımız vicdanı olan səlahiyyət sahiblərinə təsir edərdi. Onsuz da, yerli səhiyyənin başında duranlar həmişə açıq-aşkar bizə onu deyiblər ki, onlar, hətta bizim kimi əsl xəstələrdən belə rüşvət tələb etməyə məhkum və məcburdurlar. Guya, lap yuxarıdakılar onlardan yüksək məbləğdə haqq tələb etdiklərinə görə, onlar da, belə işləri rüşvət hesabına həyata keçirir, sonda isə, bu pulları toplayaraq, başları üstündə duranlara çatdırırlar. Beləcə, onlar nazirlik və TƏBİB adlarıyla pul toplayaraq, rüşvət hesabına yalan sənədlər verirlər. Ortadakı əsl həqiqət isə budur ki, bu gün xəstə kimi təqaüd alanların hamısı yoxlanılsa, onların çoxunda təqaüdə çıxmağa əsas verən heç bir xəstəlik əlaməti tapılmaz. Bir sözlə, onlar üçün qoyulan diaqnozların tamamilə yalan olduğu üzə çıxar. Kim bilmir ki, bu, bizim rayonda danılmaz bir fakt kimi, artıq, çoxdandır yaddaşlara həkk olunub!".

Həmin xəstələrin dediklərinə görə, onlar bu barədə dəfələrlə Səhiyyə Nazirliyinin və TƏBİB-in rəhbərlərinə şikayətlər ediblər. Sonuncu dəfə onlara nazirlik tərəfindən göndəriş də verilib. Həmin göndərişlə bütün yoxlamalardan keçiblər, lakin Mərkəzi Xəstəxanada onları aldadıb, səthi diaqnoz yazaraq, nazirliyə göndəriblər. Nazirlikdən isə, şikayətlərinə belə bir cavab gəlib ki, guya, bu qədər xəstəlik əlamətləri təqaüdə çıxmaları üçün yetmir.

Onlar belə də deyirlər ki, bundan sonra, ağır durumda olmalarına baxmayaraq, məcburiyyətdən, Masallı ilə paytaxt Bakı arasında qalıblar: "Paytaxtdan geri dönərkən, hətta bir-neçə dəfə rayon icra hakimiyyəti başçısının qəbulunda da olmuşuq. O da göstəriş verib ki, vicdan çərçivəsində bizə köməklik edilsin. Buna baxmayaraq, indinin özündə də, Baş həkimdən və hamının onun "sağ əli" kimi tanıdığı əlaltılarından asılı vəziyyətdə qalmışıq. Onlar isə, əlbir olub, insan taleyi ilə alver edirlər! Elə, çoxları kimi, bizim də taleyimiz onların əllərindədir. Di gəl ki, onlar, insan taleyi ilə oynamaqdan heç qorxmurlar da! Belə çıxır ki, onlar, insanlara münasibətdə ölkə başçısının göstəriş və tələblərinə belə məhəl qoymur, kimə gəldi təqaüd təyin edirlər. Beləcə, rayonumuzun əksər kəndlərində adlarını yalandan əlil qoyanlar, ortadakı vasitəçilərə verdikləri yüksək məbləğdə rüşvətlər hesabına, öz istəklərinə uyğun dərəcəli əlillik, bundan sonra isə, təqaüd alırlar.

Danılmaz bir həqiqətdir ki, günahkar vəzifə sahiblərinin başları "pul alverinə" elə qarışıb ki, gözləri heç nəyi görmür. Bizim kimi ağır xəstələr belə veclərinə deyil -- insanlığa aid bütün kriteriyaları unudublar! Onlar, hətta, bizim kimi ağır xəstələrə qanunla pulsuz çatacaq dərmanları belə vermək istəmirlər".

Saytımız vasitəsi ilə, ölkə başçısından kömək istəyən bu şikayətçilər, onu da Prezidentdən xahiş edirlər ki, onlara mütləq cavab versin. Və yaxud, əgər, ölkədə ondan da səlahiyyətli kimsə varsa, desin onlara, ona müraciət etsinlər: "Tam inanır və ümid edirik ki, dövlətimizin rəhbəri tərəfindən, bizim bu ciddi müraciətimizə təcili reaksiya olacaq. Bəlkə, ölkə başçısının ciddi şəkildə olacaq bu reaksiyasından sonra, öz bəd əməlləriylə onun nüfuzuna xələl gətirən belə harın və qudurğan vəzifə sahibləri "daşı ətəklərindən tökər", bizi belə üzücü get-gələ salmaqdan çəkinərlər. Belə olmasa, biz ona da tam əminik ki, ölkə başçısı, bu vəzifə sahiblərinin öz layiqli cəzalarını almaları üçün, aidiyyatı dövlət qurumlarına öz ciddi göstərişlərini verəcək".

Müraciətlərinin sonunda bu xəstələr artıq xəstəxanalara gedib-gəlməyə, müayinədən keçməyə güc tapmadıqlarını da xüsusi vurğulayırlar. Məhz buna görə, ölkə başçısından onu da dönə-dönə xahiş edirlər ki, onları yoxlayıb, tibbi müayinədən keçirərək, diaqnoz qoyacaq komissiya üzvlərinin evlərinə gəlmələrinə öz ciddi göstərişlərini versin;

-- Bu səhiyyə şəbəkəsinə daxil olan tibb müəssisələrində həyata keçirilən cərrahiyə və digər tibbi əməliyyatlarla, yoluxucu və infeksion xəstəliklərin profilaktikası məsələsiylə bağlı faktlar da tükürpədicidir. Dəhşət ondadır ki, bu istiqamətdə ayrılan pul vəsaitlərinin də çox hissəsi rəhbər şəxslər tərəfindən mənimsənildiyi üçün, belə xoşagəlməz hallar burada daim müşahidə olunur. Səlahiyyət sahibləri, hətta, güzəştli kateqoriyadan olan xəstələrə pulsuz dərmanların verilməsinə qadağalar qoymaqdan, bu azmış kimi, onların digər tibbi yardımlarına göz dikməkdən, satışı qadağan bahalı dərmanları daha baha qiymətə satdırmaqdan belə çəkinmirlər.

Ağır diaqnozlu əsl xəstələrin başlarına gətirilənlər isə onun təsdiqidir ki, burada müalicə almağa məcbur olanların -- dialez, vərəm, malyariya, ağ ciyər serrozu və digər yoluxucu xəstəliklərdən əziyyət çəkənlərin başlarına oyun açmağa da, rəhbərlikdə oturanların vicdanları yol verib həmişə. Günü bu günədək, direktor və Baş həkim vəzifələrində olanlarla, Masallı Ağciyər Xəstəlikləri Xəstəxanasının rəhbəri Mirrəhim Nəbiyevin təsəvvürə gətirilməyən bu istiqamətli "dostluq münasibətləri" barədə bir əsər də yazmaq olar. Onlar bir-birlərinə elə yaxın olurlar ki... Bu "səmimiyyət" həmişə ondan irəli gəlib ki, bu vəzifədə olanlar dərman preparatları ilə spekulyasiyaların çoxunu onun vasitəsi ilə həyata keçirirlər. Verdikləri saxta xəstəlik kağızlarının çoxunu da, Mirrəhim Nəbiyevin əliylə hazırlatdırırlar. Yalançı "vərəm, ağciyər serrozu... xəstələrindən" yığılan rüşvətlər isə, ümumilikdə, yüksək məbləğə bir işarə olur həmişə;

-- Masallıdakı 31 saylı TSEK-in əsas səlahiyyətləri Mərkəzi Xəstəxanaya verilən gündən, əsl əlil olan sakinlərin, sözün əsl mənasında, “günləri göy əskiyə bükülüb”. Sənəd dalınca xəstəxanaya üz tutan bu əlillərin də "başlarına oyun açılır". Dövlət, hökümət tərəfindən müəyyən olunmuş təqaüd və yardımları almağa haqqı çatanlar, rəhbərlikdə oturanların özləri və onların əlaltıları tərəfindən get-gələ salınıblar. Get-gəldən bezənlər, sonda, “canlarını boğazlarına yığanlara” istədikləri məbləğdə rüşvət verməyə məcbur olublar. Çünki əvvəllər olduğu kimi, indinin özündə belə, buraya üz tutan xəstələrin məcburən bir neçə tibb müəssisəsinə göndərilməsi, hər bir xəstəxanada tibbi müayinədən keçdikdə, onlara ayrı-ayrı diaqnozların qoyulması adi hal alıb. Bu, həm də əhali sağlamlığına vurulan ciddi bir zərbəyə çevrilib. Xüsusən də, bölgələrdən paytaxta üz tutan xəstələrə daha çox səhv diaqnozların qoyulması, bu zərbəni olduqca şiddətləndirib. Qoyulan səhv diaqnozlar ucbatından, çarəsiz qalan əsl xəstələr hansı tibb ocağına inanacaqlarını da, heç vaxt bilməyiblər;

-- Ölkəmizdəki bu həssas dönəmdə, Masallı Ağciyər Xəstəlikləri Xəstəxanasına üz tutan "xəstələrin" sayı-hesabı yoxdur. Burada onların əlindən tərpənmək də olmur. Əvvəlcədən qeyd etdiyimiz kimi, vərəmdən və digər yoluxucu xəstəliklərdən əziyyət çəkən əsl xəstələr isə, qalıblar bir kənarda. Belə xəstələr, məcburiyyətdən, onlara pulsuz çatacaq dərmanları pulla alırlar. Burada vaksinlərin, kontraseptivlərin və antibiotiklərin qıtlığı da müşahidə olunur. Bu səbəbdən ki, bu zonada malyariya kimi epidemiyalar sürətlə yayılır və beləcə, bölgə sanitar fəlakətə sürüklənir. Rəhbərlik isə, indinin özündə belə, dünyanı oynadan koronovirus pandemiyası hesabına insan taleyi ilə oynamaqdan çəkinmir. Yəni, bu qorxulu yeni virus üzrə saxta tərtibatlara başlamaqla da, bəxtini sınayır. Sonu necə olacaq, bilinmir!

Vərəmdən, eləcə də digər yoluxucu xəstəliklərdən əziyyət çəkənlərin özləri burada başlarına gətirilən oyunlar barədə belə deyirlər: "İllər öncə əmək fəaliyyətinə başlayaraq, dövlət müəssisələrində işləyib, xəstəliklə əlaqədar işdən ayrılmışıq. Bu barədə, əmək kitabçalarımızda qeydlər də var. Aramızdakı, əsas diaqnozları miokardın infarktı, ürək işemik xəstəliyinin diabeti debyutu, birinci və ikinci dərəcəli şəkərli diabet, ağ ciyərin ağır dərəcəli xroniki obstiktivliyi, sağ və sol mədəciklərin problemi... olan xəstələr müxtəlif vaxtlarda xəstəxanalara daxil olaraq, bundan sonra, daimi terapiya keçiriblər. Onlardan başqa, aramızda ağır ürək əməliyyatı keçirən və ürəklərinə "stend" qoyduran xəstələr də var. Onlar, əvvəllər olduğu kimi, hazırda da, dərmanlar hesabına yaşayırlar. Di gəl ki, Masallı səhiyyəsində rəhbər postlarını tutanlar, bizim kimi, onlara da, dövlətimiz hesabına ayrılan dərmanları çox görürlər";

-- Qanunlarımızın tələblərinə, eləcə də mövcud qaydalara görə, vətəndaşlara sağlamlıq haqqında arayışları, hər kəsin özünün yaşadığı əraziyə yaxın Mərkəzi Xəstəxana tabeliyindəki poliklinika verməlidir. Lakin bu yöndən olan qanun tələbləri Masallı rayonunda illər öncədən pozulub. Elə, bununla bərabər də, anarxist vəzifə sahibləri ortadakı mövcud qaydaları dəyişdiriblər. Mərkəzi Xəstəxana direktorunun və Baş həkimin haqqları çatmadan, poliklinika heç bir arayışı verə bilməyib. Bununla yanaşı, poliklinika tərəfindən xəstələrin müayinəsi üçün verilən göndərişlər də, bu vəzifələri tutanların ciddi nəzarətləri və tələbləri ilə həyata keçirilib. Bu tələblərə görəsə, xəstə 10 - 30 manatından keçərək, direktora və Baş həkimə rüşvət verəndən sonra, göndərişini ala bilib.

Digər arayışlar, arayışlar kimi tibbi formalar da, direktorun və Baş həkimin təyin etdiyi rüşvət cədvəlinə uyğun verilib. Pulu olmayan xəstələr isə, "onların qaydalarını" pozduqlarına görə, sənədsiz və müalicəsiz qalıblar. Bütün bunlar, indinin özündə də belədir;

-- Bu geniş səhiyyə sistemindəki əsas rəhbər şəxslər Masallının sağlam yeniyetmə və gənclərini "dəli”, "xəstə" və "yararsız" etməkdən də, heç vaxt qorxmayıblar. Konkret desək, yüzlərlə sağlam yeniyetmə və gəncə görə aldıqları böyük rüşvətlər hesabına, qurama və saxta sənədlərlə, onları həqiqi hərbi xidmətdən yayındırmaqdan çəkinməyiblər. Rayonun yeniyetmə və gənclərinin daha çox bu yola əl atmalarının əsas səbəbkarları kimi, hamı, rəhbərlikdəki şəxslərin adlarını çəkib, onları həmişə qatı cinayətkar kimi günahlandırıblar. Hətta onu da deyiblər ki, rəhbərlikdə oturanlar valideynlərdən daha çox pul qoparmaq üçün, onlarla, vətəndaşlıq çərçivəsinə sığmayan səviyyəsiz söhbətlər etməkdən belə çəkinməyiblər. Belə bağışlanmaz qanunsuz əməllərin getdikcə rayonda daha da intensivləşməsi isə, indiyədək, yuxarılarda heç kimi narahat etməyib.

Yeri gəlmişkən, onu da qeyd edək ki, təkcə hərbi xidmətə yaşı çatmış Masallı rayonunun yeniyetmə və gəncləri bu vəzifə sahiblərinin analoqsuz "xidmətlərindən" yararlanmırlar. İndiyədək ətraf bir çox bölgələrin yeniyetmə və gəncləri də, sabiq və indiki direktorların, baş həkimlərin "səyləri” nəticəsində, "1-ci və 2-ci qrup əlillərə" çevrilə bilirlər. Dövlətə bu yolla hərtərəfli ziyan vurmaqla, havayı pullar qazanan bu vəzifə sahiblərinin özləri isə, belə bəd əməlləriylə, gerçəkdən, bir möcüzəyə çevrilirlər. Bu boyda spekulyasiyalara çoxdandır imza atmaq və indiyədək cəzasız qalmaq əsl möcüzə deyil, bəs, nədir?!

Bu dəhşətə vicdanları yol vermədiyi üçün, bir vaxtlar Mərkəzi Xəstəxanadakı

bu qanunsuzluqlara və biabırçılıqlara etiraz edən həkimlər və tibb işçiləri də olublar. Di gəl ki, onlar da, rəhbərlərinin qəzəblərinə tuş gələrək, işlərindən çıxarılacaqları ilə hədələniblər. İşlərini itirmək qorxusundan, sonda, rəhbərlərinin xoşagəlməz belə hərəkətlərinə göz yummağa məcbur olublar. Həm də yaxşı biliblər ki, onların arxasında duranlar var və belə olmasaydı, onlara haqqı başa salmaq bu qədər çətin olmazdı;

-- Ortada, rayon səhiyyə sistemində tələb olunandan xeyli artıq sayda sanitar-xadimələrin "işə götürüldükləri" ilə bağlı iddia da var. Bu ciddi iddiaya görə, onların hər birinə 150 - 200 manat məbləğində “aylıq maaş” yazılır. Qarşılıqlı razılıq əsasında, bu pulların yarısı, direktor və Baş həkimin ciblərinə gedir.

İddiaçıların dediklərinə görə, bu səhiyyə şəbəkəsindəki inkarolunmaz digər belə bir maxinasiya faktı, burada xeyli sayda “ölü canların” saxlanılması ilə bağlıdır. Yəni, saxta “xəstəlik tarixçələri” açılır, "ölü canlar" üçün ayırılmış ərzaq və dərmanların pulları da, rəhbərlik tərəfindən beləcə mənimsənilir...

...Bu xülasələrdə, eləcə də inanılmış mənbənin məlumatlarında və şikayətçi pasiyentlərin etiraz məktublarında göstərilən çoxsaylı faktlar bu geniş səhiyyə şəbəkəsində illərdi davam edən acınacaqlı durumun tam sübutudur. Elə, şikayətçilərin ürək ağrısıyla dedikləri kimi, Masallı səhiyyə sistemi “pərdəsinə bürünərək”, etmədikləri qanunsuzluqlar qoymayan, "daşdan yun qırxmağı bacaran", yalnız bu biabırçı əməlləriylə özlərini daha çox tanıdan vəzifə sahiblərinin öz əlaltıları ilə birlikdə törətdikləri biabırçılıqlar və heç bir qanun çərçivəsinə sığmayan cinayət əməlləri göz qabağında olub həmişə: "Elə bilməyin ki, insanların başını yalnız amansız savaş və müharibələrdə kəsirlər. İnsanlığa yaraşmayan bu qəddarlıqla, bu günün özündə belə, bizim rayonun xəstəxana və poliklinikalarında hər addımda rastlaşmaq olar. Şərt o deyil ki, insanı yerə uzadıb, əl-qolunu bağlayaraq, heyvan kimi bıçaqla başını kəssinlər. Burada direktorun və Baş həkimin təkidli tələbləriylə nəinki ağır, hətta yüngül xəstələrin də, "başlarını kəsməklə" məşğul olanlar çoxdur, ancaq başqa metod və üsullarla!

Bəli, onlar xəstə vətəndaşların əl-qollarını, qanunlarımızdakı boşluqlardan istifadə etməklə bağlayırlar. Sonra isə, bıçaq əvəzinə, məşhur “Yox!” ifadəsindən istifadə etməklə, xüsusi bir amansızlıqla “baş kəsirlər”. Əlacsız, köməksiz, yardımsız xəstələr üçün, bu, çox acınacaqlı haldır! Yəni, onu demək istəyirik ki, baş kəsməyə bərabərdir!

Təsəvvür edirsiniz, bədənində sağlam yeri qalmayan, yalnız son 15 - 20 ilin xəstəxana epikrizləri görünən, illərdi şəkərli diabetdən əziyyət çəkən və paytaxt Bakının ən müxtəlif, aparıcı tibb müəssisələrindən arayışları olan xəstələrə burada deyilənlər nəyə bərabərdir?!. Bu -- ölümdən betərdir!

Görəsən, əsl xəstələri pərən-pərənə salaraq, dəfələrlə ayrı-ayrı tibb müəssisələrinin qapılarına göndərənlərə kim və ya hansı qanun bu ədalətsiz və ləyaqətsiz addımı atmağa icazə verib?! Nədən, hüquq-mühafizə orqanları bu cür biabırçı hərəkətlərə göz yumur və bu əməl sahiblərini nəzarətdə saxlamırlar?! Axı, direktor və Baş həkimin, eləcə də onların əlaltılarının burada rüvətə və saxtakarlığa asan yol açan bu cür qeyri-qanuni, qeyri-insani hərəkətləri sübut və isbatını çoxdan tapmış faktlardır.

Bu ölkənin vətəndaşları olaraq, inanırıq ki, möhtərəm Prezidentimiz tezliklə belə biabırçı hallara qarşı da amansız olacaq. Nəhayət, bizim kimi imkansız və naəlac ölkə vətəndaşları da, öz hüquqi dövlətimizi görməklə fəxr edəcəyik!".

Masallı səhiyyəsi özünün uzunömürlü bəlalarından xilac ola biləcəkmi?! Bu bölgədə çoxdan hamını düşündürən və getdikcə daha da qəlizləşən bu suala dəqiq cavab tapmaq mümkün olmur. Ümumiyyətlə, bu sualın özü və ona verilən cavablar əsas arqumentinə çevrilən bu mövzu ətrafında fakt və sübutlar əlimizdə çox olduğundan, bu barədə yazılarımızın davamlı olacağını da dəyərli oxucularımızın diqqətinə çatdırırıq. Qanunlarımızın tələbələrinə uyğun olaraq, qarşı tərəfin -- yazıda adları çəkilənlərin mövqelərini də dərc etməyə hazır olduğumuzu qabaqcadan bildiririk.


araz.az




Paylaş:


Müəllif : Tarix:
9-04-2022, 12:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər