reklam
Regionxeberlericom.az » Gündəm » İQTİDARIN QUDALAR «SƏLTƏNƏTİ» — HƏM QURUDA, HƏM SUDA ...

reklam

İQTİDARIN QUDALAR «SƏLTƏNƏTİ» — HƏM QURUDA, HƏM SUDA ...















Nə Saleh Məmmədovun YOLUNA ÇIXAN , nə də Rauf Vəliyevin GƏMİSİNƏ MİNƏN tapılmır

İqtidar komandasında təmsil olunan qudalar barəsində mediada kifayət qədər məlumatlara rast gəlmək olar. Sirr deyil ki, bir çox iri ranqlı məmurlar həm də bizneslə məşğul olurlar və vəzifə səlahiyyətlərindən biznes maraqlarının qorunması üçün istifadə edirlər. Eyni zamanda mövqelərini möhkəmləndirmək üçün qohumluq əlaqələri yaradan məmurlar işgüzar əlaqələr də qururlar. Bu yazımızda iki qudanın biznes imperiyasından, qanunsuz əməllərindən söhbət açacağıq.

Biri quruda, digəri suda öz monopoliyasını formalaşdıran, biri quru yollarına, digəri su yollarına nəzarət edən qudaların qanunsuz əməlləri sərhədd tanımır. Azərbaycan avtomobil yolları ilə Xəzər dəniz gəmiçiliyinin sarsılmaz ittifaqı, nəhayət qohumluğu bu iki sahəni bərbad vəziyyətə qoyub. Hər il milyonlarla dövlət vəsaitinin ayrıldığı AAYDA-nın qüsurlu fəaliyyəti, burada baş tutan bir çox qanunsuz əməllər barəsində mediada yüzlərlə məlumata rast gəlmək olar. Ölkə başçısı Saleh Məmmədovu bu vəzifəyə təyin edib, ölkə yollarını yüksək səviyyədə qurmağı ona tapşıranda qarşısında ciddi tələblər qoymuşdu. Üstəlik, ölkədə barmaqla sayılan sahə var ki,  dövlət başçısı büdcə vəsaitindən əlavə, özünün Ehtiyat fondundan vaxtaşırı milyonlarla manat pul ayırır. Belə təşkilatlardan biri də Saleh Məmmədovun rəhbərlik etdiyi "Azəravtoyol" şirkətidir. Bu pul ona görə ayrılır ki, Saleh Məmmədov paytaxtın və regionlarımızın yollarını normal düzəltsin. Amma hamıya gün kimi aydındır ki, ölkənin yolları bərbad vəziyyətdədir, istismara veriləndən qısa müddət sonra dağılır.  Ölkənin bir çox yollarında, o cümlədən Bakı-Quba yolunda qüsurların olması, Zığ-Hövsan yolunda yarımçıq işlərin başa çatdırılmaması, yolların bir tərəfinin hələ də açılmaması, işıqlandırılmaması nəticəsində demək olar ki, hər gün həmin yollarda avtomobil qəzaları baş verir. Yollarda çökmə, natamam işlərin nəticəsində yaranan boşluqlara görə sürətli gedən maşınlar idarəetmədən çıxır, çox sayda insanın ölümü baş verir. Bütün bu qəzaların baş verməsində əsas günahkar olan AAYDA isə nədənsə məsuliyyətdən kənarda qalır…

Əvəzində S.Məmmədovun yaxın qohumları ilə əlbir olaraq dövlətin ayırdğı vəsaitlərin tender və digər layihələri icrası yolu ilə taladığı barədə son illərdə mediada xeyli məlumatlar var. S.Məmmədovun və rəhbərlik etdiyi müəssisənin ona daha yaxın olan işçilərinin vasitəsilə qanunsuz yollarla topladığı sərvətlərin hara xərcləndiyi, hansı sahədə leqallaşdırıldığı, habelə tabeliyindəki idarələrdə qanun pozuntuları barədə onlarla şikayət, hətta dövlət başçısına açıq müraciətlər var.

Londonun zənginləri sırasında ƏN GƏNC MİLYONÇU

Saleh Məmmədov Azərbaycanda qazandığı milyonları xaricə daşıyaraq böyük biznes şəbəkəsi formalaşdırıb.  Onun oğlu Sübhan Məmmədli  artıq 21 yaşında həm Avstriyada, həm də Böyük Britaniyada şirkət açıb. Londonda fəaliyyət göstərən şirkətinin hissələrini alaraq şəriklik hüququ əldə edib. Mediada yaylan sənədlərə görə, AAYDA rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Londonun zənginləri sırasında ən gənc milyonçu kimi tanınır. Hətta Sübhan Məmmədlinin milyonlarla aktivi olan Britaniyadakı şirkətinin tərəfdaşları sırasında erməni Tiqran Petrosyanın da adı çəkilir.

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 milyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. Onun İstanbulda dəyəri 1 400 000 lirə olan villası barəsində də bilməyən yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri həmçinin burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.

Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Media üzərindən apardığımız araşdırmaya əsasən, Saleh Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərin siyahısını da təqdim edirik:

“Saha İnvestment Dış Ticaret Limited”

“Subhan Dış Ticaret Limited”

“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”

“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”

“Azerturk İnvestment Dış Ticaret Limited”

Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.

Göründüyü kimi Saleh Məmədovun oğlu, Rauf Vəliyevin kürəkəni çox gənc yaşında adını milyonçular sırasına yazdıra bilib. O da maraqlıdır ki, milyonlarla vəsait məhz xarici ölkələrə daşınıb, yatırımlar edilib.

AAYDA-dakı vəziyyəti daha real təsəvvür etmək üçün digər bir oliqarx məmurun fəaliyyətinə qısaca nəzər yetirmək kifayətdir.

Azərbaycan yollarına ayrılan dövlət vəsaitləri üzərində  biznes imperiyasına və saysız mülklərə sahib olan oliqarx yol məmurlarından biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədrinin birinci müavini Əvəz Qocayevdir. Media üzərindən gedən təkzib olunmamış məlumatlara görə, o  hər ay dövlət büdcəsindən bir neçə yüz min manat gəlir əldə edir. Bütün bunlar isə son nəticədə Əvəz Qocayevin saysız-hesabsız mülklərinə çevrilir. Rubrika.Az saytına verilən məlumatlarda bu mülkiyyətin bəzilərinin adları çəkilib:

1. “Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)

2. Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi

3. Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular

4. Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil

5. “NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)

6. H.Əliyev prospektində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)

7. Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil

8. Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)

9. Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.

10. Köhnə “Varovski”da 3 mərtəbə villa

11. Novxanıda ayrı-ayrılıqda 3 villa

12. “Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil

13. “REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil

14. Port Bakuda 150 kv m daha bir mənzil

15. Binəqədi rayonunda böyük torpaq sahələri

16. Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil

17. Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit

18. Şüvəlanda villa

19. Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər

20. Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası

21. Dərnəgüldə tikinti materialları mağazası

22. Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…

Verilən məlumatlara görə,  Əvəz Qocayev artıq AYDA-da  bütün kollektivin başağrısına çevrilib. Gündən-günə ambisiyaları artan, iddiaları böyüyən Əvəz Qocayev rəhbərliklə münaqişə vəziyyətindədir. Hazırda Avtomobil Yolları Dövlət Agentliyində başda Saleh Məmmədov olmaqla hər kəs Əvəz Qocayevi özündən uzaq tutmağa çalışır və məlumata görə, sədr müavininin  kollektivlə münasibətlərində açıq gərginlik var.

Məlumata görə, Əvəz Qocayev artıq Saleh Məmmədovun "səbr kasa"sını daşırıb. Sonuncu dəfə Əvəz Qocayevlə AYDA-nın Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev arasında yaranmış konfilktdən sonra isə sədr müavinin vəziyyətinin daha da pisləşdiyi deyilir. Həmin konfliktin səbəbi isə Əvəz Qocayevin Müseyib Həmzəyevin yerinə öz yaxına adamını gətirmək istəməsi olub. Münaqişənin digər bir səbəbi isə artıq oturduğu kürsünü özünə yaraşdırmayan, müavinliyi qəbul etməyən Qocayev daha böyük iddialara düşməsidir. Maraqlıdır ki, illərlə sərt tənqidlərə məruz qalan, fəaliyyəti nöqsanlarla zəngin olan Ə.Qocayev əməllərinə görə nəinki cəzalandırılmayıb, heç buna görə ona “gözün üstə qaşın var” da deyən tapılmayıb. Görünür elə buna görədir ki, o daha böyük iddialara düşüb, vəzifəsini böyütmək üçün çaba sərf edir.

Öz əməllərinə görə heç də qudasından geri qalmayan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyev də oliqarx məmurlar kateqoriyasında ön sırada gələnlərdəndir. Verilən məlumatlarda bildirilir ki, QSC-nin sədri Rauf  Vəliyev hər ay nəzarətindəki gəmilərdən 30-40 min manat civarında gəlir əldə edir. Bu mənfəət qeyri-rəsmi qazancdır və nə qurumun fonduna, nə dövlət büdcəsinə, nə vergiyə çatır. R.Vəliyev aylıq gəlirindən nə deklorasiya verir, nə də vergi ödənişi edir.

Həmçinin gəmilərin və tankerlərin təmiri adı altında milyonlarla vəsaitin mənimsənildiyi barədə daxil olan informasiyalar daha ciddi qanun pozuntularından xəbər verir. Əldə etdiyimiz məlumatlara görə, mənimsənilən milyonların qarşılığında gəmi və tankerlərə texniki xidmət demək olar ki, həyata keçirilmir. Məhz buna görə də, tez-tez Xəzər Dəniz Gəmiçiliyinə aid gəmi və tankerlərdə texniki nasazlıqlar baş verir.

Rubrika.Az-a daxil olan məlumatlarda bildirilir ki, nizam-intizamın aşağı səviyyədə olması, vəzifə dəyişmələrində (gəmidaxili) və sertifikatlaşdırmada mövcud olan süründürməçilik adıçəkilən qurumda dözülməz vəziyyət yaradıb. Məlumatlarda qeyd olunur ki, nizam-intizam məsələlərinin acınacaqlı vəziyyətdə olmasının əsas səbəblərindən biri gəmi kapitanlarının və eyni zamanda Xəzər Dəniz Gəmiçiliyinin mühüm postlarında sipər salmış həmin vəzifələri «kupçalaşdırmış» tutduğu vəzifələrindən sui-istifadə etməsi və rəhbərliyin onları dəstəkləməsi ilə bağlıdır. Gəmilərdə vəzifədən vəzifəyə təyin etmə prosesi Rauf Vəliyev tərəfindən təyin olunmuş qrupun nəzarəti altında həyata keçirilir. Həmin qrupun isə daha çox təyinatı işlərindən çox biznes fəaliyyətləri ilə məşğul olduğu bildirilir.  

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Xəzərdə Azərbaycana məxsus gəmilərdə yüklərin daşınması prosesində sənədlər bu gün də saxtalaşdırılır, yükün həcmi bilərəkdən az göstərilir. Bu proses 2020-ci ilin fevral ayına qədər, yəni ölkələrdə karantin qaydaları tətbiq olunanadək və neftin qiymətində kəskin ucuzlaşma baş verənədək plan üzrə davam etmişdir. Yəni,2013-cü ildən 2020-ci ilin fevral ayınadək yalnız iş icraçıları dəyişmişdir. Yüklərin gizlədilməsi, sənədlərin saxtalaşdırılması əməliyyatları olduğu kimi qalmış, hətta bir az çoxalmışdır. Bunu Rauf Vəliyevin fəaliyyəti dövründə yükdaşımaların həcminin birdən-birə kəskin azalması da təsdiq edir.

Uzun illərdir ki, bu ölkədə R.Vəliyevin,  müavinlərinin, eləcə də qohumlarının adına olan müəssisələrdən qeyri-gəmiçilikdə heç bir şirkətin fəaliyyəti baş tutmur. Bu sahədə monopoliya formalaşdıran R.Vəliyev QSC-ni özəl müəssisəsinə çevirib. Redaksiyamıza daxil olan məlumatlarda QSC-nin təchizat məsələlərində müdhiş korrupsiya faktlarının olması göstərilir. İnventarların, eləcə də digər əmlakın alınması zamanı dəhşətli qiymət şişirtmələrinin olduğu və beləliklə milyonlarla vəsaitin silindiyi bildirilir. Adi bir məhsulun dəyərindən 10-20 dəfə yüksək qiymətə rəsmiləşdirildiyi və alqı-satqı prosesinin yenə də R.Vəliyevə yaxın müəssisələr vasitəsilə həyata keçirldiyi aldığımız məlumatlar sırasındadır.

Göründüyü kimi, bahs etdiyimiz iki dövlət qurumunda qudaların formalaşdırdığı idarəetmə hansı nəticələrə gətirib çıxarıb. Sanki həmin qurumlar Saleh Məmmədov və Rauf Vəliyevin özəl müəssisəsidir. Nə sirdirsə, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə aparılsa da nə Saleh Məmmədovun YOLUNA ÇIXAN , nə də Rauf Vəliyevin GƏMİSİNƏ MİNƏN tapılmır. Sanki qudaların sarsılmaz ittifaqına toxunmağa kimlərinsə cəsarəti tapmır. Hər halda uzun illər rəhbərlik etdikləri sahələrdə kütləvi qanun pozuntularına yol verən, monopoliya yaradan şəxslərə toxunulmamasına başqa ad vermək olmaz.

Amma hər bir yolun sonu var. Bütün yollar heç də həmişə Romaya aparmır. Yəqin ki, Azərbaycan yollarında yoxa çıxan və Xəzərin lacivərd sularında batırılan milyonların da taleyinə nə vaxtsa aydınlıq gətiriləcək. Bax yolun sonu onda görünəcək!





Paylaş:


Müəllif : Tarix:
16-04-2022, 11:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər